Miçiyo Tsucimura

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Miçiyo Tsucimura
yap. 辻村みちよ
Doğum tarixi 17 sentyabr 1888(1888-09-17)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1969(1969-06-01) (80 yaşında)
Vəfat yeri
İş yerləri
  • Oçanomizu Universiteti[d]
Təhsili
Mükafatları "Qiymətli tac" ordeni

Miçiyo Tsucimura (辻村みちよ, Tsucimura Miçiyo?, 17 sentyabr 1888, Okeqava[d], Saytama prefekturası1 iyun 1969, Toyohaşi, Ayçi prefekturası)Yaponiya aqronomubiokimyaçısı.[1] Yaşıl çayın komponentlərini araşdırmışdır.[1] O, Yaponiyada kənd təsərrüfatı üzrə doktorat dərəcəsi əldə etmiş və laboratoriya köməkçisi olmuş ilk qadındır.[1]

Miçiyo Tsucimura 17 sentyabr 1888-ci ildə Saytama prefekturasının Okeqava şəhərində doğulmuşdur.[1] Cinco Ali İbtidai Məktəbində köməkçi müəllim kimi işlədikdən sonra 1909-cu ildə Tokio Prefektura Qadınlar Normal Məktəbindən, 1913-cü ildə isə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuşdur.[1] Tokio Qadınlar Ali Normal Məktəbində Kono Yasuinin tələbəsi olmuş və elmi tədqiqatlara böyük maraq göstərmişdir.[1] Məzun olduqdan sonra yeddi il boyunca Kanaqava və Saytama prefekturalarında müəllimlik etmişdir.[1] Daha sonra tədqiqatçı karyerasına başlamışdır.[1]

Tsucimura Hokkaydo Universitetinə daxil olmaq istədə də, universitet qadın tələbə qəbul etmədiyi üçün 1920-ci ildə kənd təsərrüfatı kimyası fakültəsinin qida laboratoriyasında ödənişsiz köməkçi kimi işləməyə başlamışdır.[1] Burada ipəkqurduların qidalanmasını araşdırmağa başlamışdır.[1] 1922-ci ildə Tokio Universitetinin tibbi kimya laboratoriyasına keçmiş və biokimya araşdırmalarına başlamışdır.[1] 1923-cü ildə Böyük Kanto zəlzələsi nəticəsində laboratoriya məhv olmuş və o, RIKEN tələbəsi olmuşdur.[1] Umetaro Suzukinin laboratoriyasında qida kimyası və biokimya sahələrində araşdırmalara davam etmişdir.[1] 1950-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.[2] 1 iyun 1969-cu ildə ölmüşdür.[1]

Yaşıl çay araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Tsucimura 1924-cü ildə Seytaro Miura ilə birlikdə yaşıl çayda C vitamininin olduğunu kəşf etmişdir.[3] Onlar tərəfindən yazılmış "Yaşıl çayda C vitamini" məqaləsi Şimali Amerikaya yaşıl çay ixracatını artırmışdır.[3]

Tsucimura yaşıl çay araşdırmalarına davam etmiş və 1929-cu ildə çaya acılıq verən katexini ayıra bilmişdir.[3] 1930-cu ildə çayın daha acı birləşməsi olan tannini ayırmışdır.[3] Bu iki kəşf onun "Yaşıl çayın kimyəvi birləşmələri haqqında" adlı diplom işi üçün mövzu təşkil etmişdir.[3] 1934-cü ildə yaşıl çaydan qallokatexini ayırmış və 1935-ci ildə bitkilərdən C vitamini kristallarını ayırmaq metodunu patentləşdirmişdir.[3]

Mükafatları və irsi

[redaktə | mənbəni redaktə et]

Tsucimura 1956-cı ildə Yaponiya Aqronomiya Mükafatına layiq görülmüş,[2] 1968-ci ildə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.[2]

Google 16 sentyabr 2021-ci ildə Tsucimuranın 133 illiyi münasibətilə dudl yayımlamışdır.[3] Onun Okeqava şəhərində doğulduğu yer üçün xatirə daşı qoyulmuşdur.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Michiyo Tsujimura (1888–1969)" (ingiliscə). Oçanomizu Universiteti. 21 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.
  2. 1 2 3 "Google Doodle on Michiyo Tsujimura". SA News Channel (ingiliscə). 18 sentyabr 2021. 22 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.
  3. 1 2 3 4 5 6 7 8 "Google Doodle celebrates Japanese green tea researcher Michiyo Tsujimura on 133rd birthday". Tech2 (ingiliscə). 17 sentyabr 2021. 18 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.