Sen Katayama
Sen Katayama | |
---|---|
yap. 片山潜 | |
Doğum tarixi | 26 dekabr 1859 |
Vəfat tarixi | 5 noyabr 1933[1] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı, müəllim, sindikatçı[d], fermer, siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Sen Katayama (yap. 片山 潜, 26 dekabr 1859 – 5 noyabr 1933[1], Moskva) — yapon kommunisti.
Həyatı
[redaktə | vikimətni redaktə et]Rus-yapon müharibəsinin qızğın çağı idi. Port Arturu mühasirəyə almış yapon generalı Noqin qoşunları qalaya hücuma, rus ordusunun baş komandanı Kuropatkin isə bütün ordunu Lyaoyan ətrafına toplayaraq qəti döyüşə hazırlaşırdı. Əhalinin geri qalmış təbəqələri arasında hakim dairələrin apardığı militarist təbliğat nəticəsində hər iki ölkədə çirkin millətçilik əfvali-ruhiyyəsi yayılmışdı.
Elə bu vaxt, 1904-cü il avqustun 14-də Amsterdamda (Hollandiya) II İnternasionalın növbəti VI konqresi öz işinə başladı. Sədrlik edən giriş sözündən sonra nümayəndələrin nəzərinə çatdırdı ki, vuruşan ölkələrin sosialistlərinin nümayəndələrindən rus Georgi Valentinoviç Plexanov və yapon Sen Katayama müavin seçilmişlər. Bu sözlərdən sonra Rusiya və Yaponiya fəhlələrinin qardaşlıq dostluğu əlaməti olaraq Plexanov və Katayama ayağa qalxıb, bir-birinin əlini sıxdılar. Sürəkli alqışlar salonu bürüdü. Plexanov və Katayama öz yerlərinə qayıtmaq istəyirdilər, lakin alqışlar dayanmırdı. Bunu gördükdə onlar yenidən bir-birinin əlini sıxdılar və Plexanov burada iştirak edənlərin sürəkli alqışları altında yapon sosialistini quçaqlayıb öpdü.
Həmin gün Sen Katayama müharibə əleyhinə parlaq bir nitq söylədi; Klara Setkin bu nitqi ingilis dilindən alman dilinə, Roza Lüksemburq isə fransız dilinə tərcümə etdilər. Kapitalizm quruluşunun, çar Rusiyası və imperialist Yaponiyası hökumətlərinin cinayətkar siyasətinin qurbanı olan rus və yapon zəhmətkeşlərinin bir-birinə dərin rəğbətini ifadə edən bu nitqin məzmunu konqresin qətnaməsi üçün əsas götürüldü. Proletar həmrəyliyinin Amsterdamdakı nümayişi böyük beynəlxalq rəğbət qazandı. Həmin günlərdə Sen Katayamanın adı Avropa qəzetlərinin səhifələrindən düşmürdü.
Sosialistlərin beynəlxalq konqresdə bu cür səmimi görüşü haqqındakı xəbər Yaponiyada böyük səs-küyə səbəb oldu. Mütərəqqi qəzet olan "Xeymin simbun" ("Xalq qəzeti") həmin günlərdə belə yazırdı: "Əziz oxucular! Nəzərə alın ki, bu görüş, böyük bir hadisə, böyük əhəmiyyətə malik olan bir fakt kimi uzun illər dünya sosialist hərəkatı tarixinin səhifələrinə yazılacaqdır, çünki burada sadəcə olaraq Katayama familiyalı bir nəfər Plexanov familiyalı başqa bir nəfərin əlini sıxmamış, burada Yaponiya və Rusiya sosialist partiyaları öz elçiləri vasitəsilə bir-birinin əlini sıxmışdır". Bu qəzet hərbi döyüşlərin lap ilk günlərindən etibarən müharibəyə qarşı mövqe tutmuşdu. Hələ 1904-cü il martın 13-də qəzet "Rusiyanın sosialist partiyasına!" adlı bir müraciət çap etmişdi. Həmin müraciətdə ümumi düşmənə qarşı mübarizədə rus və yapon proletarlarının mənafe birliyi göstərilir və müharibə əleyhinə birgə mübarizə aparmağa çağırılırdı. Müraciətdə deyilirdi: "Biz sosialistlər üçün nə irqi, nə ərazi, nə də milli fərq yoxdur. Siz ilə biz yoldaşıq, qardaşıq, bacıyıq. Bizim sizinlə müharibə etməyimizə heç bir əsas yoxdur. Sizin düşməniniz yapon xalqı deyil, bizim militarizm, burjua vətənpərvərliyidir. Bizim düşmənimiz isə,–rus xalqı deyil, sizin millitarizm və burjua vətənpərvərliyidir". 1904-cü ildə 1 May beynəlxalq proletar həmrəyliyi günü RSDFP-nin "İskra" qəzetində həmin müraciətə cavab məktubu dərc olunmuşdu. "İskra" yazırdı: "Bu müraciət tarixi əhəmiyyəti olan bir sənəddir. –Bir halda ki, rus sosial-demokratları müharibə vaxtı özlərinin nə kimi çətinlikləri aradan qaldırdıqlarını yaxşı bilirlər… onda onlar yadda saxlamalıdırlar ki, öz ölkəsinin milli oyanması bəlkə də ən yüksək dərəcəyə çatdığı bir anda bizə nümayiş tərzilə əl verən yapon yoldaşların vəziyyəti daha ağırdır. İki ölkənin şovinizmində onların səsi ən yaxşı aləmin əks-sədası kimi səslənir, bu aləm isə şüurlu proletariatın hələ yalnız zehnindədir, amma sabahkı gün gerçəkliyə çevriləcəkdir", "İskra"nın cavab məktubunu "Xeymin simbun" bütünlüklə çap eləmişdi.
Beləliklə, altmışdan çox il bundan əvvəl Rusiya proletariatı ilə Yaponiya proletariatı arasında heç kimin heç bir vaxt qıra bilməyəcəyi beynəlmiləl əlaqə yaranıb genişləndi, iki qonşu ölkə zəhmətkeşlərinin qardaşlıq və əməkdaşlığının şanlı ənənələri yarandı və inkişaf etdi.[3]
İlk addım
[redaktə | vikimətni redaktə et]1859-cu il dekabrın 3-də Yaponiyanın ən böyük adası olan Xonsyunun (Okayama prefekturasının Kumetyo qəzasındakı Yuqe qəsəbəsinin indiki hissəsi) cənubundakı Mimasaka əyalətinin Xadeqi dağ kəndində yaşayan Kunixey Kayoun ikinci oğlu oldu, ona Suqataro adı qoydular. Yaponiyada olan adətə görə kiçik oğula atadan miras çatmır, o zaman Suqataronun anasının ailəsində oğlan uşağı olmadığı üçün ailənin familiyasını daşıyacaq adam yox idi. Ona görə ana özünün Yabuki qızlıq familiyasını Suqataroya vermək istədi[4].
Oğlan dörd yaşına çatanda doğma atası rahibliyə getdi. Suqataro Yabukinin tərbiyəsi ilə çox ağıllı bir adam olan, öz vəzifəsini yaxşı bilən, ədalətli ulu babası Kitidzaemon məşğul oldu. Kitidzaemon altmış ildən artıq kəndxudalıq etmiş, kəndlilərin mənafeyini cəsarətlə qorumuş və bununla da onların rəğbətini qazanmışdı. Onun uşağa böyük təsiri olmuşdur.
Suqataronun uşaqlığı Tokuqavanın feodal üsulu şəraitində keçmişdi. Uşaq lap kiçik yaşlarından həyatda hökm sürən ədalətsizliyi, qəddarlığı və zülmü öz gözü ilə görmüşdü. Onun gözü qarşısında 1868–1869-cu və 1873-cü illərdə yerli hakimiyyət orqanlarının töycü və xəyanətindən cana doymuş həmkəndlilərinin və qonşu kəndlilərin üsyanı baş vermişdi. 1873-cü ilin kəndli hərəkatında Suqataronun böyük qardaşı və əmisi də iştirak edirdi. Qardaşı bir ilə yaxın həbsxanada qaldı. Bütün bu hadisələr uşağın hafizəsinə həkk oldu və onun şüurunun formalaşmasına təsir elədi.
