Tahir Piriyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tahir Piriyev
Tahir Piriyev
Tahir Piriyev
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti Rejissor

Piriyev Tahir Əjdər oğlu (4 noyabr 1947, Bakı5 yanvar 2012, Bakı) — kino rəssamı, rejissor, ssenari müəllifi və fon rəssamı. İkinci rəssam, animator.

Atası Piriyev Məşədi Əjdər Kərbəlayi Nəzir oğlunun ailəsi 19-cu əsrin sonlarında Şamaxı zəlzələsidən sonra Lənkərana köçmüş çoxsaylı ailələrdən biri idi. Tahir Piriyevin sağlığında apardığı araşdırmaya əsasən ailələrinin kökü Şamaxıdan imiş. Anası Xədicə xanım evdar qadın idi, Lənkəranın tanınmış ailələrindən biri olan Zeynalovlar nəslindən idi. Lənkəranda onlara Hacı Mirzadə nəsli də deyirlər. Ana babası Qasım Zeynalov İngiltərədə təhsil almış sonradan Lənkərana qayıdaraq ailələrinə məxsus limanın idarə edicisi olmuşdur. Xədicə xanımın anası da Lənkəranın tanınmış Axundovlar nəslinin nümayəndəsi imiş. Qasım Zeynalova məxsus əmlaklar, gəmilər sovet dövründə müsadirə olunsa da hələ bir müddət liman rəisi vəzifəsində çalışmışdır. 37-ci il repressiya dalğası Qasım Zeynalovdan da yan keçmir. Qolçomaq, mülkədar damğası vurulan Qasım Zeynalov Sibirə sürgün edilir, sonrakı taleyi haqqında məlumat yoxdur. 10 uşaqla tənha qalan həyat yoldaşı böyük əziyyətlərə məruz qalmışdır. Lakin ailənin övladlarının zəhmətsevərliyi sayəsində öz mövqelərini bərpa edə bilmişlər.

Tahir Piriyevin valideynləri 1937-ci ildə Bakıda ailə qururlar. Əjdər kişi Böyük Vətən müharibəsi veteranı idi. Tahir Piriyev 6 övladın (Cəmilə, Dünya xanım, Hatif, Tahir, Gülbacı və Malik) dördüncüsü idi. Bakının Sovetski (qədim adı ilə 10-cu Təzəpir) küçəsi deyilən qədim məhləsində yaşayan sadə zəhmətkeş ailənin uşaqları olmasına baxmayaraq ailənin bütün övladları təhsilə, incəsənətə, idmana meyilli tərbiyə almışdılar. Uşaqların hamısı lap kiçik yaşlarından zərgərlik əşyaları düzəldə bilirdilər, bunu onlara Lənkəranın tanınmış zərgərləri olan dayıları Əlimuxtar və Ələsgər Zeynalovlar öyrətmişdilər. Böyük qızlar həm oxuyur həm də gözəl rəsm çəkir, tətbiqi sənətlə məşğul olurdular. Cəmilə xanım BDU-dən məzun olduqdan sonra, təhsilini Moskvada davam etdirmiş, tibb elmləri namizədi elmi dərəcəsini qazanmış, Bakıya qayıtdıqdan sonra ömrünün sonunadək Azərbaycan Tibb Universitetində böyük elmi işçi, mikrobioloq alim kimi çalışmışdır. Dünya xanım Pedaqoji Universiteti bitirmiş, ömrünün sonunadək Tibb kollecində müəllim kimi fəaliyyət göstərmişdir. Ailənin böyük oğlu Hatıf dərslərini yaxşı oxuyur, boş vaxtlarında ağacdan müxtəlif əşyalar yonurdu, sonralar tanınmış maliyyəçi olmuş, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, uzun illər Maliyyə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdı. Ailənin kiçik qızı Gülbacı da böyük bacısı kimi tibbə həvəs göstərmiş, tibb məktəbindən əlaçı olaraq məzun olmuş tibb bacısı kimi çalışmışdır. Kiçik qardaş olan Malik də böyük qardaşı kimi İqtisad Universitetini qırmızı diplomla bitirib ticarət sahəsində çalışmışdır.

Bütün məhəllə uşaqları kimi Tahir də boş vaxtlarında futbol oynayır, boksla məşğul olurdu, hətta boksda nailiyyətləri də vardı. Əslində o həyatını idmana həsr etmək istəyirdi. Lakin rinqdə növbəti qələbədən sonra geyinib soyunma otağında rəqibinin onu qəflətən küt alətlə başından vurması Tahirin taleyini dəyişdi. Bir ilə yaxın çarpayıda yatan Tahiri o zaman Moskvadan Bakıya konfransa gəlmiş həkim müalicə edərək ayağa qaldırır, lakin o həmin zərbənin acısını ömrünün sonunadək hiss edir. Bu hadisədən sonra Tahir uşaq vaxtlarından sevdiyi rəsmə olan marağı ilə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə gətirib çıxarır. Əzim ƏzimzadəninNəcəfqulunun yaradıcılığı ilə yaxından maraqlanır. Müxtəlif janrlarda rəsm çəkmək məharətinə baxmayaraq, multiplikasiyaya daha çox maraq göstərir. Uzun illər Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında müxtəlif cizgi filmlərinin həm ssenari müəllifi, həm rejissoru, həm də baş rəssamı olur. Azərbaycan folklorunu, nağıllarını çox sevən rəssam yaradıcılığında hər zaman milli ruhu təcəssüm etməyə çalışır. Rus, ingilis, dillərini bilməklə yanaşı ərəb və fars dillərini mükəmməl öyrənir, qəzəliyyatı dərindən tədqiq edir, vaxt olduqca şairlərin məclislərində iştirak edir. 20 yanvar faciəsindən sonra abidə müsabiqəsində öz eskizi və düzəltdiyi maket ilə iştirak edir. Bir çox ölkələrdəki festivallarda onun çəkdiyi cizgi filmləri mükafatlara və fəxri yerlərə layiq görülür.

Tahir Piriyev "Koroğlu" və "Dədə Qorqud" cizgi filminin eskizlərini hazırlasa da, filmin çəkilməsinə, ərsəyə gəlməsinə ömür vəfa etmir. 2012-ci ilin soyuq yanvar günündə qəflətən vəfat edir. O həyatda tənha idi, ondan xatirə övladı yox idi. Lakin ondan yadigar cizgi filmləri və çəkdiyi şəkillər qalmışdır. Həmçinin, qeyd etmək istərdim ki, onun yaradıcılıq yolunu bacısı qızı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı rəssam, Dövlət Xalça Muzeyinin böyük elmi işçisi Təranə Əliyeva davam etdirir.

  1. Yunanlar (film, 1973)
  2. Şah və xidmətçi (film, 1976)
  3. Toplan və kölgəsi (film, 1977)
  4. Möcüzələr adası (film, 1978)
  5. Sehrli ləçək (film, 1983)
  6. Şüalə (film, 1994)
  7. Çalalar (film, 2000)