Avropa Sosial Xartiyası
Avropa Sosial Xartiyası — İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında əks olunmuş vətəndaş və siyasi hüquqların təbii davamı və qarşılığı olan sosial və iqtisadi hüquqların qorunmasını təmin edən, Avropa Şurası çərçivəsində qəbul edilmış regional beynəlxalq müqavilədir.
1961-ci il oktyabr ayının 18-də Turin şəhərində imzalanmış, 1965-ci il fevral ayının 25-də qüvvəyə minmişdir.
Xartiyanın məqsədi və mahiyyəti
[redaktə | mənbəni redaktə et]Xartiyaya görə iştirakçı dövlətlərin məqsədi "onların … ümumi irsi olan ideal və prinsiplərin həyata keçirilməsi və qorunması, iqtisadi və sosial tərəqqisinə … yardım etmək"dir.
Xartiya inkişaf edən sosial və iqtisadi proseslərə uyğun olaraq ötən əsrin son onilliyində müəyyən dəyişiklklər və əlavələrlə daha mükəmməl məzmunu ilə bu sahədəki digər beynəlxalq müqavilələrdən üstün səviyyəsinə çatmışdır.
Avropa Sosial Xartiyasının əhəmiyyəti həm də ondan ibarətdir ki, bu beynəlxalq müqavilə əsas sosial hüquqların müdafiəsini təkcə standartlar müəyyən etməklə təmin etmir, həm də xüsusi mexanizm vasitəsilə bu standartların daim artan səviyyəsi üçün şərait yaradır. Avropa Sosail Xartiyasının beynəlxalq müqavilələr içərisində son dövrlərdə ən dinamik sənədlər sırasında olması bu fikri təsdiqləyir. İstər Xartiya ilə müdafiə olunan hüquqların siyahısı və məzmununun, istərsə də bu hüquqların dövlətlər tərəfindən həyata keçirilməsi üzərində nəzarət mexanizminin özünə edilən mütəmadi dəyişikliklər sözügedən sənədin dinamikliyini aydın göstərir.
Xartiyanın son inkişaf tarixi
[redaktə | mənbəni redaktə et]Avropa Şurasının üzv dövlətləri 1978-ci il, aprel ayının 27-də qəbul etdikləri insan hüquqları üzrə bəyannamədə Avropa konvensiyaları ilə qorunmalı olan insan hüquqlarının, xüsusən də sosial, iqtisadi və mədəni sahələrdəki hüquqların siyahısının genişləndirilməsi işinə mühüm əhəmiyyət verdiklərini bildirdilər. Bu bəyannaməyə qədər Avropa Şurası Nazirlər Komitəsi Avropa konvensiyalarına yeni iqtisadi və sosial hüquqların əlavə edilməsi imkanları haqqında rəy vermək üçün dəvət olunmuş bir çox daimi komissiyalarla məşvəıətçi müzakirələr aparmışdı.
1980-ci ildə Sosial məsələlər üzrə Daimi Komissiyaya (CDSO) Avropa Sosial Xartiyası ilə bağlı proseslərə rəhbərlik etmək barədə təlimat verdi. Həmin təlimatda adı çəkilən komissiyanın qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:
- Avropa Sosial Xartiyasında əks olunmuş hüquqlları onların müasir həyata uyğunlaşdırılması və onlara əlavələr etmək ehtiyacının müəyyənləşdirilməsi üçün nəzərdən keçirmək;
- 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasına hər hansı hüquqların daxil edilməsinin məqsədəuyğun olub-olmadığını müəyyən etmək.
1981-ci ildə verilmiş ikinci təlimata əsasən Komissiyanın hazırladığı layihələr Nazirlər Komitəsinə təqdim edildi. Nazirlər Komitəsi həmin layihələr əsasında Sosial məsələlər üzrə Daimi Komissiyaya Avropa Sosial Xartiyasına əlavə protokolun ilkin layihəsini hazırlamağı tapşırdı. Komissiya 1984-cü ilin oktyabrında keçirilmiş iclasında Protokolun ilkin layihəsini qəbul etdi. 1987-ci ildə AŞ PA bəzi dəyişikliklərlə layihə üzrə 131 Saylı rəy qəbul etdi. 1987-cı ilin noyabr ayının 26-da Nazirlər Komitəsinin 81-ci sessiyasında qəbul etdiyi Xartiyaya Əlavə Protokol 5 may, 1988-ci ildə imzalanmaq üçün açıq elan edildi. 1992 ci ilin 04 sentyabrından qüvvəyə minən Əlavə Protokol Xartiyanın əhatə etdiyi sosial və iqtisadi hüquqların müdafiəsini genişləndirmək məqsədilə yeni tədbirlər nəzərdə tutaraq, Xartiya ilə müdafiə olunan insan hüquqlarının sırasına dörd yeni sosial hüquq əlavə etdi:
- cinsi əlamətə görə ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və bərabər rəftar hüququ;
- müəssisə daxilində informasiya almaq və məsləhətləşmək hüququ;
- əmək şəraitinin və istehsal mühitinin müəyyənləşdirilməsində və yaxşılaşdırıl-masında iştirak etmək hüququ;
- ahılların sosial müdafiə hüquqları.