Suqataro ənənəvi sxolastik qayda üzrə yeddi yaşından oxumağa başlamışdı. Yerli sintoist məbədlərin keşişləri qədim kitablardan ona xəttatlıq və oxumaq öyrədirdilər. Başa düşmədiyi mətnləri əzbərləmək uşağın zəhləsini tökmüşdü, ona görə oxumağı davam etdirə bilmədi. O bir neçə ildən sonra yaxınlıqda açılmış qabaqcıl qayda ilə dərs keçilən yeni ibtidai məktəbə daxil oldu. Orada fənlər həyatla əlaqədar olduğu üçün uşağı çox maraqlandırır. O, burada özünə yoldaşlar tapır. Bu zaman Suqataronun qardaşı hökumət əleyhinə çıxışlarda iştirak etdiyi üçün həbs olunur, anası köməksiz, yalqız qalır. Cəmi yüz günə qədər oxumağına baxmayaraq, Suqataro məktəbi buraxmalı olur,
lakin məktəbdə oyanmış oxumaq həvəsi tükənmədi. Səhərdən axşamadək kənd işləri ilə məşğul olan yeniyetmə qəti bir inadla müstəqil mütaliə ilə elə müvəffəqiyyət qazandı ki, nəticədə onu 1877-ci ilin payızında Yuqe qəsəbəsi ibtidai məktəbinin müəllimi özünə köməkçi götürdü və birinci sinfin şagirdləri ilə məşğul olmağı ona tapşırdı. Bir ildən sonra gənc ilk dəfə öz kəndindən kənara çıxaraq, başqa məktəbdə işləməyə getdi. Bu, müstəqil həyatın başlanğıcı oldu. Suqataro əldə etdiyi biliyin çox az olduğunu başa düşərək, müntəzəm təhsil almağı qarşısına bir məqsəd qoydu. 1880-ci ildə o, Okayama şəhərinin müəllimlik seminariyasına daxil olur. Suqataro burada ilk dəfə olaraq kollektiv çıxışda–iaşənin pis olduğuna qarşı etirazlarını bildirən tələbələrin tətilində iştirak edir.
Seminariyada bir il oxuduqdan sonra gənc Katayama iş axtarmaq və biliklər öyrənmək üçün Tokioya getməyi qət edir. Bu, çətin vaxt idi. Əvvəlcə o, Sekibunsya mətbəəsində yardımçı fəhlə olur, sonra isə mürəttib ixtisasına yiyələnir. Tez-tez işini dəyişməli olur. Üç il doyunca çörək yemədən gündə 10 saat işləyərək ayda iki gün istirahət etməsinə baxmayaraq, o yenilməz bir təkidlə axşamlar və gecələr kitab və dəftərlə əlləşir–oxuyur yazır, müxtəlif elmləri öyrənir.
Sen Katayama, məhz bu zaman mövcud quruluşu dəyişmək uğrunda, yapon xalqının xoş gələcəyi uğrunda mübarizə aparmaq lüzumunu dərk etməyə başladı. Onu bu işə, müəllimi R. Okanın tarixə dair əsərlərindən tərcümeyi-hallarına bələd olduğu 1868-ci il Meydzi[5] inqilabının görkəmli xadimlərinin surətləri ruhlandırırdı.
Sonralar Sen Katayama "Keçilən yol" memuarında yazmışdı: "Mövcud qayda-qanunlara qarşı məndə daxilən etiraz hissi oyandı. İnqilab dövrünün xadimləri Tokuqavın istibdadından hiddətləndikləri kimi, mən də hökumətin təcavüzkarlığından hiddətlənmişdim… Bundan əlavə mən inqilabi fəaliyyət həsrətinə düşdüm. İnqilab dövründə göstərilən şücaətlər məni ruhlandırırdı, onun xadimlərini mən fədakar və qəhrəman hesab edirdim, buna görə də onları təqdis edir və surətlərini təsəvvürümdə daha artıq canlandıraraq, hakim bürokrat güruhla müqayisə edirdim". Katayama ali təhsil almaq arzusu ilə, həm də mübarizəyə yaxşı hazırlaşmaq üçün 1884-cü ilin noyabrında Birləşmiş Ştatlara gedir; əlbəttə, bu zaman onun demək olar bir qara qəpiyi də yox idi. Katayama okeanın o tərəfində on iki ildən artıq vaxt keçirir. Burada daha nə işlər görmür: paltaryuyan, süpürkəçi, gəmi yuyan, muzdur, aşpaz və mürəttib olur. Bu, "rəngli mühacir" hər şeyə–işsizliyə, aclığa, həyasız irqçilərin təhqirinə məruz qalır, Kapitalist istismarının və irqi ayrı-seçkiliyin bütun əzab və əziyyətini çəkmiş Katayama bütün ömrü boyu zəncilərin və Birləşmiş Ştatların əmək adamlarının mənafeyini müdafiə etmiş və onların dostu olmuşdur.
Katayamanın polad iradəsi bütün bu çətinlikləri aradan qaldırmışdı. 1892-ci ildə o, Qrinel kollecini bitirib əvvəlcə bakalavr, sonra isə incəsənət magistri rütbəsi alır. Bu illərdə o, ictimai məsələlərlə, zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün mübarizə yolları axtarmaqla ciddi məşğul olmağa başlayır. 1894-cü ilin yazında Katayama bir dəstə tələbə ilə İngiltərəyə üç aylıq səfərə çıxır, bu ölkənin fəhlə hərəkatı ilə tanış olur, onun görkəmli rəhbərlərindən–Tom Mannla, Con Bernslə, Keyr Hardi ilə görüşür.
ABŞ-a qayıdaraq, Katayama, təhsilini artırmaq üçün yenidən hər cür işdə işləməkdən çəkinmir. 1895-ci ildə Katayama İyel universitetini də bitirməyə müvəffəq olur. Katayamanın dediyinə görə o, burada "ancaq ictimai məsələlərlə məşğul olmuşdur". Nəhayət, 1896-cı ildə Sen Katayama Yaponiyaya qayıdır.
Yaponiya fəhlə və kommunist hərəkatının təşkilatçısı və rəhbəri
[redaktə | vikimətni redaktə et]Bu dövr, Yaponiya sənayesinin çoşqun inkişaf dövrü idi. Muzdla işləyənlərin sayı sürətlə artır, müasir proletariat təşəkkül tapırdı. İlk fəhlə təşkilatları meydana gəlir, yapon proletarları öz hüququ uğrunda, hər şeydən əvvəl, əmək şəraitinin yüngülləşdirilməsi uğrunda mütəşəkkil mübarizəyə qalxmağa başlayırdı.
Əgər 1882-ci ildə elan edilmiş "Əmək üzərində nəzarət" qanunu hesaba alınmazsa, bu illər Yaponiyada əmək qanunları yox idi. Həmin qanun isə iş gününün "qısa fasilə ilə səhərdən ta qaranlıq düşənədək" davam etməsini nəzərdə tutur, təkcə yeni il bayramı gününü və müəssisənin yaradıldığı günü iş günü hesab etmirdi. Bu qanuna əsasən sahibkarlar öz mülahizəsinə görə hətta həmin "iş gününü" uzada da bilərdilər. Yapon fəhlələri olduqca az əmək haqqı alır və heç bir siyasi hüquqlara malik deyildilər. Ağır həyat şəraiti, amansız istismar və hüquqsuzluq fəhlələrin daim hiddət və etirazına səbəb olurdu. Yapon proletarlarının 70–80-ci illərdəki kortəbii çıxışları göstərirdi ki, onların yenicə meydana çıxmış təşkilatçılarının siyasi görüşləri hələ çox dolaşıqdır.
Sen Katayama bütün öz həyatını Yaponiya fəhlə sinfinin azadlığı işinə həsr etmək arzusunda idi; lakin ona şəraitdən baş çıxarmaq və düzgün mübarizə yolu seçmək üçün bir qədər vaxt tələb olunurdu.
