I Filipp (Orlean hersoqu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Filipp
fr. Philippe d'Orléans
10 may 1661 – 9 iyun 1701
ƏvvəlkiOrleanlı Qaston
SonrakıII Filipp
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1640(1640-09-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1701(1701-06-09)[1][2][…] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Fəaliyyəti rəsm kolleksioneri[d], hərbi qulluqçu
Atası XIII Lüdovik[3]
Anası Avstriyalı Anna[3]
Həyat yoldaşları
Uşaqları
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Filipp (fr. Philippe Ier d'Orléans; 21 sentyabr 1640[1][2][…], Sen-Jermen-an-Le[d][5]9 iyun 1701[1][2][…], Sen-Klu[5]) — Fransa kralı XIII Lüdovikin oğlu, Orlean hersoqu.[6]

21 sentyabr 1640-cı ildə Sen-Jermendə dünyaya gəldi. Atası Fransa kralı XIII Lüdovik, anası isə İspaniya kralı III Filippin qızı Annadır. Doğumu Parisdə top atəşləriylə elan olundu. Doğumundan bir neçə saat sonra mərasimlə vəftiz edildi və ənənəvi olaraq, kralın kiçik oğullarına verilən Anju hersoqu ünvanı verildi. Hələ 3 yaşında ikən atası vəfat etdi və özündən 2 yaş böyük qardaşı XIV Lüdovik Fransa kralı, anası Avstriyalı Anna isə kral naibəsi təyin edildi.

1647-ci ilin payızında çiçək xəstəliyinə tutuldu və müalicəsinin ardından 11 may 1648-ci ildə keçirilən rəsmi mərasimlə ikinci dəfə vəftiz edildi. Əmisi Orleanlı Qaston xaç atası, İngiltərə kraliçası olan bibisi Henretta Mariya isə xaç anası seçildi. Ardından təhsil həyatına başladı və əcnəbi dillər, tarix, ədəbiyyat, riyaziyyat üzrə dərslər aldı.

Hələ 8 yaşında ikən Fransada Fronda adlanan vətəndaş müharibəsi başladı. 9 fevral 1651-ci ildə gecə saatlarında təhlükəsizlik məqsədilə ailəsiylə birlikdə Parisdən qaçırıldı. 1653-cü ilədək davam edən bu müharibənin sonunda monarxiya tərəfdarları qalib gəldi. 7 iyun 1654-cü ildə keçirilən qardaşı XIV Lüdovikin rəsmi tacqoyma mərasimində iştirak etdi və Şarlmanın tacını qardaşının başına o qoydu.

1658-ci ilin iyununda qardaşı XIV Lüdovikin səhhəti anidən pisləşdi. Tifus olduğu ehtimal olundu və ölməsi gözlənildiyi halda iyulun sonlarında sağaldı. Onun xəstəliyi boyunca taxtın varisi olaraq göz önündə tutuldu.

Əmisi və xaç atası olan Orleanlı Qastonun 1660-cı ildə vəfat etməsinin ardından sahib olduğu bütün ünvanlar səltənətlə birləşdi. Kralın kiçik qardaşı olaraq, Orlean hersoqluğu onun haqqı idi və 10 may 1661-ci ildə keçirilən rəsmi mərasimlə Orlean hersoqu elan olundu. Vaxtilə atası XIII Lüdovik və əmisi Orleanlı Qaston arasında gedən taxt mübarizəsi göz önündə tutularaq, Filippin bütün həyatı nəzarət altında keçdi. Öz mülkləri istisna olmaqla, kral xəzinəsindən heç bir gəliri yox idi.

Uşaqlığı boyunca dövrün dəbinə uyğun olaraq qadın paltarları geyindirilən Filipp, bu vərdişini sonrakı illərdə də davam etdirdi. İki dəfə evlənməsinə baxmayaraq, oğlan sevgililəri vardı və bu həyatını açıq şəkildə yaşayırdı.

