Qan sporluları
Qan sporluları lat. Haemosporidia müxtəlif onurğalıların və insanın paraziti olub, sahib dəyişməklə inkişaf edir. Onların qeyri-cinsiyyətli çoxalması onurğalılarda, cinsiyyətli çoxalması isə müxtəlif həşərat növlərində gedir. Parazit öz inkişaf prosesində bir sahibdən digər sahibə bilavasitə verildiyindən bunlarda spor mərhələsi yoxdur. Malyariya plazmodisi üçün əsas sahib Anopheles maculipennis, aralıq sahib isə insandır. İnsanda L.Plasmodium cinsinin 4 növü parazitlik edir: P.vivax, P.ovale, P.falciparum, malyariyanın 3 günlük forması P.malariae - 4 günlük forması adlanır. P.falciparum tropik malyariyanın törədicisidir. P.falciparum-un qandakı inkişafı 48 saat müddətində tamamlansa da, iki qızdırma tutması arasındakı müddət bəzən 24 saat ola bilər. İnsanda ən çox yayılan forması P.vivax-dır.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]- Haemoproteidae Dolfein, 1916
- Plasmodiidae Mesnil, 1903
- Garniidae Lainsonm, Landau et Shaw, 1971
- Leucocytozoidae Fallis et Bennet, 1961
İnkişaf tsikli
[redaktə | mənbəni redaktə et]Parazitin inkişaf dövriyyəsi belədir: 1. Parazitin qeyri-cinsiyyətli çoxalması. Bu inkişaf insanda 2 mərhələdə gedir: a) eritrositdən xaric mərhələ (proeritrositar və ya ekseritrositar mərhələ) və ya toxuma şizoqoniyası; b) eritrosit daxili (endoeritrositar) şizoqoniya; 2. Cinsi formaların (mikro və makroqametlərin) əmələ gəlməsi; 3. Sporoqoniya.
Parazitin qeyri-cinsiyyətli çoxalması
[redaktə | mənbəni redaktə et]Anopheles maculipennis ağcaqanadı insanı sancdıqda tüpürcək vəzisində daşıdığı sporozoitləri insanın qanına keçirir. Sporozoit 5-8 mkm, iki ucdan sivri olub bir nüvəyə malikdir. Sporozoitlər qanla hərəkət edərək insanda bir çox orqan və toxumalara, o cümlədən qlikogenlə zəngin olan qaraciyər hüceyrələrinə daxil olub, öz iyvari formasını dəyişərək dairəvi şəkil alır. Qaraciyər hüceyrələrində sporozoitlər inkişaf edib şizonta çevrilir. Şizont sporozoitə nisbətən iri olur. Şizontun nüvəsi şizoqoniya yolu ilə bölünərək qız nüvələr əmələ gətirir. Əmələ gəlmiş qız nüvələrin hər biri ana hüceyrənin (şizontun) sitoplazmasının kiçik bir hissəsi ilə əhatə olunaraq merozoitə çevrilir. Onların sayı nüvənin sayı qədər olur. Merozoitlər əmələ gəldikdən sonra qaraciyər hüceyrəsi dağılır və xaric olmuş merozoitin hər biri yeni qaraciyər hüceyrəsinə daxil olaraq əvvəlki prosesi təkrar edir. Merozoitlərin digər qrupu isə eritrositlərə daxil olur. Sağlam adamda 1 mm3 qanda eritrositlərin sayı 5 mln. olduğu halda, merozoitlərin eritrositlərə daxil olduğu xəstə adamda onların sayı 1 mln-a qədər azalır. Bundan əlavə, qaraciyər və dalaq həddindən artıq böyüyür. Merozoitlərin eritrositlərə daxil olan vaxta qədərki dövrü parazitin insanda gedən qeyri- cinsiyyətli çoxalmasının ekseritrositar dövrü adlanır. Parazitin bu inkişaf dövründə xəstəlik özünü büruzə vermədiyi üçün bu, xəstəliyin gizli dövrü adlanır. Gizli dövr 3 günlük malyariyada 10-20 gün (orta hesabla 14 gün), 4 günlük malyariyada isə 3-6 (orta hesabla 4) həftədir. Eritrositlərə daxil olan merozoitlər inkişaf edir, 2-3 saatdan sonra onlarda vakuol formalaşır, merozoit üzük forması alır. Bu zaman parazit eritrositin hemoqlobinini əhatə