Sen Katayama vətənində özünün ictimai-siyasi fəaliyyətinə, sosiologiyaya və müxtəlif ölkələrin fəhlələrinin hüquqları uğrundakı mübarizələrinə dair çap etdirdiyi bir neçə məqalə ilə başladı. Sonralar o, ilahiyyat doktoru Qrinin köməyi ilə 1897-ci ildə Tokionun Kand küçəsində "Kinqsli-Kan" ("Kinqsli Evi") adı ilə bir maarif idarəsi açır. Qrinin fikrincə bu idarə xristian-xeyriyyəçilik xarakteri daşımalı idi, O zaman hələ bəzi xülyaları aradan qaldırmayan Katayama bu idarə ilə əməkdaşlıq edirdi,
lakin Katayama tez bir zamanda başa düşdü ki, zəhmətkeşlərin vəziyyətini bu metodla yüngülləşdirmək mümkün deyildir. O öz görüşləri ilə Qrindən uzaqlaşdı və daha Qrin "Kinqsli-Kan"a kömək etmədi. Sonralar Katayama yazmışdı: "Ağır həyat məktəbi keçdiyimdən, qəpik-quruşla oxuduğumdan məni fəhlə məsələsi sarsılmaz bir etiqadla özünə cəzb etdi və sonra bütünlüklə fəhlə hərəkatına qoşuldum, bu mənim həyati işim oldu". "Kinqsli-Kan" işinin məzmunu dəyişilməyə başladı. Orada ictimai məsələlərə dair mühazirələr oxunur, sonralar isə zəhmətkeşlər üçün axşam məktəbi və ingilis dilini öyrənən axşam kursları açılır, gənclər klubu təşkil edilir, siyasi məruzələr oxumaqla fəhlə bayramları keçirilir, hətta fəhlə qadınların uşaqları üçün bağça da açılır. "Kinqsli-Kan"ın bütün bu çoxcəhətli fəaliyyətinə Katayama rəhbərlik edir. Katayama şəhərin yaxınlığındakı müəssisələrdə–hərbi-dəniz donanmasına xidmət edən Koisikavo artilleriya zavodunda, Akabane cəbbəxanasında və zavodlarında işləyən fəhlələr arasında maarif məsələsinə xüsusi diqqət verirdi.
Yapon-Çin müharibəsindən sonra[6] 90-cı illərin sonu sanayenin coşqun yüksəlişi ilə əlamətdardır. Ən zəruri ərzaq məhsulları qiymətinin durmadan artması yapon fəhləsnnin vəziyyətini daha da ağırlaşdırdı. Eyni zamanda proletariatın siyasi şüuru artdı, ölkədə ilk etiraz mitivqləri keçirildi. "Kinqsli-Kan"ın rəhbəri olmaq etibarı ilə Sen Katayama xatırlayır ki, mən hələ rəsmi qulluq sahibi deyildim, müəyyən vəzifəm, natiqlik istedadım yox idi, fəhlə məsələsini bilən adam hesab olunmurdum, buna baxmayaraq, harada fəhlə məsələsinə, yaxud ictimai problemlərə dair bir yığıncaq və ya mitinq olanda, məni oraya çağırıb danışmağımı xahiş edirdilər. Beləliklə, mən fəhlələr arasında tədriclə məşhurlaşdım və fəhlə məsələsi üzrə mütəxəssis hesab olundum.
1897–1898-ci illərdə tətil hərəkatı Yaponiyanı bürümüşdü. Zəhmətkeşlər təşəkkülə, həmkarlar ittifaqları yaratmağa başladılar. Sen Katayama 1898-ci ilin iyulunda Fusataro Takano, Xannosuke Savada və başqaları ilə birlikdə "Həmkarlar ittifatları təşkilatına yardım cəmiyyəti" ("Rodo kumiay kiseydomeykay") yaratdılar.
Cəmiyyət aşağıdakı vəzifələri qarşısına qoymuşdu: fəhlə həmkarlar ittifaqları və kooperativləri təşkil etmək, fəhlələr arasında həmrəylik və birlik yaratmağa nail olmaq, zəhmətkeşlərin hüquqlarını qorumaq və genişləndirmək.
Katayama və onun yoldaşları ölkənin bir çox sənaye mərkəzlərinə gedərək, fəhlələri birləşməyə çağırır və xeyli muvəffəqiyyət qazanırlar. 1897-ci il dekabrın 1-də Metalçılar İttifaqı ("Tekko kumiay") təsis olunur, tezliklə onun üzvlərinin sayı min nəfərə çatır. Həmin gün böyük mitinq-nümayiş keçirilr, Metalçılar ittifaqının və "Həmkarlar ittifaqları təşkilatına yardım cəmiyyəti"nin orqanı olan "Rodo sekay" ("Fəhlə dünyası") qəzetinin birinci nömrəsi çapdan çıxır. Yaponiyada ilk dəfə çap olunan fəhlə qəzetinin redaktoru Sen Katayama olur. Bu qəzetin əhəmiyyəti Yaponiyanın sərhədlərindən kənara çıxır. Onun hər nömrəsində ingilis dilində xüsusi şöbəsi olmuşdur. Belə ki, xaric üçün "Rodo sekay" Yaponiya fəhlə hərəkatından məlumat verən qiymətli bir mənbə olmuşdu.
Əvvəllər də xalqın azadlığı və demokratik hüquqları uğrunda sol burjua liberal hərəkatının bəzi xadimləri xalq kütlələrini təşkil etməyə cəhd göstərmişlər, lakin fəhlə sinfinin rəhbərliyi altında zəhmətkeşlərin təşkilatlarını yaratmaq uğrunda ilk dəfə Sen Katayama çyıxış etmişdir.
Həmin illərdə Katayama ictimai məsələlərə dair ədəbiyyatı ciddi surətdə öyrənməyi davam etdirirdi. O, 1898-ci ildə, sosializm təliminin yeganə doğru təlim olduğu əqidəsinə gəldikdən sonra, "Sosializmn öyrənən cəmiyyət"in ("Syakaysyuqi kenkyukay") təşkilatçılarından biri olmuşdur, doğrudur, bu cəmiyyətin məqsədi yalnız "sosialist ideyalarını öyrənməklə" məhdudlaşmışdı. Katayama həmin illərdə tred-yunionizmlə qəti əlaqəsini kəsib, sosializm mövqeyinə keçdi. 1899-cu ilin iyulunda Katayama Tokionun Kanda rayonunda fəhlələrin yığıncağında "Sazişçilik və sosializm" mövzusuna dair çıxışında o zaman Yaponiya fəhlə hərəkatında meydana gələn islhatçılıq cərəyanını tənqid etdi. Onun bu nitqi "Rodo sekay" qəzetinin 46-cı nömrəsində dərc olundu və ölkənin fəhlə hərəkatı rəhbərlərinə böyük təsir bağışladı.
1900-cü ildə "Sosialist ittifaqı" ("Syakaysyuqikyokay") yaradıldı, bu ittifaq islahatçılardan və burjua liberallarından ayrılmaq yolunda irəliyə doğru qəti addım atdı. İttifaqın fəaliyyətində Katayama fəal rol oynadı. "Sosialist ittifaqı" çoxlu fəhlə yığıncaqlarını və mitinqlərini keçirdi, Yaponiyada sosializm ideyasının təbliğinə və sosial-demokrat partiyasının yaranmasına hazırlığa xeyli kömək etdi. Sen Katayamanın rəhbərlik stdiyi fəhlə qəzeti "Rodo sekay" sosializm ideyalarını müntəzəm surətdə təbliğ etməyə başladı. Belə ki, 1900-cü ilin bir may nömrəsində "İctimai islahatlar və inqilab" adlı məqalə dərc olundu. 1901-ci ilin martında mütərəqqi jurnal "Rikuqo dzaesi" ("Kainat") Sen Katayamanın "Kapital" və onun müəllifi K. Marks" adlı məqaləsini dərc etdi. Katayama elə o zaman "Mənim sosializmim" adlı kitabçasını buraxdı, o burada, əməklə kapital arasında qəti toqquşmanın labüdlüyünü əvvəlcədən söylədi və Yaponiyada sosial-demokrat partiyası yaratmaq lüzumunu qeyd etdi. Ölkədə ümumi seçki hüququ uğrunda geniş hərəkat başlanmışdı. 1890-cı ildə Yaponiya parlamentinə keçirilən ilk seçkilərdə senz və başqa məhdudiyyətlər üzündən seçicilərin sayı ölkə əhalisinin bir faizindən çox olmadı. Katayama da bu hərəkatda fəal iştirak etdi və 1899-cu ildə ümumi seçki hüququ uğrunda mübarizə ittifaqının ("Futsu senkyo kisey domeykay") katibi seçildi.
