Azərbaycanda mərasimlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şah bəzəmə

Mərasimlər — toplumun bütün üzvlərini bir araya gətirməklə kollektivin yaşamasının təminatı kimi çıxış edir. Mərasimlər ibtidai cəmiyyətdə insan fəaliyyətinin və həyatının mərkəzində durmuş, həyatın bütün sahələrinə nüfuz edərək onu müşayiət etmişdi.

Azərbaycan cəmiyyətində də mərasimlərə həmişə sadiq qalınmış, onun dəqiq icrasına toplumun bütün üzvlərinin uğurunun təminatı kimi baxılmışdı. Ata-babadan miras qalmış bu normalardan kənara çıxılmasına isə pis baxılmışdır[1].

Zaman keçdikcə Azərbaycanda mərasimlər müəyyən dəyişikliyə uğramışdır. Arxaik cəmiyyətlərdə ayin və mərasimlər dini-magik funksiya daşımış, toplumun rifahına, məhsuldarlığa, artıma xidmət etdiyi halda, müasir cəmiyyətdə onların bir qismi dini-magik funksiyasını itirərək sadəcə əyləncə, oyun kimi hafizələrdə qalmışdı. Bu oyunun iştirakçıları da oynadıqlarının mərasim olduğunun fərqinə varmır, ona bir oyun kimi yanaşırlar.

İbtidai cəmiyyətlərdə miflə mərasim bir-biri ilə üzvü şəkildə bağlı olmuşdur. Sözlü mətnlə müşayiət olunmayan hansısa mərasimin varlığını təsəvvür etmək mümkün deyil. Mərasim mədəniyyəti mifoloji təfəkkürün bir hissəsi kimi təzahür edir və miflər onu izah etməyə, əsaslandırmağa xidmət etmişdir.

Mədəniyyətdə mərasimlər

[redaktə | vikimətni redaktə et]

Mərasim mədəniyyəti, işarələr sistemindən ibarətdir (rəqs, oyun, söz, musiqi, mimika, pantomima, oxuma və s.). Tədqiqatçılar mərasimlərin sinkretik mahiyyətinə diqqət çəkərək sonralar bir çox sənət sahələrinin mərasimdən ayrılaraq müstəqil inkişaf yolu tutduğunu vurğulamışlar. Deməli, mərasimlər bu gün incəsənətin əsasını təşkil edən bir çox sənət sahələrinin mənbəyində durur. Ona görə də hər bir xalqın ayin və mərasimləri həmin xalqın mədəniyyətinin, incəsənətinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda ənənəvi mərasimlərin əksəriyyəti İslamdan əvvəlki təsəvvürləri əks etdirir. İslam dini bu bölgədə yayıldıqdan sonra həmin mərasimlər islamlaşdırılmağa, islam şəxsiyyətlərinin adı ilə bağlanmağa çalışılmışdı. Yazın gəlişinin qeyd olunduğu Novruz bayramı, martın 21–22-də oynanan və ölüb-dirilməyi simvolizə edən "Padşah oyunu" Həzrət Əlinin adı ilə bağlanmışdı. Yağış yağdırmaq üçün keçirilən mərasimlər qədim görüşləri əks etdirsə də, orada oxunan bir çox dualar Quran ayələrindən ibarət olmuşdu. Beləliklə, Azərbaycan mərasimlərində İslam və İslamdan əvvəlki görüşlərin maraqlı sintezini görmək mümkündür. Azərbaycan folklorşünaslığında mərasimlər mövsüm və məişət mərasimləri olmaqla iki qrupa ayrılır. Bu qrupların hər biri ceşidli nəğmələr, oyunlar və folklor mətnləri ilə müşayiət olunur.

Mövsüm mərasimləri

[redaktə | vikimətni redaktə et]

Mövsüm mərasimləri ənənədə daha geniş yayılmış və təqvim dövrləri ilə bağlı olmuşdu. Bura Böyük çillənin girdiyi dövrdən etibarən keçirilən Çillə gecələri, Kiçik çillə ərzində keçirilən Xıdır Nəbi, Boz ayın sonunda qeyd olunan Axır çərşənbə, əkinə başlanması və məhsul yığımı münasibətilə keçirilən bayramlar, yağış yağdırmaq, Qodu-qodu və s. mərasimlər daxildir.

Payız-qış mərasimləri

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda qış ibtidai təsəvvürə və etiqada əsasən üç çilləyə bölünür. Birinci qırx günlük el arasında Böyük çillə adlanır və qışın başlanğıcından, yəni dekabrın 22-dən fevralın əvvəlinədək olan dövrü əhatə edir. İyirimi iki gün sürən və el arasında "qışın oğlan çağı" adlanan Kiçik Çillə fevralın ikisindən iyirmi ikisinə qədər davam edir. "Boz ay" adlanan fevralın iyirmi ikisindən martın iyirmi ikisinə qədər olan müddət isə hər biri yeddi gündən ibarət dörd balaca çilləyə, başqa sözlə "çilləbeçə"yə bölünür. Hər üç çillədə müxtəlif mərasimlər keçirilir, ayinlər icra edilib nəğmələr oxunur.

Böyük çillədə icra olunan əsas mərasimlərdən biri Çillə ge​cələridir. Bu tip məc​lislər Böyük çillə girəndən başlayıb qurtarana qədər davam edir. Keçmişdə Çillə gecələri imkanlı şəxslərin evin​də keçirilirdi. Məsə​lən, kənddə iyirmi imkanlı ailə varsa, kənd sakinləri iki gündən bir növbə ilə həmin evlərdən birinə toplaşırdı. Kişi və qadınlar üçün ayrı-ayrı otaqlarda süfrə açılırdı. Ev sahibi çillə üçün qabaqcadan qar​pız ehtiyatı görür və xalq arasında həmin qarpız çillə qarpızı adı ilə tanınırdı. Qarpızlar xüsusi olaraq seçilir, onların bir-birinə yaxın çəkidə olmasına diqqət yetirilirdi. Çillə gecəsi ev sahibi hər adamın adına bir qarpız kəsirdi. Qar​pız kəsiləndən sonra hər kəs ondan bir tikə dadır, ondan sonra həmin qarpızdan qadınlara, qohum-qonşuya pay gön​dərilirdi. Çillə qarpızından sonra ortaya plov gətirilirdi. Süfrə​nin samballı olması şərbətlərin sayına görə təyin edilirdi. Ona görə də ev sahibi süfrənin sanballı olması üçün ortaya limon, bal, alma​dan və s. hazırlanmış şərbətlər qoyurdu. Axırıncı gün isə məclis ən imkanlı adamın evinə salınırdı. Həmin gün ayrıca heyvan kəsilir və məclis daha təm​təraqlı keçirilirdi. Müasir dövrümüzdə ayrı-ayrı bölgələrimizdə keçirilən Çillə gecəsinin əsas atributu yaydan saxlanan qarpızdır.

Fevral ayının əvvəlindən başlayarq iyirmi gün davam edən Kiçik çillə soyuqluğu, boranı, tufanı ilə özündən əvvəlki çillələrdən seçilir. Kiçik çillənin Xıdır Nəbi bayramının keçirildiyi birinci on günlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır və bu təsəvvür "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" atalar sözündə də öz əksini tapmışdı.

Xıdır Nəbi bayramı

[redaktə | vikimətni redaktə et]

Xıdır Nəbi bayramı qışın yarısına – fevralın birinci ongünlüyünə düşür. Həmin vaxt güclü küləklər əsir ki, həmin külək xalq arasında Xıdır Nəbi küləyi kimi də tanınır. Xalq arasında mövcud inama görə, fevralın beşi Xıdır Nəbinin anadan olan günüdür. Xıdır Nəbinin zühur edərək insanlara ruzu paylayacağına inanan insanlar onun gəlişini təmtəraqla qeyd edirlər. Xıdırın gəlişi münasibətilə Azərbaycanın bir çox bölgələrində Xıdır Nəbi kömbəsi bişirilir və kömbənin içərisinə düymə qoyulur. Kömbə hissələrə bölünüb ailə üzvləri arasında paylanır, həmin düymə kimin qismətinə çıxsa, inama görə, Xıdır Nəbi həmin gecə onun yuxusuna girər, onun arzusunu gerçəkləşdirər. Həmin gün həm də Xıdır Nəbi xaşılı bişirilir. İnama görə, Xıdır Nəbi daha çox qovut xaşılını xoşlayır, ona görə bəzi bölgələrdə Xıdır Nəbi xaşılı qovutdan bişirilir. Bununla əlaqədar, evlərdə hələ payızdan hazırlıq görülür, Xıdır Nəbi üçün ayrıca qovut, küplərdə bəkməz saxlanır. Xıdır girəndə evdən mütləq xaşıl iyi çıxmalıdır. Ona görə fevralın beşində həmin qovutdan xaşıl bişirilir və ondan bir qaba çəkilib ya yükün altına, ya da pəncərənin qabağına qoyulur. Xaşılın üzərində əl izi olardısa, Xıdırın həmin gecə o ailəyə baş çəkdiyinə və həmin ilin onlar üçün xeyirli olacağına, uğurlu keçəcəyinə inanılırdı[2].

