Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azıx mağarasını kim kəşf edib və onun sakinləri kimlər olub?
13.04.2021 15:13
  • A-
  • A
  • A+

Azıx mağarasını kim kəşf edib və onun sakinləri kimlər olub?

Qarabağda Azərbaycanın zəngin tarixinə aid yüzlərlə arxeoloji abidələr var. Bunlardan daha məşhuru Azıx mağarasıdır. Bu mağara hələ insan mövcud olmayanda, süxurların su ilə yuyulması nəticəsində yaranıb. Onu məhz Qədim Daş dövrü abidəsi kimi 1960-cı ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynov kəşf edib. Sadəcə olaraq, Qədim Daş dövrünün son mərhələlərinə (150 min əvvələ) aid alətlər 2-3 metr dərinlikdə aşkarlanıb və o daşların arasında insan fəaliyyətini görmək üçün bu dövr üzrə yüksək səviyyəli peşəkar mütəxəssis olmaq vacibdir. 1960-cı ildə isə Azərbaycanda bu dövr üzrə yeganə mütəxəssis Məmmədəli Hüseynov idi. Təsadüfi deyil ki, biz onu Azərbaycanda qədim daş dövrü üzrə elmin banisi adlandırırıq.

Bu fikirləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, qədim daş dövrü üzrə mütəxəssis Azad Zeynalov söyləyib. O bildirib ki, Azıx mağarasında arxeoloji qazıntılar 1960-1982-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılıb. Lakin bu heç də o demək deyil ki, orada aşkar olunan daş əmək alətləri, heyvan sümükləri və digər tapıntıların təhlili bununla yekunlaşıb. Bu təhlillər indi də davam edir və bəlkə on illər sonra da davam edəcək. Çünki elm sahələri inkişaf etdikcə həm daş alətlərin təhlili, həm də onların mütləq yaşını müəyyənləşdirmək üçün yeni tədqiqat üsulları meydana çıxır. Mağaranın qazılmış çöküntülərinin ümumi qalınlığı 14,5 metrdir və onları M.Hüseynov 10 təbəqəyə ayırıb. İlk on metr 1-6-cı təbəqələri əhatə edir. Qalan 4,5 metr 7-10-cu təbəqələrdir. Birinci üst təbəqədə yaşayış olmayıb. Lakin son 3-4 min il ərzində, eyni zamanda, orta əsrlərdə mağaraya asan girmək imkanı olana qədər orada əksər hallarda mal-qara otaran çobanlar sığınacaq tapırdılar. Bunu arxeoloqlar mağaranın üst təbəqəsində həmin dövrlərə aid bir neçə saxsı qırıqları taparaq müəyyən ediblər. Sadəcə olaraq müasir dövrdə çobanlar özləri ilə suyu plastik qabda daşıyırlar, ondan əvvəl şüşə qabda, qədimdə isə saxsı qabda daşıyırdılar və qırıntılar da həmin dövrə aiddir.

İkinci təbəqədə ümumiyyətlə tapıntı yoxdur, çünki o dövrdə ərazidə insan yaşamayıb, arxeologiya elmində belə təbəqə “lal təbəqə” adlanır. Bu təbəqə təbii üsulla (küləyin çöldən gətirdiyi torpaq və mağaranın tavanından qırılıb tökülən daşlarla) yaranıb.

Üçüncü 2-3 metr dərinlikdə olan təbəqədə dörd minə yaxın daş əmək aləti və ibtidai insanların ovladığı minlərlə heyvan sümüklərinin qalıqları aşkarlanıb. Daş əmək alətləri Orta Paleolit dövrünə aiddir və elmdə bu üsulla hazırlanan alətlər Mustye arxeoloji mədəniyyəti adlanır. Azıx mağarasında bu təbəqənin nisbi yaşı (mütləq yaşı müəyyən olunmayıb) 150 min ildir. Dünyanın digər Qədim Daş dövrü abidələrində bu mədəniyyətlə eyni təbəqələrdə, neandertal tipli insanın qalıqları tapıldığından ehtimal etmək olar ki, Azıxın üçüncü təbəqəsində də neandertallar yaşayıb.

