Vasif Qafarov
Vasif Qafarov | |
---|---|
Vasif Vaqif oğlu Qafarov | |
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 80 saylı Lerik-Astara seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik rayonu, Cəngəmiran |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Bakı Dövlət Universitetinin Tarix fakültəsi |
Fəaliyyəti | tarixçi, siyasətçi |
Uşağı | 3 |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu |
Vasif Vaqif oğlu Qafarov (25 yanvar 1982, Cəngəmiran, Lerik rayonu) — Azərbaycan tarixçisi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri,[1] Milli Məclisin VII çağırış deputatı.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Vasif Vaqif oğlu Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. 1988-1999-cu illərdə Cəngəmiran kənd orta məktəbində təhsil alıb.
1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.
2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani doktorantı olub. 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adına layiq görülüb.
2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub. V.Qafarov 2022-ci il sentyabrın 30-da "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Vasif Qafarov tarix elmləri doktoru elmi dərəcəsini alıb.[1]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Vasif Qafarov əmək fəaliyyətinə 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb. 2007-2017-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.[3]
Vasif Qafarov 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda tarixçi-ekspert vəzifəsində işləyib.
2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda şöbə müdiri, 2017-2023-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. 2023-cü ildən indiyədək AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri vəzifəsində çalışır.[3] AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Vasif Qafarovun elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri dövrü tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, Azərbaycanın XIX-XX əsrlər tarixinin müxtəlif problemlərini əhatə edən elmi əsərlərin yazılmasında, sənədlər toplularının hazırlanmasında iştirak edib. Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. O, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dan çox beynəlxalq elmi konfransda iştirak edib və elmi məruzələrlə çıxış edib.[3]
Vasif Qafarov 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində 80 saylı Lerik-Astara seçki dairəsindən deputat seçilib.[4] Milli məclisin Regional məsələlər və Elm və təhsil komitəsinin üzvüdür.[5]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Vasif Qafarov ailəlidir, üç övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Tarixçi Vasif Qafarov Elmlər Doktoru adına layiq görülüb[ölü keçid]
- ↑ "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ 1 2 3 "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Abbasqulu Ağa Bakıxanov adına TARİX İNSTİTUTU QAFAROV VASİF VAQİF OĞLU". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
- ↑ "Mərkəzi Seçki Komissiyası". www.infocenter.gov.az. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
- ↑ 80 saylı Lerik - Astara seçki dairəsi - QAFAROV Vasif Vaqif oğlu