Şeyx İbrahim Gülşəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İbrahim Gülşəni
Şeyx İbrahim bin Məhəmməd bin Şəhabəddin Gülşəni
Doğum tarixi 1423
Doğum yeri
Vəfat tarixi 1534
Vəfat yeri

Şeyx İbrahim Gülşəni (1423, Şamaxı1534, Qahirə) – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur.

Dədə Ömər Rövşəninin vəfatından sonra səccadəsinə 1487-ci ildə İbrahim Gülşəni əyləşir. 50 ildən çox şeyxlik edən İbrahim Gülşəni 1501-ci ildə Təbrizdən ayrılana qədər burada 14 il şeyx olaraq fəaliyyət göstərmişdir.

İbrahim Gülşəninin Amiddə (Diyarbəkir) və Azərbaycanın Bərdə[1] şəhərində doğulması haqqında iki fərqli fikir vardır. Həyatı haqqında bilinənlər daha çox oğlu Əhməd Xəyalinin xəlifəsi Mühyi Gülşəninin Mənaqibi-İbrahim Gülşəni adlı əsərindən götürülmüşdür. Mühyi Gülşəni onun 1534-cü ildə vəfat edəndə 114 yaşında olduğunu söyləyir. Bu vəziyyətdə 1423-cü ildə doğulması güman edilir. Mühyi Gülşəni İbrahim Gülşəninin öz soyunu yeddi nəsil ilə oğuz ataya yetişdiyini söyləyir.

Ziyalı bir ailəyə mənsub olan İbrahim Gülşəninin atası Məhəmməd Amidi fiqh, kəlam və məntiq mövzusunda əsərləri olan bir alim idi. Müəllimlik edən İbrahim Gülşəninin babası isə fiqhtəsəvvüfə dair əsərlərin müəllifi idi. Əmisi Seydi Əli də 200-dən çox müridi olan bir şeyx idi. İbrahim Gülşəninin iki yaşı olarkən atası ölmüş, onun qayğı və tərbiyəsini əmisi öz üzərinə almış, təhsilə də əmisinin yanında başlamışdır. Mühyi Gülşəninin verdiyi məlumata görə, Təbrizə gedəndə Uzun Həsənin qazıəsgəri Molla Həsən ilə qarşılaşmış, onun qabiliyyətini görən Molla Həsən təhsil üçün Mavəraünnəhrə getməsinin lazım gəlmədiyini söyləyərək İbrahim Gülşənini Təbrizdə qalmağa inandırmış və yanında saxlayaraq övladlığa götürmüşdür. Molla Həsənin yardımı ilə Təbrizdə mədrəsə təhsili alan İbrahim Gülşəni burada Molla İbrahim olaraq tanınmağa başlamışdır.

Təbrizdə olduğu müddətdə getdikcə etibarı artan İbrahim Gülşəni Təbriz qazısı Şərəfəddin ilə aralarında olan bir hadisəyə görə Sultan Uzun Həsənlə tanış olma imkanı tapdı. Sultan Uzun Həsən istədiyi zaman yanına gəlib-gedə bilməsi üçün ona "Tərxan" adını verdi. O, bir müddət sonra Hüseyin Bayqara ilə bağlanan bir sazişdə iştirak etmək üçün Herata göndərildi. İbrahim Gülşəni burada məşhur sufi Əbdürrəhman Cami ilə tanış oldu. Sultan Uzun Həsən Şiraza vali təyin etdiyi oğlu Sultan Xəlilin xalqa etdiyi zülmün qarşısını almaq üçün onu Şiraza göndərdi. Bu iki hadisədən İbrahim Gülşəninin Sultan Uzun Həsənin yanında böyük etibarı olduğu görünür.

