Süleyman Vəliyev
Süleyman Vəliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ramana, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, ssenarist |
Fəaliyyət illəri | 1932–1996 |
Əsərlərinin dili | azərbaycanca |
Janr | nəsr |
İlk əsəri | "Əmanət kassası" (hekayə) (1932) |
Mükafatları |
|
Vəliyev Süleyman Vəli oğlu (21 dekabr 1916, Ramana, Bakı qəzası – 7 mart 1996, Bakı) — müasir Azərbaycan nəsrində müharibə mövzusunun nümayəndəsi. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. 1939-cu ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1977)[1], əmək veteranı (1976), Müharibə veteranı (1981).
Həyatı və fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Vəliyev Süleyman 1916-cı il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsin-də fəhlə ailəsində anadan olmuşdur. Atası – Məşədi Vəli Ramana kəndinin maşılılar nəslindən idi. Sovetlərə qədər kəndin imkanlı evlərinə aid idilər. İnqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşamışdı.
S. Vəliyev Ramana məktəbində səkkiz illiyi yüksək qiymətlərlə bitirmişdi. Deyilənlərə görə uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəstliyə meyilli olmuşdur. Səkkizillikdən sonrakı təhsilini məşhur "Qulam şqolası"nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar S. Vəliyev bu məktəbin müdiri haqqında "Qulam müəllim" oçerkində bəhs etmişdir.
Süleyman Vəliyevin "Əmanət kassası" adlı ilk hekayəsi 1932-ci ildə "Hücum" jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı "Neft uğrunda" qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.
Yazıçının 21 yaşında – 1937-ci ildə yazıb çap etdirdiyi "Bığlı ağa" povesti həmin ildə "Azərnəşr"də ayrıca kitabça şəklində çapdan çıxdı. Bu Süleymanı həmişəlik ədəbiyyata bağladı, ədəbi mühitdə tanıtdı. O, bir müddət "Azərbaycan gəncləri", "Kommunist" qəzetlərinin müxbiri oldu, "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi oldu.
1937-ci ilin payızında Süleyman hərbi xidmətə çağırıldı. 1939-cu ilin oktyabrınacan Ukraynada hərbi xidmətdə oldu. O, xidmətə başladıqdan az sonra Sovet qoşunları əvvəllər Polşa ərazisinə daxil olan Qərbi Ukrayna vilayətlərinə, Lvov şəhərinə daxil olmuşdu.
Bu zaman dostluğu təbliğ etmək üçün tanınmış yazıçı və ziyalılar Lvova ezam olunurdular. Cavan yazıçı məhz bu dövrdə görkəmli rus yazıçısı Aleksey Tolstoyla Lvov Yazıçılar İttifaqında əsgər geyimində tanış olmuş. Hərbi xidmət dövründə N. Ostrovskinin ev muzeyində olmuş, Oleksa Desiyak, Paiç Petro, Vanda Vasilevskaya ilə tanış olmuşdur.
Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında Süleyman Vəliyev xalq şairi S. Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.
Böyük Vətən müharibəsi dövründə taleyi
[redaktə | vikimətni redaktə et]1941-ci il iyun ayının 23-də S. Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Bundan əvvəl Səməd Vurğun ona bron təklif edib arxada qalmağı və vətənpərvərlik təbliğatı ilə məşğul olmağı tövsiyə etmişdi, lakin o, cəbhəni seçdi. O zaman hamı davanın qısa bir vaxt davam edəcəyi qənaətində idi. 1941-ci il iyunun 29-da "Ədəbiyyat qəzeti"də yazıçıların xalqa ünvanlanmış "Qəhrəman ordu sıralarına" adlı müraciəti dərc olunmuşdu. Müraciətin altında Mir Cəlal, Əli Vəliyevlə yanaşı, S. Vəliyevin də adı var idi.