Uzun müddət "Sleeping Beauty" (azərb. "yatan gözəllik") və ya "paper tiger" (azərb. "kağız pələng") adlandırılan Xartiyaya edilən ən mühüm dəyişikliklər keçən əsrin təxminən son on illiyinə təsadüf edir ki, bu da 1990-cı ildə Sosial Xartiya katibliyinin İnsan Hüquqları Direktorluğuna köçürülməsindən sonrakı dövrə təsadüf etməklə bu mühüm beynəlxalq müqavilənin daha effektli həyata keçirilməsi üçün dönüş yaratdı.
1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının insan hüquqları üzrə keçirilən qeyri-rəsmi konfransında Avropa Sosial Xartiyasının rolu, məzmunu və fəaliyyətinin ətraflı öyrənilməsi üçün tədbirlər görməyə dəvət edildi. Nazir müavinlərinin 1990-cı ilin noyabr-dekabr aylarında keçirilmiş 449-cu yığıncağında Avropa Sosial Xartiyası üzrə ad hoc komitə (Charter Rel) yaradıldı. Komitə Xartiyanın təsirliliyinin və nəzarət mexanizminin yaxşılaşdırılması üçün təkliflər vermək tapşırığı almışdı. Komitənin hazırladığı layihə əsasında Nazirlər Komitəsi 1991-ci il 16 oktyabr tarixində Avropa Sosial Xartiyasına Dəyişiklik edən Əlavə Protokol qəbul etdi. Turin Protokolu adı ilə məşhur olan bu sənəd Xartiyanın, xüsusən də onun nəzarət mexanizminin fəaliyyətinin effektliliyinin yaxşılaşdırılmasını nəzərdə tutaraq, 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci və 29-cu maddələrin mətnlərinə dəyişiklik etdi. Xartiyanın 23-cü maddəsinə dəyişiklik edən Protokolun 1-ci maddəsi hökumət hesabatlarının verilməsi və onlara baxışın tamamilə yeni bir sistemini müəyyənləşdirir: Bu sistemə görə hökumət hesabatın əslini Baş Katibə göndərərkən onun surətlərini işə götürən və işçilərin milli təşkilatlarına da ünvanlayır və bu ikincilərə həmin hesabatla bağlı rəylərini yazılı surətdə Baş Katibə bildirməyə əsas verir. 1-ci maddənin yeni müddəa nəzərdə tutan ikinci bəndi Avropa Şurasında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarına Baş Katib tərəfindən məlumat verilməsini nəzərdə tutur. Protokolun 2-ci maddəsi hökumət hesabatlarına Müstəqil Ekspertlər Komitəsi tərəfindən baxılmasını qeyd edən 24-cü maddəyə dəyişiklik edərək adı çəkilən komitə tərəfindən məruzələrə baxılması prosedurasının təkmilləşdirilməsinə aiddir. 2-ci maddənin 2-ci bəndi Protokolun ən mühüm müddəalarından hesab edilir. Bu bənd 27-ci maddənin 3-cü və 4-cü müddəaları ilə birlikdə Müstəqil Ekspertlər Komitəsi və Hökumətlər Komitəsi arasında səlahiyyət bölgüsünə aid olmaqla, birincinin vəzifəsi kimi Xartiyanın müddəalarına münasibətdə milli hüquq və təcrübənin hüquqi nöqteyi-nəzərdən qiymətləndirilməsini bəyan edir. Protokolun 3-cü maddəsi Müstəqil Ekspertlər Komitəsinin üzvlərinin sayını ən çox 7-dən ən az 9-a artırmaqla onların Nazirlər Komitəsi tərəfindən təyin edilməsi prosedurasını Parlament Assambleyası tərəfindən seçilmə yolu ilə əvəz etdi. 4-cü maddə Hökumətlər Komitəsində üzvlük və vəzifələrdən bəhs edən Xartiyanın 27-ci maddəsinə dəyişiklik edir. Bu maddə də Protokolun vacib müddəalarından birini ehtiva edir-Hökumətlər Komitəsinin səlahiyyətlərini müəyyənləşdirir. 5-ci maddə Xartiyanın 29-cu maddəni dəyişdirərək, Parlament Assambleyasının hesabatlarla bağlı fəaliyyətini Nazirlər Komitəsinin bütün nəzarət dövrünü əhatə edən, Hökumətlər Komitəsinin məruzəni əsasında müvafiq üzv dövlətə ünvanlanan fərdi tövsiyə verməsi ilə əvəz etdi. Protokolun növbəti 6-cı maddəsi Xartiyanın 29-cu maddəsinin mətnini dəyişdirərək Müstəqil Ekspertlər Komitəsi, Hökumətlər Komitəsi və Nazirlər Komitəsinin müvafiq məruzələrinin Parlament Assambleyasına göndərilməsini nəzərdə tutur.