Beləliklə, feodal kəndindən çıxaraq proletariatın sıralarına qoşulmuş, kapitalizm istismarının və irqçiliyin bütün ağırlığını öz üzərində sınayaraq uzun ideoloji axtarışlar yolu keçmiş bir kəndli oğlu keçən əsrin sonunda Yaponiya fəhlə hərəkatının görkəmli rəhbərlərindən və sosializm ideyasının təbliğatçılarından biri oldu. Onun səmərəli fəaliyyəti beynəlxalq aləmdə etiraf edildi: 1900-cü ildə II İnternasionalın Paris konqrösinin qərarı ilə Sen Katayama qiyabi olaraq Sosialist İnternasionalı İcraiyyə Komitəsi Bürosunun üzvü seçildi. 1901-ci ilin mayında Sen Katayama ilk dəfə Yaponiya Sosial-demokrat partiyası (Syakay Minsyuto) yaratmaq təşəbbüsündə iştirak etdi. Partiya proqramının çox mülayim olmasına ("qanun çərçivəsində mübarizə") baxmayaraq yaradıldığından iki saat sonra hökumət orqanları tərəfindən qadağan edildi.
1903–1904-cü illərdə Sen Katayama o zaman Yaponiyada mütərəqqi ictimai fikirlərin uzlaşdığı keçmiş "Xeymin simbun" qəzetində əməkdaşlıq edirdi. Yapon imperializminin çar Rusiyası ilə müharibə hazırladığı illərdə Sen Katayama öz yoldaşları ilə ölkəni gəzərək hər yerdə subut edir, inandırırdı ki, yapon xllqına müharibə lazım deyil, bu onu yalnız yeni müsibətə salacaq, dağıntı və yeni qurbanlara səbəb olacaqdır. Sen Katayama rus-yapon müharibəsi əleyhinə bu cür cəsarətlə çıxış etdiyi II İnternasionalın Amsterdam konqresindən qayıtdıqdan sonra müharibə əleyhinə fəaliyyətini daha da artırdı. Rus-yapon müharibəsi yapon zəhmətkeşlərinin vəziyyətini o qədər pisləşdirdi ki, bir neçə yerdə açıq çıxışlar başlandı. Burada, şübhəsiz 1905-ci il rus inqilabının təsiri də hiss olunurdu. Sinfi mübarizənin olduqca kəskinləşməsi Yaponiya sosialistləri sıralarında olan ayrılmanı gücləndirdi, bununla da zəhmətkeşlər partiyası yaratmağın qəti lüzumu meydana çıxdı. 1906-cı ilin fevralında Sen Katayamanın iştirakı ilə Yaponiya Sosialist partiyası (Nippon Syakayto) yaradıldı. Partiya açıq iş aparmaq imkanlarını saxlamaq məqsədilə, bir hissəsi 1901-ci ildə qadağan edilmiş Sosialist Demokrat partiyasının proqramından götürülən çox mülayim bir praqram elan etdi. Katayama yeni partiyanın MİK üzvü seçildi.
1907-ci ilin iyunundan 1911-ci ilin avqustunadək Sen Katayama müntəzəm olaraq səhifələrində sooializm ideyalarını yayan həftəlik "Syakay simbun" qəzetini redaktə edirdi. Zəhmətkeşlərin amansız surətdə istismar olunub əzilməsindən konkret faktlar gətirərək qəzet, fəhlələrin sinfi şüurunu oyadır, cəmiyyəti yenidən qurmaqdan ötrü mübarizə etmək üçün həmkarlar ittifaqlarında və siyasi partiyalarda birləşmək lüzumunu sübut edirdi. 1907-ci ilin iyunundan 1908-ci ilin iyununadək təkcə bircə il ərzində qəzetin 45 nömrəsində Sen Katayamanın imzası ilə 21 məqalə dərc olundu. Bu vaxt ərzində qəzetin redaksiyası Tokioda zəhmətkeşlə rüçün 78 yığıncaq keçirdi, onun əməkdaşları isə əyalətlərə 150 dəfədən çox səfər etdilər: bu səfərlərin müntəzəm iştirakçısı olan Sei Katayama, bir qayda olaraq, dolğun məruzələrlə çıxış edirdi. Sen Katayama, o zaman Yaponiya fəhlə hərəkatında güclənməkdə olan islahatçı və anarxo-sindikalist cərayanın sosialist hərəkatı üçün necə təhlükəli olduğunu aydın təsəvvür edirdi. O, xüsusilə, görkəmli publisist olan Dendziro Kotokunun əleyhinə qəti çıxış edirdi. Dendziro Kotoku zəhmətkeşlər arasında siyasi və təşkilatçılıq işinə əhəmiyyət vermir, onların gündəlik mənafeyi uğrunda apardıqları mübarizənin vacib olduğunu başa düşmür, "Kapitalistlər sinfini məhv etmək üçün müstəqim hərəkət", "dərhal ümumi tətil keçirmək", "parlament seçkilərində iştirakdan imtina etmək" kimi avantürist şüarlar irəli sürürdü.
Fəhlə və sosialist hərəkatı yüksəlişindən qorxuya düşən yapon irticası hücuma keçdi. 1910-cu ildə polis imperatora gizli sui-qəsd hazırlanması haqqında uydurma bir iş düzəltdi. Bu işə görə məhkum olunmuş on iki nəfər, o cümlədən Dendziro Kotoku və onun yazıçı arvadı Suniko Abe 1911-ci il yanvarın 24-də edam olundu. Fəhlə təşkilatları aramsız surətdə təqib olunmağa başlandı. Yapon sosialistlərinin qalan yeganə orqanı "Syakay simbun" ayda yalnız bircə dəfə çıxmağa məcbur oldu. Buna baxmayaraq qəzetdə Sen Katayamanın əvvəlki kimi yenə də elmi sosializmin problemləri haqqında məqalələri buraxılırdı. 1911-ci ildə "Syakay simbun" qəzetinin redaktoru olmaq etibarı ilə Dendziro Kotokunun ölümündən sonra onun "İsanı danmaq" əsəri haqqında böyük rəy çap etdiyi üçün Sen Ka tayamanı cinayət məsuliyyətinə cəlb edirlər. Terror və cəza tədbirləri mərd mübarizi qorxutmadı. 1911-ci ilin sonunda Sen Katayama yeni ildən əmək haqqının artırılmasını tələb edən tramvay sürənlərin tətilini təşkil etdi. 1912-ci il yanvarın 1-də Tokioda bir tramvay vaqonu da yola çıxmadı. Amansız irtica dövründə imperialist Yaponnyasında altı minədək adamın iştirakı ilə başlanan bu tətil bir neçə gün davam etdi. Paytaxt polisi qəzəblənib özündən çıxdı. Tətilin bütün rəhbərləri dərhal həbs olunub, məhkəməyə verildi. Prokuror hiddətlə Sen Katayamanın üstünə düşərək, ona ən ağır cəza verilməsini tələb edirdi, çünki o guya, "qoyun dərisi geymiş pələng kimi təhlükəlidir". Tokio tramvayçılarının tətili haqqında bütün Yaponiyada geniş fikir söyləndi, onun barəsində xaricdə yazdılar. Məhz elə buna görə də onun rəhbərləri haqqında çıxarılan hökm amansız oldu. Məhkəmə Sen Katayamanı və onun 60 yoldaşını uzunmüddətli həbs cəzasına məhkum etdi. Sen Katayama Tokio həbsxanasının İtaqaya siyasi məhbusları üçün olan biradamlıq kamerində çox ağır şəraitdə doqquz aya yaxın qaldı. Katayama sonralar xatırlayırdı: "Həbsxanada mən çox ağır kədərli dəqiqələr keçirməli oldum. Gecədən xeyli keçmiş nəzarətçilər bir məhbusu işgəncə kamerinə dartıb aparır, orada onu bambuq ağacı ilə, yaxud qırmancla döyürdülər. Döyülən isə qışqırırdı. O, əvvəl çox bərk qışqırırdı, getdikcə səsi yavaşıyırdı, axırda isə yalnız anlaşılmaz bir səs gəlirdi…" Belə şəraitdə Katayama öz üzərində ciddi surətdə çalışaraq, siyasi təhsilini artırırdı. O, burada Marksın "Kapital"ını dərindən öyrənmiş və özünün tərcümeyi-halını yazmış, sonralar, 1930–1931-ci illərdə onu yenidən işləyib tamamlamışdır[7].
