Postmodernizm
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir.
Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir.
Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar.
Postmodernizmin mahiyyəti
[redaktə | vikimətni redaktə et]XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizm böhran keçirmiş, postmodernizmə keçmişdir. Günümüzdə də mədəniyyətin və fəlsəfənin çeşidli sahələrində postmodernizm özümü göstərməkdədir.
Postmodernizmdə bütün sərhədlər ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-biri ilə qarışır. Artıq bunların ayrı-ayrı cərəyanları deyil, özləri bir-dirinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın və şeylərin mahiyyətinə varılmır, hər şey dərinliklərinə və incəliklərə önəm vermədən qavranılır. Dünya olduğu kimi qəbul edilir. Modernizm köhnə baxışları yeniləri ilə dəyişirdisə, postmodernizmdə bu yeniliklərin də dağılması, hər şeyin sadə, bəsit, aydın və sinkretik olması ideyası ortalığa goyulmuşdur.[1]
Modernizm köhnə anlayışları yeniləri ilə dəyişib, yeni cərəyanlar yadadırdısa, postmodernnizmdə bu məqsəd güdülmür. Burada elitar anlayışlarla kütləvilik eyniləşir, birləşir, oyun kateqoriyalarında ortalığa qoyulur. Burada sistemlikdən xaotikliyə, qarışıqlığa doğru yönəlmələr duyulur. Uzun və çətin kateqoriyalar ən sadə anlayışlarda verilir. Elmlər, fəlsəfə, sənətlər və başqa sahələr təkcə peşəkarların deyil, bütün insanlara məxsus olur. Onların arasında sərhədlər silinir, sinkretik anlayışlar yaranır. Burada, modernizmdə olduğu kimi, adətlər tam danılmır, onlara qismən dönüş də ola bilər. Plüralizm, ciddilikdən aralanma və dünyaya ironik baxış, həqiqətin olmaması, yazının obyektiv realığı əks etdirməməsi və yeni reallığın yaratması prinsipləri, marginalizm, İnternet və başqa informasiya məkanlarının yaranması postmodernizmin özəlliklərindəndirlər. Postmodernizm çoxşaxəlilikdir, “isveç masasına” bənzəyir. Kimə oradan nə gərəkdirsə, onu da aparır.
Postmodernizmin düşünürlərindən biri olan J. Derrida bütün ənənəvi anlayışların yanlış olmasını, onların dağıdılmasını (dekonstruksiyasında) zəruri hesab edirdi. Onun dediklərinə görə, həqiqət kimi dəyərləndirilən qaydalar vardır. Bu “söz mərkəzçiliyidir” (loqosentrizm). Burada hər şey çütlük kimi önə çıxarılır: hərfi-məcazi, ciddi-bayağı, transsendent-empirik. Burada birincisi ilkin, ikincisi isə onun özəl durumu kimi anlaşılır. Bu düzən pozulmalı, birinci anlayışlar ikincilərin törəməsi kimi önə çıxarılmalıdır. Örnək üçün məcazi olan anlayış hərfi mənanın deyil, hərfi məcazinin özəl durumudur.[2]
Daha sonra Derrida, hamının önəm verdiyi dilə və danışığa deyil, yazının önəmli olsasında dururdu. Çünki dildə olan simvollardırsa, onların saxlanması yazıda olur. Buna görə də dil və danışıq yanlış yazının bir çeşididir, ondan törəmədir.
Beləliklə Derrida bütün öyrəncəli anlayışları sübhə altına qoyur. Onun fikrincə onlar heç də həqiqət və təməl deyillər, yalnız törəmədirlər.
Müxtəlif sahələrdə postmodernizm
[redaktə | vikimətni redaktə et]Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz postmodernizm anlayışları mövcuddur və intellektual əməyin ən müxtəlif sahələrində postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr aparılmaqdadır. Riyaziyyatda modernizm hərəkatı 20-ci əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt üçün vərdiş edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri belə tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından başlayaraq riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri öyrənməyə meylləndilər.
Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.
Modernizm incəsənət, ədəbiyyat, siyasət, fəlsəfə, cəmiyyətin bütün sahələrində ənənəvi dəyərlərə etiraz edib, dünyanın yenidən təzə prinsiblər əsasında qurmaq arzusunun ifadəsi oldu, dünyanı olduğu kimi təsvie edən mimetizmdən imtina edib, yaradıcı müəllifin maksimal subyektivliyini məqsəd kimi görən üslub kultu gətirdi. Postmodernistlər isə bir qədər də irəli gedib, özlərini nəinki ənənəvi dünya fəlsəfəsi, elmi və mədəniyyətinə, həmçinin modernizmin özünə qarşı qoydular, dəyərlərin inkarını yox, yenidən dəyərləndirilməsini, onlarla oyun prinsibini gündəmə gətirdilər. Modernistlər tarixi ənənənin radikal inkarçısı kimi çıxış edirdilərsə,postmodernistlər tolerant şəkildə tarixi ənənəni yenidən başqa cür dərk etməyin tərəfdarı kimi çıxış etdilər.
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern yazıçılardır.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Postmodernism. Precursors Arxivləşdirilib 2018-09-27 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ Postmodernism. Deconstruction Arxivləşdirilib 2018-09-27 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ "Postmodernizm haqda bir-iki kəlmə". 2008-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-05.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Modernizm, postmodernizm və müasir Azərbaycan // "Dövlət və din" jurnalı N 5 (25) 2011. (1. "Postmodenizmin mahiyyəti" fəsilinin mənbəyi)
- "e-Dalğa". Şəbəkə Dərgisi. II sayı. KULTUROLOGİYA. "Postmodernizm"
Əlaqəli ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Nərmin Kamal. Umberto Eko və Postmodernizm fəlsəfəsi. Bakı: Qanun, 2008, 208 s.
- Qorxmaz Quliyev. Postmodernizm. Elmikulturoloji, ədəbi-tənqidi yazılar toplusu]