Nadejda Stasova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nadejda Stasova
rus. Наде́жда Васи́льевна Ста́сова
Doğum tarixi 12 (24) iyun 1822
Doğum yeri
Vəfat tarixi 27 sentyabr (9 oktyabr) 1895 (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Fəaliyyəti qadın hüquqları fəalı[d], xeyriyyəçi, feminist[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nadejda Vasilyevna Stasova (rus. Наде́жда Васи́льевна Ста́сова; 12 (24) iyun 1822, Puşkin[d], Rusiya imperiyası27 sentyabr (9 oktyabr) 1895, Sankt-Peterburq, Rusiya imperiyası[1]) — Rusiya ictimai xadimi, 1860-1895-ci illərdə Rusiyada qadın hərəkatının rəhbəri. O, Vladimir kurslarının (SP, 1870-1875) və Bestujev kurslarının (SP, 1878-1918) açılması ilə başa çatan qadınlar üçün ali təhsil uğrunda mübarizənin təşkilatçısı olub. Rusiyada ilk uşaq bağçalarından birinin yaradıcısı.

Memar Vasili Stasovun qızı, Vladimir və Dmitri Stasovun bacısı. İnqilabçı Sosialist Əməyi Qəhrəmanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il) Yelena Stasovanın doğma xalası.[2]

Nadejda Vasilyevna Stasova 12 (24) iyun 1822-ci ildə Çarskoye seloda zadəgan ailəsində anadan olub.[3]:[4] İmperator sarayı memarı və rəssamı olan atası Vasili Stasov qızının estetik zövqünün inkişafına ciddi diqqət yetirərək evdə onun yaxşı təhsil almasına diqqət yetirib. Lakin musiqi, oxuma və rəsm biliklərinin yetərli olmadığını hiss edən, Nadejda Vasilyevna ömrünün sonuna qədər incəsənət sahəsində təkmilləşməyə davam etdi. Ev şəraitində mükəmməl təhsil alan Stasova dörd xarici dil bilirdi.

İlya Repin tərəfindən çəkilmiş Stasovanın portreti, 1889-cu ildə Bestujev kurslarının məzun günü tədbiri üçün sifariş edilib.[5]

Rusiyanın ictimai həyatına Nadejda Stasova 1850-ci illərin sonlarında qoşulub. O, Mariya TrubnikovaAnna Filosofovanın xeyriyyəçilik təşkilatına qoşularaq, ictimai həyatda aktiv fəaliyyətə başlayıb. Nadejda Stasova Mariya Trubnikova, Anna Filosofova, eləcə də Yevgeniya Konradi və Nadejda Belozerskaya ilə birlikdə Sankt-Peterburqun yoxsul əhalisi üçün “Ucuz Mənzillər Cəmiyyəti”ni yaradıb.

Özlərini "tövbə edən Maqdalenalılara" xidmət etməyə həsr edən bir sıra insanlarla birlikdə Stasova bu istiqamətdə səylə işləməyə başlayıb. Nadejda Vasilyevna həm də vaxtını və enerjisini o zaman Sankt-Peterburqda cəmi iki il mövcud olan bazar günləri məktəblərinə verirdi. 1860-cı illərin əvvəllərində Stasova əsas məqsədi ziyalı qadınları maddi cəhətdən təmin etmək olan Qadın Nəşriyyatı Artelinin işində fəal iştirak edib.

Rus cəmiyyətində layiqli uşaq ədəbiyyatının olmadığını aşkar edərək, Trubnikova, Filosofova, Konradi, Belozerskaya və onlara qoşulan Engelhardt və Çerkesova ilə birlikdə tərcüməçilər dərnəyini yaradıblar. Dərnək nəinki əhalini tərcümə ədəbiyyatı ilə təmin edir, həm də ehtiyacı olan xarici dilləri bilən qadınlara iş də verirdi. Lakin “Tərcüməçilər Arteli”nin nizamnaməsi təsdiq olunmadığından başlayan iş tam həyata keçirilə bilmədi. Mövcud təhsil müəssisələrini bitirən qadınların təhsil səviyyəsinin aşağı olması, qadınların müstəqil işə yetərincə hazırlaşmaması burada özünü aydın göstərirdi.

