Qərbi Avstraliya Universiteti
Qərbi Avstraliya Universiteti UWA | |
---|---|
31°58′49″ c. e. 115°49′07″ ş. u.HGYO | |
Əsası qoyulub | 1911 |
Tip | Dövlət |
Tələbə sayı | 20000 |
Şəhər | Pert şəhəri |
Ölkə | |
Sayt | uwa.edu.au |
Vikianbarda əlaqəli mediafayllar |
Qərbi Avstraliya Universiteti (ing. University of Western Australia) — Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti 1911-ci ildə ştatın ilk universiteti olaraq yaradılmışdır. Ştatda universitet yaradılması təşəbbüsü ilk dəfə sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru Con Uintrop Hakett tərəfindən irəli sürülmüşdür. O, universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri idi. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. Con Uintrop şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır.
Universitet yaradıldığı dövrdə Pert şəhərinin əhalisi 121000 nəfər idi və onun iqtisadiyyatı kənd təsərrüfatı və dağ-mədən sənayesinə əsaslanırdı. Bunun nəticəsi olaraq universitet müəllim seçimində kənd təsərrüfatı, dağ-mədən sənayesi və maşınqayırma, geologiya, riyaziyyat və fizika, kimya, tarix və iqtisadiyyat, biologiya və ingilis dili üzrə mütəxəssislərə üstünlük verir. Həmçinin ali məktəbdə klassik və qədim tarix, fransız, alman dilləri, psixi və əxlaq fəlsəfəsi, baytarlıq, eləcə də digər sahələr üzrə müəllimlər işə cəlb olunurlar. Universitetdə 3 fakültə (Mühəndislik, Dəqiq elmlər və İncəsənət) fəaliyyətə başlayır.
Artıq 1913-cü ildə universitet tələbələrinin sayı 184 nəfərə çatır. Universitetin yeni binalarının tikintisinin ləngiməsi səbəbindən həmin tələbələrə dərslər İrvin küçəsindəki taxta binada keçilir.
Birinci Dünya müharibəsinin başlanması universitetin inkişafını xeyli ləngidir. Bir çox tələbə və müəllim könüllü olaraq müharibəyə yollanır və universitetin fəaliyyətində durğunluq yaşanır. Müharibə bitdikdən sonra ali məktəb inkişaf yoluna qədəm qoyur, universitetin çoxlu sayda binalarının tikintisinə başlanılır. 1927-ci ildə bu ali təhsil müəssisəsinin sayca dördüncü olan Hüquq fakültəsi açılır. 1931-ci ildə universitetin qotik üsluba aid Sent Corcs Kolleci, 1932-ci ildə isə Hakett Holl və inzibati binaları inşa olunur. 1925-ci ildə Qərbi Avstraliya Universitetinin Krouli kampusunun tikintisinə başlanılır və tikinti işləri 1932-ci ildə başa çatdırılır.