Yaz-yay mərasimləri

[redaktə | vikimətni redaktə et]

Azərbaycan xalqının təsərrüfat həyatında yaz fəsli xüsusi əhəmiyyət daşıyır. İnsanlar yaza çətin və məşəqqətli qışdan, soyuqdan, məhrumiyyətdən qurtuluş, xilas kimi baxmış və onun gəlişini xüsusi mərasim və ayinlərlə qeyd etmişlər. Yaz fəslində keçirilən mərasimlər arasında "Padşah oyunu"nu, "Yelənni" kimi bir çox mərasimləri qeyd etmək olar. Hər iki mərasim Novruz bayramı ərəfəsində – martın 21–22-də oynanılır. Keçmişdə bu mərasimlərin icrası bir neçə gün, bəzən mart ayının axırınadək davam etmişdi.

Bəzi bölgələrdə "Xan bəzəmə", "Şah bəzəmə" adı ilə tanınan "Padşah oyunu" qışdan yaza keçid döv​rün​də, köhnə ilin bitib yeni ilin başlandığı ərəfə​də keçirildiyi üçün digər inisiasiya mərasimləri ilə eyni məna daşı​yır və ölüb-dirilməni simvolizə edir. Yetkinlik yaşına çatmış qızların oynadığı "Yelənni" oyunu da artımı, məhsuldarlığı simvolizə edir. Sadəcə olaraq, hər iki mərasim ritual mahiyyətini itirərək günümüzdə oyun kimi yaşadılır.

Xalq arasında mövcud inama görə, yazın 45-nə qədər qış üstündə gedir, həmin müddətdə çovğun, boran, qar ola bilər. Hətta belə bir rəvayət söylənilir ki, qışın çıxmasına sevinən qarı mart çıxan kimi çırtma çalıb sevinə-sevinə oxuyur: "Mart gözünə barmağım, yaza çıxdı oğlağım". Bunu eşidən qış apreldən üç gün borc alıb qarının oğlaqlarını qırır. Bu təsəvvürlərlə əlaqədar insanlar yaz girdikdən sonra da öz ehtiyatını əldə vermir, ot, odun ehtiyatı görürlər. "Yazdan sonra qırx kötük" məsəli də həmin təsəvvürdən qaynaqlanır. "Qarının günü" deyilən müddət aprelin 16-da tamamlanır. Ondan sonra artıq qarın, çovğunun olmayacağına inanılır, elin dağa köçü də bu tarixdən sonra başlayır.

İnsanların yağış yağdırmaq, yağışı kəsdirmək üçün icra etdiyi mərasimlər də yaz-yay dövrünə təsadüf edir. Onların arasında ən geniş yayılanı müsəlləyə çıxma mərasimidir. Bu mərasim kişilərin iştirakı ilə keçirilmişdi. Sübh tezdən, hava işıqlanmamış kəndin ağsaqqalları, ağzıdualı kişilər sınanmış molla və ya seyidlə birlikdə yüksək bir yerə (dağın və ya təpənin başına) çıxardılar, yaxud müqəddəs ziyarətgahlara doğru yol alardılar. Orada əllərinin göyə qaldıraraq dualar edər, qurban kəsərdilər. Hazırda bu mərasim bəzi bölgələrdə qismən həyata keçirilir.

Məişət mərasimləri

[redaktə | vikimətni redaktə et]

Məişət mərasimlərinə insanın doğulması, evlənməsi və ölməsi münasibətilə keçirilən mərasimlər daxildir. Bu mərasimlər əski dövrün etiqad və baxışlarını, mifoloji, fəlsəfi anlayışların, dini görüşlərin izini daşıyır. Məişət mərasimləri içərisində toy nikbin, əyləncəli xarakteri, musiqi, əyləncə, oyun, rəqs kimi melopoetik ünsürləri özündə ehtiva etməsi baxımından diqqəti cəlb edən mürəkkəb ritual sistemdir.

Azərbaycan toyu, 1931. Əzim Əzimzadə

Azərbaycan toyu xalq həyatı ilə bağlı bütün digər ictimai hadisələrdən zənginliyi ilə fərqlənir. Bu da səbəbsiz deyil. Çünki çox qədim tarixdən toy xalq məişət əyləncələrinin ən kütləvisi və məşhurudur. Azərbaycan toyu üç mərhələnin məcmuundan ibarətdir: toya qədərki dövr, toy və toydan sonrakı mərhələ.

Toy şənliyinə qədər bir sıra adətlərin icrası vacib hesab edilir: "qız bəyənmə", "elçilik", "hə vermək", "bəlgə", yaxud "nişan", paltar kəsdi (paltar biçdi), cehizin oğlan evinə daşınması", "kəbin kəsilməsi", "qız evində xınayaxdı gecəsi", "qızın ata evindən köçməsi", "qızın oğlan evinə gətirilən günü", "oğlan toyu" və s. göstərmək olar.

Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə gənclər bulaq başında, müəyyən xalq bayramlarında, yayda yaylağa gedərkən yolda bir-birlərini görüb bəyənirdilər. Yaxud da qız seçimində əsas rolu valideynlər oynayırdılar. Onlar da çox vaxt yaxud əsl-nəcabətli ailələrlə qohum olmaq, qızın xarici görkəmini, evdarlığını nəzərə alaraq qərar verirdilər. XX əsrin 30-cu illərindən sonra birgə təhsil və iş şəraitində gənclər bir-birlərini bəyənir, məqsədlərini valideynlərinə bildirirdilər. Adətən, oğlunu evləndirmək istəyən valideynlər əvvəlcə ümumi razılığa gəlir, qız haqqında məlumat toplayır, sonra elçi getmək qərarına gəlirdilər. Bir zamanlar isə oğlanın bəyəndiyi qıza alma atması və almanın qız tərəfindən yerdən qaldırılması da "razılıq işarəsi" tək qavranmışdı. Bəzi yerlərin adətincə, qız "nikaha razılığını" başındakı örpəyi oğlana verməklə bildirirdi".

Çay dəstgahı

[redaktə | vikimətni redaktə et]
Bakıda çay evi, 1888.

Azərbaycanda XX əsrdə ailə və ictimai məişətlə bağlı bir sıra mərasimlər, rəsmi qəbullar və s. çay dəstgahı olmadan keçinmir. Gündəlik olduğu kimi, mərasimlərdə də çay süfrəsinə qənd, limon, müxtəlif şirniyyatlar, mürəbbələr, meyvələr, xüşkəbar və çərəz düzülür. Armudu stəkana süzülən pürrəngi çay daha çox dişləmə qəndlə içilir. Yemək öynəsindən asılı olaraq çayın qəbulu fərqlənir. Səhər yeməyində şirin çaya üstünlük verilir.

Qonaqlıq məclislərində süfrə ətrafında əyləşənlərə əvvəl şirniyyat (noğul, nabat və s.), meyvə və çay verilir. Bunlar yığıldıqdan sonra çörək və xörəklər, şərbət və digər təamlar gətirilir. Elçilik mərasimində "hə" cavabı aldıqdan sonra qız və oğlan tərəfi mütləq şirin çay içirlər.

Hamam mədəniyyəti

[redaktə | vikimətni redaktə et]
Hacı Qayıb hamamı

Hamamlar qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdı. Hamamdan məişətdə təkcə təmizlik məqsədilə ilə istifadə olunmamış, həm də müəyyən mərasimlər zamanı əhəmiyyət kəsb etmişdi. Qədim zamanlarda şairlər, naqallar, dərvişlər hamamlara yığışıb gözəl söhbətləri ilə hamam əhlini feyzyab edərdi. Analar oğlu üçün seçdiyi qızı ilk dəfə hamamda gözaltı edər, sonra ona elçi düşərdi. Toydan qabaq bəyin və ya gəlinin hamama aparılması isə bir ənənə halını almışdı.

