BƏƏ coğrafiyası
BƏƏ coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Yaxın Şərq |
Koordinatlar | 24°13′00″N, 54°39′00″E |
Sahə |
|
Sərhədlər | Səudiyyə Ərəbistanı, Oman |
Ən yüksək nöqtə | 1934 m |
Ən alçaq nöqtə | 0 m, İran körfəzi |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi və sərhədləri
[redaktə | mənbəni redaktə et]Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib.
Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır.
Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Əmirliklərin qonşu dövlətlərlə ərazi mübahisələri mövcuddur. 1974-cü ilin avqustunda ərazi və sərhəd məsələləri üzrə BƏƏ və Səudiyyə Ərəbistanı arasında bağlanan müqaviləyə əsasən Abu-Dabi əmirliyinin şimal-qərbində yerləşən ərazinin bir hissəsi Səudiyyə Ərəbistanına verilmişdir. Eni 50 km-dən 80 km-ə qədər olan bu «dəhliz» Səudiyyə Ərəbistanın daxili hissəsini İran körfəzi ilə birləşdirir. Bu «dəhliz» hesabına Səudiyyə Ərəbistanın Qətər yarımadasının şərqindən İran körfəzinə çıxış əldə edə bilmişdir. Lakin «dəhliz»-in daxil olduğu məhəlli və şelf suları əvvəllər olduğu kimi yenə də BƏƏ-nin tam tabeliyindədir.
1999-cu ildə Oman Sultanlığı ilə sərhədlərin dəqiqləşdirilməsi barədə danışıqlara başlanılmışdır. İran körfəzində yerləşən Abu Musa Böyük Tombe– Bozorq adalarının BƏƏ-nə və ya İrana məxsus olması barədə mübahisələr davam etməkdədir, baxmayaraq ki, rəsmi Tehran 2000-ci ildə əlveşli strateji mövqedə yerləşən bu adaların ona məxsus olması barədə bəyanat vermişdir.
BƏƏ-nin coğrafi və geosiyasi mövqeyinin əlverişliliyi onun Yaxın Şərq regionu neftinin daşındığı əsas yolların yaxınlığında, İran və Oman körfəzləri sahilində yerləşməsi ilə müəyyən edilir. Xüsusilə İran körfəzini Hind okeanı ilə birləşdirən ensiz Hörmüz boğazına çıxışın iqtisadi və strateji əhəmiyyəti böyükdür. Ölkənin ən iri limanları Abu-Dabi, Rəşid, Cəbəl-Əli, Şərca, Rəs-əl-Heymə, Füceyrə,İran və Oman körfəzləri sahillərində yerləşir.
BƏƏ-nin relyefi
[redaktə | mənbəni redaktə et]Əmirliklərin ərazisi İran körfəzinin cənub sahili boyunca Qətər yarımadasından Müsəndam yarımadasınadək 700 km məsafədə uzanır. Sahillərinin kəskin parçalanması nəticəsində bir sıra qumlu dillər əmələ gəlmişdir. Təbii-coğrafi xüsusiyyətlərinə görə ölkədə 4 təbii bölgə ayrılır: İran körfəzi sahili; Materik yaylası; Oman körfəzi sahili; Dağlıq ərazi.
İran körfəzi sahili təbii bölgəsi ensiz, hamar düzənlikdir.
Düzənliyin dəniz səviyyəsindən orta hündürlüyü 30-50 metrdir. İran körfəzi sahili bölgəsinin qərbindəki şoranlıqlar qumlu-çınqıllı sahələrlə növbələşir. Bölgənin şərq hissəsi qərbinə nisbətən dərətəpəlidir. Materik yaylası təbii bölgəsi İran körfəzi sahili təbii bölgəsindən cənubda yerləşir. Yaylanın dəniz səviyyəsindən orta hündürlüyü 100-150 metrdir. Əmirliklərin ərazisinin 2/3 hissəsini əhatə edən materik yaylasının şimalını əd-Dəfra təbii sətti tutur. Yayladakı şoranlıqlar daşlı və qumlu səhralarla əvəz olunur.