Habsxanadan çıxdıqdan sonra Katayama siyasi və ədəbi fəaliyyət göstərmək imkanından məhrum olmuşdu. Katayama o dövr haqqında belə yazırdı: "Mənimlə ən təhlükəli bir adam kimi rəftar edirdilər. Məni hər addımbaşı elə təqib edirdilər ki, fəhlə hərəkatında qətiyyən iştirak edə bilmirdim". Hər dəqiqə yeni bir cəza, həbs və hətta həbsxanada gizli qətl gözləmək olardı. 1914-cü ildə Sen Katayama Yaponiyanı yenidən tərk edib, xaricə getməyə məcbur oldu. Katayama öz ölkəsi xaricində olmasına baxmayaraq Yaponiya sosialist və fəhlə hərəkatı ilə sıx əlaqə saxlayırdı. O, Birləşmiş Ştatlarda olan yaponlar arasında böyük iş aparmış, yapon sosialist qrupu təşkil etmiş, yapon və ingilis dilində "Xeymin" adlı qəzet buraxmışdır ki, bu da 1919-cu ilin ortalarınadək Nyu-Yorkda çap olunmuşdur.
Sen Katayama Birləşmiş Ştatlarda rus mühacirləri RSDFP üzvləri V. Volodarski, A. M. Kollantay, L. K. Martens və başqaları ilə sıx əlaqə yaratmışdı. Katayama Simmervald və Kintal konfransları haqqında onlardan xəbər tutmuşdu.
Bu konfransların qərarlarının təsiri altında Katayama öz qəzetində müharibə əleyhinə geniş təbliğat aparmış, eyni zamanda ABŞ-nin sol sosialist hərəkatında iştirak etmişdir. Kommunist İnternasionalı yaradıldıqdan sonra Sen Katayama onun işinə fəal surətdə qoşuldu. ABŞ-da və Latın Amerikasında bir sıra məsul tapşırıqlar yerinə yetirdi. O, xüsusən Birləşmiş Ştatlarda, Msksikada və Kanadada kommunist partiyası yaranmasına yaxından kömək etdi. Kommunist İnternasionalı İcraiyyə Komitəsinin Rəyasət heyəti Sen Katayama hapqında verdiyi nekroloqda belə yazmışdı: "Monarxist quldurlar dəstəsinin, mülkədar və kapitalistlərin, qondarma milli mənafe bayrağı altında daim zəhmətkeşlər hesabına varlandıqları bir ölkənin oğlu Sen Katayama həmişə proletar beynəlmiləlçiliyi uğrunda çarpışan namuslu və fədakar mübariz olmuşdur… Tale onu hansı sahəyə atırdısa, o çalışdığı hər yerdə kapitala qəti nifrətini, proletarların beynəlmiləl birliyini kütlələrə təbliğ edirdi". Sen Katayama Böyük Oktyabr inqilabını sevinclə qarşıladı. Onun "Xeymin" qəzeti dərhal rus inqilabına tərəfdar çıxdı, sonra isə sovet Uzaq Şərqində xarici hərbi müdaxiləni qətiyyətlə pislədi. Katayama Oktyabr inqilabının beynəlxalq əhəmiyyəti haqqında doğru fikrin yayılmasında böyük iş gördü. Böyük Oktyabrın təcrübəsini dərindən öyrənib yaymaq üçün Katayama V. İ. Leninin "Dövlət və inqilab" əsərini ingilis dilindən yapon dilinə tərcümə etdi.
Sen Katayama 1921-ci il dekabrın 14-də Sovet Rusiyasına gəldi. Burada onun coşqun fəaliyyəti geniş vüsət aldı. Dekabrın 19-da, o, artıq Kominternin nümayəndələrindən biri kimi RK(b)P-nin XI Ümumrusiya konfransını təbrik etdi. Bir az sonra, 1922-ci ilin yanvarında, o, Uzaq Şərq kommunist və inqilabi təşkilatlarının I qurultayının xitabət kürsüsündə göründü. Onun məruzəsi Yaponiyanın siyasi-iqtisadi vəziyyətinə və bu ölkənin fəhlə hərəkatının inkişafına həsr olunmuşdu.
Katayama dedi ki, Oktyabr inqilabı Yaponiyaya böyük təsir göstərmişdir, onun bilavasitə təsiri nəticəsində 1918-ci ilin avqust-sentyabr aylarında Yaponiya fəhlələrinin, kəndli və şəhər yoxsullarının "düyü üsyanı" deyilən kütləvi tətili başlanmış və bu tətillərdə təxminən 10 milyona yaxın adam iştirak etmişdir. Katayama öz məruzəsində qeyd etdi ki, nümayəndələrin təmsil etdiyi Koreya, Monqolustan, Yava və Yaponiyanın proletarları başa düşürlər ki, onların yeni imperialist müharibəsində bir-birini qırması çox böyük bir səhv olardı. Sen Katayama, sovet Uzaq Şərqində müdaxilədə iştirak edən yapon soldatları arasında müharibə əleyhinə təbliğat aparmağa böyük əhəmiyyət verirdi. Bu təbliğat yapon sosialistlərinin köməyi sayəsində yaxşı nəticə verdi. Beləki, 1920-ci ilin əvvəlində Pervaya Reçka rayonunda (Vladivostokun yaxınlığında) bütöv bir yapon rotası komandirlərinin əmrini yerinə yetirməkdən imtina etdi. Soldatlar poqonlarını qoparıb, qırmızı bant bağladılar. Rotanın soldatlarını zirehli "Mikasa" gəmisində dənizə çıxarıb güllələdilər. Başqa yerlərdə də yapon soldatları dəfələrlə Qızıl Ordu tərəfinə keçmişdilər. 1922-ci ilin may-iyun aylarında Katayama Sibirə səfərə çıxdı, bir həftəyə qədər Çitada qalıb, bir neça vərəqə yazdı; bunlar yapon soldatlarını Yaponiyaya qayıtmağa, Sovet Rusiyası fəhlə və kəndlilərinə qarşı vuruşmaqdan imtina etməyə çağırırdı. Bu aydın və anlaşıqlı vərəqələr yapon qoşunları arasında böyük təsir bağışladı və şübhəsiz onların müdaxiləyə qarşı narazılığını daha da gücləndirdi. Böyük Oktyabr inqalabı Yaponiyada fəhlə hərəkatının inkişafına güclü təkan verdi. Bir neçə kommunist qrupu meydana gəldi, bunlardan 1922-ci il iyulun 15-də Tokioda gizli təsisedici qurultayda Yaponiya Kommunist Partiyası yaradıldı. Sen Katayama YKP-nin yaradıcılarından və tanınmış rəhbərlərindən biri idi. O, ömrünün sonunadək Kominternin İcraiyyə Komitəsinə YKP-ni təmsil etmişdir.
Öz vətənindən uzaqda olmasına baxmayaraq Sen Katayama onun mənafeyi və mübarizəsi ilə yaşayır, qəzet və jurnallarını öyrənir, Yaponiyadan alınan məktubları diqqətlə oxuyur, oradan gələn yoldaşlarla uzun müddət söhbət edirdi. Katayama Şərq zəhmətkeşləri Kommunist Universitetinin yapon şöbəsində oxuyan tələbələr arasında böyük tərbiyə işi aparır, ABŞ və başqa ölkələrdə yaşayan yaponlarla əlaqə yaradırdı. YKP-nin gizli orqanı olan "Sekki" ("Qırmızı bayraq") qəzeti müntəzəm olaraq Sen Katayamanın məqalə və məktublarını çap edirdi. O, 1932-ci ilin avqustunda qəzetdə çap olunmuş son məktublarının birində, budur, belə yazırdı: "Mən məhkum və nəsibsiz Yaponiyanı bir gün belə unutmuram. Mən sizin mübarizənizi, bütün gücünü mülkədar və kapitalistləri yıxıb, Sovet Yaponiyası qurmağa sərf edən proletariatın yeganə partiyası olan Kommunist partiyasının rəhbərliyi altında apardığımız mübarizəni heç vaxt unutmuram". Kominterndə işləyərkən Sen Katayama beynəlxalq fəhlə və kommunist hərəkatı təcrübəsini, inqilabi ənənələri və yapon proletariatının mübarizə dərslərini dərindən öyrənir və Yaponiya Kommunist Partiyasını möhkəmlətməkdə bu təcrübədən istifadə edirdi. O, Yaponiya Kommunist Partiyasının həyata keçirdiyi vəzifələri beynəlxalq kommunist hərəkatının ümumi məsələləri ilə əlaqələndirməyi bacarırdı. Katayama YKP-nin fəaliyyətini daim marksizm-leninizm yoluna yönəldir, partnyanın sıralarında olan sağ və sol opportunistləri qəti surətdə ifşa edir, Yaponiya zəhmətkeşlərinin beynəlmiləlçilik əlaqələrini genişləndirirdi. YKP ilə Sov. İKP arasında dostluq və qardaşlıq əməkdaşlığını möhkəmləndirirdi. Kominternin Yaponiyaya aid bütün ən vacib sənədləri onun bilavasitə iştirakı ilə hazırlanırdı. "Sekki" qəzetinin onu "Yaponiya fəhlə və sosialist hərəkatının atası" adlandırmağa tam haqqı var idi.
Müharibə və faşizm əleyhinə mətin mübariz
[redaktə | vikimətni redaktə et]Sen Katayama 1922-ci ilin noyabrında Kominternin İcraiyyə Komitəsinə, sonra isə KİİK Rəyasət heyətinə üzv seçildi. O, bu vəzifədə ömrünün sonuna qədər çalışdı. Eyni zamanda o həmkarlar İttifaqları İnternasionalında və İBYT-da böyük işlər aparırdı. Müsləmləkəçiliyə qarşı mübarizənin ilk sıralarında olarkən o, Asiya xalqlarının milli və ictimai azadlıq mübarizəsinə xüsusi diqqət verirdi. O, hələ 1921-ci ildə "Yaponiya və gələcək ictimai inqilab" məqaləsində uzaqgörənliklə yazırdı: "Yapon imperializminin iflası nəinki koreyalıların və çinlilərin, hətta yapon proletariatının da xeyrinə olacaqdır. Britaniya malikanələrində imperializmin ləğvi isə daha çox xalq kütləsinin və irqlərin xeyrinədir. Meksikalıların, zəncilərin, Kuba, Qaiti, San Dominqo, Filippin və Mərkəzi Amerika əhalisinin azadlığı və həyatı Amerikada imperializmin iflasından asılıdır".
1924-cü il iyunun 25-də Sen Katayama Kominternin V konqresindəki çıxışında imperializmə qarşı mübarizədə metropoliya ilə müstəmləkə və asılı ölkələrin proletarlarının vahid cəbhəsini yaratmaq lüzumunu qeyd etdi. 1928-ci ildə Sen Katayama Kominternin VI konqresində Çin inqilabı, müstəmləkə məsələsi və Birləşmiş Ştatlarda zəncilərin vəziyyəti haqqında çıxış etdi. İmperialist müharibəsi, militarizm və faşizm əleyhinə barışmaz mübarizə Sei Katayamanın bütün həyatı boyu qırmızı tellərlə keçir. Onun 1904–1905-ci illərdə və Birinci Dünya müharibəsi dövründə müharibə əleyhinə necə fəal təbliğat apardığını yuxarıda qeyd etmişik. 1927-ci ildə Sen Katayama milli istiqlaliyyət uğrunda mübarizə üçün Beynəlxalq Antiimperialist cəmiyyətin yaradıcılarından biri oldu, bu cəmiyyətin Brüssel konqresinin işində fəal iştirak etdi. Öz xarakteri və tərkibinə görə Brüssel konqresi bir növ yeganə konqres idi. Bu konqresdə, demək olar, dünyanın bütün millətlərinin, siyasi və dini cərəyanların və ən müxtəlif peşələrin nümayəndələri iştirak edirdilər.
Konqresin iştirakçılarını ümumi məqsəd–müharibə əleyhinə mübarizə məqsədi birləşdirirdi. Müxtəlif ölkələrdən məruzələr dinlənildi, bu məruzələrin hər birində müstəmləkə əhalisinin, xüsusən zəncilərin amansız istismarından və sıxışdırılmasından bəhs olunurdu. Katayama faşizm və militarizm əleyhinə yorulmaq bilmədən, ehtirasla mübarizə aparırdı. O, Mancuriyanı işğal etdikdən sonra Çinin digər rayonlarını qəsb etməyə can atan və Sovet İttifaqı üzərinə hücuma hazırlaşan yapon hərbçilərini bütün dünya qarşısında cəsarətlə ifşa edirdi.
Sen Katayama 1932-ci ildə Amsterdamda müharibə əleyhinə keçirilən Beynəlxalq konqresdə demişdi: "Biz, imperialist müharibəsinə inqilabi müharibə elan etməli, Sovet İttifaqını mütəşəkkil surətdə müdafiəyə və qorumağa bütün fəhlə və kəndliləri çağırmalıyıq… Sözümün sonunda razılıqla bildirmək istəyirəm ki, mən 28 il bundan əvvəl burada, Amsterdamda verdiyim təntənəli andı yerinə yetirmişəm. Mən proletariatın beynəlxalq həmrəyliyi uğrunda mübarizə edəcəyimə and içmişdim, o vaxtdan bəri mən yapon kommunistləri və inqilabçı fəhlələrlə birlikdə Yaponiya imperialistlərinə qarşı mübarizə aparmışam. İndi yapon imperializminə qarşı mübarizə aparmağa və dünya proletariatının vətəni olan Sovet İttifaqını müdafiə etməyə mən yeni and içirəm. Mən bu konqresin tribunasından bütün dunya proletarlarını belə hərəkət etməyə çağırıram… Biz, Sovet İttifaqını müdafiə etmək üçün bütün dünyanın inqilabçı proletariatını güclü bir dəstə halında birləşdirməliyik…" Sen Katayamanın Amsterdamda müharibə əleyhinə konqresdə alovlu nitqi, onun Parisdə və Avropanın digər şəhərlərində müharibə əleyhinə keçirilən mitinqlərdəki çıxışları beynəlxalq mütərəqqi ictimaiyyətə böyük təsir bağışladı.
1933-cü ildə Sen Katayama Anri Barbüsə və Romen Rollana müraciət edərək, faşizm və irtica əleyhinə bütün ölkələrdə geniş kampaniya keçirməyə çağırdı. O, bu mübarizəni son nəfəsinədək davam etdirdi. Onun ölümündən əvvəlki sözləri belə idi: "Onlar çox hiyləgər və çirkin üsullara əl atırlar. Biz, faşizmə qarşı… xain və satqınlara qarşı mübarizə etməliyik".
Leninin şagirdi və sadiq ardıcılı
[redaktə | vikimətni redaktə et]V. İ. Leninin əsərlərini öyrənməsi və dünya proletariatının rəhbəri ilə şəxsən görüşü Sen Katayamanın bütün həyatına və fəaliyyətinə böyük təsir göstərdi. 1922-ci ilin əvvəllərində Uzaq Şərq xalqlarının kommunist və inqilabi təşkilatlarının I qurultayında Leninlə görüşü haqqında Sen Katayama belə demişdi: "Yoldaş Lenin, hər ölkənin inqilabi fəhlə hərəkatının spesifik cəhətlərini və Uzaq Şərqdə fəhlə hərəkatının ümumi məsələlərini müzakirə edərkən bizim hər birimizlə ayrıca söhbət etdi. O, bizi, konqresdə təmsil olunan ölkələrin inqilabi qüvvələrini birləşdirməyə çağırdı. Lenin şəxsən mənə dedi ki, Kominternin III konqresinə təqdim etdiyim və sonralar "Kommunist İnternasionalı" jurnalında çap olunan məqaləmlə tamamilə razıdır. Yapon imperializminə qarşı Uzaq Şərq inqilabçı fəhlələrinin vahid cəbhəsini yaratmaq lüzumunu mən bu məqalədə sübut edirdim". Sen Katayama marksizm-leninizm təliminə yiyələnərək Yaponiya şəraitində onu yaradıcılıqla tətbiq etmək və Yaponiya Kommunist Partiyasını doğru yola yönəltmək üçün çox iş görmüşdür. O, təriqətçiliyə, ehkamçılığa qarşı, Fukumotonun və onun tərəfdarlarının sol opportunizminə, YKP-ni kütlələrdən uzaq düşmüş bir qiyamçı, avantürist dəstəyə çevirmək cəhdlərinə qarşı barışmaz mübarizə aparır, Yamakavanın və onun tərəfdarlarının sağ opportunizmini müntəzəm surətdə ifşa edirdi. Katayamanın "Yaponiyada marksizmin yaranması və inkişafı məsələsinə dair" dolğun əsəri, hamının etiraf etdiyinə görə, Yaponiya marksizm-leninizm ədəbiyyatının klassik əsəridir və bu günə kimi həmin əsər öz əhəmiyyətini saxlamışdır. Yaponiya və beynəlxalq fəhlə hərəkatının müxtəlif məsələlərinə həsr edilmiş 700-dən çox əsər onun qələminə mənsubdur. Sovet İttifaqının sadiq dostu olan Sen KataYama sovet xalqı ilə yapon xalqı arasında əlaqə və hərtərəfli əməkdaşlığı möhkəmləndirmək üçün əlindən gələni əsirgəmirdi. O, Yaponiya zəhmətkeşlərinin həyatından, onların militarizm və müharibə əleyhinə apardıqları mübarizədən sovet adamlarına həvəslə çox şey danışırdı. O, ölkəmizin çox şəhərlərində çıxış etmiş və onun nitqləri həmişə böyük müvəffəqiyyət qazanmışdır. 1930-cu ilin aprelində Sen Katayama Kominternin nümayəndəsi kimi Türküstan-Sibir dəmir yolunun açılışında iştirak etdi, Daşkəndə, Səmərqəndə, Buxaraya gedib, hər yerdə məruzə ilə çıxış etdi. Həmin ilin iyulunda o, həmkarlar İttifaqları İnternasionalının nümayəndəsi Manovar Musso ilə Tatarıstan Respublikasının on illiyi bayramında iştirak etmək üçün Kazan şəhərinə gedib. Katayama həmçinin Odessada, Bakıda, Vladivostokda və başqa şəhərlərdə məruzə ilə çıxış edib. Sen Katayama Azərbaycanda kommunizmin qələbəsinə dərindən inanır, Sovet İttifaqının qazandığı iqtisadi və siyasi nailiyyətlərə ürəkdən sevinirdi, çünki o, Yaponiyada və bütün dünyada kommunizm işi qələbəsinin təminatını bunda görürdü. O, 1927-ci ildə, Sibirə növbəti səfərdən sonra yazmışdı: "Çatan kimi Sibiri gəzməyə başladığıma görə həddindən artıq sevindim. Gəzdikcə ucsuz-bucaqsız məhsuldar torpaqlar gördüm… Öz-özümə düşünürdüm: inqilabın taleyi buradadır, çox yaxşı olub ki, inqilab ən əvvəl hər hansı başqa bir ölkədə deyil, Rusiyada qalib gəlib. Sovet Rusiyası öz ərazisində tükənməz təbii sərvətlər mənbəyinə və coşqun inkişaf üçün hədsiz imkanlara malikdir. Dünya imperializmi Oktyabr inqilabının nailiyyətlərini heç bir vaxt məhv edə bilməz".
Sen Katayamanın şəxsiyyəti onu tanıyanlara böyük təsir bağışlamışdır. O. V. Kuusinen xatırlayırdı: "Onunla işləyənlərin, hamısı onun məqsədli cəhdinə, mütəşəkkilliyinə, təvazökarlığına, insanlara qarşı böyük diqqətinə, onun gözəl insani sifətlərinə valeh idi". Kominterndə bir yerdə işlərkən Katayamanı yaxından tanıyan İngiltərə fəhlə hərəkatının veteranı Bob Stüart xatirələrində yazmışdır: "Mən Katayama ilə tez-tez görüşür, onun sədaqətli və gözəl dost olduğunu görürdüm. Moskvada biz bir evdə yaşayırdıq… Burada hamı–cavanlar da, qocalar da onu sevirdi. Bu evdə yaşayan uşaqlar onunla görüşüb salamlaşan zaman özlərini xoşbəxt hesab edirdilər. O zamankı ağır yaşayış illərində Sen Katayama balaca dostlarına bağışlamaq üçün özü ilə bir şey gətirərdi. O, pioner təşkilatının fəxri üzvü seçilmişdi və böyük bir məmnuniyyətlə pioner qalstuku taxırdı".
O zaman işdə atasına kömək edən böyük qızı Yasu Katayama yazır: "Atam çox ciddi həyat tərzi keçirərdi. O, saat səkkizdə durar, səhər yeməyindən sonra qəzet oxuyardı, saat doqquzda isə ingilis şriftli makinanın arxasında əyləşərdi. O, adətən işə saat onda, on birdə gedərdi. Əgər iclası olmasa idi, onda saat altıya yaxın evə qayıdardı, axşam yeməyindən sonra yenidən işləməyə başlardı. Çox vaxt axşamlar makinanın səsi kəsilərdi, bu zaman atam kresloda yuxuya gedərdi. Bu an, on beş dəqiqə davam edərdi, sonra makinanın səsi yenidən eşidilərdi. Hər gün belə olardı, atam öz adətinə elə ciddi əməl edərdi ki, bu, cavanları hətta təəccübləndirərdi. Uzun illərin ağır zəhməti də təkidli təlim atamda mətin, dönməz bir xasiyyət, böyük kommunizm işinə dərin bir inam yaratmışdı. Öz inqilabi fəaliyyətində olduğu kimi, adamlara münasibətində də o prinsipial, namuslu, sadə, həssas və qayğıkeş bir adam idi. Atam iş yoldaşlarına çox diqqətlə yanaşar, kömək edər, öz bilik və həyat təcrübəsini onlara öyrətməyə çalışardı".
Vəfatı
[redaktə | vikimətni redaktə et]Sen Katayama 1933-cü il noyabrın 5-də Moskvada vəfat etmişdir.