edərək onunla qidalanır. Vakuol tədricən itir və 6 saatdan sonra parazitin bədənində hemoqlobinin maddələr mübadiləsindəki son məhsulu olan qonur piqment görünür. Bu zaman parazit özündən yalançı ayaqlar buraxaraq qismən hərəkət edir. Məhz bu hərəkətin formasına görə ona P. vivax adı verilmişdir. Parazit eritrositə daxil olduqdan 36 saat sonra böyümə dövrünü qurtarır və dairəvi forma alaraq hərəkətsizləşir. Bu zaman onun nüvəsi şizoqoniya yolu ilə 10-22 hissəyə bölünür və ekseritrositar dövrdə olduğu kimi, əmələ gəlmiş hər bir nüvə ana hüceyrənin sitoplazması ilə əhatə olunur və merozoitə çevrilir. Parazitin eritrositə daxil olduğu müddətdən 48 saat sonra eritrositlər dağılır və merozoitlər xaric olur. Parazit tərəfindən istifadə olunmayan və ya yaxşı həzm olunmamış hemoqlobin qalığı toksin təsirli, dənəli quruluşa malik piqmentə-melaninə (hemozoinə) çevrilir. Eritrosit dağıldıqda ondan 10-20 merozoit və toksin təsirli melanin piqmenti xaric olur. Bu zaman bir tərəfdən melanin piqmenti, digər tərəfdən parazitin maddələr mübadiləsinin son məhsulları qanın plazmasına keçərək toksik təsir göstərir. Xəstədə temperatur (40°S-yə qədər) yüksəlir, taqətsizlik və şiddətli baş ağrıları əmələ gəlir. Xaric olmuş merozoitlərin hər biri yeni eritrositlərə daxil olaraq əvvəlki inkişaf dövrünü təkrar edir və qanda parazitin sayı artır. Bu proses qanda bir neçə dəfə, hər 48 saatdan bir təkrar olduqdan sonra (yəni bir neçə şizoqoniyadan sonra) cinsiyyətli çoxalmaya hazırlıq başlanır. Eritrositlərə daxil olmuş merozoitlərin bir qrupu trofozoitlərə deyil, qamontlara çevrilir. Qamontlar ölçülərinə görə makro və mikro olur. Mikroqamont inkişaf edərək erkək cinsi qametin başlanğıcı olan mikroqametositə, makroqamont isə dişi cinsi qametin başlanğıcı olan makroqametositə çevrilir. Qametositlərin sonrakı inkişafı eritrositlərdə getmir. Burada parazitin insandakı inkişafının eritrositar dövrü qurtarır.
Parazitin cinsiyyətli çoxalması
[redaktə | mənbəni redaktə et]Xəstə adamın qanını malyariya ağcaqanadı sorduqda, qanla birlikdə qametositləri qəbul edir. Ağcaqanadın bağırsağında dişi cinsi qametositdən iri dişi qamet törəyir. Adətən makroqamet şizontdan iki dəfə iri, sitoplazması solğun, nüvəsi isə iri olur. Mikroqametositin nüvəsi 6-8 kiçik nüvəyə bölünərək, hər bir nüvə erkək hüceyrənin (qametin) sitoplazması ilə əhatə olunur. Bu zaman mikroqametosit daxilində ayrı-ayrı nüvəyə malik hissəciklər qamçı formasında uzununa dartılaraq mikroqametə çevrilir. Əmələ gəlmiş mikroqametlər aktiv hərəkət edərək makroqametə daxil olub onu mayalandırır. Əmələ gəlmiş ziqotun ətrafında seliyəbənzər qişa formalaşır və bu qişa digər mikroqametin makroqametə daxil olmasının qarşısını alır. Ziqot bir neçə saat ərzində oxlovvari forma alaraq ookinet adlanır. Ookinet fəal surətdə hərəkət edir və ağcaqanadın bağırsağının divarına daxil olur, xüsusi kapsul ilə örtülərək oosistaya çevrilir. Oosistanın nüvəsi intensiv bölünərək minlərlə (10.000-ə kimi) birnüvəli hərəkətli sporozoitlərə başlanğıc verir. Partlamış oosistadan sporozoitlər xaric olur və ağcaqanadın tüpürcək vəzilərinə daxil olur. Belə ağcaqanadlar sağlam adamı sancmaqla sporozoitləri onun qanına keçirir.