Universitetin inkişafını donduran digər hadisə İkinci Dünya müharibəsi olur. Müharibədən sonra tezliklə universitet bərpa olunmağa başlanır. 1946-cı ildə Stomatologiya, 1956-cı ildə isə Tibb fakültələri yaradılır. 1947-ci ildə Pedaqogika, 1954-cü ildə İqtisadiyyat fakültələri İncəsənət fakültəsindən ayrılır və müstəqil fəaliyyət göstərməyə başlayır, 1950–60-cı illərdə iqtisadi sıçrayış ali məktəbə tələbə axınını sürətləndirir. 1962-ci ildə artıq ali məktəbin tələbələrinin sayı 3800-ü ötür, əməkdaşların sayı isə 1966-cı ildə 91-dən 247-yə yüksəlir. 1999-cu ildə kənd təsərrüfatı üzrə təhsil və tədqiqatların həyata keçirilməsi məqsədilə universitetin Olbani Mərkəzi yaradılır. 2005-ci ildə Kurtin Texnologiya Universiteti Olbani Mərkəzi ilə birləşdirilir. 2009-cu ilin mayında ali məktəbin Biznes Məktəbi açılır və tibbi tədqiqatların aparılması üçün yeni binanın tikintisinə başlanılır.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti Pertdə ən böyük əraziyə sahib müəssisələrdən biridir. Universitetin 65 hektar ərazidən ibarət olan Krouli kampusu Suon çayının sahilində Pert şəhərinin mərkəzindən 5 km aralıqda yerləşir. Burada tikilmiş universitet binalarının əksəriyyəti, xüsusilə roman üslubuna aid Uintrop Holl əhəng daşından inşa edilib. Binalar Batmış Bağ və Tropik Ağaclıq meşəlik ərazisində, yaşıllıq və bağların arasında yerləşir. Kampusun əsrarəngiz gözəlliyi buranı toyların keçirildiyi ən populyar məkana çevirib. Şəhərcikdəki diqqətçəkən tikililərdən biri də İncəsənət fakültəsinə aid Fortuna Yeni Teatr binasıdır. Pert zooparkı da universitetin tanınmış məkanlarındandır. Berndt Antropologiya Muzeyi aborigenlərin mədəniyyət və tarixinə aid materialların saxlandığı ən zəngin muzeydir.
Hazırda universitetin kampusunda yerləşən əsrarəngiz binaların əksəriyyəti Con Uintrop Hakettin ayırdığı vəsait hesabına tikilib və kampusdakı bir çox binalar həmin səxavətli şəxsin adını daşıyır. Con Uintrop Hakettin tikdirdiyi binalara qədər Pert şəhərinin mərkəzindəki İrvin küçəsində, Hey və Sent Corcs Terras küçələri arasında universitet binaları yerləşirdi. Bu binalar 1932-ci ildə universitetin Krouli ərazisinə köçürüldüyü vaxtadək universitet şəhərciyi rolunu oynayıb. Həmin tikililər bu günümüzədək qorunub saxlanır və hazırda yerləşdiyi yerə görə "İrvin küçəsi tikililəri" adlandırılır.
Qərbi Avstraliya Universitetinin Nedlends ərazisində Stirlinq şosesi boyu bir-biri ilə yeraltı keçidlərlə birləşdirilmiş müəssisələri mövcuddur. 2005-ci ildə Qərbi Avstraliya Universiteti Edit Kouen Universitetinin Klermont ərazisində yerləşdiyi bir sıra obyektini əldə edib. Bu ərazi universitetin əsas kampusu olan Kroulidən 5 km qərbdə yerləşir və universitet tərəfindən kampus deyil, "QAU (Qərbi Avstraliya Universiteti) Klermont" adlandırılır.
Fakültə və məktəbləri
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti 9 fakültədən ibarətdir:
- Memarlıq, mənzərə və vizual incəsənət fakültəsində memarlıq, mənzərə arxitekturası, şəhər dizaynı və təsviri incəsənət sahələri üzrə tədqiqatlar həyata keçirilir. Fakültənin nəzdində Memarlıq, Mənzərə və Vizual İncəsənət Məktəbi fəaliyyət göstərir.
- İncəsənət, humanitar və sosial elmlər fakültəsinə Humanitar, Musiqi, Sosial və Mədəni Tədqiqatlar Ali məktəbləri, Konfutsi İnstitutu, Kollevey, Orta Əsrlər və Erkən Yeni Dövr Tədqiqatları, Müsəlman Dövlətləri və Cəmiyyətləri, Sosial Zəif Uşaqlar və Ailələr, Evrika Arxeoloji Tədqiqatlar və s. mərkəzlər daxildir.
