Vəzir Orucov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vəzir Orucov
Vəzir Surxay oğlu Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1956(1956-12-26)
Doğum yeri
Vəfat tarixi 22 mart 1993(1993-03-22) (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1990–1993
Rütbəsi hərbi qulluqçu
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Vəzir Orucov (26 dekabr 1956, Xoruzlu, Mirbəşir rayonu22 mart 1993, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.[1] 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu.[2] Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.[3]

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu.[3] Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.[3] Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır.[3] Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır.[3] Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır.[3] Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.[3]

2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

" Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi. Çox çirkli, balıq iyi verən bir buşlat geyinirdi.[4] "

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi. Nevzorovun sözlərinə görə, Qarabağ müharibəsi zamanı erməni silahlıları Sərsəng su anbarının yerləşdiyi vadiyə hücum ediblər, yüzlərlə insanı qətlə yetiriblər, Goranboy batalyonunu darmadağın ediblər:

" Əsas qüvvələr insanları ön xətdən çıxarmağa çalışırdılar. Adamlar avtobusa minmək üçün dava edirdilər. Belə bir məqamda birdən bir adam gördüm. O, UAZ-a oturub mühərriki işə saldı. Arxa cəbhəyə yox, atışma gedən istiqamətə sürməyə hazırlaşırdı. Hansı ki, orada əsl cəhənnəm idi, insanlar öldürülmüşdü, 500 meyit üst-üstə yığılmışdı. Ermənilərin hücum etdiyi bu yerdə hər şey yanırdı, partlayırdı...[4] "

Orucov oraya Nevzorovla birgə yaralılara yardım etmək üçün getmişdi. Ermənilərin muzdla tutduğu Pskov desantları onları tutub, UAZ-dan yerə düşürdüb güllələmək istəyirdilər.[4] Lakin Pskov desantlarından biri Nevzorovu tanıdığından, onunla razılaşdılar və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçıb gedəcək və ona güllə atmaq olmaz.[4] Nevzorov sonra baş verən hadisələrin belə xatırlayır:

" Vəzir isə qaçmadı. O, partladılmış maşınında qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə əl verib görüşəndən sonra çıxıb getdi. O, elə addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından qaçmayacaq. Heç güllə səsi eşidəndə də addımlarını sürətləndirmədi. Güllələri isə göyə, salyut kimi atırdılar.[4] "

1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur.[5] Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi.[5] Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi.[5] Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində "Arabo" batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.[5]

1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tankını vurmaq istəyərkən ağır yaralanmışdır.[3] Orucovun döyüş yoldaşı və Tərtər rayonunun "Qarabağ əlilləri cəmiyyəti, veteranları, şəhid ailələri" İctimayi Birliyinin sədri olan 2-ci qrup Qarabağ əlili Sulidin Yusifov onu belə xatırlayır:

" Vəzir göstəriş verdi ki, biz Çıldıran yüksəkliyinə qalxmalıyıq. Ermənilər bütün yüklərini, avtomat patronları, nə varsa qoyub qaçmışdılar. Nəcməddin Sadıkov bir yüksəklikdə idi, Vəzir başqa yüksəklikdə. Vəzir, N.Sadıkova deyəndə ki, mən artıq filan yüksəklikdəyəm, Sadıqov ağlamışdı və afərin demişdi.[6] "

Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır.[3] O, hospitaldan çıxıb 1992-ci il 11 dekabrda — öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir.[3]

Bakı şəhərinin Şəhidlər xiyabanında Vəzir Orucovun məzarı

Keçmiş Ağdərə rayonunda Qlobus yüksəkliyi istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir.[3] Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Orucov qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan "Qlobus"u ələ keçirsin.[3] 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.[3] Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəli idi, Camal adlı oğlu var.[3][7]

2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında Vəzir Orucovun büstü ucaldılmışdır.[8] Həmin il 3 iyulda isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilmişdi.[8] Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi və Orucovun döyüşçü dostu Pənah Məmmədov, Milli Qəhrəmanın anası Mahı Orucova, qardaşı Dadaş Orucov, Əsgər Ailələri İctimai Birliyinin sədri Mətanət Əsədova, Müharibə Veteranları Qadınlarına Yardım İctimai Birliyinin sədri Radə Abbas və başqaları çıxış etmişlər.[8]

Şair Sərraf Şiruyə Vəzir Orucovun həyatı və döyüş yoluna həsr etdiyi iri həcmli "Vətən sənə oğul dedi" adlı poemasının epiloqunun ilk bəndində yazır:

İnamınla, qeyrətinlə, hünərinlə, cürətinlə,
Sən vətənin yer-göyünü öpdün, Vəzir!
Avtomatı sıxdın döşə,
Dəmir paltar geydin, Vəzir!

"Vətən sənə oğul dedi", Şiruyə Həsənoğlu[9]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[10]

  1. "Невзоров: «Самый смелый человек, которого я когда-либо знал, был азербайджанцем»". 2017-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
  2. "Невзоров: «Самый смелый человек, которого я когда-либо знал, был азербайджанцем»". 2017-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Zahidoğlu, Teymur. "Gecikmiş vertolyot, qan içində qoşa çarpayı, Novruz Bayramına şəhid payı". news.lent.az. news.lent.az. 22 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
  4. 1 2 3 4 5 "Известный российский журналист об одном из героев нагорно-карабахской войны". cbc.az. CBC. İstifadə tarixi: 29 December 2015.[ölü keçid]
  5. 1 2 3 4 ""Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm elan etdi" – Milli Qəhrəmandan AÇIQLAMA". yknews.az. yknews.az. Archived from the original on 2022-09-25. İstifadə tarixi: 17 iyun 2016.
  6. ""Vəzirin hansısa bir əməliyyatı bir əsərə bərabərdir"". etatist.com. etatist.com. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
  7. Kazımova, Solmaz. "Qəhrəmana bərabər qəhrəman... – MÜSAHİBƏ - FOTO". news.lent.az. news.lent.az. 23 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
  8. 1 2 3 Quliyev, Lazım. "Tərtərdə küçəyə Milli Qəhrəmanın adı verildi". www.anl.az. Azərbaycan (qəzet). 7. 22 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
  9. Şiruyə Həsənoğlu. "Vətən sənə oğul dedi" poeması, "Ağlama bülbül, ağlama". Bakı: Gəncə, 1994. səh. 303.
  10. "Milli qəhrəman Eldar Həsənov və Vəzir Orucovun doğum günüdür". salamnews.org. salamnews.org. 23 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
  • Şiruyə Həsənoğlu. Ağlama bülbül, ağlama. Bakı: Gəncə, 1994. ("Vətən sənə oğul dedi" poeması) səh. 246–304.
  • Sərraf Şiruyə. Tərtərin yaralı cəngavərləri. Bakı: Hüquq Ədəbiyyatı, 2006. ("Vətən sənə oğul dedi" poeması) səh. 186–254.
  • Tofiq Yusif. Ölümlə üz-üzə. Bakı: Hüquq Ədəbiyyatı, 2008. ("Əfsanəvi qəhrəman" oçerki) səh. 12–19.
  • Sərraf Şiruyə. Seçilmiş əsərləri. II cild. Bakı: Nurlan, 2008. ("Vətən sənə oğul dedi" poeması) səh. 125–204.
  • Tofiq Yusif. "MƏN"sizləşmə fəlakəti. Bakı: Nurlan, 2009, ("Əfsanəvi qəhrəman" oçerki) səh. 92–100.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: Dərələyəz-M, 2010, səh. 235–236.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]