Minkənd
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd.[2]
Minkənd | |
---|---|
39°42′34″ şm. e. 46°15′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur.
Tarixi
redaktəMinkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.[3]
Kəndin digər adı Şahsuvarlı olmuşdur. Minkənd kəndi əvvəllər əsasən xərək, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yeraltı qazmadan düzəldilmiş tikililər) adlanan xüsusi tikililərdən ibarət idi. Zaman ötdükcə yerli tikinti materiallardan (yerli çay daşından və ya qaya daşlardan, əhəng-gəc qatışığından, yerli ağac növlərindən alınmış taxta materiallardan) daş evlər tikilmişdir.
Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbristanlığının qalıqları qalmışdır. Kəndin ərazisində yerləşən XV əsrdə tikildiyi güman edilən Minkənd məbədi buna gözəl nümunə ola bilər.
Minkənd kəndində yaşayan insanların məlumatına əsasən, bu ərazilərdə məskunlaşmış ilk insanlar Hüseyinlər nəsli olmuşdur.Beləki,on yeddinci əsrin sonu, on səkkizinci əsrin əvvəllərində Dərələyəz mahalından Zəngəzur mahalına köç etmiş Hüseyin adlı bir şəxs bu ərazilərə gəlmiş və yaşamaq üçün buranı özünə məskən etmişdir. Təmiz havası,billur bulaqları,yaşıl meşəsi və heyvandarlıq üçün bol otlaq sahəlari Hüseyinlər nəslindən sonra digərlərinin marağına səbəb olmuş və beləliklə neçə-neçə nəsillərin gəlməsi ilə böyük bir kənd, Minkənd kəndi yaranmışdır.
Mədəniyyəti
redaktəKənddə orta məktəb, klub, kitabxana, kinoqurğu və xəstəxana var idi.
Kəndin mədəni, iqtisadi-ictimai həyatındakı müəyyən yüksəlişlər XVIII yüzilliyin axırlarında daha da inkişaf etdi. 1890-cı ildə Minkənd kənd məktəbinin əsası qoyuldu. 42 nəfər oğlan şagirdlə "Rus-Tatar-Azərbaycan məktəbi" adı altında fəaluiyyətə başlayan məktəbdə dərslər türk və rus dillərində tədris edildi. Bu tədris müəsisəsində şəriət dərsləridə tədris edilirdi. Məktəbdə ilk şəriət dərsini tədris edən müəllim Molla Vəli Kərbəlayı oğlu, digər dərsləri isə Rəsul Tahirov, rus dili dərslərini isə Geladze tədris etmişdir. 1896-cı ildə məktəbə ilk azərbaycanlı, Rəsul bəy Tahirov direktor təyin edildi. 1912-ci ilə kimi birsinifli, 1912-ci ildən 1920-ci ilə kimi ikisinifli, 1920-ci ildən 1940-cı ilə qədər yeddi illik natamam orta məktəb 1940-cı ildən sonra isə orta məktəb kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə sabiq prezident Heydər Əliyevin göstərişi ilə Minkənd kəndində məktəb üçün həmin dövrün ən müasir avadanlıqları ilə təchiz olunmuş 620 yerlik yeni məktəb binası tikildi.
Kənddə kustar üsulu ilə ip əyrilməsi, xalça toxunması məşğuliyyət növlərindən biri idi. Demək olar ki, ailələrin bir çoxunda toxucu dəzgah (hana və yer hanası) var idi. Əhali özü hazırladığı yun, pambıq və ipək iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxuyurdu.
Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları, o cümlədən qab-qacaq, təhnə, tabaq, nehrə, çanaq, qollu tərəzi, yun daramaq üçün daraq, hana, şəddə və örkən toxumaq üçün yer hanası və s. belə əşyalara misal ola bilər.
Minkənd çayı üzərində salınmış ikitağlı körpü, eləcə də Abadxeyir adlanan ərazidəki birtağlı körpü və Minkənd məbədi kənddə yerləşən tarixi abidələrdir.
Coğrafiyası və iqlimi
redaktəKənd Bakı şəhərindən şose yolla 505 km qərbdə, rayon mərkəzindən şose yolla 55 km şimal-qərbdə, Kiçik Qafqaz sıra dağlarında, Qarabağ yaylasının cənub-qərb yamacında, Ermənistanla sərhəddə yerləşir. Xankəndi dəmiryol stansiyası ilə şose yolla ara məsafəsi 127 km-dir. Kənd meşə və axar su kənarında, uca dağların ətəyində yerləşmişdir. Meşələrində adı Qırmızı Kitaba düşmüş qırmızı palıd, həmçinin ardıc, cır meyvə və giləmeyvələr, çəmənlərində dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıd və vələsdir.