- Mühəndislik, hesablama və riyaziyyat fakültəsi Vətəndaş və Mühəndislik Resursları, Kompüter Elmləri və Proqram Təminatı Mühəndisliyi, Elektrotexnika, Elektronika və Hesablama Texnikası, Ekologiya Sistemləri Mühəndisliyi, Riyaziyyat və Statistika, Maşınqayırma məktəblərindən ibarətdir.
- Həyat və fiziki elmlər fakültəsinin nəzdində İnsan Anatomiyası və Biologiyası, Biotibbi, Biomolekulyar və Kimya Elmləri, Fizika, Psixologiya, İdman Elmləri, Məşq və Sağlamlıq məktəbləri fəaliyyət göstərir.
- Tibb, stomatologiya və səhiyyə fakültəsinə Stomatologiya, Tibb və Əczaçılıq, Pediatriya və Uşaqların Sağlamlığı, Patalogiya və Laborator Tibb, Əhalinin Sağlamlığı, İlkin, Aborigen və Kənd Sağlamlığı, Psixiatriya və Kliniki Neyroelmlər, Cərrahiyyə, Qadın və Körpələrin Sağlamlığı məktəbləri aiddir.
- Təbiət və kənd təsərrüfatı elmləri fakültəsində Kənd Təsərrüfatı və Resurs İqtisadiyyatı, Heyvan Biologiyası, Yer və Ekologiya Elmləri, Bitki Biologiyası məktəbləri, Kənd Təsərrüfatı, Yer Ekosistemlər Tədqiqatı Təşəbbüsü, Okeanoqrafiya, Regional İnkişaf, Energetika və Faydalı Qazıntılar institutları mövcuddur.
- Pedaqogika fakültəsinə Ali Pedaqogika Məktəbi, Uşaq və Yeniyetmə Pozulmaları, İbtidai Məktəb Göstəriciləri, İnteraktiv Kompüter Sistemləri Qiymətləndirilməsi, Avstraliya Düşünmə Elmləri mərkəzləri, Pirson Psixometriya Laboratoriyası aiddir.
- Hüquq fakültəsi Hüquq Məktəbindən, İstehlak Tələbinin Öyrənilməsi, Dağ-Mədən, Enerji və Təbii Ehtiyatlardan İstifadə Hüququ, Cinayət Tədqiqatı mərkəzlərindən ibarətdir.
- Biznes Məktəbi Avstraliyanın MBA üzrə təhsil verən ən güclü ali təhsil ocaqlarından biridir. Məktəb biznes, maliyyə, menecment, iqtisadiyyat və s. üzrə akademik proqramlar təklif edir.
Qərbi Avstraliya Universitetində 9 əsas fakültə ilə yanaşı, Yerli Əhali Tədqiqatları Məktəbi fəaliyyət göstərir. Məktəbin məqsədi aborigenlərə və Torres körfəzi adaları sakinlərinə bərabər və ədalətli ali təhsil verməkdən ibarətdir.
Kitabxanası
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti kitabxanası Qərbi Avstraliyada ən zəngin və qədim kitabxanalardandır. Kampusun ərazisində universitetin 7 kitabxanası fəaliyyət göstərir. Onların arasında ən böyüyü Reyd kitabxanasıdır. Bu kitabxana 1964-cü ildə yaradılıb və universitetin sabiq kansleri Aleks Reydin şərəfinə adlandırılıb. Reyd kitabxanası 1973-cü ildə yerləşdiyi binanın gözəlliyinə görə Memarlıq mükafatına layiq görülüb. Kampus ərazisində digər kitabxanalardan Uiqmor Musiqi, Bisli Hüquq, Tibb və Stomatologiya, 2009-cu ildə açılmış Dəqiq elmlər, Biologiya elmləri, Geologiya, Riyaziyyat və Fizika elmləri kitabxanaları fəaliyyət göstərir. Ümumilikdə universitet kitabxanaları 2 milyona yaxın kitab, 55000 dövri nəşr, eləcə də minlərlə sənəd, rəqəmsal və elektron resursa malikdir. Kitabxananın əlyazma kolleksiyasına məşhur Avstraliya yazıçıları Robert Dryu, Albert Fasi, Con Kinsella, Treysi Rayan və Piter Kouenin əsərləri, universitetin tarixinə aid materiallar daxildir.