Onun külü olan qutu Qızıl meydanda Kreml divarları yanında basdırılmışdır. Katayamanın ölümünün səhəri günü "Pravda" ona həsr edilmiş çoxlu material dərc etmişdi. Kominternin İcraiyyə Komitəsinin Rəyasət heyəti yazırdı ki, Sen Katayama "beynəlxalq proletar inqilabının mətin döyüşçüsü, öz həyatını kommunizm uğrunda, kapitalın qanlı zülmündən bəşəriyyəti azad etmək uğrunda zəhmətkeşlərin və dünyanın məzlum xalqlarının işi uğrunda fədakar proletar mübarizəsinə həsr edən bir adam, bütün varlığı ilə bolşevik idi". 1933-cü il noyabrın 9-da matəm mitinqində çıxış edən yapon nümayəndəsi Susumu Okano (Nosaka) demişdi: "Bizim Katayama yapon imperializmi əleyhinə, şovinizm əleyhinə… Şərqin məzlum zəhmətkeşlərinin azadlığı uğrunda, SSRİ ilə qırılmaz qardaşlıq ittifaqı uğrunda ölüm-dirim mübarizəsi aparmağı bizə vəsiyyət etmişdir. Katayama sosializmin qalib gəldiyi SSRİ-yə hədsiz sadiq olmağı, imperialist fitnələri və əksinqilabi müharibə əleyhinə amansız mübarizə aparmağı bizə vəsiyyət etmişdir… Katayama bizim üçün zəhmətkeşlərin beynəlxalq həmrəyliyi və kommunizmin məğlubedilməz işinə bolşevik sədaqəti nümunəsi idi". Katayamanın ölüm xəbəri Yaponiyaya çatdıqda Yaponiya KP MK-nın gizli orqanı olan "Sekki" 1933-cü il dekabrın 5-də ona həsr edilmiş xüsusi nömrə buraxdı. Kommunist partiyasının rəhbərliyi Yaponiya Antiimperialist cəmiyyəti və İBYT-nın yapon şöbəsi ilə birlikdə Tokioda, Osakada, Kobedə, Naqayada və bir çox başqa şəhərlərdə Sen Katayamaya həsr olunmuş matəm iclası keçirdilər. Matəm iştirakçıları qətnamə qəbul edərək, mərhumun qohum-əqrabasına məktubla başsağlığı verdilər. 1943-cü ildə, irticanın kədərli illərində Sen Katayamanın dostları, bu görkəmli Yaponiya inqilabçısının Tokionun Loyama qəbristanındakı, arvadının və yaxın adamlarının dəfn edildiyi qəbristandakı simvolik qəbri üstündə xəlvəti heykəlini qoydular. Hər il Katayamanın ölümü günü və martın 15-də (1928-ci ildə Yaponiya kommunistlərinin kütləvi surətdə həbs olunduğu gün) bu heykəlin yanına təzə çiçək dəstələri qoyulur. 1959-cu il dekabrın 3-də Yaponiya, SSRİ və bir çox digər ölkələrin ictimaiyyəti Sen Katayamanın anadan olmasının yüz illiyini qeyd etdi. Tokioda və Moskvada onun xatirəsinə həsr edilmiş təntənəli yığıncaqlar keçirildi. Yapon və rus dillərində onun əsərlərinin yubiley nəşri buraxıldı. Bu ildönümü günləri beynəlxalq kommunist hərəkatının bir sıra görkəmli xadimləri Sen Katayama barəsində öz xatirələrini çap etdirdilər. Fransa Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Moris Torez öz məqaləsində, 1925-ci ildə, hələ gənc inqilabçı olduğu vaxt Sen Katayama ilə necə görüşdüyünü xatırlayaraq yazırdı: "Mənim üçün o, adını tarixə yazmış bir adam idi. Hörmət və höyrət obyekti idi. Mən onun apardığı mübarizə və şanlı keçmişi halqında bəzi şeylər bilirdim. Bilirdim ki, Sen Katayama Yaponiyada da ilk həmkarlar ittifaqını–metalçıların həmkarlar ittifaqını təşkil etmiş… 1901-ci ildə Yaponiya Sosial-demokrat partiyasının əsasını qoymuş… 1922-ci ildə Yaponiya Kommunist Partiyasının yaradılmasında mühüm rol oynamışdır". Sen Katayama o zaman Torezə böyük təsir bağışlamışdı. Torez yazmışdı: "Mən Katayamanın adını çəkən kimi, onun xoş təbəssümlü mərd simasının cizgiləri, mənalı baxışı, vüqarlı görgəmi gözümün qabağına gəlir". Sen Katayamanın fəaliyyətinə yüksək qiymət verərək, İtaliya Kommunist Partiyasının Baş katibi Palmiro Tolyatti yazmışdı: "Bizim Mərkəzi Komitə Sen Katayamanın anadan olmasının yüzillik bayramında birinci növbədə ona görə ürəkdən iştirak edəcəkdir ki, bununla nəinki İtaliya Kommunist Partiyasının iki milyon üzvünün, eyni zamanda partiyamız ilə bir sırada addımlayan milyonlarla italyan fəhləsinin hüsn-rəğbətini ifadə edə biləcəyik. Sen Katayamanın adı İtaliya fəhlələri və kommunistləri üçün son 80 ilərzində yapon proletariatının qəhrəmanlıq mübarizəsinin ifadəsidir, onun bu mübarizədə verdiyi bütün qurbanların ifadəsidir, yapon proletariatının bütün rəşadətinin ifadəsidir. Sen Katayamanın bütün həyatı daim sosializmin əzəmətini xatırladacaqdır. Onun həyatı əməli surətdə göstərdi ki, heç kim və heç nə bütün irqlərin beynəlmiləl birliyini, bütün dünya fəhlələrinin birliyini pozmağa qadir deyildir". Sen Katayamanın fəaliyyətinin Yaponiya Kommunist Partiyası üçün nə dərəcədə əhəmiyyətli olduğu ölkədə inqilabi hərəkatın veteranı, Yaponiya parlamentinin deputatı İosio Siqa inandırıcı surətdə qeyd etmişdir: "Katayama proletar beynəlmiləlçiliyi ideyalarının təcəssümü idi. Onun ənənələri Yaponiya Kommunist Partiyasının ən qiymətli inqilabi ənənəsidir". Yapon xalqı və başqa ölkələrin zəhmətkeşləri ilə birlikdə sovet adamları yapon xalqının şanlı oğlu–Yaponiya proletariatının böyük müəllimi və təşkilatçısı, ardıcıl beynəlmiləlçi və SSRİ-nin böyük dostu, istismara və milli zülmə qarşı, azadlıq, demokratiya və böyük kommunizm işinin qələbəsi uğrunda mətin mübariz Sen Katayamanın əziz xatirəsini daim öz qəlblərində saxlayacaqlar.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Sen Katayama // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ https://fr.rbth.com/histoire/87541-etrangers-enterres-place-rouge.
- ↑ Kublin, Hyman; Asian Revolutionary: The Life of Sen Katayama, (Princeton University Press, 1964).
- ↑ Orduya çağırılmamaqdan ötrü Suqataro Yabuki 1878-ci ildə qonşu Kamime kəndində yaşayan və övladı olmayan kəndli İkutaro Katayamanın götürmə oğlu oldu. 1895-ci ildə Suqataro adını dəyişib Sen qoydu, o vaxtdan Sen Katayama adlandı.
- ↑ 1867–1868-ci illərin sona yetməmiş yapon burjua inqilabı.
- ↑ I Yapon-Çin müharibəsi nəzərdə tutulur.
- ↑ Sen Katayamanın ölümündən sonra onun bu "Xatirələr"i 1964-cü ildə yapon dilindən tərcümə edilərək, "Nauka" nəşriyyatı tərəfindən buraxılmışdır.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Отец пролетарского движения в Японии, с. 607–633 // Жизнь, отданная борьбе. Под. ред. И. В. Милованова, Л. Н. Чернова — М.: Наука, 1964.
- Из воспоминаний С.Катаямы "Три года революции в России" // Исторический архив. № 6 2006, № 4 2007.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 140–148.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 26 dekabrda doğulanlar
- 1859-cu ildə doğulanlar
- 5 noyabrda vəfat edənlər
- 1933-cü ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Kreml divarı yaxınlığındakı nekropolda dəfn olunanlar
- Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinin məzunları
- Yel Universitetinin məzunları
- Yaponiya kommunistləri
- Yaponiya jurnalistləri
- ABŞ-dəki Yaponiya qürbətçiləri