Sabiilər
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sabiilər — İraqda din.
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər, Xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc-17)
Sabiilər bir tayfa, qövüm olaraq adları Quranda 3 dəfə çəkilir. Bunlar Bəqərə-62, Maidə-69 və Həcc-17 zikr olunur.
Sabiilər haqqında fikir müxtəlifliyi çoxdur. Kimi onları Hz. İbrahimin (ə), kimi Hz. Yəhyanın (ə) ardıcılları bilmişdir. Hətta onları Davud (ə) və ya Nuhun (ə) ardıcılları hesab edənlər də vardır. "Məcməul-bəyan" təfsirində Hz. Davudun (ə) ardıcılları, Zəbura tabe olanlar kimi qeyd olunurlar.
Sabiiləri tək Allaha sitayiş edən kitab əhli, həmçinin müşrük kimi təfsir etmişlər.
Nəticə budur ki, Sabiilər iki dəstədir bir qismi tohid dinində olan kitab əhli, digərləri isə ulduza pərəstiş edənlər:
— Kitab əhli olanlar Allaha, kitaba, qiyamətə inanır, hətta namaz və oruc kimi özlərinə məxsus ibadətləri var idi. Hətta Kəbə evini ziyarət edər, Həcc mərasimi icra edərdilər. Donuz əti və qan yeməz, öz yaxınları ilə evlənməyi haram bilərdilər.
— Müşrük Sabiilər isə günəşə və ulduzlara sitayiş edir, Allaha şərik qoşurdular.
Qurani Kərim Sabiiləri müsəlmanlar və digər kitab əhli ilə birgə yad etmiş, onlardan Allaha və qiyamət gününə inanlar ifadəsini işlətmişdir:
"İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər." (Bəqərə-62)
Təfsiri-Mizanda Sabiilər Hz. Yəhyanın ardıcılları kimi qeyd olunur.
Ümumilikdə tarix və təfsirçilər arasında Sabiilər haqqında yekdil rəy yoxdur. Bir qisim tarixçilər Sabiiləri dir neçə dinlərdən ibarət bir toplum, bir qism isə onları təkallahlı və bütpərəstlərdən ibarət bir qövm bilmişlər.[1]
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Cahiliyyə dövründə "sabii" sözü öz dinindən dönərək və başqa dini qəbul etmiş insan mənasında işlədilirmiş. Məkkə bütpərəstləri Həzrət Məhəmməd peyğəmbəri (s) və ilk müsəlmanları atalarının inanclarından döndüklərinə görə belə adlandırırmışlar. Lakin əslində bu söz, arami mənşəli olub "xaç çəkmək" mənasına gəlir və konkret bir dini toplumun adıdır. Buna görə də "sabii" sözünün ərəb dilinə Suriya dilindən keçdiyi ehtimal olunur.
Məkkəlilər tək Allaha ibadətə çağıran Həzrət Peyğəmbəri (s) və onun səhabələrini Suriyada gördükləri sabiilərə bənzədərək onları bu adla adlandırmışdılar. Quranda isə onlar dini toplum kimi xatırlanmışlar: "Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında Qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir!"[2].
Etiqadı
[redaktə | vikimətni redaktə et]Sabiilərin hansı əqidəyə mənsub olmaları barədə müsəlman alimlərinin fikirləri müxtəlifdir. Onlardan bəziləri sabiilərin qarışıq (sinkretik) dinə etiqad etdiklərini, inanclarında Xristianlığın, Yəhudiliyin, Zərdüştiliyin və başqa dinlərin təsirlərinin olduğu qənaətindədirlər. Bəziləri, hətta sabiilərin Tanrının birliyini qəbul edib Zəbur kitabını oxuduqlarına baxmayaraq, onları ayrıca din mənsubu saymamışlar. Onları sadəcə mələklərə və ulduzlara ibadət edən toplum kimi qəbul etmişlər. Bəzi alimlər isə sabiilərin Allahın bütün peyğəmbərlərinə iman gətirib, oruc tutduqlarını və Yəmən tərəfə üzlərini çevirib ibadət etdiklərini bildirmişlər.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ümumiyyətlə, demək olar ki, sabiilər tarixi əski çağlara gedib çıxan dinin mənsubları olmuşlar. Ehtimal edilir ki, bu inanc sistemi Misirdə, həmçinin İran və Hindistanda yayılmışdır. Sabiilərin qədim yunan və Roma mədəniyyətinin təsirinə məruz qaldıqları da istisna edilmir. Onların əqidəsinə müxtəlif fəlsəfi, mistik və qnostik elementlər də daxildir. Buna görə də sabiilərin baxışları batini (ezoterik) xarakter daşımışdır.
İslamın ilk çağlarında İraq və Süriyada müxtəlif inanclı sabii toplumları yaşayırmışlar. Onlardan biri müasir dövrədək gəlib çatan Mandeylərdir. Özlərini Yəhya peyğəmbərin (ə) ardıcılları sayan Mandeylər batini etiqada sahibdirlər. Onların əqidəsində İudaizm və Xristianlığın elementləri mövcuddur. Buna görə də onlar "kitab əhli" sayılırlar. Bəlkə də Quranda sabiilər deyildikdə onlar nəzərdə tutulur.
Bundan başqa Hərran sabiiləri də varmış. Onlar qədim Mesopotamiyaya məxsus mədəniyyətin və elmlərin bəzi elementlərini saxlamışlar. Hərran sabiiləri sayəsində müsəlmanlar qədim babillilərin mədəni irsi ilə tanış olub, onların elmlərini öyrənə bilmişlər. Hərran sabiiləri öz inanclarının Şit və İdris peyğəmbərə (ə) gedib çıxdığını iddia edirmişlər. Lakin sonradan onlar faktiki olaraq bütpərəstliyə meyil göstərmişlər. Daha sonralar onların inanclarına batinilik də daxil olmuşdur. Buna görə də onların təlimləri ezoterik xarakter daşıyırmış. Hərran sabiiləri "mütləq həqiqətin" olmasına inanırmışlar. Bu həqiqətə yalnız kahinlər zümrəsindən olan seçilmişlər çata bilərlərmiş. İcmanın başqa üzvləri isə Tanrı ilə insanlar arasında vasitəçiyə çevrilmiş kahinlərə tabe olmalıymışlar. Kahinlərin statusu o qədər yüksək idi ki, onlara hətta sitayiş edib abidə ucaldırmışlar.
İslam yayılan dövrdə İraqda sabiilər çox idi. Onlar arasında sadə insanlarla yanaşı, o dövrün alim və ziyalıları da varmış. Məsələn, Sabit ibn Qürrə kimi məşhur filosof məhz sabii mühitindən çıxmışdır. O, tərəfdarları ilə Hərrandan Bağdada köçmüş və öz təriqətini yaratmışdır. Sonra onun ardıcıllarının çoxu İslamı qəbul etmişdilər. İslamı qəbul edənlər arasında məşhur tarixçi Hilal əs-Sabi də olmuşdur. XI əsrdən sonra Hərran və Bağdadda sabiilər tədricən azalmağa başlamışlar.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və Din" qəzeti
- ↑ "Arxivlənmiş surət". 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
- ↑ əl-Həcc, 17