Albantəpə yaşayış yeri
Albantəpə | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Axura kəndi |
Aidiyyatı | Antik dövr |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 1995, 1996, 1997 |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Albantəpə - Naxçıvan MR, Şərur rayonu ərazisində, Axura kəndinin qərbində yerləşən antik dövrə aid yaşayış yeri, arxeoloji abidə.[1]
Abidə hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979 – cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.[1]
I Albantəpə nekropolu
Albantəpə yaşayış yerinin şimal – qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan I Albantəpə nekropolu daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərin döşəməsinə iri sal daşlar, kənarlarına isə müstəvi formalı daşlar düzülmüşdür.
Nekropolun ən hündür yerində yerləşən 1 saylı qəbir 40 – 45 yaşlı qadına məxsusdur. Uzunluğu 1, 8 m olan skelet və kəllə sümüyü yaxşı saxlanmışdır. Sol əlinin ikinci barmağına şüşə üzük taxılmışdır. Qəbirdən dairəvi və uzunsov yaşımtıl muncuqlar aşkar edilmişdir.
Nekropoun qərb tərəfindəki 2 saylı qəbir 55 – 60 yaşlı kişiyə məxsusdur. Qəbirin baş tərəfindən şar şəkilli iki ədəd şüşə qab əldə olunmuşdur. Tapıntılara əsasən, nekropol e.ə. II – b.e. III əsrlərinə aid edilir.[1]
II Albantəpə nekropolu
Albantəpə yaşayış yerinin şərqində, Axurçayın sol sahilində yerləşən II Albantəpə nekropolu antik dövrə aid olub, küp qəbirlərdən ibarətdir. Nekropoldakı armudvari xumlar dik (azacıq şərqə meyilli) vəziyyətdə basdırılmışdır. Tədqiq edilmiş qəbirlərdən biri dağıdılmış, ikincisi isə daha yaxşı vəziyyətdə qorunmuşdur. Xumun içərisində insan skeleti ilə yanaşı bir ədəd kiçik ölçülü bozumtul küpə də aşkar olunmuşdur.
3 saylı qəbirdən iki ədəd saxsı qab – biri təkayaqlı vaza, ikincisi dulud çarxında səliqəli şəkildə formalaşdırılmış ördəkburun - əldə edilmişdir. Bu tip qablar antik dövrdə şimallı – cənublu bütün Azərbaycan ərazisində geniş yayılmışdır. Tədqiqatçılar tapıntılara əsasən nekropolu e.ə. III – II əsrlərə aid edirlər.[1]