Ev siçanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ev siçanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
Ev siçanı (Mus musculus).

Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir. Kəsici dişləri nisbətən uzun olub, uzunluğu kəllənin uzunluğunun 0,21 %-ni təşkil edir.

Ön dişlər

Ev siçanı bütün dünyada yayılmış növdür. O yalnız Şimal Buzlu okeanıUzaq Şərq dənizinin bir çox adalarında olmur. QafqazOrta Asiyanın hündür dağlıq rayonlarında da yoxdur.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Hazırda ev siçanının 130-dan çox yarımnövü təsvir edilmişdir. Onlardan əsasları aşağıdakılardır:

Azərbaycanda iki forması qeydə alınmışdır: M.m.hortulanus Nordmann (düzənlik ərazilər) və M.m.abbotti Waterhouse (dağlıq ərazilər).

Düzənliklərdən tutmuş d.s. 500 – 3000 m-ə qədər ən müxtəlif yaşayış yerlərində: yovşanlı çöllərdə, şoranotlu-yovşanlı yarımsəhralarda, meşə massivlərində, bağlarda, bostanlarda, kolluqlarda, çay vadilərində və s. rast gəlinir. Meşənin dərinliklərinə daxil olmayaraq meşə kənarlarında və seyrək meşələrdə rast gəlinir. Qurumayan bataqlıq yerlərdə, takırlardan və axar qumlu sahələrdən uzaq durur. Azərbaycan gəmiricilərinin başqa növləri ilə müqayisədə ev siçanı maksimal miqdarda biotoplarda məskunlaşır. İlin soyuq vaxtlarında populyasiyanın böyük hissəsi insan məskənlərinə köçərək yayda yenidən yabanı təbiətə qayıdır. Bu yerdəyişmələrin miqdarı 3–4 km-ə qədər çata bilər. Təbiətdə müxtəlif sığınacaqlardan istifadə etməklə yanaşı siçanlar adətən sadə quruluşlu yuvalar da qazırlar. Başqa gəmiricilərin tərk edilmiş yuvalarından istifadə edirlər. Ev siçanı yay vaxtı ala-qaranlıq – gecə həyat tərzi keçirərək sərin, tutqun günlərdə isə yalnız gündüz fəal olur. Payızda ala-qaranlıq, qışda və yazda isə yalnız gündüz vaxtı yer səthinə çıxır. Tikililərdə gündəlik fəallıq vaxtı insan fəaliyyəti ilə əks asıllıqlıdır.

Çoxalması və yaşama müddəti

[redaktə | mənbəni redaktə et]

Ev siçanları yaşayış binalarında bütün ili çoxaldıqları halda, təbiətdə isə qış və yayın isti aylarında bu proses tamamilə dayanır və ya zəifləyir. Boğazlıq müddəti 20 gün çəkir. Hər nəsildə balalarının miqdarı 1-dən 11-ə qədər dəyişir. Balalar bir aydan sonra sərbəst həyata keçirlər. Cinsi yetişkənliyə 2 aylıqda çatırlar. Boğaz dişilərin ən az miqdarı (2,0 – 2,4 %) dekabr və yanvarda qeydə alınmışdır. Bu göstəricinin sürətlə artması martda başlayır, apreldə daha da artaraq (15 %), iyulda maksimuma çatır (18 %). Sonra çoxalma səviyyəsi kəskin şəkildə aşağı düşür. İlboyu çoxalma düzənlik və dağətəyi ərazilərdə yayılmış populyasiyalara xasdır. Dağ meşələrində çoxalma dekabrda, dağüstü çöllərdə dekabr-fevralda, supalpda isə noyabr-martda başa çatır. Yarımsəhra ərazilərdə ən yüksək çoxalma səviyyəsi iyul-avqusta düşür. Təbiətdə ömürlərinin uzunluğu 12-18 aydan çox olmur. Lakin qəfəs şəraitində 2-3 ilə qədər yaşayırlar. Siçanların ömrünü uzada bilən tədqiqatçılara hər il Mafusaila Fondunun mükafatı verilir. 2005-ci ildəki laboratoriya siçanlarının ömrünün rekord uzunluğu 1819 gün (təqribən 5 il) təşkil etmişdir[3].

Ev siçanları polifaqdır. İnsan məskənlərində yaşayan siçanlar ən müxtəlif heyvani və bitki məhsulları ilə qidalanırlar. Təbiətə yaşayan heyvanlar əsasən dənli bitkilərin, mürəkkəbçiçəklilərin və paxlalıların toxumların yeyirlər. Qidalarında cücülərin qalıqlarına da rast gəlinir.

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Arxivlənmiş surət". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.