Səhralarda hərəkət edən qumlar Əmirliklərin əksəriyyəti üçün təbii «bəla» sayılır. Şərqə və cənuba doğru qum təpələri daha geniş sahədə yayılmışdır. Nisbətən məhsuldar torpaqları ilə fərqlənən əl-Batin düzənliyinin cənubunda Səudiyyə Ərəbistanı, Oman və Yəmən dövlətlərinin ərazisinə qədər uzanan qum təpələri qərbdə Rub-əl-Xali səhrası ilə qovuşur. Yaylada vahələr çoxdur. Abu-Dabi əmirliyində yerləşən əl-Ayn və Liva ölkənin ən böyük vahələridir. Təqribən 100 km məsafədə uzanan əl-Ayn vahəsini İran körfəzindən qumlu tirələr ayırır. Əvvəllər bu sahəni keçmək üçün dəvələrdən istifadə edilirdi və bu yol yorucu sayılırdı. İndi isə vahəyə sürətli avtomobil magistralı çəkilmişdir.
Vahə yaxınlığında yerləşən yaşayış məskənləri dağlardakı bulaq sularından istifadə edirlər. Vahənin indiki sakinlərinin əcdadları orijinal yeraltı kanalllar sistemi tikmişlər. Daşla hörülmüş kanallar su mənbələrindən vahəyə qədər 30 km uzanır. Su öz təbii axarı ilə gəlir. Vahənin özündə kanalın dərinliyi 10-15 metrə çatır.
Əvvəllər yeraltı çənlərə yığılan suyu adi quyularda olduğu kimi çıxarırdılar. İndi suyu nasoslar vasitəsilə səthə qaldırırlar. Vahənin özü də yeraltı sularla zəngindir.
Abu-Dabi əmirliyinin paytaxtından təqribən 150 km cənub və cənub-şərqdə yerləşən Liva vahəsi əslində zəncirvarı halda düzülmüş 30 kiçik vahələrdən ibarətdir. Bu vahələr səhranın qum təpəlikləri arasında qövs şəklində təqribən 60–80 km məsafədə uzanır.
Vahələrdəki yeraltı sular səthə çox yaxın yerləşmişdir. Torpaqların yüksək dərəcədə şoranlaşdığı bu vahələrdə Şərqi Ərəbistanın ən iri ağacı sayılan xurma palmaları yaxşı böyüyür. Hündür gövdəsi və lələkli çətiri olan palma səhralarda az-az görünən yaşıl vahələrə xüsusi mənzərə verir.
Demək olmaz ki, BƏƏ-nin təbii mənzərəsi yekrəngdir, cansıxıcıdır. İndi səhraya «hücumlar» edilir, burada yeni-yeni sənaye müəssisələri, kənd təsərrüfatı fermaları, yaşayış qəsəbələri salınır. Səhralarda uzanan neft buruqlarını, betondan tikilmiş boz rəngli müəssisələri, tez-tez tünd yaşıl rəngə bürünmüş vahələr əvəz edir. Bu vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik verir. Oman körfəzi sahili təbii bölgəsi (bu bəzən əş-Şemaliyə vadisi də adlanır) şimalda və cənubda Əmirliklər ilə Oman arasındakı sərhəd boyunca yerləşir. Şərqdə zəif parçalanmış sahil xətti, qərbdə isə Oman dağ sistemindən ayrılan qollarla həmsərhəddir. Əş-Şemaliyə vadisinin uzunluğu 75-80, eni isə 10–15 km-dir. Füceyrə rayonunda vadinin eni 25 km-ə çatır.
Dağlıq təbii bölgəsi Oman körfəzi sahili boyunca uzanan dağ sisteminin bir hissəsini əhatə edir. Bu bölgənin ən hündür yeri əl-Əhdar dağlarındadır (məsələn, Şam dağında hünd. 3353 m). Əl-Əhdar dağları ilə Müsəndam yarımadasındakı bölgədə Qərbi Həcər (hünd. 1643 m) və Ruus-əl-Cəbəl (hünd. 2194 m) dağları yerləşir.
