Hacısamlı camaatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hacısamlı camaatı — XVIII yüzilin ikinci yarısında Qaraçorlu mahalında cəmləşən ən böyük icmalardan biri.

Camaatın tarixi

[redaktə | vikimətni redaktə et]

Camaat öz adını Hacı Sam Şadılıdan alıb. Bəzi qaynaqlara görə, Hacı Sam Xorasanda ömür-gün sürüb.

Hacı Samın Hüsən adlı oğlu vardı.

Hüsən Xorasanda, Məşhəd dövrəbərində dünyaya gəlmişdi. Heyvandarlıqla məşğul idi. Müqəddəs Məkkəyi-Mükərrəmi ziyarət etmişdi.

Hacı Hüsənin Şirin bəy adlı oğlu vardı. Şirin bəy Məşhəd civarında dünyaya göz açmışdı. Yekəlib, yetman igid olandan sonra, tayfa-toluğunu (10 ailədən ibarət Babadünlü tayfasını) başına yığıb, Qarabağa üz tutmuşdu. Ilk dəfə Ərdəşəvə və Vağazin torpaqlarında binələmişdi. Zorkeşişdə məskunlaşan qeyri-müsəlmanlar Şirin bəyin tayfasına korluq vermiş, mal-heyvanını otlağa buraxmamışdı. Sonda Şirin bəy camaatı başına toplayıb, zorkeşişliləri qovub-çıxarmışdı. köməyə gələn Gəvənli tayfasına xeyli torpaq ayırmışdı.

Nadir şah Qırxlı-avşarın ölümündən sonra Şirin bəyin qohumu Qasım da uruğ-turuğunu toplayıb, Qaraçorlu mahalına gəlmişdi. Şirin bəy ona Qurdhacı torpağını tuş vermişdi.

Qasımuşağından sonra Qaraçənli tayfası bu yurdda məskunlaşmışdı. Qaraçənlilərin ilk düşərgəsi Bazardüzü idi.

Hacısamlı camaatı Qarabağ xanlığının siyasi yaşamında mühüm rol oynamışdı. Rus-Iran savaşlarında fəal iştirak etmişdi. Gah ruslara, gah da iranlılara kömək etmişdi.

Hacısamlıların Qacar ordusuna köməyi haqqında tarixçi Mirzə Yusif Qarabaği "Tarixi-Safi" adlı əsərində yazır: "Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacısamlının kürdləri və qeyri türklər, eləcə də günəşin istisi, yolların çətinliyi, əyri-üyrülüyü ruslara mane olduğu üçün qalaya gələ bilmədilər və batolyonu suya çatdıra bilməyib, dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü…" (Bax: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.)

Ibrahimxəlil xan hakimiyyətinin son dönəmində Qaraçorlu tayfasını, Hacısamlı camaatını oğlu polkovnik Xanlar ağaya tapşırmışdı. Qaraçorlu elini savaşlara Xanlar ağa aparırdı.

Tarixçi Mir Mehdi Xəzani "kitabi-tarixi-Qarabağ" adlı əsərində Xanlar ağanın Qaraçorlu elinə başçılıq etməyindən dəfələrlə bəhs etmişdir. Tarixçi yazır: "Xanlar ağa öz müqərribi və ixtiyarı olan Əhməd ağa ilə Qaraçorlu və Hacısamlı kürdlərinin mahalına daxil olub…" Başqa bir yerdə yazır: "…Xanlar ağa dəxi öz ixtiyarında olan Hacısamlı və Sultanlı xalqının atlı və piyadəsinin cəm edib…" (Bax: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.).

1823-cü ildə Hacısamlı camaatı: Vergiödəyənlər: 132 tüstü, ödəməyənlər: Sultan Əliməhəmməd bəy 1 tüstü, onun qohumları məaf 4 tüstü, rəiyyətləri qeyri-müsəlman 6 tüstü, kasıb 12 tüstü, molla 2 tüstü, çavuş və onbaşı 1 tüstü.

Hacısamlı camaatının bir hissəsi Mehdiqulu xan Cavanşirə bağlı idi. Bu oba XIX yüzilin önündə, 1827-ci ildə 60 tüstüdən ibarət idi. Obada Rövşənin (Molla Şərif, Abbas, Tanrıverdi, Şahbaz), Hüseynin (Haqverdi, Allahverdi, Xıdır, Hüseynşah, Həsən), Bağırın (Xəlil, Cəlil, Mehdi), Əli bəyin (Imamqulu bəy, Vəli bəy, Bayram bəy). Xəlilin (Məmmədəmin, Tanrıverdi), Tərlanın (Iman, Məmməd), Hacıxanın (Həsən, Fətəli), Cəfərin (Bayram, Süleyman), Xudaverdinin (Tanrıverdi, Məmməd), Qələndər (Allahverdi, Imamverdi, Şahverdi) uşaqları dövran keçirirdilər.

1827-ci ildə Hacısamlı camaatının bir bölüyünün başçısı Həsən Qələndər oğlu idi. Onun yanında əslən Dilağardalı Məmmədqasım Xələf oğlu (1787-?), arvadı Nisə, oğlu Allahverdi və qızı Güllü ilə olurdu.

Hacısamlının qolları

[redaktə | vikimətni redaktə et]

Hacısamlı camaatı bir neçə tayfadan ibarət idi. Bu tayfalar: qasımuşağı, qarabayramlı, əhməduşağı, qaraçənli…

Hacısamlı camaatı Gəvənli, Babadünlü, Babadün, Qaraçənli-Alaqaya, Qaraçənli-kümbəzli, Qasımuşağı (kürdhacı), Əhməduşağı (Rəsullu), Namlı (Lələbağırlı), Qarabayramlı, Ərdəşova, Pircahan, Piçənis, Vağazin və Şəlvə adlı kəndlərdən ibarət idi.

