Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar.
Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir. Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli və başqalarının şeir və poemaları, Azərbaycan xalq şeiri, aşıq poeziyası nümunələri bu qəbildəndir. Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və başqaları nəsihətamiz məzmunlu əsərlər yazmışlar.
XIX əsrdən etibarən realist ədəbiyyatın inkişafı ilə əlaqədar “didaktik ədəbiyyat” anlayışı, əsasən, öz əhəmiyyətini itirməyə başlamışdır. Ədəbiyyatın ictimai-tərbiyəvi vəzifəsini yerinə yetirməsində realist əsərlərin rolunu ön plana çəkən Mirzə Fətəli Axundzadə insanların əxlaqi təkamülündə didaktik ədəbiyyatın təsirsiz olduğunu qeyd edirdi.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı. 1998.