Qərbi Həcər dağları Füceyrəni digər Əmirliklərdən ayırır. Dağ dərələri və dağətəyi sahələrdə aşınma nəticəsində illər boyu yığılan aşınma materialları məhsuldar torpaq örtüyünün yaranmasına səbəb olmuşdur.
Təbii ehtiyatları
[redaktə | mənbəni redaktə et]Birləşmiş Ərəb Əmirliklərində qiymətli faydalı qazıntılar –neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, boksit, maqnezit, asbest və s. aşkar edilmişdir.[1]
Neft və təbii qaz yataqları daha tez mənimsənilmiş, digərləri isə hələ də tədqiq edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş Rəs-əl-Heymə əmirliyinin faydalı qazıntılarla zəngin olması məlumdur.[2]
Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan neft və təbii qazdır. Əmirliklərin ərazisində və ona məxsus şelf zonasında İran körfəzi neft-qaz hövzəsinə aid iki areal (Qətər- Hörmüz və Murban) yerləşir. Qətər – Hörmüz arealında Umm –Şeyf, Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu – Qəza, Abu Cidu, Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu – Qəza və Adu Cidu yataqlarının hər birinin neft ehtiyatı təqribən 500 mln. tondur.
Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt) tutur. Təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən çoxdur (2005).
İqlimi və hidroqrafiyası
[redaktə | mənbəni redaktə et]Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq zonası ayrılır. İran körfəzi bölgəsinə aid edilən Qərb zonasında qış mövsümündə (dekabr-fevral) gündəlik temperatur müsbət 20-35 dərəcəyə çatan mülayim isti, yayda isə (iyul-avqust) temperatur tərəddüdü 38-50 dərəcə olan çox isti hava hakim olur. Bu zonada çox nadir hallarda temperatur müsbət 5-10 dərəcəyədək aşağı düşür. Qərb zonasında həm qışda, həm də yayda gecə və gündüz temperatur tərəddüdü nisbətən kəskin olur. Yayda gecə temperatur 20, qışda isə 15 dərəcəyədək aşağı düşür. Sahildə rütubət yüksək olduğundan (85 – 95 faiz) nəfəs almaq belə çətinləşir.
Oman körfəzi bölgəsinə aid edilən Şərq zonası tropik qurşaqda yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur. Ona görə də bu zona quraqlığı və yayda tozlu hava axınının üstünlüyü ilə seçilir. Şərq zonasında iqlimin formalaşmasına Oman körfəzi ilə birlikdə Ərəbistan dənizindən gələn yay və qış mussonları da böyük təsir göstərir. Qış mussonlarının təsiri ilə Oman körfəzinin sahil bölgələrində temperatur 20, dağlıq rayonlarında isə 10 dərəcəyədək aşağı düşür. Əl-Batin ovalığı, Qərbi Həcər və Ruus-əl-Cəbəl dağlarının ətəkləri yay mussonlarının təsirinə məruz qaldığından iyul ayında sahildə və dağ dərələrində temperatur 25-26 dərəcə təşkil edir.[3] ölkənin qərbinə il ərzində 100 mm (daxili səhralarda 70–80 mm) yağıntı düşür. Burada yerləşmiş Rəss-əl-Heymə ən çox yağıntı alan əmirlikdir (200–300 mm). Ölkənin şərqində yağıntıların miqdarı Qərbə nisbətən çoxdur (il ərzində 200–250 mm).