Azərbaycanın müxtəlif bölgələrində lap qədimlərdən hamamlar olmuşdu. Orta əsrlərdən günümüzə gəlib çatan bu hamamların əksəriyyəti təmirsiz olsa da, hələ də qalmaqdadır. Belə hamalar çox vaxt müəyyən şəxslər tərəfindən tikdirilmiş və onu tikdirən şəxsin adını daşımışdı. İçərişəhərdə yerləşən XVII–XIX əsr Qasım bəy, XV əsr Hacı Bani, 1912-ci il Ağa Zeynal, Ağa Mikayıl hamamları buna misal ola bilər. Onların arasında Şirvanşah I Xəlilullahın dövründə (XVI əsr) tikilmiş, indi isə yaşıl aptek kimi istifadə olunan hamam xüsusi ilə seçilir. Onun xalq arasında "Şirin hamam" adlandırılması hamama gələnlərə çay ilə bərabər şirniyyatın da təqdim olunması ilə əlaqədardır.

Naxçıvanda Xızır Nəbi süfrəsi
Şanıdər bayramı
  • Abrizəgan bayramı. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı əllərində müxtəlif su qabları və musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsi yanına toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar.
  • Çərşənbələr. Novruzdan əvvəlki 4 çərşənbədir, 4 ünsürlə (su, od, külək və torpaq) bağlıdır.
  • Çillə gecəsi. Qışın başlanması münasibətilə saysız-hesabsız tonqallar yandırılırdı. Hər yerdə atəşfəşanlıq başlanırdı, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edir, qurban kəsir, çalıb-oynayırdılar.
  • Günəşi çağırma ayini.[3] Qodu-qodu mərasimi bununla bağlıdır.
  • Xızır Nəbi. Kiçik Çillənin ilk 10 gününə deyilir. Çillənin ilk günündən "Xızır Nəbi" mərasiminə hazırlıq başlanır. Bu mərasimdə subaylar bir tas suyun içinə üzük ataraq qismətlərini öyrənərlər.[4]
  • "Kövsəc" mərasimi qırovdüşən ayda icra edilirdi. Özünü gülməli kökə salmış bir nəfəri təlxək geyimində qatıra mindirir, sonra da kəndi gəzdirib camaata deyirdilər ki, bu gördüyünüz adam qışın düşmənidir. Yan-yörədəkilər onun üstünə su səpir, qar atır, ətrafında məzəli oyun və əyləncələr göstərirdilər. O isə bir əlində tükü yolunmuş qarğa, o biri əlində isə yelpik tutub yellədir, saymazyana "istidir, istidir, heç vecimə deyil" — deyə-deyə hay-küy salardı.
  • Kürmükoba bayramı. Azərbaycangürcü xalqlarının nümayəndələri bir araya gələrək yazpayızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur.[5] Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.[6]
  • Qızılgül çağı. Gülab bayramı keçirilər, hamı bir-birilərinə kiçik ətir şüşələrində gülab bəxş edir, müxtəlif oxuma və ayin oyunları ilə şənlənib əylənirdilər.
  • Qurd ağzı bağlama. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır.
  • Məhsul toplama mövsümü. Bu mövsümün ilk günü dan yeri ağarmadan və günəş çıxmadan toplanan ilk alma insana Əbədi həyatı verir.[4]
  • Mehrigan bayramı. Məhsul yığımı münasibətilə keçirilərdi. Son illərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı — məhsul bayramı kimi qeyd olunmuşdur.
  • Nar bayramı. Nar növləri və onlardan hazırlanmış məhsullar şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.
  • Novruz (21 mart). Baharın gəlişi, təbiətin oyanması, təzələnməsi və yaz əkin işlərinin başlanğıcıdır.
  • Saya. Azərbaycanda və İran Azərbaycanlıları arasında bu mərasimlə bağlı sayaçı sözlərinə rast gəlinir. Sayaçı sözlərində çoban, əhliləşdirilmiş heyvanlar və qoruyucu it mədh edilir. Firudin Köçərliyə görə Sayaçı kənd-kənd gəzərək mal-qara sahiblərinin ruhunu sayaçı sözlərlə oxşayır, onlardan un, buğda, arpa, quzu və s. alan bir tərəkəmədir.[3]
  • Səddə bayramı. Novruza 50 gün qala keçirilən bayramdır. Səddə bayramı insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır.
  • Sonay. Sonay gecələrində gənclər toplanmağa çağırış olaraq əllərini ağızlarına vuraraq AVAVA səsi çıxarır. Sonra toplanır və ay işığı altında oynayırlar. Oynanılan oyunlar "Mollaharay" və "Bənövşə Bəndə Düşə" oyunlarıdır.
  • Sucəddim. Baharda suya girmə adətidir. Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmışdır.[7]
  • Susəpən bayramı. Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli keçirilir. Günəşın qarşılanması və qurban kəsilməsi olur.
  • Şanıdər. Üzüm dərmə və doşab pişirmə ilə keçirilən şənlik və şükür mərasimidir
  • Yağış çağırma ayini.[3] Çömçəxatun və Yada daşı bu nümunəyə daxildir.
  • Yağış dayandırma ayini.[3] Yağış çox yağıb məhsula ziyan dəyəndə icra olunar.
  • Yuğ. Aş (yuğ) mərasimi hələ də bəzi türk xalqlarında, o cümlədən azərbaycanlılarda mövcuddur. Yas mərasimində qonaqlara verilən yeməyin ölünün ruhunu o biri dünyada rahatlatdığına inanılır.[8] Müasir dövrdə yuğçu kişilərin yerini mərsiyəçi qadınlar almışdır.[3]