1867-ci ildə rus təbiətşünaslarının birinci qurultayı keçirildi və orada Yevgeniya Konradi qadın təhsili məsələsini qaldırdı. Nadejda Stasova o dövrün digər görkəmli qadınları ilə birlikdə qadınların ali təhsil almasının lehinə başlayan hərəkatın rəhbəri oldu. Onların aktiv fəaliyyəti sayəsində 1870-ci ildə Sankt-Peterburqda kişilər və qadınlar üçün birgə ictimai mühazirələr açıldı. Mühazirələr əvvəlcə Beşinci (Alarçinskaya) gimnaziyasının binasında, sonra Vladimir rayon məktəbinin binasında təşkil edildi və sonradan "Vladimir kursları" adını aldı.

1878-ci ildə professor Konstantin Bestujev-Ryuminin rəhbərlik etdiyi Ali Qadın Kursları açıldı. Sonradan bu kurslar onun adı ilə "Bestujev kursları" adlandırıldı. Stasova burda "kurs müdiri" (O.A. Mordvinova ilə birlikdə) vəzifələrini ödənişsiz olaraq öz üzərinə götürdü. Nadejda Stasova qısa bir fasilə ilə 1889-cu ildə kursların yenidən təşkilinə qədər təmənnasız olaraq bu vəzifəni yerinə yetirdi.[6] Kursların açılışı ilə eyni vaxtda “Ali qadın kurslarına vəsait ayıran cəmiyyət”in nizamnaməsi və idarəedici komitəsi də təsdiq edildi. Nadejda Vasilyevna ömrünün sonuna qədər üzvü olduğu komitənin bütün işlərində fəal iştirak etdi.

1893-cü ildə Stasova yeni yaradılmış "Ali Qadın Kurslarında Elm Kursları Məzunlarına Yardım Cəmiyyəti"nin sədri oldu. Cəmiyyət Stasovanın mənzilində görüşən kursu bitirmiş qız tələbələrdən ibarət dərnəyin əsasında yaradılmışdı.[7]

1894-cü ildə Nadejda Stasovanın təşəbbüsü ilə Uşaqlara Yardım Cəmiyyəti yaradıldı. N.V.Stasova adına “Körpələr evi” bundan sonra onun tərkibinə keçirmiş və o, ömrünün sonuna kimi burada yorulmadan çalışmışdır. 1894-cü il ərzində Stasova "Qadınların Qarşılıqlı Xeyriyyə Cəmiyyəti"nin təşkili üzərində çalışıb, lakin qəfil ölüm ona yeni qurumun açılışını görməyə imkan vermədi.[3]

Nadejda Stasova 27 sentyabr (9 oktyabr) 1895-ci ildə Sankt-Peterburqda qəfil ürək tutmasından vəfat edib. O, elə orda şəhərin Tixvin qəbiristanlığında dəfn olunub.

  1. 1 2 Стасова Надежда Васильевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Uglow, J.; Hendry, M., redaktorlar Stasova, Nadezhda // The Palgrave Macmillan Dictionary of Women's Biography. Springer. 2005. 515. ISBN 978-0-230-50577-3.
  3. 1 2 Muravyeva, Marianna. de Haan, Francisca; Daskalova, Krassimira; Loutfi, Anna (redaktorlar ). A Biographical Dictionary of Women's Movements and Feminisms: Central, Eastern, and South Eastern Europe, 19th and 20th Centuries. en:Central European University Press. 2006. 125, 526–9. ISBN 978-615-5053-72-6.
  4. Rappaport, Helen. Encyclopedia of Women Social Reformers. 2. Santa Barbara, Calif.: ABC-CLIO. 2001. 671–2. ISBN 978-1-57607-101-4.
  5. Hilton, Alison. Iaroslavna's Lament and Its Echoes in Late Nineteenth-Century Russian Art // Mardilovich, Galina; Taroutina, Maria (redaktorlar ). New Narratives of Russian and East European Art: Between Traditions and Revolutions. en:Routledge. 2009. 32–48. ISBN 978-0-429-63978-4.
  6. Hilton, Alison. Iaroslavna's Lament and Its Echoes in Late Nineteenth-Century Russian Art // Mardilovich, Galina; Taroutina, Maria (redaktorlar ). New Narratives of Russian and East European Art: Between Traditions and Revolutions. en:Routledge. 2009. 32–48. ISBN 978-0-429-63978-4.
  7. Johanson, Christine. Chapter II: The Politics of Minimal Concessions - Women's Courses in Moscow and St. Petersburg // Women's Struggle for Higher Education in Russia: 1855–1900. Kingston, Canada: en:McGill University Press. 1987. ISBN 978-0-7735-0565-0. JSTOR j.ctt813c7.