I Məhəmməd ibn Əbdürrəhman
I Məhəmməd ibn Əbdürrəhman | |
---|---|
ərəb. محمد بن عبد الرحمن الأوسط | |
| |
Əvvəlki | II Əbdürrəhman |
Sonrakı | I Münzir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Fəaliyyəti | siyasətçi |
Atası | II Əbdürrəhman |
Anası | Nəhdiz |
Uşaqları |
I Münzir I Abdullah |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن الأوسط) (d. 822 - ö. 5 avqust 886) — 5-ci Kordova əmiri.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk illəri
[redaktə | mənbəni redaktə et]Məhəmməd ibn Əbdürrəhman 822-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri II Əbdürrəhman, anası isə onun xanımlarından Nəhdizdir. Əsir düşən Haris ibn Bəzki xilas etmək məqsədilə atasının əmriylə Tudela qalası üzərinə göndərildi. Ardından üsyançı Musa ibn Qasini sülhə məcbur etdi və 842-ci ilin mayında Pamplona şəhərini ələ keçirdi. Ancaq Musa ibn Qasi yenidən ayaqlandı. Bu səbəblə 844-cü ildə Məhəmməd yenidən üsyançı Musa ibn Qasinin üzərinə göndərildi. Tudela qalası yenidən mühasirəyə alındı və bu dəfə üsyan rəhbəri ələ keçirildi. Ardından 846-cı ildə Leon şəhəri mühasirəyə alınıb yağmalandı.
Səltənət illəri
[redaktə | mənbəni redaktə et]Xristian krallıqlarına yürüş
[redaktə | mənbəni redaktə et]Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edilən Məhəmməd onun vəfatının ardından Kordovaya döndü və 22 sentyabr 852-ci ildə taxta çıxdı. Əmir Məhəmməd bir yandan ölkə daxilindəki üsyanları yatırmaqla, digər yandan isə şimaldakı xristian krallıqlar üzərinə səfər tərtib etməklə məşğul oldu. Bunlar arasında Asturiya və Navarra krallıqları xüsusilə hədəf seçildi. 852-ci ildə Alava ətrafındakı bəzi qalalar və frankların əlindəki Barselonaya yaxın bəzi mərkəzlər ələ keçirildi. Rəvayətə görə, bu səfərlərdən əldə olunan qənimətlərin beşdə bir hissəsi Saraqossa məscidinin genişləndirilməsi üçün sərf edilmişdir. Əmir Məhəmməd 860-cı ildə Navarra krallığına yönələrək paytaxtı Pamplona və ətraf bölgələrinə səfər tərtib etdi. Bu səfərlə bölgədəki bir çox şəhər və qala ələ keçirildi. Hətta Navarra kralının oğlu Fortun əsir alınmış, Kordovaya gətirilərək 20 il boyunca burada həbs tutulmuşdur. 9 avqust 865-ci ildə çıxılan və əmirin böyük oğlu Münzirin rəhbərlik etdiyi bu səfərlə Qalisiya bölgəsindəki bir çox qala işğal edildi, çox sayıda düşmən əsgəri öldürüldü. Ancaq Asturiya kralının sərhəd bölgələrində davam etdirdiyi hərbi fəaliyyət səbəbilə Əmir Məhəmməd bölgəyə dəniz yoluyla yeni bir səfər tərtib etməyə qərar verdi. Bu məqsədlə 879-cu ildə Qalisiyaya göndərilən donanma Atlantik okeanında çıxan fırtına səbəbilə heç bir hərbi uğur qazanmadan geri döndü.
Vikinqlərin hücumu
[redaktə | mənbəni redaktə et]Əndəlüsə ilk dəfə atasının səltənətində hücum edən vikinqlərin növbəti hərbi ekspedisiyaları Əmir Məhəmməd səltənətində baş tutdu. 859-cu ildə 60-dan çox gəmiylə Sevilyaya gələn vikinqlər heç bir qənimət əldə etmədən geri çəkilsələr də, bölgəni tərk etmədilər. Cəbəllütariq sahillərinə gələrək bölgəni yağmalayıb, buradakı məscidi yandırdılar. Ardından Mursiyaya gedən vikinqlər yenə qənimət əldə edə bilmədilər və xeyli sayıda gəmiləri darmadağın edilmiş şəkildə bölgəni tərk edib qaçdılar.
