Afrosentrizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Afrosentrizm – qaradərili insanların irqi özünütəsdiq ideologiyası; ictimai şüurun müxtəlif sahələrində və davranışda avrosentrizmlə mübarizəyə yönəlmişdir. Afrosentrizmin məqsədi neqroid irqini reabilitasiya etmək, Afrika mədəniyyətinə xas dəyərlər sistemini özünü identikləşdirmək və yüksəltmək, həmçinin afrikalıların mədəni-tarixi, irqi xüsusiyyətlərini, onların ümumdünya tarixində yerini az qala mütləqləşdirməkdir. Afrosentrizm 1980-ci illərdə afroamerikalı ziyalılar mühitində formalaşmışdır. Afrosentrizmin əsas nəzəriyyəçisi afroamerikalı alim Molefi Kete Asante (əsl adı Artur Li Smit) hesab edilir. Afrosentrizm 19-cu əsrin 2-ci yarısında Amerikada quldarlığa, irqi ayrıseçkiliyə qarşı, həmçinin afroamerikalı əhalinin ağdərililərlə hüquq bərabərliyi uğrunda apardığı mübarizə (abolisionizm) gedişində meydana gəlmiş panafrikan ideyaları (qaradərililərin tarixi-mədəni və irqi birliyi, müstəsnalığı) zəminində inkişaf etmişdir. Afrosentrizm özündə 20-ci əsrin bir çox afrikalı və afroamerikalı intellektuallarının – B.Vaşinqton, E.Blayden, M.Qarvi, U.Dyubua, L.Senqor, Ş.Diop, M.L.Kinq, Malkolm İks, E.Məhəmməd, M.Karengi və başqalarının ideyalarını ehtiva edir. Bu ideyaların bütün müxtəlifliyinə baxmayaraq, onların əsasında Afrosentrizm şüurunun təsdiqi durur.

Afrosentrizmin əsas prinsipləri – şüurda və əməldə öz tarixini və mədəniyyətini bilərək hərəkət etmək, həyatın bütün sahələrində afrosentrist ideyalarını reallaşdırmaq, onları “qardaş və bacılar” arasında təbliğ etməkdir. Afrosentrizmin tərəfdarları bütün qaradərili insanları öz şüurlarında “inqilab” etməyə, bir çox keçmiş afrosentrist anlayışları yeniləri ilə əvəzləməyə çağırırlar.Məsələn: qul adını – afrikalı adı ilə; məğlubiyyət haqqında təsəvvürü–qələbənin dərki ilə; özgə mədəniyyətin üstünlüyünü – öz mədəniyyətinin üstünlüyü ilə; avropalı geyimi – ənənəvi motivli geyimlə və s.

Afrosentristlər dünya tarixinə və Afrikanın keçmişinə aid yeni konsepsiyaların əsaslandırılmasına yönəlmiş tarixi tədqiqatlara böyük əhəmiyyət verirlər. Tədqiqatlarda əsas məqsəd tarix qarşısında bütün irqlərin bərabərliyini, ağdərililərin irqi üstünlüyü doktrinasının yanlışlığını sübut etməkdir. Afrosentristlər Afrika keçmişini tənqidi qavramaqdan uzaqlaşaraq, onu ideallaşdırır, müasir Afrika cəmiyyətində mövcud çatışmazlıqların səbəbini isə Avropada görürlər.

Afrosentrist tarix konsepsiyasının mahiyyəti – dünya sivilizasiyasında zənci-Afrika mədəniyyətin üstünlüyündədir. Afrosentristlər Qədim Misir sivilizasiyasına onların fikrincə, Afrika zənciləri tərəfindən yaradılmışdır, həmçinin Efiopiya, Nubiya, Kuş, Aksum, Qana, Mali, Sonqay kimi qədim sivilizasiyalara böyük diqqət ayırırlar. Onlar hesab edirlər ki, zənci-Afrika mədəniyyəti antik Yunanıstan və Romanın, Qədim Şərqin və müasir Qərb sivilizasiyasının inkişafına əhəmiyyətli təsir göstərmiş, neqroidlər antropogenezdə xüsusi ilkin rola malik olmuşlar və digər irqlər neqroid irqindən törənmişlər. Afrosentrizm tərəfdarları bu ideyaları Kütləvi İnformasiya Vasitələri ilə geniş yayır, onları fəlsəfə, tarix, mədəniyyətin öyrənilməsi və tədrisində xüsusi fənn və metodologiyaya çevirirlər.

Afrosentrizm ümumi qəbul olunmuş avrosentrist üsul və stereotiplərindən uzaqlaşaraq, Afrika qitəsinin tarixi və mədəni irsinə, onun dünya elminin, mədəniyyətinin inkişafına verdiyi töhfələrə yeni baxışla nəzər yetirmək imkanı verir. Afrosentrizm həm də afrikalıların universal ideologiyası olmağa, onların vahid əxlaq və mənəviyyatının, etika və estetikasının təməlinə, ictimai quruluş qanununa çevrilməyə iddialıdır.

Afrosentrizmin tənqidçilərinin fikrincə, afrosentristlər subyektivizm mövqeyindən çıxış edərək tarixi “yenidən yazmaq”, fakt və hadisələri qəsdən təhrif etmək istəyirlər; tənqidçilər buna qarşı çıxır və rasizmlə mübarizəni rasizmin köməyi ilə aparmaqdan imtina edirlər.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 140. ISBN 978-9952-441-02-4.