Birləşmiş Ərəb Əmirliklərində çay, göl və digər yerüstü su mənbələri yoxdur. Yeraltı sular yeganə həyat mənbəyidir. Hələ qədim zamanlarda burada yaşayan tayfalar quyu qazıb yeraltı sulardan istifadə vərdişlərinə yiyələnmişlər. Quyular ətrafında vahələr yaranmışdır. Bunlardan ən böyükləri Liva və Büreym vahələridir. Vahələrdə yaşayış məntəqələri salınmış, sonralar bu məntəqələr böyüyərək şəhərlərə çevrilmişdir. Abu-Dabi, Dubay, Şərca vahələrdə yaranan şəhərlərdir. Qətərdə olduğu kimi yeraltı sular ölkənin bəzi yerlərində o qədər çoxdur ki, qumlar və daşlar arasında bataqlaşmış sahələr əmələ gətirmişlər. Ölkədə yeraltı suların olmasına baxmayaraq su problemi çox kəskindir. Suya olan tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilir.
Torpaq, bitki örtüyü
[redaktə | mənbəni redaktə et]BƏƏ səhraları daşlı-çınqıllı, daşlı-qumlu səth örtüyünə malikdir. Sahildə bataqlaşmış və lilli sahələr, şoranlıqlar (səbhlər) üstünlük təşkil edir. Dağ dərələrində, Əş-Şemaliyə vadisində məhsuldar dağ-qırmızı torpaqlar, Rəss-əl-Heymə əmirliyi və əl-Büreym rayonunda qırmızı-qonur torpaqlar yayılmışdır.
BƏƏ quru səhra və yarımsəha, çılpaq qayalı dağlar, vahələr və nisbətən məhsuldar dağ vadiləri olan ölkədir. Ərazisində təbii meşə massivi yoxdur. Bəzi yerlər kol bitkilərindən də məhrumdur. İran və nisbətən Oman körfəzi sahillərində kserofit səhra çöl bitki örtüyü, sahildən materikin daxilinə doğru uzaqlaşdıqca səhranın yarımkol bitkiləri, dağların ətəkləri və vadilərdə subtropik bitkilər yayılmışdır.
Vahələr və vadilərdə xurma və meyvə ağacları bitir. Ölkənin İran körfəzi sahillərindən 10 km-lə aralı yerləşən əraziləri şoranlaşmış qumlarla örtülmüşdür. Yeraltı sular səthə çox yaxın yerləşdiyindən tezliklə buxarlanan nadir yağışlardan sonra, günəşin qızmar şüaları altında geniş sahələr qar kimi ağ duz ilə örtülür.
Yerli torpaq örtüyü ilə tanış olan xarici mütəxəssislər, əkin və biçin üçün bu torpaqların yararsız olduğunu sübut etməyə çalışırdılar. Lakin ölkənin hakim dairələri inanırlar ki, əmirliklərin gələcək nəsli bağ-bağçaya bürünmüş bir ölkədə yaşayacaqlar. Artıq indinin özündə BƏƏ-də 80 mln.dan artıq ağac əkilmişdir. BƏƏ ilə oxşar iqlimə malik olan Avstraliya, Cənubi Amerika və Cənub Şərqi Asiya bölgələrindən gətirilən bitkilərin yetişdirilməsi üçün ölkədə bir neçə meşə təsərrüfatı sahələri yaradılmışdır. BƏƏ-də təbiətə qayğı ilə yanaşırlar. Onu qorumaq məqsədilə Əmirliklərdə qoruq və yasaqlıqlar yaradılmışdır.
Əmirliklərin heyvanat aləmi həddən artıq kasıbdır. Burada ceyran, dovşan, sürünənlərdən isə kərtənkələ və ilanların müxtəlif növləri yayılmışdır. İran körfəzin sahilində quşlar çoxdur. Oman körfəzi müxtəlif növ balıqla zəngindir.[4]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Лаврищев – Экономическая география СССР. Издательство «Экономика» Москва, 1972
- ↑ Ю.Г.Липец, В.А.Пуляркин, С.Б.Шлихтер – География мирового хозяйства. Москва, ВЛАДОС, 1999
- ↑ Nasouh Nazzal. "Heavy snowfall on Ras Al Khaimah's Jebel Jais mountain cluster". Gulf News. 2009-01-24. 2009-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-31.
- ↑ А.К.Бродский – Общая экология. Снкт Петербург,1999.