Muhyi Gülşəninin Sultan Uzun Həsənin qardaşı və Dədə Ömər Rövşəninin müridi olan Üveysin dərviş qiyafəsi ilə Təbrizə gəldiyini, sultanın qardaşından başındakı tacın ansı təriqətə aid olduğunu soruşanda: "Ömər Rövşəninindir" – deyib bu şeyxi tərifləməsindən sonra Sultan Uzun Həsənin onu görmək istədiyini və İbrahim Gülşənini onu dəvət üçün Qarabağa göndərdiyini bildirir. Qarabağa gedib Dədə Ömər Rövşəni ilə görüşən İbrahim Gülşəni bu zaman şeyxdən təsirlənərək ona bağlanmışdır. Ömər Rövşəni İbrahim Gülşəniyə Sultan Uzun Həsənin dəvətini qəbul etdiyini,ancaq bu dəvət qış fəslinə düşdüyü üçün Təbrizə yazda gedə biləcəyini söyləyir.İbrahim Gülşəni bir müddət orada qaldıqdan sonra Təbrizə qayıdır .Bundan sonra zöhdriyazət həyatı yaşamağa başlayan İbrahhim Gülşəni seyri-sülukunu növbəti il Təbrizə gələn Ömər Rövşəninin nəzarətində davam etdirir. Mehmet Rıhtım qeyd edir ki, Ömər Rövşəni Sultan Uzun Həsənin dövründə Təbrizə gəldiyinə görə İbrahim Gülşəninin ona 1478-ci ildə bağlanması qənaəti hasil olur. İbrahim Gülşəni bu dövrdə güclü bi ekstaz halına girərək əlində şərab şüşəsi ilə bazarda dolaşmağa başlayır. Mühyi Gülşəninin sözlərindən onun bu halının uzun müddət davam etdiyi bəlli olur.

Mənbələrdən məlum olur ki, Dədə Ömər Rövşəni ölümündən bir neçə gün əvvəl İbrahi Gülşənini xəlifəsi elan edir. Mürşidinin ölümündn sonra irşad fəaliyyətinə başlayan İbrahim Gülşənini Sultan Yaqub da çox qiymətləndirir və əsgərlərinin mənəviyyatını yüksəltmək üçün əksər döyüşlərində onu da yanında götürürdü. Bu yaxınlığın yaranmasında İbrahim Gülşəninin Sultan Uzun Həsənə oğlu Sultan Yaqub üçün müəllim olaraq tövsiyə etdiyi Qazı İsanın da rolu olmuşdur.

İbrahim Gülşəni Təbrizi təsvir etdiyi bir qəzəlində Sultan Yaqubu da mədh etmişdir. Sultan Yaqubun 1490-cı ildə vəfatından sonra Ağqoyunlu ailəsi içərisində meydana gələn taxt-tac uğrunda çəkişmələr arasında sıxıntılı bir dövr keçirən İbrahim Gülşəni 1495-ci ildə çox saylı müridi ilə birgə həccə getmişdi.

Bu səfər zamanı İbrahim Gülşəni Məkkədə bəzi misirli alimlərlə tanış oldu və daha sonra Təbrizə qayıtdı. Siyasi iğtişaşların son həddə çatdığı bu dövrdə Ağqoyunlu taxt-tacı tez-tez əldən-ələ keçirdi. Nəhayət, Şah İsmayıl Xətai 1501-ci ildə Təbrizə girəndə İbrahim Gülşəni şəhərdən köçür və uzun və macəralı səfərdən sonra Diyarbəkirə gəlib çxır .O, ömrünün sonuna kimi bu şəhərdə yaşayır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gülşəninin yaradıcılığı Azərbaycan türkcəsi, Fars dili, Ərəb dilində yazdığı divanlardan, "Məsnəviyi-xəfi" və "Raznamə"məsnəvilərindən ibarətdir. İbrahim Gülşəni yaradıcılığının böyük bir hissəsi təsəvvüfi xarakter daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Şeyx İbrahim Gülşəni", "Azadlıq" qəzeti, № 239 (5044). 12 dekabr 2012-ci il.
  1. Məhəmmədəli Tərbiyyət, Danişməndani-Azərbaycan, s. 318