S. Vəliyev azərbaycanlıların məşhur 416-cı milli diviziyanın alaylarından birinə düşdü və onun tərkibində 1941-ci ilin avqustunda İran ərazisinə daxil oldu. 1941-ci ilin sonlarında Şimali Qafqazda vəziyyət pisləşəndə S. Vəliyevin xidmət etdiyi alayı ora göndərdilər. Onun xidmət keçdiyi hissə Şimali Qafqaz cəbhəsinə verildi. 1942-ci ilin baharında Kerç yarımadası uğrunda ağır döyüşlər gedirdi. Bu ərazi iki dəfə faşistlərə verilib təzədən geri alınmışdı. Yazıçı Krım yaxınlığında 1942-ci ilin may ayının 8-də kontuziya olub əsir düşür. Ümumilikdə Kerç uğrunda pis hazırlanmış hücum əməliyyatlarında yarım milyona qədər sovet əsgəri əvvəlcə mühasirəyə, sonra isə əsir düşmüşdü. Yazıçı əsir düşdüyü vaxt 416-cı Azərbaycan diviziyasının "Azərbaycan döyüşçüsü" adlı qəzetində hərbi müxbir idi.
S. Vəliyev 1942-ci il Xarkov və Kerç döyüşlərində əsir düşmüş yüz minlərlə əsirlər kimi əsir məntəqələrini görməli oldu. Qankoy adlı ilkin seçmə məntəqəsində sovet əsirlərini sağlamlıq qrupları üzrə bölür, işləmək iqtidarında olanları Almaniyanın dərinliklərinə doğru aparırdılar. Yazıçını Sloveniya ilə İtaliya sərhədlərində yerləşən, sənaye müəssisələri ilə zəngin olan Triyest vilayətinə, Adriatik dənizi sahillərinə düşmüşdü.
1944-cü ilin yazında S. Vəliyev müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Mirdaməd Seyidov da həmin partizan diviziyalarında vuruşurdular.
1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildi. İlin sonlarında müttəfiq qoşunları Triyest vilayətini azad edəndə əsir yazıçı sovet-alman cəbhəsində döyüşlər davam etdiyindən Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və nəhayət İran ərazisindən keçərək vətənə qayıdır.
Sovet və ABŞ komandanlığı arasındakı razılığa əsasən Müqavimət Hərəkatında iştirak etmiş keçmiş əsirləri də faşist düşərgələrindən çıxarılan digər əsirlə
S. Vəliyev burada əsirlərin özlərinin təşkil etdiyi bölmədə Alay qərargahının rəisi seçilmişdi. O zaman ABŞ kəşfiyyat orqanları Misirdəki düşərgədə təbliğat aparırdılar ki, əsirlər vətənə dönməsin: onları Sibirə göndəriləcəkləri ilə qorxudurdular, lakin S. Vəliyev heç nədən çəkinmədən vətənə qayıtdı.
İrandan vətənə gəmi ilə 1944-cü il dekabrın 30-da gələn keçmiş əsirləri Bakıda dustaq kimi qarşıladılar və çoxlu yoxlamalar aparılması üçün bu dəfə başqa düşərgəyə göndərdilər. 1945-ci il yanvarın 1-də onları gecə yük vaqonlarına doldurub Moskva yaxınlığındakı Podolsk şəhərində aparıb orada yerləşən 174 saylı düşərgəyə saldılar. Burada günahı olmayan əsirləri xüsusi hücum batalyonlarına yığıb cəbhəyə göndərdilər.
S. Vəliyev orda qaldı: Azərbaycanlılar arasında, Osman adlı birisi ondan donos yazmışdı. Hələ Misir düşərgəsində toqquşublarmış. Osman həvəskar artist olub və düşərgə dram dərnəyinin rəhbəri olmaq istəyirmiş. Süleyman isə qərargah rəisi kimi başqasını məsləhət bilmişdi. Böhtan təsdiq olunmayandan sonra Süleyman Vəliyevi də 29 saylı hücum batalyonuna daxil edirlər, lakin bir neçə gün sonra "Qələbə" xəbəri gəldi.
