Cahanşah

Vikipediya, azad ensiklopediya
(Cahanşah Həqiqi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Cahanşah
Müzəffərəddin Cahan şah ibn Yusif
Cahanşahın Əbül-Həsən Müstəvi Qafari tərəfindən çəkilmiş portreti (1780-1795 illər)
Cahanşahın Əbül-Həsən Müstəvi Qafari tərəfindən çəkilmiş portreti (1780-1795 illər)
bayraq
Qaraqoyunlu dövlətinin V Sultanı
bayraq2
1436 – 1467 noyabr
(ləqəbi: Həqiqi)
ƏvvəlkiQara İsgəndər
SonrakıHəsənəli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xoy, İran
Vəfat tarixi [1]
Vəfat yeri Çapuqcur, Muş
Dəfn yeri Təbriz, Göy Məscid
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti şair
Atası Qara Yusif
Uşaqları
  • Pirbudaq,
  • Həsənəli,
  • Hüseynəli,
  • Mirzə Yusif,
  • Qasim bəy
  • Salehə xatun
  • Həbibə xatun və digər iki qızı
Ailəsi قاراقویونلولار
Dini Şiə İslam [1]
Elmi fəaliyyəti
Elm sahəsi təsəvvüf, ədəbiyyat
Tanınır sufi şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah[2] (1397, Mardin11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir.[3]

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur.

TeymurilərCəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları ŞahruxBaysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər.

Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır.

Cahanşahın qardaşı İskəndərə qarşı mübarizəsi

[redaktə | mənbəni redaktə et]

İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. 1440–1441-ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlu dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir də. Cahanşahla Şahrux arasındakı dostluq qohumluğa keçir. Şahruxun arvadı Gövhərşad bəyim Cahanşahı oğulluğa götürür. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı.

Səfəvilərlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Şeyx İbrahimin hakimliyi dövründə (1424–1447) onun tabeliyində olan şiə əqidəli siyasi-hərbi səfəvi birləşmələrinin Qaraqoyunlulara müttəfiq olduğu aydın sezilir. Belə ki, Metsoflu Tomas adlı erməni tarixçi XV əsrdə yazdığı "Teymur və onun xələflərinin tarixi" əsərində Şeyx İbrahimin də adını çəkir. 1440–1441-ci illərdə Cahanşahın Gürcüstan səfərində Şeyx İbrahimin qaraqoyunlular tərəfindən iştirakını görürük. Tarixci yazır ki, Gürcüstan hökümdarı İsgəndərin Cahanşahı təhqir etməsi və təslim olmaması bu ölkəyə fəlakət gətirdi. Həmçinin erməni tarixçi əsərində maraqlı bir ifadə işlədir:"Budur Türkmənlər!…Biz ermənilər isə həmişə gürcülərə ümid bağlayardıq, kafirlər arasında öyünərdik, lakin bundan sonra məyus olduq və kafirlərin önündə dağılan qaldıq. Peyğəmbərin sözləri yerinə yetdi: insana ümid bağlayan insana lənət gəldi… Çarmıxa çəkilən, kilsə üçün canını verən Rəbb İsa Məsihdən başqa bizə kömək edəcək kimsə yox idi". Gürcüstanın təslimiyyətindən sonra Şeyx İbrahim Cahanşaha məsləhət gördü ki, kafirlərin dinimizi təhqirlərinə qarşılıq onları vassal etməklə yanaşı, cizyə və xəraca məruz qoysunlar. Bu məsləhət yerinə yetdi.[4] Lakin Səfəvi-qaraqoyunlu münasibətləri Şeyx İbrahimin ölümündən sonra öz axarında getmədi. Belə ki, məşhur Şeyx Cüneydin xalq arasında nüfuzunun artması Cahanşahı narahat edirdi və odur ki, Cahanşah Şeyx Cüneydə qarşı əmisi Şeyx Cəfəri müdafiə etdi. Şeyx Cəfər Səfəviyyə mülkünün de-fakto hakimi kimi qərarlaşsa da, Cahanşahın artan təqiblərindən Şeyx Cüneyd Ərdəbildən Diyarbəkirə getməli oldu. Şeyx Cüneydin şimala olan yürüşləri Cahanşahı qorxutduğundan o, Şirvan Şeyxinə Şeyx Cüneydə qarşı müharibədə hərbi dəstək yolladı. Şeyx Cüneydin blokadaya alınıb öldürülməsi Səfəvi-qaraqoyunlu münasibətlərinə tamamilə son qoymuş oldu.

Qaraqoyunlu və Ağqoyunluların toqquşması

[redaktə | mənbəni redaktə et]

Qaraqoyunlu dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.

Cahanşahın İranı fəth etməsi

[redaktə | mənbəni redaktə et]

1452-ci ildə Cahanşah İranı fəth edir və Fars vilayətinin bir hissəsini tutur. Oğlu Pirbudaqı İsfahan hakimi qoyur. O isə Farsa hücum edərək, ŞirazKirmanı tutur. 1453-cü ilin sonunda Cahanşah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıdır. 1457-ci ildə isə qoşununu Xorasan üzərinə çəkir. O biri il Teymurilərin paytaxtı Heratı tutaraq, Şahruxun məşhur sarayında yerləşir. 1454-cü ildə Bağdadı, öz qardaşı İsfəndiyar Mirzənin oğlu Vələd Mirzədən alır.[5]

Oğlanları Həsənəli və Pirbudağın Cahanşaha qarşı üsyanı

[redaktə | mənbəni redaktə et]

Elə həmin vaxt oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahanşah üsyançılarla sərt rəftar edir. Yalnız anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun Həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahanşaha tabe olmadıqlarını elan edirlər. Bunu eşidən sultan 1462–1463-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür. Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür. Həsənəli isə həbs olunur.[5]

Pirbudaq yenidən üsyan etsə də bu dəfə Cahanşah oğlu Mirzə Məhəmmədi 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdada göndərdi və Pirbudaq qardaşı tərəfindən edam olundu.