Həkəriçayın bir qolu olan Minkənd çayı kəndin ərazisindən keçir. Öz mənbəyini kəndin ərazisində ki, yüksəkliklərdən başlayan bulaqlar Minkənd çayın (Həkəriçayın) yatağına qoşulur. İqlim şəraitindən asılı olaraq çay və bulaqlarda suyu həcmi fəsillər üzrə artıb azalır. Yazın axırları və yay aylarında kəndin ərazisindəki bəzi çay və bulaqların suyu azalır, yaxud tamam quruyur. Lakin yağıntının miqdarından aslı olaraq yaz və payız fəsillərində axar sular və bulaqlar öz axarlarını tam bərpa edir. Minkənddəki bəzi bulaqlar: Ağbulaq, Fatiq bulağı, Mehdi bulağı, Pəri bulağı, Çiçək bulağı, Hüseynalılar bulağı, Qəmbəralı bulağı, Qırxbulaq, Pırt-pırt bulaq və s.
Dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Minkənd kəndinin ərazisində adi bulaqlarla yanaşı narzan tipli, ilıq suyu olan bulaqlar da vardır. Bu bulaqlar hidrokarbonat-xlorid-natrium-maqnezium-kalsium xassəli olub ilıq 280J Narzandır. Bu suları Laçın və ətraf rayonların əhalisi özləri üçün sevimli müalicəvi vasitə sayırlar. Eyni zamanda Minkənd ərazisində Narzan tipli soyuq mineral suyu olan başqa bulaqlara rast gəlmək olur.
İqlimi yayda sərin, qışda isə soyuq olur. Orta illik temperatur 1 °C ilə 8 °C arasında dəyişir. Yağıntının illik miqdarı 700–800 mm-ə qədər olur.
Əhalisi
redaktə1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə azərbaycanlılar və əsasən etnik kürdlərdən ibarət hər iki cinsdən toplam 1.532 nəfər əhali yaşayırdı.[4]
Əhalisi 1991-ci ildə 2306 nəfər olmuşdur.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 2150 nəfər olmuşdur.
2009-cu ilin dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 2704 nəfərdir.
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı 14 nəfər şəhid olmuşdur.
Şəxsiyyətləri
redaktə- Nurməmməd bəy Şahsuvarov - (1883, Laçın-11 avqust 1958, Bakı), AXC-nin, Dağıstanın maarif naziri, Azərbaycanın istiqlal hərəkatı və Azərbaycan Xalq Cumhuriyyəti dövlət xadimlərindən biri, maarifçi.
- Mürsəl bəy Şahsuvarov (Adilxan bəy oğlu) (1900-1991) - Cümhuriyyət tələbəsi, həkim, professor.
- Tofiq Şahsuvarov-professor, geologiya mineralogiya elmləri doktoru, Bakı Dövlət Universiteti
- Zəfər Cəfərov - texnika elmləri namizədi
- Zöhrab Qarayev - Azərbaycan Dövlət Tibb Universitetinin professoru.
- İsmayıl Sadıqov Camal oğlu — Baş elmi işçi, professor.
- Əli Yusifov — texnika elmləri doktoru, professor.
- Rəhman Səfərəliyev — tibb elmləri doktoru, professor.
- Mustafa Qarayev — fizika-riyaziyyat elmləri doktoru, professordur.
- Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor.
İqtisadiyyatı
redaktəƏkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. İlin isti dövründə, əsasən yaz və yay aylarında 500–600 mm-ə qədər yağıntının düşməsi və onun da 60-70 faizinin yazda və yayın ilk əvvəllərində yağması dəmyə əkinçiliyi yaxşı inkişaf etdirməyə imkan verir. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, pərinc və başqa dənli bitkilər, eləcə də çoxillik ot bitkiləri becərilir. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir.
İşğaldan əvvəl heyvandarlığın inkişafı ilə əlaqədar toxuculuq çox yaxşı inkişaf etmişdi. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun müxtəlif növ xalçalar toxunurdu. Toxunmuş xalça, kilim, palaz və s. toxuculuq məmulatlarının bir hissəsi bazarlara çıxarılaraq satılırdı. Bunlardan əlavə arıçılıq, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindən biri olmuşdur.
Qalereya
redaktə-
2024-cü ildə Minkənd
-
Minkənd qəbirstanlığı
-
Minkənd qəbirstanlığında yerləşən Seyid Fərman Ağa türbəsi
Həmçinin bax
redaktəMənbə
redaktə- Əli Əliyev, "Laçın – Qədim Oğuz yurdu". Bakı-2009. səh.-39-40.
- Əjdər Fərzəli, "Dədə Qorqud yurdu". Bakı-1989. səh.-87.
- Y. B. Yusifov, S. K. Kərimov, "Toponimkanın əsasları". Bakı-1987. səh.-101.
İstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Minkənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 158
Xarici keçidlər
redaktə
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |