Ahizadə Hüseyn Əfəndi
Ahizadə Hüseyn Əfəndi | |
---|---|
Əvvəlki | Zəkəriyazadə Yəhya Əfəndi |
Sonrakı | Zəkəriyazadə Yəhya Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Uşağı | Seyid Mehmed Əfəndi |
Ahizadə Hüseyn Əfəndi (1572, İstanbul – 8 yanvar 1634) — Osmanlı alimi və edam edilən ilk şeyxülislam.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]1572-ci ildə dünyaya gəlmişdir. Atası Ahizadə Mehmed Əfəndi II Səlim dövrünün qazılarından olmuşdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin himayəsinə girərək 1589-cu ildə təhsilini başa vurmuşdur.[2] Ardından 1599-cu ildə Sahn-ı Səman, 1601-ci ildə Şahzadəbaşı və Süleymaniyyə, 1603-cü ildə Süleymaniyyə Darülhədis və Hakaniyyə-Vəfa mədrəsələrində müdərrislik etmişdir.[3] Daha sonra qazı olaraq xidmət göstərən Hüseyn Əfəndi 1601–1632-ci illər ərzində bir dəfə Bursa, 3 dəfə İstanbul, 2 dəfə Anadolu və 3 dəfə Rumeli başqazısı olaraq təyin olundu. 1632-ci ildə baş verən sipahi üsyanı nəticəsində şeyxülislam Yəhya Əfəndi vəzifədən uzaqlaşmış və onun yerinə Ahizadə Hüseyn Əfəndi şeyxülislam seçildi.[2]
İki il bu vəzifədə qalan Hüseyn Əfəndinin şeyxülislamlığı dövründə IV Murad Bursaya gedərkən xalqın şikayəti ilə heç bir araşdırma aparmadan İznik qazısını edam etdirmişdir. Bu hərəkəti elm sahəsinə vurulan böyük bir zərbə olaraq görən Ahizadə Hüseyn Əfəndi dövrün validə sultanı Kösəm Sultana bir məktub yazaraq üləmaya hörmət göstərilməsini və padşahın düz yola çağırılmasını ona məsləhət gördü.[4] Bunun ardından Kösəm Sultan oğluna bir məktub yazaraq paytaxtda vəziyyətin gərgin olduğunu və dərhal geri qayıtmalı olduğunu bildirdi. Xəbəri alan IV Murad dərhal İstanbula geri döndü və şeyxülislamla İstanbul qazısı olan oğlu Seyid Mehmed Əfəndinin Kipr adasına sürgün edilməsi ilə bağlı fərman yazdı.[3] Ahizadə Hüseyn Əfəndi və oğlu ayrı-ayrı gəmilərə mindirilərək yola çıxarılsa da, gənc sultan hirsini boğa bilmədi və bostançıbaşını sabiq şeyxülislamın ardınca yolladı. Gəmidən alınan Hüseyn Əfəndi dərhal edam edildi və cəsədinin tapılmaması üçün qumsala basdırıldı. Oğlu isə başqa bir gəmiylə getdiyi üçün xilas oldu.[1]
Elm sahəsinə mənsub şəxslərə verilən ən böyük cəza sürgün olduğu halda, Ahizadə Hüseyn Əfəndinin edam edilməsi dövlət adamları arasında IV Murada qarşı kin yaratmışdı.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Devhatü’l-meşâyih maa zeyl, s. 48–50;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, I, 128;
- İlmiyye Salnâmesi, s. 446–449;
- İ. H. Danişmend, Kronoloji, İstanbul 1972, III, 358;
- Câhid Baltacı, XV–XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 332, 561;
- Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 223–224