Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı
Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı — Milli Məclisin deputatına Milli Məclisin sədri tərəfindən təqdim olunan döş nişanı.[1]
Qaydalar
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı döşün sol tərəfinə taxılır. Deputatının səlahiyyət müddəti qurtardıqda və ya onun səlahiyyətinə vaxtından əvvəl xitam verildikdə döş nişanını taxmaq hüququna xitam verilir. Döş nişanı isə Milli Məclisin deputatı seçilmiş şəxsdə qalır. Lakin, deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verildikdə döş nişanı Milli Məclisin aparatına qaytarılmalıdır.[2]
Təsviri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı Azərbaycan Respublikası Dövlət bayrağının üfuqi yerləşmiş, eyni endə üçrəngli zolaq şəklində üslubi təsvirindən ibarətdir: mavi rəngli yuxarı, qırmızı rəngli orta və yaşıl rəngli aşağı zolaqlar.
Deputatın döş nişanının əsası gümüşlü xəlitədən hazırlanır, nişanın səthinə mavi, qırmızı va yaşıl mina çəkilmişdir.
Nişanın yuxarı zolağında iki sətirdə "Azərbaycan Respublikası", aşağı zolağında isə iki sətirdə "Milli Məclisin deputatı" sözləri yerləşir. Nişanın qırmızı zolağının ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.
"Azərbaycan Respublikası" və "Milli Məclisin deputatı" sözləri, nişanın kənarları və arxası zərlidir.
Nişanın arxa tərəfində Azərbaycan Respublikası Milli Məclisi deputatı vəsiqəsinin seriyasına və nömrəsinə müvafiq seriya və nömrə göstərilir.
Döş nişanı sancaqlı hazırlanır.
Döş nişanının ölçüsü 28x17 mm-dir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikası Milli Məclisi deputatının döş nişanı və vəsiqəsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 dekabr 1995-ci il tarixli, 11-IQR nömrəli Qərarı
- ↑ "Azərbaycan Respublikasının ordenləri, medalları və döş nişanları — files.preslib.az saytı" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-28.