Qummiarabik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İki akasiya növünün şirəsindən alınan qummiarabik təbii polisaxaridlər sinfinin ən mühüm nümayəndələrindən biridir. Suda yaxşı həll olur. Kimyəvi formulları Molekulyar formul — C12H36 InChI — InChI=1S/6C2H6/c6*1–2/h6*1–2H3 InChI — GPOWYVZNNHYPBM-UHFFFAOYSA-N Canonical SMILES — CC. CC. CC. CC. CC. CC

1445-ci ildə Şahzadə Henri dənizçi Arguin adasında (müasir Mavritaniya sahillərində) ticarət məntəqəsi quraraq, Portuqaliya üçün qummiarabik ticarətinə başlamışdır. 1580-ci ildə Portuqaliya və İspan krallıqları birləşdikdən sonra ispanlar bu ticarətə davam etmişdir. 1638-ci ildə isə bu ərazidə ticarət hollandlar tərəfindən idarə olunmağa başlamışdır. O dövrdə Trarza və Bracna akasiya ağaclarından istehsal edilən bu kitrə Ərəbistanda əldə edilən akasiyadan üstün hesab olunurdu. 1678-ci ildə ticarət yenə fransızlar tərəfindən idarə olunmağa başlamışdır. [1] 18-ci əsrdə qummiarabikin bir çox sahələrdə mümkün tətbiqi Fransa, Böyük Britaniya və digər Avropa ölkələrinin sənayedən əvvəlki iqtisadiyyatlarında mühüm rol oynamağa başlamışdı. 18-ci və 19-cu əsrlərdə qummiarabik müasir Seneqal və Mavritaniyadakı Fransız və Britaniya ticarət koloniyalarında əsas ixrac məhsullarından biri idi. Qərbi Afrikanın Sahel bölgəsi, Atlantik Okeanından Qırmızı dənizə qədər uzanan Sahara səhrasının cənub sahilləri 18-ci əsrdən bəri dünyanın ən böyük qummiarabik tədarükçüsü olmuşdur. [2,3] Hal-hazırkı dövrümüzdə də bu təbii polimer Mavritaniya, Niger, Çad və Sudan (80%) da daxil olmaqla bir sıra Afrika ölkələrindəki akasiya ağaclarından alınır.

Kimyəvi Tərkibi

[redaktə | mənbəni redaktə et]

Qummiarabikin kimyəvi tərkibi heterogendir. Onun yüksək funksionallığı da quruluşunun xüsusiyyətləri ilə əlaqədardır. Kimyəvi quruluş baxımından, molekulunda həm polisaxarid, həm də zülal molekulları saxlayan qlikoproteinlər sinfinə, yəni biopolimerlərə aiddir. Qummiarabik məhlulda zəif turşu və ya neytral bir mühit yaradır [4]. Qummiarabik bir-biri ilə müəyyən bir şəkildə əlaqədə olan pentozaların, metilpentozaların, heksozaların və poliuronik turşuların elementar vahidlərindən ibarətdir. Qummiarabik makromolekulunun əsas skeleti qalaktoza və mannozadan təşkil olmuşdur, yan qollarda isə pentoza və ksiloza vahidləri vardır. Mannoza qalıqları da əsas zəncir və ya budaq hissələrinin bir hissəsidir. Uronik turşulardan, əsasən qalaktoza və ya mannoza vahidlərinə qoşulmuş qlükuron turşusu vahidləri vardır [5]. Qummiarabik kalsium, maqnezium və kalium saxlayan, şaxəli zənciri olan neytral və ya zəif turşu kompleksinin arabinoqalaktan-zülalının təbii çox funksiyalı hidrokolloididir. Araşdırmalar qummiarabikin 45–46% qalaktoza, 23–24% arabinoza, 13–14% ramnoza və 14–16% qlükuron turşusu qalıqlarından ibarət olduğunu göstərmişdir. Polisaxarid turşuları kalsium, maqnezium və natrium duzlarının qarışığı şəklindədir. Qummiarabikin kimyəvi tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, onun tam hidrolizi nəticəsində qlyukuron turşusundan və qalaktoza qalıqlarından ibarət aldobin turşusu əmələ gəlir. Yumuşaq hidroliz zamanı arabinoza, ramnoza və 3-qalakto-1-arabinoza disaxarid qummiarabikin tərkibindən xaric olur. Qismən depolimerləşən qummiarabik qalaktoza və qlyukuron turşusunun elementar zvenolarından ibarətdir [5, 6].

