Vikipediya:Etibarlı mənbələr
Etibarlı mənbələr dedikdə nə başa düşülür
[mənbəni redaktə et]- Akademik jurnallar və sair akademik mənbələrdə nəşr olunan elmi məqalələr;
- Dünyada tanınan və müəyyən nüfuza malik alimlərin əsərləri;
- Mötəbər informasiya agentlikləri, mötəbər qəzetlər və rəsmi dövlət saytları;
- Beynəlxalq aləmdə tanınmış və ya dövlət universitetlərində dərs demiş və elmi dərəcəsi olan müəlliflərin rəsmi saytlarda və nəşrlərdə öz ixtisasları üzrə yazdıqları etibarlı mənbə hesab edilə bilər.
- Britannika, Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Sovet Ensiklopediyası, Böyük Sovet Ensiklopediyası və mütəxəssislər tərəfindən, dövlət dəstəyi ilə yaradılmış ensiklopediyalar.
Qeyd: Mənbənin etibarlılığı şübhə doğurursa və ya istifadəçilər arasında mübahisəyə səbəb olarsa Kənd meydanına müraciət edilməlidir. Müzakirə ilə təqdim edilən mənbələrin etibarlılığı barədə qərar verdikdən sonra həmin mənbələr xüsusi siyahıya daxil edilərək məqalələrdə sərbəst istifadə edilə bilər.
Etibarsız mənbələr hansılardır
[mənbəni redaktə et]Ekstremist, millətçi mənbələrdən istifadəyə müsbət yanaşılmır. Bu cür mənbələrə psevdoelm, təftişçi tarix, şovinist nəzəriyyələr və oxşarlar daxildir:
- Şəxsi bloqlar;
- Forum-saytlar;
- Şəxsi saytlar;
- Müxtəlif millətçi partiyalara məxsus saytlar;
- Dinin qeyri-leqal təbliğini aparan saytlar.
Hər-hansı mənbənin etibarlı olması haqqında yazılanlara kortəbii inanmaq olmaz. Mənbədə verilmiş müəllifin elmi dərəcəsi varsa, bu o demək deyil ki, onun yazdıqları bütün sahələrdə etibarlı sayılır. Yalnız verilmiş sahədə tanınmış ekspertin yazdıqları etibarlı mənbə sayıla bilər.
Mənbə nə zaman tələb olunmur
[mənbəni redaktə et]- Hamıya məlum olan faktlar barədə mənbə tələb etmək düzgün deyil. Məsələn, "Bakı Azərbaycanın paytaxtıdır..." və buna bənzər məlumatlar üçün mənbə tələb olunmur.
- Məqalənin özündə hər hansı mənbə göstərilirsə, sonda məqaləyə mənbə tələb etmək düzgün deyil. Məsələn, incəsənət nümumələri (şəkillər, heykəllər və s.), filmlər və kitablar, kompüter oyunları və digər proqramlar haqqında məqalələrə mənbə tələb olunmur. Belə ki, məqalənin özündə bu informasiya verilməlidir. Lakin həmin məqalələdə hər-hansı fakt göstərilirsə, həmin faktla əlaqədar mənbə tələb olunmalıdır.
Hər-hansı mötəbər mənbə göstərilmədən verilən iddia şübhə doğurarsa, həmin mətni məqaləyə daxil etmiş istifadəçi mötəbər mənbə göstərməyə borcludur, etibarlı mənbə göstərilmədikdə iddia məqalədən silinə bilər.
Tövsiyələr
[mənbəni redaktə et]- Şəxslər və ya təşkilatla bağlı məqalələrdə onların özlərinin nəşr etdikləri mənbələrdən ehtiyatla istifadə edilməlidir.
- Əgər məqalədəki bir-birini təkzib edən məlumatların hər biri etibarlı mənbələrə istinad edirsə, o zaman hər bir məlumatın əvvəlində "Filan mənbədə belə iddia edilir ki..." və ya "Filankəsin fikrinə görə..." ifadələrin işlənməsi daha düzgündür.
- Mənbənin etibarlılığı mübahisə doğurursa Mənbələrin qiymətləndirilməsi səhifəsində müzakirə olunmalı və ya Arbitraj Komitəsinə müraciət edərək mənbənin etibarlı hesab olub-olmamasını dəqiqləşdirmək lazımdır.
Mənbənin silinməsi
[mənbəni redaktə et]- Etibarlı mənbə məqalədən əsassız olaraq silinərsə və silinərkən heç bir səbəb göstərilməzsə, bu fəaliyyət vandalizm hesab edilir. Bu zaman istifadəçiyə xəbərdarlıq edilməli və istifadəçi etibarlı mənbəni nə üçün sildiyini mütləq izah etməlidir.
- Etibarlılığı şübhə doğuran mənbə etibarlı mənbələr ilə təkzib edilirsə bu mənbə etibarsız hesab olunaraq məqalədən silinə bilər.
- Dini və irqi ayrıseçkiliyə, millətlər arasında ədavətin yaranmasına və qızışdırılmasına xidmət edən istənilən yazı mənbə ilə birlikdə məqalədən silinməlidir.
- Şəxs haqqında yazılanlar həmin şəxsin təhqir olunmasına və alçaldılmasına yönəlibsə, o zaman həmin məlumatların və mənbənin məqalədən silinməsinə icazə verilir.
Müəllifin yazdıqları nə zaman etibarlı hesab edilir
[mənbəni redaktə et]Hər-hansı müəllifin yazılarını etibarlı mənbə kimi istifadə etmək üçün aşağıdakı şərtlər ödənməlidir:
- Müəllifin verilmiş mövzu üzrə yazıları etibarlı jurnallarda çap olunmalıdır;
- Tanınmış alim və mütəxəssislərin müəllif haqqında fikirləri öyrənilməlidir;
- Digər etibarlı müəlliflər araşdırılan mənbəyə və müəllifə istinad etməlidirlər;
- Müəllifin verilən mövzu ilə əlaqədar elmi dərəcəsi olmalıdır.
Kitablardan istifadə
[mənbəni redaktə et]Təcrübə göstərir ki, etibarlı mənbələr çox zaman çap formasında olur. Bir çox kitabların və elmi məqalələrin elektron formasını tapıb, onlara istinad etmək çətinlik törədir. Əgər istifadəçi etibarlı elektron mənbə tapmaqda çətinlik çəkirsə, kağız üzərindəki elmi kitablara və jurnallara istinad edə bilər. İstinad aşağıda göstərilən qaydada verilməlidir:
Kitabın adı, müəllifin adı və soyadı, çap olunduğu şəhər və nəşriyyat, çap tarixi və səhifələrin sayı. Məsələn, Məmmədov Q.Ş., Xəlilov M.Y. «Ekologiya, ətraf mühit və insan» // Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s. ISBN 5 – 8066 – 1765 – 3
İstinadda mümkün qədər ISBN nömrəsinin göstərilməsinə çalışın. Belə ki, Google, Yandex, Yahoo və s. kimi axtarış sistemlərində ədəbiyyatın axtarılması bu nömrəyə görə aparılarsa müsbət nəticənin əldə olunması ehtimalı artar.