Azad Zeynalov qeyd edib ki, dördüncü təbəqə də “lal”dır və orada tapıntı yoxdur. Beşinci təbəqə isə çox zəngindir. Həmin təbəqədən minlərlə heyvan sümükləri, ocaq qalıqları Aşel arxeoloji mədəniyyətinə (yenə də Fransua Bord) aid daş əmək alətləri aşkarlanıb. Məhz 5-ci təbəqədən 1968-ci ildə ibtidai insanın çənəsinin qalığı aşkarlanıb. Həmin tapıntının insan təkamülündə yerini ilk dəfə azərbaycanlı alim, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, paleontoloq, antropoloq Dəmir Hacıyev müəyyən edib. Sonradan çənənin öyrənilməsi ilə azərbaycanlı antropoloq, biologiya elmləri namizədi Rəbiyyə Qasımova məşğul olub. Bu çənə qalığı neandertala keçid mərhələsinə (preneandertala) aid olan insanın qalığıdır. Bu tapıntının geniş təhlili 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) elmi jurnalında dərc olunub. İllər keçsə də bu təhlil təkzib olunmayıb, bu tapıntı elmdə Heydelberq insanı adı kimi tanınan neandertalın əcdadına məxsusdur. İlk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhərinin yaxınlığında tapılan insan qalığı belə adlandırılıb. Hazırda Yer kürəsində bu insan qalıqlarının tapıntılarının sayı yüzlərlədir. Beşinci təbəqənin yaşı 300 min ildir. Azıxantrop adını isə bu tapıntıya Məmmədəli Hüseynov şərti ad kimi verib. İlk dəfə azıxantrop adı M.Hüseynovun 1973-cü ildə nəşr olunmuş “Uzaq Daş dövrü” kitabında qeyd edilib.

Altıncı təbəqədə də minlərlə heyvan sümükləri və Aşel mədəniyyətinin daha qədim mərhələsinə aid daş əmək alətləri aşkar olunub. Bu təbəqənin döşəməsinin mütləq yaşı 780 min ildir. Təbəqədə insan qalığı tapılmasa da ehtimal etmək olar ki, həmin dövrdə mağarada elmdə Homo Erektus (Düz Gəzən İnsan) kimi tanınan insan yaşayıb. Çünki dünyada bu yaşda olan Aşel mədəniyyəti ilə bərabər məhz Erektusun qalıqları tapılıb.

“Mağaranın qalan 7-10-cu təbəqələri Quruçay arxeoloji mədəniyyətinə aiddir. İlk dəfə bu mədəniyyətin adını elmi dövriyyəyə 1979-cu ildə Məmmədəli Hüseynov daxil edib və bu ad Azıx mağarasının qarşısındakı dərədə axan çayın adı ilə bağlıdır. Uzun illər dünya elmində belə arxeoloji mədəniyyət adı qəbul olunmurdu. Çünki bu mədəniyyətə xas daş alətlər (iri ölçülü, çəkisi 4-5 kiloqram olan zərbə aləti) bir neçə ədəd idi və yalnız Azıxda tapılıb. On illər keçdikdən sonra belə alətlər Mingəçevir su anbarının sahilində Qaraca Qədim Daş dövrü düşərgəsində, Mərkəzi Dağıstanda və Taman yarımadasında Qədim Daş dövrü abidələrində aşkarlanıb və artıq arxeoloji mədəniyyət kimi bir çox alimlər tərəfindən qəbul olunub.1970-ci illərdə 10-cu təbəqənin yaşını Azərbaycan və Rusiya alimləri 1 milyon 200 min il əvvələ aid ediblər və bu yaş indi də yeganə elmi əsaslara söykənən tarixdir. Quruçay mədəniyyətinin daşıyıcılarına, ehtimal etmək olar ki, orada erkən Erektusun bir növü, ola bilsin Gürcüstandakı Dmanisi paleolit tapıntı yerində aşkar olunan Homo nəslinin bir qolu yaşayıb.

Nəticə olaraq bu gün məlum olan elmi əsaslara əsasən demək olar ki, Azıx mağarasında müasir insanın əcdadı yaşamayıb. Sadəcə orada ibtidai insan təkamülünün bir neçə mərhələsinə aid, sona çatmış (nəsli kəsilmiş) qola məxsus olan insanlar yaşayıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azıx mağara düşərgəsi Azərbaycan ərazisinin dünyada ibtidai insanların məskunlaşdığı ən qədim regionlardan biri olduğunu sübut edən möhtəşəm abidədir”, - deyə arxeoloq fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: