Sivilizasiyanın beşiyi
Sivilizasiyanın beşiyi — bu və ya digər sivilizasiyanın başqa ərazilərdəki digər sivilizasiyalardan asılı olmayaraq yarandığı məkan və mədəniyyətdir. Şəhər tipli yaşayış məskənlərinin formalaşması cəmiyyətin “sivil” kimi səciyyələndirilə bilən ilkin xüsusiyyətidir. Sivilizasiyanın digər xüsusiyyətlərinə oturaq və ya qeyri-köçəri əhali, monumental memarlıq, sosial təbəqələrin və bərabərsizliyin mövcudluğu, ünsiyyət üçün yazı sisteminin yaradılması daxildir. Daha sadə cəmiyyətlərdən sivilizasiyanın mürəkkəb cəmiyyətinə keçid tədricən baş verir.
Alimlər ümumilikdə sivilizasiyanın altı beşiyinin olduğunu qəbul edirlər. Belə ki, Mesopotamiya, Qədim Misir, Qədim Hindistan və Qədim Çinin Köhnə dünyada ən erkən sivilizasiyalar olduğu hesab edilir.[1][2] Yeni dünyada isə sivilizasiyanın beşiyi sahilyanı Perunun Karal-Supe sivilizasiyası və Meksikanın Olmek sivilizasiyasıdır. Sivilizasiyanın bütün beşikləri yaşayış vasitələri baxımından kənd təsərrüfatından asılı olmuşdur (ehtimal ki, əvvəlcə dəniz ehtiyatlarından asılı ola bilən Karal-Supe istisnadır). Onların hamısı mərkəzləşdirilmiş hökuməti, siyasi liderləri, kahinləri və sivilizasiyanın şəhər mərkəzlərinin ictimai məsələlərini dəstəkləmək üçün kənd təsərrüfatı məhsulu istehsal edən fermerlərin (kəndlilərin) fəaliyyətindən asılı olmuşdur.
Nisbətən az formal olaraq, "sivilizasiyanın beşiyi" termini Yunanıstan və ya Roma kimi digər tarixi qədim sivilizasiyalara istinad etmək üçün də istifadə olunur. Lakin, onları "Qərb sivilizasiyasının beşiyi" adlandırmaq daha doğru olardı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Charles Keith Maisels. The Near East: Archaeology in the "Cradle of Civilization. Routledge. 1993. ISBN 978-0-415-04742-5. 18 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2020.
- ↑ Cradles of Civilization-China: Ancient Culture, Modern Land, Robert E. Murowchick, gen. ed. Norman: University of Oklahoma Press, 1994