Cabanı döyüşü (1500)
Cabanı döyüşü | |||
---|---|---|---|
Səfəvi-Şirvanşahlar müharibələri | |||
| |||
Tarix | 1500-cü il | ||
Yeri | Cabanı, Şamaxı | ||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun.
Tarixi
[redaktə | vikimətni redaktə et]Döyüş qabağı vəziyyət
[redaktə | vikimətni redaktə et]Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu.
Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi. Əhali şəhəri tərk edərək dağlara çəkilmişdi. Bir müddət Şamaxıda qalan İsmayıl, Fərrux Yasarın öz qoşunları ilə Buğurt qalasının yaxınlığındakı meşədə düşərgə saldığını öyrəndi. Lakin qızılbaşlar Şirvan qoşununu orada tapmadılar. Belə ki, qızılbaşların Şamaxını tutması xəbərini alan I Fərrux Yasar Gülüstan qalasına çəkilməklə bağlı qərar aldı. Lakin o, Gülüstan qalasına çata bilmədi, qızılbaş qoşunu "Cabanı" adlanan yerdə onu haqladı.
Döyüşün gedişi
[redaktə | vikimətni redaktə et]Həsən bəy Rumlunun məlumatına görə Şirvanşah qoşunu 20 min süvari və 6 min yaxşı silahlanmış piyadadan ibarət olmuşdur. Qızılbaşların qüvvələri isə 7 min nəfərdən ibarət idi (lakin Xacə Zeynalabidin bəy qızılbaş ordusunun sayını 12 min nəfər olaraq qeyd edir).
Cabanıdakı toqquşma 1500-cü ilin sonunlarında baş verdi. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular. I İsmayıl özü isə mərkəzdə mövqe tutmuşdu: təkəli, rumlu və zülqədər tayfaları gözətçi dəstələr (çərxçiyan) təyin edilmişdilər. Döyüşdə iştirak etmiş qızılbaş başçıları sırasında tayfa əlamətləri göstərilməklə bu şəxslərin adları çəkilir: Abidin bəy Tavaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufi oğlu Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli.
Döyüşün əvvəlində Şirvan oxçularının təzyiqi ilə qızılbaşlar çox sayda itkiyə məruz qaldılar. I İsmayılın rəhbərlik etdiyi mərkəz istisna olmaqla qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu. Lakin Fərrux Yasarın oxçu-piyada qoşununa da hücum əmri verməsilə döyüşün taleyi dəyişdi. Belə ki, Şirvan piyadaları Səfəvi süvarisi tərəfindən ağır itkilərə məruz qaldılar. Şirvan qoşunu məğlub olub qaçmağa başladı. Tək qalan Fərrux Yasar Buğurt qalası istiqamətinə hərəkət etdi. Lakin qızılbaşlar ona çatdılar. Fərrux Yasar anonim tarixçinin Hüseyn bəy Lələnin "cilovdarı" adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək Şah İsmayıla gətirdi. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü – şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s. ISBN 5-8066-0436-5
- Aşurbəyli Sara xanım Balabəy qızı. Şirvanşahlar dövləti. Bakı, 650 səh., 2006
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh.(illüst.)
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s.
- İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyənAbbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.