Yuxarı Gövhər ağa məscidi
Yuxarı Gövhər ağa məscidi | |
---|---|
39°45′36″ şm. e. 46°45′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Meydan |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Layihə müəllifi | Mir Möhsün Nəvvab (minarələrin dekor layihəsi) |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Sifarişçi |
Pənahəli xan (birinci məscid) İbrahimxəlil xan (ikinci məscid) Gövhər ağa (üçüncü və dördüncü məscid) |
Əsas tarixlər |
1750-ci illər - Pənahəli xanın qamış məscidinin tikilməsi 1768-1769 - İbrahimxəlil xanın daş məscidinin tikilməsi XIX əsrin I yarısı - Üçüncü məscidin inşası 1883-1884 - Dördüncü məscidin inşası 1992 - Şuşanın işğalı nəticəsində məscid qismən dağıdılmışdır. |
Tikilmə tarixi | 1883-1884 (dördüncü məscid) |
Üslubu | Arran memarlıq məktəbi |
Minarələri | 2 |
Vəziyyəti | 2022-2023-cü illərdə bərpa edilib, fəaliyyət göstərir[1] |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 344 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.
Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.[1] 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişi zamanı Şuşanın azad edilməsindən sonra məsciddə bərpa işlərində başlanılmış[1], 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]İlk məscid
[redaktə | vikimətni redaktə et]Qarabağ xanlığının mərkəzini Şahbulaq qalasından Şuşaya köçürməyə qərar verən Pənahəli xan yeni şəhər salınmasına qərar verir. Həmin dövrdə onun göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsi üzvləri üçün qəsr və saraylar, o cümlədən məscid inşa edilir. Şuşada həmin dövrdə bütün tikililərin daşdan inşa edilməsinə baxmayaraq, məscidin inşasında qamışdan istifadə edilmişdi.[2] Həmin məscidin memarlıq xüsusiyyətləri haqqında heç nə məlum deyil.[2] Qarabağ tarixçisi Baharlının məlumatına görə, məscid iki qapıya malik idi.[2] E. Avalovun fikrincə inşaat materialı kimi qamışın seçilməsini tələsgənliklə izah etmək olar.[2]
İkinci məscid
[redaktə | vikimətni redaktə et]Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra, hicri 1182-ci ildə (miladi 1768–1769) qamış məscidin yerində yeni məscidin inşa edilməsini sifariş verir.[3] Yeni məscidin inşasında daş və əhəng məhlulundan istifadə olunur.[2]
Üçüncü məscid
[redaktə | vikimətni redaktə et]XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.[2] Həmin məscidin təsvirlərinə Vasili Vereşaginin rəsmlərində rast gəlmək mümkündür.[2] Həmin rəsmlər məscidin memarlıq-bədii xüsusiyyətləri haqqında məlumat verən yeganə mənbələrdir.[2] "Şimal arısı" (rus. Северная пчела) qəzetinin 1836-cı ildə verdiyi məlumata görə, həmin dövrə kimi Şuşada inşa edilmiş məscidlərin heç biri minarəyə malik deyildi.[2] V. Vereşaginin rəsmlərindəki Şuşa cümə məscidi təsvirlərinə əsasən demək olar ki, minarələr binanın əvvəldən düşünülmüş vahid yaradıcılıq ideyasının nəticəsi olmaqla, heç də sonradan ona əlavə edilməmişdir.[2] Təsvir edilən minarələr şəhərin əsas dini tikilisinin həcm-fəza kompozisiyası ilə sıx və orqanik əlaqədə olmuşdur.[2] Məhz bu fakt, V. Vereşaginin rəsmlərindəki məscidin İbrahimxəlil xanın məscidinin yenidən qurulması deyil, tamamilə yeni məscid olmasını sübut edir.[2] E. Avalovun fikrincə, Vilhelm Timmin XIX əsrin ortalarına aid "Şuşa qalası" adlı rəsmində minarə təsviri Verşaginin təsvir etdiyi məscidin XIX əsrin I yarısında inşa edilməsini ehtimal etməyə əsas verir.[2] Ş. Fətullayevin fikrincə, V. Vereşaginin "Şuşa məscidi" təsvir edilmiş rəsmini 1838-ci ilə aid etmək olar.[5] V. Vereşaginin təsvirinə görə, Şuşanın üçüncü cümə məscidi iki mərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik bina idi. Bu məsciddə kompozisiya oxları dəqiq qeyd edilmişdi – şimal fasadında simmetrik yerləşdirilmiş əsas giriş şimal-cənub əsas oxu üzərində idi.[6] Həcm məkan həlli və memarlıq formalarına görə, bu bina XVI–XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi.[2] Fasadlarda simmetrik yerləşdirilmiş oxvari və düzbucaqlı girişlər diqqət çəkir. Binanın əsas oxları üzərində yerləşdirilmiş dərin oxvari nişlər – eyvanlar özünəməxsus portallar yaradırdı. Əsas ox üzərində yerləşdirilmiş əsas giriş oxvari niş və düzbucaqlı çərçivəyə malik dərin və geniş portalla vurğulanmışdı.[2] A. Salamzadə binanın bu xüsusiyyətini XVII əsrə aid Ordubad cümə məscidinin xüsusiyyətləri ilə müqayisə edərək bildirir ki, Ordubad məscdidinin də əsas girişi düzbucaqlı çərçivəyə salınmış dərin oxvari nişin yaratdığı portal formasında həll edilib.[6] Şimal fasadının karnizi üzərində əhəmiyyətli dərəcədə yüksələn mərkəzi portallı giriş, günbəz fonunda təntənəli görünüş alırdı. V. Vereşaginin rəsminə əsasən bu portl girişinin mərkəzində yarımdairəvi əsas giriş, yanlarında isə kiçik düzbucaqlı otaqlara açılan nişlər yerləşirdi.[7]
Məscid binası ilə birbaşa əlaqədə olan və cinahlardan onun əsa girişini əhatə edən iki slindrik minarə binanın yuxarı yüksəlmiş memarlıq formalarını tamamlamaqla parlaq təəssürat yaradır. Mövcud minarələrlə müqayisədə V. Verşaginin təsvir etdiyi minarələt təməldə xeyli geniş olmaqla, yalnız formasına görə deyil, həm də dekoruna görə müasir minarələrdən fərqlənir.[7] Vereşaginin təsvir etdiyi minarələrin üzəri geniş lentlərin yaratdığı sərt həndəsi naxışlarla örtülmüşdür. Minarələrin səthi stalaktitli eyvanla tamamlanır, eyvanlar isə kiçi taxta dirəklər üzərində duran iti uclu çadırvari damla örtülürdü. Minarələrin bu şəkildə həll edilməsi XVI–XIX əsr Azərbaycan dini memarlığı üçün xarakterikdir.[7] Həmin məcidin əsas memarlıq xarakterləri ümumi kompozisiyanın geniş həcmliyi, plastiklik, işıq və kölgə elementlərinin bacarıqla yerləşdirilməsi, elementlərin uğurlu ölçülərinin tapılması, monumentallıq və siluetin bədii ifadəliyi idi.[7] V. Vereşaginin "Tatarlar ibadət zamanı" adlı başqa bir rəsmində isə Şuşa cümə məscidinin konstruktiv strukturun məntiqli fəzsı və daxili planlaşdırma ilə yanaşı, həm də interyerin zəngin plastikası, incə cazibədarlıq və nağılvari bəzəklərini görmək mümkündür. Dekorların effektiv mükəmməlliyi, tağların ornamental naxışlarının dəqiqlik və məntiqi sxemliyi, mərkəzi günbəzin yelkənlərinin dizaynı diqqət çəkir. Oxvari dizaynlı yarımdairəvi cənub apsidasında stalaktitli niş içərisində ənənəvi mehrab yerləşdirilmişdi. Ehtimal ki, qadınlar üçün nəzərdə tutulmuş ikinci yarusun künc tərəflərində səliqəli ballüstradalı eyvanlar uzanırdı. Məscidin divarlarından birində Şuşa şəhərinin əsasının qoyulması tarixi qeyd edilmişdi.[8]
Dördüncü məscid
[redaktə | vikimətni redaktə et]1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.[7] Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır.[7]
Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki, məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri dağıdılmışdır. 2017-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının İranın "Part Saman jahan Co." memarlıq şirkəti ilə məsciddə bərpa işləri aparacağı haqqında məlumat yayılmışdır.[9]
Memarlıq xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Məscid, özündən əvvəlki tikilinin inşaat oxlarını təkrarlayır. E. Avalov qeyd edir ki, ola bilsin, memar əvvəlki tikilinin özüllərini yeni məscid binası üçün istifadə etmişdir və bu hala Şərq memarlığında tez-tez rast gəlinir.[7] Məscidin ümumi ölçüləri planda 26.5x21.5 metrə bərabərdir. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir.[7]
Üçüncü məscidin portallı geniş nişi demək olar ki, bütün şimal fasadını bəzəyən geniş eyvanla əvəzlənmişdir. Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir. Eyvanın ölçüsü planda 5.0x14.5 metrə bərabərdir. Məscidin portikinin arkadası, iki mərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır.[8]
Məscidin əsas fasadının memarlıq həlli dərin eyvanı ilə ona daha çox yaşayış binaları üçün xarakterik olan və dini tikililərdə az rast gəlinən bədii sima bəxş edir. Bu bədii xüsusiyyət Şuşanın sonuncu cümə məscidinin əsas fərqli xüsusiyyətlərindən biridir.[8]
İki otaqlı ibadət zalı planda demək olar ki kvadrat formasına malik olmaqla 18,5×19 m ölçülərdədir. Üçüncü məsciddə olduğu kimi burada da yanlardan eyvanlar uzanır.[8] Əsas fasadında yarımdairəvi eyvan tağları olan məscidin üçnefli ibadət zalının altı ədəd səkkizguşəli daş sütun üzərində dayanan oxvari tağlı örtüyü xüsusi diqqət çəkir.[8]
E. Avalov qeyd edir ki, Şuşada bir-birinə əks olan yarımdairəvi və oxvari memarlıq formalarının bir binada birləşdirilməsi Yuxarı Gövhər ağa məscidində rast gəlinən yeganə nümunə ilə məhdudlaşmır.[8] Məsələn, Aşağı Gövhər ağa məscidinin üçtağlı daş eyvanının mərkəzi hissəsi və Mehmandarovların məscidinin yarımdairəvi yan tağlarından fərqli olaraq oxvari mərkəzi tağa malik olmasını buna nümunə kimi göstərmək mümkündür.[8]
Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Minarələrin içində yerləşdirilmiş 85 pilləkənli vintvari nərdivan münəzzim üçün nəzərdə tutulmuş meydana çıxır. Minarə meydanının üstü üçüncü məsciddə olduğu kimi zövqlə yonulmuş incə dirəklər üstündə duran çadırvari damla tamamlanır. Minarələrin üstünü son zamanlara kimi ayparalar bəzəyirdi.[10]
Minarələrin pilləkənləri vintvari şəkildə yerləşdirilmiş kiçik pəncərə yarıqları ilə işıqlandırılır. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdir. Minarənin yuxarısında Quran ayələri yazılmış lent vardır.[11] Minarələrin naxış dizaynı, həmçinin məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsindəki kiçik otağın divar rəsmləri Mir Möhsün Nəvvab (1833–1918) tərəfindən işlənmişdir.[11]
Orta əsrlərdə Avropa şəhərlərinin mərkəzi meydanlarında inşa edilən hündür qülləli kafedrallar az mərtəbəli yaşayış binaları üzərində dominant təşkil edərək hər tərəfdən görünür, şəhərə gələn şəxlərə əsas ticarət küçələri və meydanının yerini işarə edirdi. Şərq ölkələrinin şəhərlərində, o cümlədən Şuşada bu rolu hündür minarəli məscidlər həyata keçirirdi.[11] Buna görə də Yuxarı Gövhər ağa məscidinin kifayət qədər hündür olan oxvari minarələri və mərkəzi gümbəzi şəhərin memarlıq kompozisiyasında dominantlıq təşkil edir.[12]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Məscidin həyətindəki qəbirlər
-
Məscidin qapısı
Axundları
[redaktə | vikimətni redaktə et]Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ «Tatar» sözü ilə Rusiya səyahətçi və alimləri əksər hallarda «azərbaycanlı», «azərbaycan türkləri» anlayışını nəzərdə tuturdular.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 "İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 10 may 2023. 18 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Авалов, 1977. səh. 53
- ↑ Джеваншир, Мирза Джамал. Карабах (перевод А. Берже). Тифлис: газ. Кавказ. 1855. № 61-62.
- ↑ А. К. Лебедев. Василий Васильевич Верещагин: Жизнь и творчество. 1842—1904. Искусство, 1972. Стр. 42
- ↑ Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970. 47.
- ↑ 1 2 Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 13.
- ↑ 1 2 3 4 5 6 7 8 Авалов, 1977. səh. 54
- ↑ 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 55
- ↑ "Иран поможет восстановить мечеть в Шуши". depiararat.com. İstifadə tarixi: 23 iyul 2018.[ölü keçid]
- ↑ Авалов, 1977. səh. 56
- ↑ 1 2 3 Авалов, 1977. səh. 57
- ↑ Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 97.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- [https://apa.az/az/dagliq_qarabag/xi%CC%87n-ermeni-mediasinda-susadaki-yuxari-govheraga-mescidinin-temiri-ile-bagli-xeberlere-munasibet-bildirib-553699
- Dağlıq Qarabağın azərbaycanlı icması Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən "təmir-bərpası" ilə bağlı bəyanat yayıb
- Azərbaycandakı dini konfessiya rəhbərləri Gövhərağa məscidi ilə bağlı bəyanat yayıb
- Əlifba sırasına görə tarixi abidələr
- Şuşa məscidləri
- Şuşa abidələri
- Arran memarlıq məktəbi
- 1885-ci ildə tamamlanmış binalar və tikililər
- 1885-ci ildə yarananlar
- XVIII əsr məscidləri
- 1885-ci ildə tamamlanmış məscidlər
- Azərbaycandakı şiə məscidləri
- Azərbaycan memarlığı
- Şuşanın görməli yerləri
- Kərbəlayi Səfixan Qarabağinin əsərləri