Cahan şahın sarayında əmirləri ilə məşvərət toplaması

Ağqoyunluluların yüksəlməsi və Cahanşahın öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. 1458-ci ildə o, Gürcüstana yürüş edir.

Göy məsciddə Cahanşahın məzarı

Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzurumu tutur. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahanşahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi Göy məsciddə dəfn edirlər. Bir neçə şair Cahanşaha mərsiyələr də söyləyir. Qaraqoyunlu dövləti özünün 58-ci ilində beləcə məhv olur və Azərbaycan tarixində mühüm yer tutmuş oğullardan birinin ömrü beləcə gözlənilmədən kəsilir. Bu elə bir şəxsiyyət idi ki, özündə dövlət xadimi, diplomat, sərkərdə və şairə məxsus ən gözəl keyfiyyətləri birləşdirmişdi.

Cahanşah ticarət, sənətkarlıq, elm, incəsənət və mədəniyyətin inkişafı naminə çox işlər görmüşdür. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və xüsusilə də Təbriz kimi iri şəhərlərimiz çiçəklənmişdi. Onun əmri ilə 1456-cı ildə Təbriz şəhərində Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan Göy məscid tikilir. Bundan əlavə həmin dövrdə bir ucdan ictimai və yaşayış binaları da tikilir.

Göy məscidin mərmərdən qurulmuş banası qeyri-adi dərəcədə gözəl, parlaq və rənkarənk kaşı ilə bəzədilmişdi ki, bunun da Azərbaycan memarlığında indiyə qədər bənzəri yoxdur. Bütün bunlardan başqa Cahanşahın Azərbaycan poeziyası tarixində də mühüm xidmətləri vardır və bunlar üzərində xüsusi dayanmağa dəyər.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Doğma Azərbaycan türkcəsində gözəl şeirlər yazmış Cahanşah ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınır. Yüksək təhsil görmüş Həqiqi Azərbaycan türkcəsi və fars dilində gözəl qəzəllər, məsnəvirübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. Həqiqi dahi fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şerlərindən birində o, bu divanı "xəzinə" adlandırmışdı.

Cahanşahın Divanının tarixçəsi

[redaktə | mənbəni redaktə et]

"Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Vladimir Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı burada tapmış və işləyərək, dərc etdirmişdir. Cahanşahın ən yeni əlyazma Divanını Firuz Refahi Ələmdari Tehran Universitetinin mərkəzi kitabxanasında tapıb və Tehranda nəşr edibdir. Bu əlyazma hazırda aşkar olunan əlyazmaların arasında ən mükəmməli sayılır.[6]

Cahanşah hürufiliyin ardıcılı kimi

[redaktə | mənbəni redaktə et]

Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. Şah olmasına baxmayaraq, o, NəimiNəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi:

Vüsalını diləram kam ilən ze fəzli-ilah Məni-şikəstəyə kami-vüsal beylə gərək.

Azərbaycan hürufizminin tədqiqatçısı Zümrüd Quluzadənin yazdığı kimi,

"Həqiqinin poeziyası öz formasına görə, tamamilə hürufi mahiyyətdədir. O, dəfələrlə hərflərin insan əməllərində, xüsusən də onun sifətində əks olunduğunu yazır. İnsan və onun surəti Quranı və Quran ayələrini təcəssüm etdirir:

Ey xətin səbül-məsani, vey ləbin mai-təhur, Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur.

Yaradıcılığının aşkar hürufi mahiyyəti daşımasına baxmayaraq, maraqlıdır ki, Cahanşah Təbrizdə Nəiminin qızı başda olmaqla 500 hürufi edam etdirmişdi. Buradan da belə nəticəyə gəlmək olar ki, Həqiqini hürufizmə cəlb edən ya münasib poetik formalar, ya da bəzi hürufilərin yeritdiyi siyasətdə Teymurilərin əleyhinə yönəlmiş istiqamət olmuşdur.

1420-ci ildə Trabzon imperatoru IV Aleksios Komnenosun qızı ilə evlənmişdi.[7] Tağəddin Rəcəb ibn Əfridunun qızı Canbəyim xanımla da evlənmişdi. Qızı Salehə xatun onun ölümündən sonra Təbrizdə qalmağa davam etmişdi. Digər qızının adı Həbibə olmuşdur. Canbəyim xatun ögey oğlu Həsənəli tərəfindən öldürülmüşdür.

Cahanşahın beş oğlu vardı:

  1. https://dergiler.ankara.edu.tr/xmlui;/handle/20.500.12575/79817[ölü keçid]
  2. Хачын // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 62.
  3. "Xaqan Balayev. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən. "Elm və həyat", 2002" (PDF). 2013-10-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-03-16.
  4. Metsoflu Tovma, Patmaqrutyun (Levon Xaçikyan redaktəsilə) — Yerevan, Mağağat nəşri, 1999, səh 207–208
  5. 1 2 The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10) — V. Minorsky — Vol. 17, No. 1 (1955), pp. 50–73
  6. Firuz Refahi Ələmdari, Mirza Cahanşah Həqiqi-Farsca-Türkcə divani, Tehran, Firuzan nəşriyyati,2001
  7. William Miller ("The Chronology of Trebizond" Arxivləşdirilib 2021-07-07 at the Wayback Machine, The English Historical Review, 38 (1923), səh.80)
  • Cahanşah Həqiqi. Şeirlər. Tərtib, müqəddimə və lüğətin müəllifləri: Ə. Rəhimov, L. Hüseynzadə, H. M. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 152 s. ISBN 9789952340488

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]