Simptomlar və diaqnostika
[redaktə | mənbəni redaktə et]Parazitin insanda törətdiyi xəstəlik zamanı bədəndə yüksək temperaturla yanaşı kəskin anemiya (qanazlığı) yaranır. Malyariyaya qarşı profilaktik mübarizə bir neçə istiqamətdə aparılır: 1) bataqlıqlar və təsərrüfat əhəmiyyəti olmayan su hövzələri qurudulur; 2) malyariya ağcaqanadının sürfələri inkişaf edən yerlərə neft səpilir. Suyun üzərində təbəqə əmələ gətirən neft ağcaqanad sürfələrinin traxeyasına daxil olaraq onları məhv edir; 3) təyyarə vasitəsilə ağcaqanadın çoxaldığı su hövzələrinə isə zəhərli kimyəvi maddələr - insektositlər çilənir; 4) cinsi yetişkənliyinə çatmış ağcaqanadlar qışda gizləndikləri yerlərdə müxtəlif vasitələrlə məhv edilir. Son vaxtlar genetik metoddan da istifadə olunur, yəni malyariya ağcaqanadının erkəklərinə süni şəraitdə rentgen şüaları ilə təsir edilir. Belə erkək malyariya ağca-qanadı dişini mayalandırdıqda dişidən ya inkişaf edə bilməyən yumurta, ya da nəsil verə bilməyən forma alınır. Müxtəlif malyariya növünün törədiciləri barədə aşağıda məlumat verilir.
Plasmodium falciparum növünü səciyyələndirən ən mühüm xüsusiyyət odur ki, parazitə periferik qanda amöbvari formada təsadüf edilmir. Xəstəliyin ilk 8-10- cu günündə periferik qanda üzüyəbənzər forma aşkar edilir. Eritrositlərdə inkişafı 48 saata kimidir. Sonralar qamontlar meydana gəlir. Bir müddət xəstədə həm qamontlara və həm də üzükvari dairələrə təsadüf edilir. Üzük mərhələsi qurtardıqdan sonra qanda bir neçə həftə ərzində ancaq qamonta təsadüf edilir. Üzük çox kiçik olub, eritrositin 1/6-i qədərdir. Merozoitlərin sayı 12-24 olub dağınıq halda yerləşir. Qamontlar uzunsov olub, bir qədər əyilmiş formadadır. Nüvə iridir və parazitin mərkəzi hissəsində yerləşir. Qametositlərin həcmi 13-14 mkm ola bilər. Formalaşmış qametositlər dairəvi ya da oval formada olub, şizontdan tərkibində ayrı-ayrı piqment dənələrə görə fərqlənir. Nüvə sitoplazmadan kəskin sərhədlənmir. Makroqametositlər rəng-ləndikdə mavi, göy-qonur rəng alır. Xəstəliyin birinci həftəsində xəstənin qanında parazit üzüyəbənzər formada olduqda diaqnozu müəyyənləş-dirmək lazımdır. Çünki üzüyün olması P.falciparum üçün xarakterikdir. P.vivax və P.malariae-da üzükdən başqa, müvafiq şizontlara da təsadüf edilir.
Plasmodium malariae parazitin eritrositdə qeyri-cinsiyyətli inkişafı 72 saata kimi davam edir. Dağılmış eritrositlərdə merozoitlərin sayı 10-12 ədəd olur. Üzüyəbənzər mərhələsi malyariyanın 48 saatlıq forması P.vivax kimidir. Şizontda vakuolun olması və hərəkətli olması xarakter deyil. Şizontun inkişafı nisbətən ləng gedir. İri şizontlarda piqment dənələri P.vivax-a nisbətən iridir. Şizontun bölünməsinə 12 saat qalmış eritrosit tamamilə dolmuş olur. Qametositlər həcmcə bir-birinə bərabər olsalar da makroqametosit iri şizonta çox oxşar olduğundan onları ayırd etmək çətin olur. Mikroqametosit iri nüvəsi, dolğun sitoplazması və tərkibində iri, qonur rəngli piqmentin olması ilə xarakterizə olunur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın heyvanlar aləmi. I hissə, Elm nəşriyyatı, 2002, 266 səh.
- C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.