Anarxiya (təşkilat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anarxiya
Анархия
Növü Anarxist təşkilat
Yaranma tarixi 1905
Ləğvolma tarixi 1909
Rəsmi dili Rus dili, Azərbaycan dili, Erməni dili
Mərkəzi Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Sədr S.Kalaşyants

AnarxiyaXX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat.

Quruluşu və mahiyyəti

[redaktə | mənbəni redaktə et]

1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail BakuninPyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.

Fəaliyyət və maliyyə dəstəyi

[redaktə | mənbəni redaktə et]

Anarxistlərin Bakıda ilkin fəaliyyət istiqamətlərindən biri anarxizm banilərinin ideyalarının təbliği, kitabça və intibahnamələrin nəşri idi. Bu məqsədlə mətbəə də yaradılmışdı. Fərdi terrorla yanaşı, iqtisadi təxribat da törədilirdi. Təşkilatın maliyyə dəstəyi əsasən milyonerlərdən oğurlanan pullar yaxud təxribatlar nəticəsində olurdu. 1906-cı ildə poladəritmə fabrikindəki fəhlələr 2 ay boyunca tətil etmiş, bu vaxtı onlara maddi yardımı Anarxiya təşkilatı göstərmişdi.

1906-cı ildə Böyük Britaniyanın Bakıdakı vitse konsulu Lesli Urkarta sui-qəsd cəhdi və Mantaşov zavodunun direktoru İ.Doluxanovun öldürülməsi böyük səs-küyə səbəb olmuş, 5 sentyabr 1906-cı ildə daşnaklar anarxistlərin öldürdüyü Mantaşov zavodunun direktoru, Daşnaksütun partiyasının üzvü İ.Doluxanovun qisasını alaraq S.Kalaşyantsı qətlə yetirdilər. Buna cavab olaraq anarxistlərin silahlı dəstəsi Daşnaksütuna müharibə elan etdi. Kalaşyantsın ölümündən sonra idarə heyətinə F.Yatsenko, X.Zakaryants və A.Ter-Sarkisov gəldi. 11 sentyabr 1906-cı ildə Bakının Sevastopol restoranında keçirilən anarxist təşkilatları konfransında polis müdaxiləsi nəticəsində həbs olunan 80 nəfərin içində Anarxiya təşkilatının üzvləri də vardı. Daşnaksütunla atışmalar nəticədə 1906-07ci illərdə 17 daşnak və 11 anarxist öldürüldü.

Həmin il qrupun keçmiş üzvləri olan Abram Ştern və V.Zeyçin ölümü münasibətilə təşkilat belə bir bildiriş yaymışdı:

Həlak olmuş yoldaşlarımızın xatirəsi üçün başlanmış böyük işə davam edəcəyik, əzilmiş xalqın parlaq idealları olan, beynəlxalq inqilabi proletariatın qurtarıcısı olacaq inqilabı anarxizmi mübarizənin ən radikal forması ilə yayacağıq.

23 sentyabr 1906-cı il tarixində yayımlanan "Novoye Vremya" qəzetində Anarxiya təşkilatının artıq "Bund" və "Borba" qrupları ilə koalisiya yaradıb "Qırmızı möhür" təşkilatı yaratdığı elan olunmuş, təşkilatın adından təhdid məktubları yazılmaması xəbərdarlığı verilmiş, əks halda sonlarının Qriqor Ter-Avanesyan və Artyom Tovmasyan kimi ölüm olacağı qeyd olunmuşdu.

Mənbə və istinadlar

[redaktə | mənbəni redaktə et]