Türkologiya (jurnal)

Vikipediya, azad ensiklopediya
(Sovet türkologiyası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Türkologiya jurnalı haqqındadır. Elm növü haqqında məqalə üçün Türkologiya səhifəsinə baxın.
Türkologiya
Baş redaktor Nadir Baloğlan oğlu Məmmədli
Məsul redaktor Aysel Nizami qızı Qəribli
Dövrilik ildə iki nömrə
Təsisçi AMEA Dilçilik İnstitutu
İlk buraxılışı 1970-ci ilin apreli
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan, türk, ingilis, rus.
ISSN 0131-677X
turkologiya.az

"Türkologiya" (1992-ci ilin yanvarın 16-a qədər "Sovetskaya tyurkologiya" (rus. Советская тюркология)) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal.

SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 11 oktyabr 1973-cü il tarixli Qərarı ilə SSRİ Elmlər Akademiyasının ədəbiyyat və dil şöbəsi nəzdində təsis edilmiş Sovet Türkoloqları Komitəsi də jurnalın elmi nailiyyətlər qazanmasında fəal iştirak etmişdir. Yarandığı vaxtdan 1987-ci ilin iyulunadək jurnalın baş redaktoru görkəmli azərbaycanlı alim akademik M.Ş.Şirəliyev, bu zamandan etibarən 1993-cü ilədək tanınmış türkoloq, SSRİ EA-nın müxbir üzvü E.R.Tenişev, kiçik fasilə ilə görkəmli dilçi alim A.Məmmədov, 2015-ci ilin sonunadək akademik A.Axundov, 2016-cı ilədək akademik T.Hacıyev, 2016-cı ildən etibarən 2021-ci ilin dekabrınadək akademik K.Abdulla rəhbərlik etmişlər. AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2022-ci il yanvarın 10-da keçirilən Elmi şurasında jurnala Baş redaktor institutun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli seçilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda, respublikanın ali məktəblərində çalışan, eləcə də dünya miqyasında tanınan, türk filologiyasına öz töhfəsini verən alimlərdən ibarət yeni redaksiya heyəti təsdiq olunmuşdur. “Türkologiya” jurnalının redaksiya heyəti, beynəlxalq məsləhətçilər AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurası tərəfindən təsdiq edilir[1]. Sovet İttifaqı dağılandan sonra 1992-ci ildən “Türkologiya” adı ilə nəşr olunan jurnal Azərbaycan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tatarıstan, Türkmənistan və Özbəkistan elmlər akademiyaları ilə birlikdə "Sovetskaya türkologiya" Ümumittifaq elmi-nəzəri jurnalının hüquqi varisidir. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1993-cü il tarixli Qərarı ilə "Türkologiya" elmi jurnalının təsisçisi Azərbaycan Elmlər Akademiyası, naşiri Dilçilik İnstitutudur. Jurnalda yalnız redaksiya kollegiyası və ya mütəxəssislərin ekspert rəyindən keçən elmi məqalələr dərc olunur[2].

“Türkologiya” elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələrini əks etdirən Ali Attestasiya Komissiyasının nəşrlərindən filologiya üzrə elmi jurnalların siyahısına daxildir. Jurnalın nəşr olunan illər üzrə hər bir nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Mərkəzi Elmi, eləcə də M.F.Axundzadə adına Milli Kitabxananın fonduna daxil edilir. Beynəlxalq mübadilə layihəsi çərçivəsində jurnal Bosniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Almaniya, Finlandiya, Fransa, İtaliya, Yaponiya, ABŞ, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan şəhər və universitetlərinin Mərkəzi kitabxanalarına göndərilir. 2017-ci ilin oktyabrın 10-da Müasir Dillər Assosiasiyası "Türkologiya" jurnalını Beynəlxalq Dil Assosiasiyasının Biblioqrafiyasına daxil edilib.[3]

Hazırda ildə iki nömrəsi nəşr edilən jurnalda həm respublikamızın, həm də əcnəbi türkoloqların Azərbaycan, türk, rus və ingilis dillərində məqalələri dərc edilir.


Baş redaktorları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  2. "Arxivlənmiş surət". 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  3. "Hüsniyyə ÇOBANOVA "Türkologiya" jurnalı beynəlxalq indeksdə". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.