Avropa Sosial Xartiyası üçün kollektiv şikayətlər sisteminin yaradılması ideyası hələ Parlament Assambleyasının 1978-ci il 839 Saylı tövsiyəsində nəzərdə tutulurdu. Bu ideya 1991-ci ildə yenidən ortaya atıldı. Belə bir sistemin təqdimatında əsas məqsəd yalnız hökumətlərin hesabatlarına əsaslanan nəzarət mexanizminin təsirliliyinin artırılması idi. Nazirlər Komitəsinin təsis etdiyi yuxarıda adı çəkilən Avropa Sosial Xartiyası üzrə ad hoc komitə kollektiv şikayətlər sistemi haqqında Protokol layihəsini 1992-ci ilin mayında keçirilən 5-ci yığıncağında tamamlayıb Nazirlər Komitəsinə təqdim etdi. 1995-ci ilin 22 iyununda Avropa Sosial Xartiyası üçün Kollektiv Şikayətlər Sistemini təmin edən Əlavə Protokolun mətni Nazirlər Komitəsi tərəfindən qəbul edildi və və həmin ilin 9 noyabrında imzalanmaq üçün açıq elan edildi. Protokolun preambulasında üzv dövlətlər Xartiya ilə təmin edilən hüquqların effektli tətbiq edilməsinin yaxşılaşdırılması üçün «yeni tədbirlər» görməyi nəzərdə tutur.
Avropa Şurası Nazirlər Komitəsinin Avropa Sosial Xartiyasının rolunun, məzmununun və fəaliyyətinin yenidən öyrənilməsi məqsədilə 449-cu sessiyasında yaratdığı, haqqında yuxarıda bəhs edilən ad hoc komitə (Charter Rel) 1994-cü ilin oktyabrında keçirilən XII toplantısında Dəyişdirilmiş Avropa Sosial Xartiyasının (ETS no.163) layihəsini qəbul etdi. Layihə 1996-cı il il, 3 aprel tarixində Nazirlər Komitəsi tərəfindən qəbul edildikdən sonra, 1999-cu ilin iyul ayının 1-də qüvvəyə minmişdir.
Bu yeni sənədin qəbul edilməsində məqsəd Xartiyanın mətninə edilmiş dəyişikliklərin sözügedən sənədlə müdafiə olunan sosial hüquqların müdafiə səviyyəsinə mənfi təsir göstərməməsini təmin etmək idi. Buna qədər Xartiyanın nəzarət mexanizmi istər siyasi (Nazirlər Komitəsinin heç bir sanksiyasının olmaması), istərsə də hüquqi (Müstəqil Ekspertlər Komitəsi və Hökumətlər Komitəsi tərəfindən eyni məsələ üzrə müxtəlif şərhlərin verilməsi) cəhətdən təsirsiz olduğunu artıq sübut etmişdi. Həmçinin bu islahat digər beynəlxalq aktlar və üzv dövlətlərin qanunvericiliyində əks olunan iqtisadi və sosial hüquqların inkişafını və digər qüvvədə olan beynəlxalq aktlarla əhatə olunmayan sosial problemləri nəzərə alırdı. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci ildə qəbul edilmiş Xartiya və 1988-ci il Əlavə Protokolu ilə təmin edilən bütün hüquqları onlara edilən dəyişikliklər və əlavə olunan müddəalarla yanaşı vahid bir sənəddə toplayan beynəlxalq müqavilədir. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci il Xartiyası ilə eyni nəzarət mexanizminə malikdir. Əgər hər hansı iştirakçı dövlət Dəyişdirilmiş Xartiyanın müddəalarını qəbul edirsə, ilkin xartiyanın və onun protokollarının müddəaları həmin dövlətə münasibətdə qüvvəsini dayandırır; dövlətlər eyni zamanda ayrı-ayrı iki səviyyədə öhdəliklər daşımır. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci il Xartiyasını tədricən əvəz etməlidir. Bu əvvəlki Xartiyanı mənzil hüququ, sağlamlıq hüququ, təhsil hüququ, məşğulluq hüququ, sosial müdafiə hüququ, qeyri-ayrı seçkilik hüququ kimi sahələrdə müasir reallığa uyğunlaşdıran və tamamlayan yeni insan hüquqları müqaviləsidir.
Bununla yanaşı yeni Xartiya 1961-ci il Xartiyasının 9 maddəsinə düzəlişlər etdi:
Bütün bu düzəlişlər qeyri-ayrı-seçkilik prinsipinin gücləndirilməsini, müqavilə ilə əhatə olunan bütün sahələrdə kişi və qadın bərabərliyinin yaxşılaşdırılmasını, anaların və analığın daha yaxşı sosial müdafiəsini, işləyən uşaqların daha yaxşı sosial, hüquqi və iqtisadi müdafiəsini, əqli çatışmazlığı olanların daha yaxşı müdafiəsini təmin edir.
Xartiyanın dövlətdaxili (milli) statusu
[redaktə | mənbəni redaktə et]Avropa sosial hüquq modeli və bu modelin əsas özəyi hesab edilən Avropa Sosial Xartiyası özündə əks etdirdiyi hüquqların müasir demokratik dövlətin məqsədlərində ehtiva olunması ilə xarakterizə olunur. Eyni zamanda, bu hüquqlar daxili qanunvericilik sistemi ilə də dəstəklənir. Avropa İnsan Hüquqları Konvensiyasından fərqli olaraq, Avropa Sosial Xartiyası bu vaxta qədər üzv dövlətlərin konstitusion sistemində aydın statusa malik olmamışdır. 1961-ci il Xartiyasına Əlavəyə istinad etsək, tətbiqinə Xartiyanın IV Hissəsində nəzərdə tutulan nəzarətin şamil edildiyi öhdəliklər müqavilə hüququ baxımından beynəlxalq xarakter daşımaqla, yuxarıda qeyd edildiyi kimi, üzv dövlətlərin daxili hüququnda öz-özünə icra edilə bilən müqavilə hesab edilmir. Eyni zamanda Xartiya Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edilmiş, beynəlxalq nəzarət orqanına müraciət etmək üçün dövlətdaxili bütün hüquq müdafiə vasitələrinin tükənməsini nəzərdə tutmur. Həmçinin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq Pakta “paktın daxili hüquqda tətbiqi” haqqında 9-cu Ümumi Şərhə bənzər presedent hüququna Avropa Sosial Hüquqlar Komitəsinin təcrübəsində rast gəlinmir. Ümumiyyətlə, Avropa Sosial Hüquqlar Komitəsi normativ müddəaların aydınlaşdırılmasına yönələn ümumi şərhlər qəbul etmmişdir. Bu da Komitənin fəaliyyətinin zəif tərəflərindən biri hesab edilir. Xartiyanın yuxarıda qeyd olunan Əlavəsinə baxmayaraq, Hollandiya və Belçika məhkəmələri Üzv Dövlətlərin məhkəmələri arasında ilk addım ataraq, Xartiyanın müddəalarını öz qərarlarında istifadə etmişlər. Belə ki, Hollandiyanın Ali Məhkəməsi Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinin tətil hüququ ilə bağlı birbaşa tətbiqini tanımışdır. Habelə Belçika Dövlət Şurası 1996-cı ildə Xartiyanın 6-cı maddəsini bir daxili inzibati aktı ləğv etmək üçün mülahizəsini əsaslandırmaqdan ötrü istifadə edərək, Xartiyanı daxili hüququnun mənbəyi kimi tanımışdır. Hazırda Macarıstan, Almaniya, Finlandiya və İtaliya Avropa Sosial Xartiyasını bu və ya digər səviyyədə inkorporasiya etmişlər. Almaniya Federal Əmək Məhkəməsi hələ 1984-cü ildə qəbul etmiş olduğu qərarlarının birində təsdiq etmişdir ki, milli məhkəmələr əmək mübahisələri üzrə qanunvericilikdəki boşluqları təfsir etməli olduqda, Xartiyada nəzərdə tutulmuş öhdəliklər onlar üçün məcburi xarakter daşıyır. Bundan başqa, İtaliya Konstitusiya Məhkəməsi Avropa Sosial Xartiyasını daxili qanunvericiliyi təfsir etmək üçün istifadə etmişdir. Eyni zamanda Rumıniyanın Konstitusiya Məhkəməsi də ölkənin daxili qanunvericiliyinin konstitusiyaya uyğunluğunu nəzərdən keçirərkən, müvafiq məqamlarda Xartiyaya istinad etmişdir. Avropa Sosial Hüquqlar Komitəsi Xartiyada nəzərdə tutulan bir sıra hüquqları daxili vasitələrin ilkin formasını müəyyən etmədən bu vasitələrin zəruriliyinə səbəb kimi şərh etmişdir. Bu, özünü xüsusən qeyri-ayrıseçkiliyə həsr edilmiş, Xartiyanın E maddəsinin müxtəlif əhəmiyyətli hüquqlarla qarşılıqlı əlaqəsində göstərir. Qeyri-ayrı-seçkiliklə bağlı qadağa davranış üzrə deyil, nəticə üzrə öhdəlikləri formalaşdırır. Müstəqil qurumlara münasibətdə daxili vasitələrin təmin edilməsi Komitə tərəfindən əməyin ədalətli ödənilməsi hüququ (4-cü maddə), sosial və tibbi yardım hüququ (13-cü maddə), miqrant işçilərin deportasiya edilməmə hüquqları (19-cu maddənin 8-ci bəndi), daha sonra iş yerində ayrı-seçkilikdən müdafiə hüququ (1-ci maddənin 1-ci bəndi), əlil şəxslərin təhsil və iş yerində ayrı-seçkilikdən müdafiə hüququ (15-ci maddənin 1-ci və 2-ci bəndləri) ilə əlaqədar tələb edilmişdi. 1961-ci il Xartiyasının 32-ci maddəsi, habelə Dəyişdirilmiş Sosial Xartiyanın H maddəsi bu sənədin milli hüquq sistemində tətbiqi ilə bağlı mühüm bir məqama da toxunur. Belə ki, həmin maddəyə əsasən Xartiyanın şərtləri qüvvədə olan müqavilələr və ya konvensiyalar əsasında müəyyən edilən daha yüksək standartların tətbiq edilməsinə mane olmamalıdır.
Azərbaycan hökuməti adından Avropa Sosial Xartiyası bu sənədin 40 illiyi münasibətilə 2001-ci ilin 18 oktyabrında keçirilən mərasimdə imzalanmışdır. (Avropa Şurasının bütün müqavilələrində olduğu kimi Sosial Xartiya, onun protokolları və 1996-cı il Dəyişdirilmiş ASX da maraqlı dövlətin Baş Naziri və ya Xarici İşlər Naziri, bu iş üçün səlahiyyətləndirilmiş digər şəxslər tərəfindən imzalanır. ) 2004-cü ilin sentyabr ayında Azərbaycanın Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmasıyla bağlı ratifikasiya fərmanı Avropa Şurasına təqdim edildikdən sonra həmin ilin noyabr ayının 1-dən sözügedən beynəlxalq sənəd Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi: Dərslik. Bakı: NAT-CO MMC, 2009. – 490 s;
- Əliyev Ş.İ. “İnsan hüquqları sistemində sosial hüquqlar (nəzəri və praktik məsələlər)” Bakı - “Bakı Universiteti” nəşriyyatı, 2008, 367 s;
- Hüseynov L.H. “İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrin Azərbaycan Respublikasında implementasiyası məsələləri”. İnsan hüquqları. Bülleten 1. Bakı: 1998 s. 32-37;
- Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı: Hüquq ədəbiyyatı, 2002. - 420 s;
- Zəka Mirzəyev "Avropa Sosial Xartiyasının təbiəti və spesifik cəhətləri" - “Hüquqi dövlət və qanun” jurnalı – 2006, № 3;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının inkişaf tarixi" - “Qanunçuluq” jurnalı –2006, № 3;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının dövlətdaxili statusu və ərazi tətbiqi" - Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri - 2009, № 12;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının hüquqi statusu" - “Bakı Universitetinin xəbərləri; sosial-siyasi elmlər seriyası” – 2011, №. 2.
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının institusionla mexanizmi" - “Dövlət idarəçiliyi” jurnalı – 2012, № 4 (40);