Evlilik və uşaq böyütmək ilə bağlı

[redaktə | vikimətni redaktə et]
  • Ayın 3 günlüyü. Bu zaman subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər.[4]
  • Zifaf gecəsi. Zifafdan əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.[4]
  • Qışın doqquzuncu günü. Həmin gün gecə yarısından sonra ayaz vurmuş almanı yeyən uşaqsız qadının uşağı olar.[4]
  • Bıçaq itiləmək. Hamiləlik rahat keçsin deyə Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər.[4]
  • Adqoyma mərasimi. Uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir.[9]
  • Duz ayini. Doğumunun onuncu gününde uşaqın yuyulduğu suya duz da tökülür. Beləliklə, uşaq mərd olar.[3]
  • Oğlan uşağına qız paltarı geydirilməsi. Uşağın qorunması üçün edilir.[4]
  • Ölümdən sonra evlilik mərasimi. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir.
  1. "Mərasimlər". 2019-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.
  2. anl.az Arxivləşdirilib 2021-09-27 at the Wayback MachineAZƏRBAYCAN FOLKLORUNDA XIZIR NƏBİ (İLYAS) OBRAZI
  3. 1 2 3 4 5 6 Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.
  4. 1 2 3 4 5 6 7 Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
  5. "Qaxda "Kürmükoba" bayramı qeyd olunub". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  6. H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
  7. Seyidov, M. & Gömeç, S. (1996). Eski Türk Kitabelerindeki Yer-Sub Meselesi . Tarih Araştırmaları Dergisi , 18 (29) , 259-265 . DOI: 10.1501/Tarar_0000000099
  8. Bayat, F. & Cicioğlu, M. N. (2008). TÜRKLERDE CENAZE TÖRENLERİ BAĞLAMINDA MEVLİD OKUMA GELENEĞİ . Manas Üniversitesi Sosyal Bilimler Dergisi , 10 (19) , 147-155 . Retrieved from https://dergipark.org.tr/tr/pub/manassosyal/issue/49945/640045 Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine
  9. Sattarov, R. The "Rites of Passage" Among the Azerbaijani Turks: Traditional Beliefs and Rituals Linked to the Birth of a Child. "Die Wunder Der Schöpfung", 301–312. https://doi.org/10.5771/9783956506741-301 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
  • Qalib Sayılov- "MƏRASİM FOLKLORUNUN JANR SPESİFİKASI". AMEA Folklor İnstitutu (Azərbaycan),
  • A.Xürrəmqızı. Azərbaycan mərasim folkloru. Bakı, 2002, 270 s.
  • Q.Sayılov. Azərbaycanda Novruz. Bakı, Çıraq, 2012, 365 s.
  • A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Çıraq, 2009, 638 s.
  • RAMİN ALLAHVERDİ. TƏQVİM MİFLƏRİ VƏ NOVRUZ, AMEA FOLKLOR İNSTİTUTU
  • Bəhlul Abdulla. Azərbaycan Mərasim Folkloru, Bakı, 2005.