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Qummiarabik hələ qədim dövrlərdən məlum olan və geniş tətbiq sahələri olan təbii polimerlərdən biridir. Belə ki, qummiarabik qədim Misirdə mumiyaların kəfənləməsində yapışqan, heroqliflərin hazırlanmasında boya kimi geniş istifadə edilmişdir. Bioloji aktivlik, bioloji parçalanma, biouyğunluq, kompleksləşdirmə və sorbsiya qabiliyyəti kimi xüsusiyyətlərinə görə hal-hazırkı dövrümüzdə də tibb, kosmetika, qida və əczaçılıq, çap, boya sənayelərində geniş istifadə olunur. Qida sənayesində və sərinləşdirici içki sənayesində əsasən stabilizator, qatılaşdırıcı, dadlandırıcı kimi istifadə olunur. Təbii bioloji tərkibi ilə əlaqədar olaraq qummiarabik, tibbi məqsədlər üçün yumşaq və sərt kapsul istehsalında jelatinin əvəz edicisi kimi xüsusi maraq doğurur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bunun əsasında yüksək mexaniki davamlı və elastik plyonkalar əldə etmək mümkündür [7]. Bununla yanaşı suda asanlıqla həll olduğu üçün akvarel boyaların davamlılığını artırmaq məqsədilə istifadə olunur. Belə ki, akvarel boyalardan istifadə zamanı sudan incəldici vasitə kimi istifadə olunur. Kağızdaki su buxarlandıqdan sonra qummiarabik boyanın kağızın daxili təbəqələrində daha yaxşı hopmasına səbəb olur. Suyun miqdarı az olduqda isə qummiarabikin təsiri daha da yaxşılaşır. Bu zaman boyanın parlaqlığı artır və rənglərin solmasının da qarşısı alınır. Qummiarabikin keramika qarışıqlarına əlavə edilməsi də qədim dövrlərdən məlum olan olan tətbiq sahələrindən biridir. Belə ki təbii polimerin keramikaya əlavə edilməsi onun axıcılığını artırır və onunla işləməyi asanlaşdırır. Fotoqrafiyada ultrabənövşəyi işığa məruz qaldıqda suda həll olunmayan rəngli foto emulsiya yaratmaq üçün piqmentlə qarışdırılmış ammonium və ya kalium bixromat və qummiarabikdən istifadə edilir. Bu zaman qummiarabik piqmentlərin kağızda davamlılığını artırır. Həmçinin qummiarabik Seneqal və bir sıra digər Afrika ölkələrində yanacaq kömürü istehsalında bağlayıcı maddə kimi istifadə olunur. Burada taifa bitkisindən toz halında kömür hazırlanır və bu zaman kömür tortları yaratmaq üçün qummiarabik bu tozla qarışdırılır və qurudulur.

Sağlamlıq faydaları

[redaktə | mənbəni redaktə et]

Qummiarabik zəngin qida lifləri mənbəyi olduğu üçün qida və əczaçılıq sənayesində təhlükəsiz qatılaşdırıcı, emulqator və stabilizator kimi geniş istifadə olunmasından əlavə, həmçinin bir neçə in vitro və digər üsullarla sübut edilmiş geniş spektrli sağlamlıq faydalarına malikdir.[8] Qummiarabik mədədə parçalanmır, lakin yoğun bağırsaqda bir sıra qısa zəncirli yağ turşularına fermentasiya olunur. Faydalı bağırsaq mikroflorasının böyüməsinə və çoxalmasına yararlı bir prebiotik kimi qəbul edilir ki, bu cəhətdən onun qəbulu faydalıdır. Onun faydalarına aşağıdakıları misal göstərə bilərik:

  1. Mədə-bağırsaq traktından kalsiumun yaxşı udulmasını təmin edir;
  2. Anti-diabetik təsir göstərir;
  3. Piylənmə əleyhinə (qummiarabik bədən kütləsi indeksini və bədəndəki yağ faizini azaldır) təsir edir;
  4. Lipid azaltma potensialı vardır. Qummiarabik ümumi xolesterolu, aşağı sıxlıqlı lipoproteinlər və triqliseridləri azaldır;
  5. Antioksidant kimi fəaliyyət göstərir;
  6. Böyrək və qaraciyərə dəstək funksiyası vardır;
  7. Bəzi iltihab əleyhinə vasitələrin sərbəst buraxılmasını modulyasiya etməklə immun funksiyası vardır;
  8. Bağırsaq bariyer funksiyasını yaxşılaşdıran, yoğun bağırsaq xərçənginin qarşısını alan və nazik bağırsaq xəstəliklərinin simptomlarını yüngülləşdirən prebiyotik kimi təsir edir;
  9. Siçovullarda, meloksikam qeyri-steroid antiinflamatuar dərmanının mənfi təsirlərinə qarşı bağırsağa qoruyucu təsir göstərir.
  1. Chisholm, Hugh, ed. (1911). "Arguin" . Encyclopædia Britannica. Vol. (11th ed.). Cambridge University Press. p. 482.
  2. Chisholm, Hugh, ed. (1911). "Arguin" . Encyclopædia Britannica. Vol. 2 (11th ed.). Cambridge University Press. p. 482.
  3. Webb, J. L. (2009). "The Trade in Gum Arabic: Prelude to French Conquest in Senegal". The Journal of African History. 26 (2–3): 149–168. doi:10.1017/S0021853700036914. JSTOR 181721. S2CID 162162993.
  4. X3860E Сертификат Британской Фармакопеи на Гуммиарабик. Подготовлен в 51-ом разделе JECFA (1998) и издан в FNP 52 Дополнение 6 (1998); переиздан в FNP 52. Дополнение 7 (1999) (редакционные изменения) . Заменяет спецификации, подготовленные в 49-ом разделе JECFA (1997), изданном в FNP 52 Дополнение 5 (1997). ADI не указан, установлен в 35-ом разделе JECFA в 1989.
  5. K. A. Karamalla, N. E. Sidding, "Analytical data for Acacia senegal var. Semegal gum samples collected between 1993–1995 from Sudan", Food Hydrocolloids, 12 (1993).
  6. G. O. Phllips, S. Takigami, "Hydration characteristics of the gum exudate from Acacia senegal"; Food Hydrocolloids, Vol.10, № 1,1996.
  7. В. И. Кондратьев "Технология лекарственных форм", Т.1–2; М.: "Медхимия", 1991г.
  8. Ahmed AA (January 2018). "Health benefits of gum arabic and medical use.". Gum Arabic. Academic Press. pp. 183–210. doi:10.1016/b978-0-12-812002-6.00016–6. ISBN 978-0-12-812002-6.