Qardaşı XIV Lüdovikin 9 iyun 1660-cı ildə Mariya Tereza ilə evlənməsinin ardından, anası kraliça Anna digər oğlu Filippin evlilik məsələsiylə məşğul oldu. Ən güclü namizəd isə bibisi İngiltərə kraliçası Henretta Mariyanın qızı Henretta idi. Belə ki, bibisinin əri olan İngiltərə kralı I Karl ölkədəki parlament tərəfdarlarıyla mübarizədə məğlub olmuşdu və bibisi digər ailə üzvləriylə birlikdə 1644-cü ildə Fransaya sığınmışdı. O əsnada yeni doğulan Şahzadə Henrettanın uşaqlıq və gənclik illəri Fransa saraylarında keçmişdi. İngiltərədə monarxiyanın bərpasının ardından böyük qardaşı II Karl 1660-cı ildə taxta çıxdı və Şahzadə Henretta onunla birlikdə İngiltərəyə qayıtdı. Elə həmin il 22 noyabr 1660-cı ildə kraliça Anna Şahzadə Henretta üçün İngiltərə sarayına rəsmi müraciət etdi. Razılıq əsasında 30 mart 1661-ci ildə cütlük nigahlandı və ertəsi gün keçirilən mərasimlə evləndilər.

Fransada məşhur və sevilən biri olsa da, Şahzadə Henrettanın vəliəhdlə evlənməsinin ardından haqqında şayələr gəzməyə başladı. Filippin qardaşı XIV Lüdoviklə olduqca yaxın münasibət saxlaması sarayda xoş qarşılanmadı. Hətta ilk övladı Mariya Luizanın atasının Filipp deyil, kral olduğu iddia edildi. Bütün bu şayələr kraliça Annanın məsələyə müdaxilə etməsiylə sonlandı. Digər yandan Filippin oğlan sevgililəriiylə münasibəti də davam edirdi. Bunlardan ən məşhuru isə Lorreynli Filipp idi. Ərinin sevgilisi olan bu fransız əsilzadəsini kral XIV Lüdovikə şikayət edən Henretta 1670-cı ilin yanvarında əsilzadənin Romaya sürgün edilməsinə nail oldu. O əsnada ispanlarla müharibədə olan Filipp isə bundan xəbər tutan kimi cəbhədən döndü və qardaşını razı salaraq bu sürgün qərarını dəyişdi. Ardından xanımını da alaraq paytaxtdan uzaqlaşdı. Çox keçmədən Henrettanın səhhəti pisləşdi. Əri tərəfindən zəhərləndiyini iddia etdi və 30 iyun 1670-ci ildə gənc yaşda vəfat etdi.

Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, bunlardan yalnız ikisi yetkinlik yaşına çatdı.

Bir oğul varisi olmadığı üçün XIV Lüdovik qardaşını yenidən evləndirmək niyyətində idi. Bu dəfəki namizəd isə Pfals kürfürstü I Karl Lüdviqin qızı Elizabet Şarlotta oldu. Kalvinist olan gələn namizədinin Roma-Katolikliyinə keçməsinin ardından, cütlük 16 noyabr 1671-ci ildə evləndi. Evliliyin ilk illəri xoşbəxt keçdi və Elizabet Şarlotta ərinin ilk nigahından doğulan qızlarını da himayəsinə aldı. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, ilk övladları 3 yaşında vəfat etdi.

9 iyun 1701-ci ildə iflic keçirərək vəfat edən Filippin cənazəsi 21 iyunda keçirilən rəsmi mərasimlə Sen-Deni bazilikasına dəfn olundu.

  • Seward, Desmond (1973). Prince of the Renaissance: The Golden Life of François I. New York: Macmillan Publishing Co. ISBN 9780026097000
  • Baumgartner, Frederic J (1988). Henry II, King of France, 1547–1559. Duke University Press. ISBN 9780822307952
  • Plowden, Alison (2011). Marriage With My Kingdom. The History Press. ISBN 9780752467412
  • Frieda, Leonie (2003). Catherine de Medici: Renaissance Queen of France. HarperCollins. ISBN 9781842127254
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Philippe I de France duc dOrleans // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 7 Kindred Britain.
  4. Union List of Artist Names (ing.). 2020.
  5. 1 2 3 4 5 Catalog of the German National Library (alm.).
  6. Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149