Qasımuşağı tayfası kürdhacı, Şamkənd, Birinci Çorman, Ikinci Çorman, Ələkçi, Bozdoğan, Piçənis, Bülövlük şenliklərini salmışdılar.

Qarabayramlı tayfası Şəlvə, Qabaqtəpə-Daşlı, kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Imanlar, Hacıxanlar, Qovuşuq, Dambulaq-Seyidlər, kaha, Pircahan, Alpout, Qoşasu, Alıqulular kəndlərini yaratmışdılar.

Əhməduşağı tayfası Hətəmlər, Muncuqlu-Rəsullu, korcabulaq, Taxtazavod yaşayış məntəqələrini bina etmişlər.

Qaraçənli tayfası Qorçu, Qarabəyli, Zağaaltı, Löləbağırlı, Ərikli, Güləbird və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. Babadünlü tayfası Bülüldüz, Ipək şenliklərinin bünyadını qoydular.

Camaatın ictimai həyatı

[redaktə | vikimətni redaktə et]

XIX yüzildə Qarabağda oğruluq qoçaqlıq, qəhrəmanlıq sayılırdı. Qarətlə sonuclanan xanlıq savaşları bitmiş, silahlar yerə qoyulmuşdu. Dəliqanlılar özlərini yeni atıb-tutmaq, vurub-çapmaq meydanı olan qaraoğurluqda sınayırdılar. Bu dönəmdə hacısamlı cavanları da qaraoğurluğa qurşanmışdılar. Ünlü şair Qasım bəy Zakir yazırdı:

Səfikürdi, Hacı Samlı, kolanı,
Tutarlar, soyarlar dalda qalanı,
Viran olsun görüm Doyranbasanı,
Evdə yatan yoxdu, qarışıb papaq.

Hacısamlı camaatının bir hissəsinin yiyəsi isə Xanlar ağa Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir idi. Xanlar ağa 1831-ci ildə varissiz vəfat etdiyindən camaat qardaşı Əhməd xana qaldı. Əhməd xanın oğul övladları hələ sağlığında tələf olduğundan qızı Bikə ağaya dövr edildi. Bikə ağa general-leytenant Həsən bəy Ağalarovla ailə qurmuşdu. Davud ağa adlı oğlu, Mariya xanım adlı qızı vardı.

Davud ağa Həsən bəy oğlu 1864-cü ildə Tiflis şəhərində doğulmuşdu. Əhməd xan həm dini, həm də hökumət qaydası ilə onu varisliyə götürmüşdü. Şuşada yaşayırdı. Əhməd xanın ona ayırdığı mülkü idarə edirdi. Sonra Sankt-Peterburq şəhərinə köçdü. Milis praporşiki rütbəsi vardı. Davud ağa 14 yanvar 1890-cı ildə vəfat edib.

Davud ağa Natalya Iosifovna Boyko adlı xristian qızla evlənmişdi. Övladı olmadı.

Mariya xanım Tiflis şəhərində dünyaya gəlmişdi. Böyüyəndən sonra xristianlığı qəbul edib (Mariya Aleksandrovna) polkovnik Fon-kruzenşternlə həyat qurmuşdu.

Hacılı camaatının torpaqlarının vergisini Natalya Boyko və Fon-kruzenştern toplayırdı.

Hacısamlı mahalı XIX yüzildə Alxaslı, Vağazin, kalafalıq, Bozgüney, Ağcayazı, Ardıclı, Nurəddin, Fərraş, korcabulaq, 1-ci Tığıq, 2-ci Tığıq, Qorçu, Zağaaltı, Oğuldərə, Qoşasu, Alpout, Bülövlük, Daşlı, Vəlibəyli, Narışlar, Hətəmlər, kaha, kürdhacı, Ərikli, Hacısamlı, Piçənis, Xaçınyalı, Güləbird, Pircahan, Əliqulu, Qaraçanlı, Təzəkənd, Ərdəşəvə, Haqnəzər, Qozlu, Fingə, Bülüldüz, I Ipək, Ayıbazarı, Hoçaz, Şamkənd, köhnə Çorman, Bozdoğan, Ələkçi, Nağdalı, Şəlvə, Qovuşuq, Zorkeşiş (Hacıxanlar), Budaqdərə, Imanlar kəndlərini yaratdılar.

1905–1906-cı illərdə Hacısamlı camaatı ermənilə qarşı qəhrəmanlıq göstərmişdi. Mir Möhsün Nəvvab yazır: "Başqa bir yerdə, yəni Hacısamlı və Piçanlı kürdləri toplaşaraq Gorusun Xənəzək kəndinə hücum etdilər. Ermənilərin qabaqcadan gördükləri tədarüklərinin çox olmasına baxmayaraq, müsəlmanların bu qəfil hücumundan karıxaraq bilmədilər nə etsinlər. Müsəlmanlar onların çaşqınlığından istifadə edərək bir tərəfdən kəndin evlərinə od vurmağa başladılar. Beləliklə, onlar 20 evi yandırdılar. Evlərin alovu və müsəlmanların nərələri göylərə yüksəlirdi. Ermənilər bu hücumun qarşısında davam gətirə bilməyib qaçmağa başladılar. Beləliklə, Xənəzək kəndində 20 nəfər erməni öldürüldü. Müsəlmanlar əldə etdikləri qənimətləri özləri ilə kəndə gətirdilər". Hacısamlı camaatı tarixən qoçaq, qəhrəman bir toplum olub.

  • Ənvər Çingizoğlu, Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.
  • Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 1 (27), Bakı, 2009. səh.97–106.