Miçiyo Tsucimura
Miçiyo Tsucimura | |
---|---|
yap. 辻村みちよ | |
Doğum tarixi | 17 sentyabr 1888 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 iyun 1969 (80 yaşında) |
Vəfat yeri | |
İş yerləri |
|
Təhsili | |
Mükafatları |
Miçiyo Tsucimura (辻村みちよ, Tsucimura Miçiyo?, 17 sentyabr 1888, Okeqava[d], Saytama prefekturası – 1 iyun 1969, Toyohaşi, Ayçi prefekturası) – Yaponiya aqronomu və biokimyaçısı.[1] Yaşıl çayın komponentlərini araşdırmışdır.[1] O, Yaponiyada kənd təsərrüfatı üzrə doktorat dərəcəsi əldə etmiş və laboratoriya köməkçisi olmuş ilk qadındır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Miçiyo Tsucimura 17 sentyabr 1888-ci ildə Saytama prefekturasının Okeqava şəhərində doğulmuşdur.[1] Cinco Ali İbtidai Məktəbində köməkçi müəllim kimi işlədikdən sonra 1909-cu ildə Tokio Prefektura Qadınlar Normal Məktəbindən, 1913-cü ildə isə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuşdur.[1] Tokio Qadınlar Ali Normal Məktəbində Kono Yasuinin tələbəsi olmuş və elmi tədqiqatlara böyük maraq göstərmişdir.[1] Məzun olduqdan sonra yeddi il boyunca Kanaqava və Saytama prefekturalarında müəllimlik etmişdir.[1] Daha sonra tədqiqatçı karyerasına başlamışdır.[1]
Tsucimura Hokkaydo Universitetinə daxil olmaq istədə də, universitet qadın tələbə qəbul etmədiyi üçün 1920-ci ildə kənd təsərrüfatı kimyası fakültəsinin qida laboratoriyasında ödənişsiz köməkçi kimi işləməyə başlamışdır.[1] Burada ipəkqurduların qidalanmasını araşdırmağa başlamışdır.[1] 1922-ci ildə Tokio Universitetinin tibbi kimya laboratoriyasına keçmiş və biokimya araşdırmalarına başlamışdır.[1] 1923-cü ildə Böyük Kanto zəlzələsi nəticəsində laboratoriya məhv olmuş və o, RIKEN tələbəsi olmuşdur.[1] Umetaro Suzukinin laboratoriyasında qida kimyası və biokimya sahələrində araşdırmalara davam etmişdir.[1] 1950-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.[2] 1 iyun 1969-cu ildə ölmüşdür.[1]
Yaşıl çay araşdırmaları
[redaktə | mənbəni redaktə et]Tsucimura 1924-cü ildə Seytaro Miura ilə birlikdə yaşıl çayda C vitamininin olduğunu kəşf etmişdir.[3] Onlar tərəfindən yazılmış "Yaşıl çayda C vitamini" məqaləsi Şimali Amerikaya yaşıl çay ixracatını artırmışdır.[3]
Tsucimura yaşıl çay araşdırmalarına davam etmiş və 1929-cu ildə çaya acılıq verən katexini ayıra bilmişdir.[3] 1930-cu ildə çayın daha acı birləşməsi olan tannini ayırmışdır.[3] Bu iki kəşf onun "Yaşıl çayın kimyəvi birləşmələri haqqında" adlı diplom işi üçün mövzu təşkil etmişdir.[3] 1934-cü ildə yaşıl çaydan qallokatexini ayırmış və 1935-ci ildə bitkilərdən C vitamini kristallarını ayırmaq metodunu patentləşdirmişdir.[3]
Mükafatları və irsi
[redaktə | mənbəni redaktə et]Tsucimura 1956-cı ildə Yaponiya Aqronomiya Mükafatına layiq görülmüş,[2] 1968-ci ildə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.[2]
Google 16 sentyabr 2021-ci ildə Tsucimuranın 133 illiyi münasibətilə dudl yayımlamışdır.[3] Onun Okeqava şəhərində doğulduğu yer üçün xatirə daşı qoyulmuşdur.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Michiyo Tsujimura (1888–1969)" (ingiliscə). Oçanomizu Universiteti. 21 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.
- ↑ 1 2 3 "Google Doodle on Michiyo Tsujimura". SA News Channel (ingiliscə). 18 sentyabr 2021. 22 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 "Google Doodle celebrates Japanese green tea researcher Michiyo Tsujimura on 133rd birthday". Tech2 (ingiliscə). 17 sentyabr 2021. 18 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.
- 17 sentyabrda doğulanlar
- 1888-ci ildə doğulanlar
- Saytama prefekturasında doğulanlar
- 1 iyunda vəfat edənlər
- 1969-cu ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Ayçi prefekturasında vəfat edənlər
- Tokio Universitetinin məzunları
- Hokkaydo Universitetinin məzunları
- "Qiymətli tac" ordeni ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər
- Yaponiya aqronomları
- Yaponiya biokimyaçıları