Daxili üsyanlar
[redaktə | mənbəni redaktə et]Əmir Məhəmməd dönəmində Kordovada başlayıb Toledoya qədər uzanan xristian fədailəri hərəkatı adlı üsyan nəzarət altına alındı. İslamı sonradan qəbul edən yerli əhali başda olmaqla, ərəb və bərbər tayfalarının yaşadığı bir çox bölgədə üsyanlar başladı. Bunlardan ən önəmliləri Toledo və Meridada çıxan kəndli üsyanlarıyla Ömər ibn Həfsun üsyanıdır. Taxta çıxdığı 852-ci ildə Toledo əhalisi ayaqlandı və şəhər mərkəzini ələ keçirib ərəblərin böyük hissəsini qılıncdan keçirdi. Əmir Məhəmməd bu üsyanı yatırmaq üçün şəxsən öz idarəsindəki orduyla bölgəyə gəldi. Üsyan yatırılsa da, 854-cü ildə şəhər əhalisi yenidən ayaqlandı. Ancaq əmirin yenidən bölgəyə gəlməsiylə, əhali aman diləyib itaət etdi. Bölgədə sülh təmin edilsə də, şəhər əhalisi mərkəzi hakimiyyətə qarşı Leon krallığı ilə ittifaq qurmuşdu. Əmir Məhəmmədin təcrübəsiz şəxsləri vəzifəyə gətirməsi, bərbər tayfalarını və İslamı sonradan qəbul edən yerli əhalini sıxışdıraraq ərəbləri bölgədə üstün mövqeyə yüksəltməsi, davam edən quraqlığa baxmayaraq əmirin vergiləri artırması bu üsyanların əsas səbəbi olaraq göstərilir. Şimaldakı xristian kralları da bu üsyanların böyüməsinə dəstək verdilər. Belə ki, 875-ci ildə Meridada başlayan üsyan Asturiya kralı III Alfonso tərəfindən dəstəklənmişdir. Üsyanın böyüməməsi məqsədilə Əmir Məhəmməd Badaxoz şəhərinin idarəsini üsyan rəhbəri Əbdürrəhman ibn Mərvana verməyi qəbul etdi.
Əmir Məhəmməd dönəminin sonlarında meydana çıxan Ömər ibn Həfsun üsyanı Əndəlüs tarixinin ən mühüm üsyan hərəkatı olaraq dəyərləndirilir. İbn Həfsun ətrafına topladığı 40 nəfərlə birlikdə Bobastro qalasını ələ keçirdi və 880-ci ildə mərkəzi hakimiyyətə qarşı üsyan başlatdı. Əmir Məhəmmədin bu üsyanı yatırmaq məqsədilə göndərdiyi ilk ordunun məğlub olmasının ardından İbn Həfsun xalqın gözündə etibar qazandı və tərəfdarlarının sayı qısa zamanda artdı. Qranada və Malaqa bölgələrini də ələ alan İbn Həfsun çox keçmədən gücünü itriməyə başladı və Bobastro qalası ələ keçirildi. İlk öncə əsir düşən İbn Həfsun daha sonra dövlət xidmətinə alındı və əmirin ən yaxın adamlarından birinə çevrildi. Əmirin 883-cü ildə III Alfonso üzərinə tərtib etdiyi səfərə qatıldı. Ancaq onun sədaqəti çox uzun çəkmədi və 886-cı ildə yenidən ayaqlandı. Əmir Məhəmməd bu dəfə oğlu Münzir rəhbərliyində bir ordu göndərsə də, əmirin ani ölümü səbəbilə ordu yoldan geri döndü. Belə ki, Əmir Məhəmməd 5 avqust 886-cı ildə vəfat etdi və oğlu Münzir onun yerinə taxta çıxdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İbn Abdürabbih, el-ʿİḳdü’l-ferîd, IV, 493-496;
- Ahbâr mecmûʿa, s. 126-132;
- İbnü’l-Ebbâr, el-Ḥulletü’s-siyerâʾ (nşr. Hüseyin Mûnis), Kahire 1985, I, 119-120;
- İbn İzârî, el-Beyânü’l-muġrib, II, 96-97, 102 vd.;
- Nüveyrî, Nihâyetü’l-ereb, XXIII, 388-393;
- İbn Haldûn, el-ʿİber, IV, 131;
- Makkarî, Nefḥu’ṭ-ṭîb, s. 350-352;
- Dozy, Spanish Islam, s. 294 vd.;
- E. Lévi-Provençal, Histoire de l’Espagne musulmane, Leiden 1950, I, 279 vd.;
- Anwar G. Chejne, Muslim Spain, Minneapolis 1974, s. 13, 21, 23-24, 267, 354;
- J. F. O’Callaghan, A History of Medieval Spain, New York 1975, s. 111 vd.;
- S. M. Imamuddin, Muslim Spain, Leiden 1981, s. 55, 58, 73, 115, 167, 211, 220;
- Doğuştan Günümüze Büyük İslâm Tarihi, İstanbul 1987, IV, 241-268;
- Mehmet Özdemir, “Endülüs’te Bir Emevi Mehdisi”, AÜİFD, XXXIX (1999), s. 121;
- L. Molina, “Umayyads”, EI2 (İng.), X, 850;
- M. Yaşar Kandemir, “Bakī b. Mahled”, DİA, IV, 541;
- Birsel Küçüksipahioğlu, “Ömer b. Hafsûn”, a.e., XXXIV, 64-65.