Süleymanın batalyonu Ufa şəhərinə köçürülür. O zaman 1945-ci il sentyabrın 1-də Yaponiyaya qarşı hücum hazırlandığını əsgərlər bilmirdilər. Onların təlim məşqləri qurtarınca, Yaponiya təslim oldu, lakin İ. Stalinin rejimi keçmiş əsirlərə normal hüquqlu vətəndaş kimi baxmırdı. Onların "cərimə" batalyonunu Çelyabinsk şəhərindəki Kirov adına sink zavodunda işləməyə yolladılar. Süleyman Vəliyev burada "onbaşı" təyin olunmuşdu. O əqidəli sovet adamı olduğunu sübut etmək üçün yaxşı işləyirdi və hətta şəklini şərəf lövhəsinə də vurmuşdular. Bu da on ay çəkdi, lakin onları işdən azad etmirdilər.
Yazıçı vətənə qayıtmaq həsrətində idi. Ona görə RSFSR Yazıçılar İttifaqı Çelyabinsk vilayət şöbəsinin rəhbəri Lyudmila Tatyaniçevanın yanına gedir. Süleymanın Yazıçılar İttifaqının üzvü olmağı barədə arayış üçün Bakıya müraciət edirlər. Bakıdan şair Əhməd Cəmilin imzası ilə onun üzvlüyünü təsdiq edən, hətta yaradıcılığı barədə də məlumat verən müsbət arayış gəlib çıxır. L. Tatyaniçeva Çelyabinsk vilayət partiya rəhbərliyinin köməyi ilə Süleyman Vəliyevin zavoddan işdən azad edilməsinə və vətənə qayıtmasına icazə alır.
Sürgün taleyi
[redaktə | vikimətni redaktə et]Süleyman 1946-cı ilin 10 oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır, lakin yemək pulu olmadığından o, Moskvada biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr biletsiz qayıdır. Beş günə Bakıya çatan Süleyman, Ramanaya – evlərinə gedir. Həmin gün öyrənir ki, 1943-cü ildə atası və anası aclıqdan vəfat ediblər. Kənddəki evlərində başqa adamlar yaşayır.
Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi düzəlir. Ev şəraiti barədə Səməd Vurğuna ərizə yazandan sonra böyük şair onun "koma"sına şəxsən gəlib tanış olur. O zaman Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov böyük şairin xahişi ilə S. Vəliyevə Tolstoy küçəsinin 7-ci dalanında 3 saylı evi verir, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə də yenidən baxılma kampaniyası ilə nəticələnir. Həmin ildə yazıçı yenicə evlənmişdi. Göz-lənilmədən onu yeni istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların məxfi apardığı istintaqda ona məxfi orqanlarla əməkdaşlıq və Səməd Vurğunun "millətçiliyi"nə qarşı gizli işləmək təklif edirlər. Süleyman əməkdaşlıqdan imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu; o, əsgərlikdə və müharibədə olanda ədəbiyyat fondu onun ata-anasına yardım verirdi. Ata-anası vəfat edəndən sonra Süleymanın kiçik qardaşı Murtuzu Suvorovçular məktəbinə də Səməd Vurğun düzəltmişdi. Ona mənzil vermişdi.
Nəticədə Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Nəticədə 1946–1947-ci illərdə yazılmış "Mübahisəli şəhər" romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Gizli sorğu-suallar onun qanını içmişdi. Bir neçə ay sonra yoldaşı onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular.
Sibirdəki xeyirxah adamların köməyi ilə o, yazıçı qələmini atmadı. 1953-cü ildə İ. Stalin öləndən sonra ölkənin həbs və sürgün yerlərindəki çoxmilyonlu "cəza" çəkənlər rahat nəfəs aldı.
S. Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə Bakıya qayıdır. Gəlişindən 20 gün sonra ona indiki Nizami küçəsi, 51 ünvanda yerləşən balaca evini verdilər.
1957-ci ildə yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-Sovet əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına məmurlar icazə vermədilər. 1961-ci ildə roman Moskvada rus dilində çıxdı. Yalnız bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi olan bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap olundu.
1970–80-ci illər yaradıcılığı
[redaktə | vikimətni redaktə et]S. Vəliyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyir. Öz nəsrində Sibiri, müharibə dövrünü və partizanları təsvir olunurdu. 80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini "Qanadı qırıq quş da uçarmış" adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Əsərdə əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətin üzvü idi. Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunur. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutur. Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967–1986), "Xalqlar dostluğu" ordeni (1984) və medallarla təltif olunmuşdur.
Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]1956-cı ildə Bakıda Mir Cəfər Bağırovun məhkəməsində ittihamçı kimi çıxış edən SSRİ prokuroru Rudenko haqsız repressiya qurbanlarından biri kimi Süleyman Vəliyevin adını çəkdi, istintaqda Səməd Vurğuna qarşı ifadə vermədiyi üçün sürgün edildiyini qeyd etdi, amma Süleyman bu açıq məhkəməyə bir dəfə də getməmişdi.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Bığlı ağa. Bakı: Azərnəşr, 1937, 93 səh.
- Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1939, 64 səh.
- Molla Məmiş və sandıq. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
- Səadət yollarinda (povest, hekayə və oçerklər). Bakı: Azərnəşr, 1957, 204 səh.
- Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1957, 88 səh.
- Əncir ağacı (hekayələr, xatirələr). Bakı: Uşaqgəncnəşr, 1959, 102 səh.
- Mübahisəli şəhər (roman). Bakı: Azərnəşr, 1962, 259 səh.
- Bir səhənk su. Bakı: Azərnəşr, 1963, 89 səh.
- Məhəbbət buzu əridir. Bakı: Azərnəşr, 1964, 92 səh.
- Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1966, 535 səh.
- Düyünlər (roman). Bakı: Azərnəşr, 1970, 259 səh.
- Gül dəstəsi. Bakı: Gənclik, 1972, 190 səh.
- Mübahisəli şəhər (roman və povest). Bakı: Azərnəşr, 1974, 382 səh.
- Düyünlər (hekayələr, povestlər, roman). Bakı: Gənclik, 1978, 472 səh.
- Həyatın dadı (povest və hekayələr). Bakı: Gənclik, 1980, 276 səh.
- Daşlı bulaq (roman). Bakı: Gənclik, 1983, 356 səh.
- Seçilmiş əsərlər (iki cilddə). I cild. Bakı: Yazıçı, 1983, 518 səh.
- Seçilmiş əsərlər (iki cilddə). II cild. Bakı: Yazıçı, 1983, 436 səh.
- Daşlı bulaq. Bakı: Yazıçı, 1987, 688 səh.
- "Qanadı sınmış quş" da uçarmış. Bakı: Gənclik, 1989,
Tərcümələri
[redaktə | vikimətni redaktə et]- A. Qaydar. Hərbi sirr, malciş-kibalçiş və onun möhkəm sözü haqqında nağıl. Bakı: Azərnəşr, 1938, 19 səh.
- S. Marşak. Petruşka. Bakı: Uşaqgəncnəşr, 1939,
- M. Q. Mixaylovski. Tyoma və Juçka. Bakı: Uşaqkəncnəşr, 1953, 16 səh.
- V. Vasilevskaya. Söyüdlü arx. Bakı: Uşaqkəncnəşr, 1962, 60 səh.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Məhəmməd Füzuli (film, 1958)
- İlk müjdələr (film, 1960)
- Yeddiilliyin adamları və işləri (film, 1960)
- Bizim mayaklar (film, 1961)
- Burada başlanmışdır (film, 1974)
- Qara gölün cəngavərləri (film, 1984)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 21 dekabrda doğulanlar
- 1916-cı ildə doğulanlar
- 79 yaşında vəfat edənlər
- 7 martda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Ramanada doğulanlar
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Ssenaristlər
- İkinci Dünya müharibəsi iştirakçıları
- Azərbaycan dilinə tərcümə edənlər