İdarəedici orqanı
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universitetində idarəedici orqan 21 üzvdən ibarət Senatdır. Onlardan 4-ü ştatın qubernatoru tərəfindən, digər 4-ü iclas əsasında, 3-ü professor-müəllim heyəti arasından, 1-i inzibati heyət arasından, 1-i Elmi Şura üzvləri arasından, 2-si tələbələrdən, 1-i Magistrant və Doktorantlar Assosiasiyasından seçilmiş şəxslərdir, 3-ü kooptasiya (hər hansı bir seçilən orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) üzvləri, kansler və vitse-kanslerdir. Universitetin kansleri 4 il müddətinə seçilir və Senata sədrlik edir. Hazırda Qərbi Avstraliya Universitetinin kansleri məşhur Avstraliya biznesmeni Maykl Çeyni, vitse-kansleri isə professor Alan Robsondur. Vitse-kansler vəzifəsi də 4 il müddətinə nəzərdə tutulub və kanslerin müavini kimi müəyyən olunur. Universitetdə ümumilikdə 4000-ə qədər professor-müəllim heyəti çalışır.
Tələbələr
[redaktə | mənbəni redaktə et]Ali məktəbdə təhsil alan tələbələrin sayı isə 20000-dən çoxdur. Tələbələrin 15000-dən çoxunu bakalavr, 5000-ə qədərini isə magistrant və doktorantlar təşkil edirlər. Universitetdə təhsil alan tələbələrin əksəriyyəti Qərbi Avstraliya ştatından və Pert şəhərindən olan gənclərdir. Universitetdə dünyanın bir sıra ölkələrindən 4000-ə yaxın tələbə oxuyur. Əcnəbi tələbələr arasında Cənub-Şərqi Asiyanı təmsil edən gənclər çoxluq təşkil edirlər.
Yataqxana
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti tələbələr üçün geniş imkanlara malik yataqxana təklif edir. Krouli kampusundakı Karri Holl, Triniti, Sent Katerina, Sent-Tomas Mor, Sent Georq yataqxana kolleclərində 1000-dən çox tələbə məskunlaşa bilər. Hazırda universitetin bu kampusunda 1150-dən çox tələbə yaşayır. Yataqxanada qalmaq tələbəyə zəngin həyat təcrübəsi bəxş edir, yuxarı kurs tələbələri və müəllimlərlə yaxından tanışlıq onların təhsildə irəliləməsinə səbəb olur.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Universitet müəllim, tələbə, tədris materialı və metodu mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi üzrə dünyanın 44 müəssisəsi ilə əməkdaşlıq edir. Sinqapur, Malayziya, İndoneziya, Filippin və s. kimi ölkələrdə universitet bir neçə proqramını tədris edir.
Hazırda Qərbi Avstraliya Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, Cənub-Şərqi Asiya Ali Təhsil Müəssisələri Assosiasiyasının (ASAIHL), Beynəlxalq Universitetlər Şəbəkəsinin (WUN) üzvüdür.
2010-cu ilin mayından Qərbi Avstraliya Universiteti Dartmut Kolleci (ABŞ), Darem (Böyük Britaniya), Kuins (Kanada), Otaqo (Yeni Zellandiya), Tübingen (Almaniya) və Uppsala (İsveç) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.[2]
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Qərbi Avstraliya Universitetinin ümumi gəlirləri 750290000 Avstraliya dolları olub. Həmin gəlirlərin 341948000-ni Avstraliya hökumətinin maddi yardımı, 43661000-ni Qərbi Avstraliya ştatı hökumətinin yardımı, 33930000-ni müxtəlif tədqiqat qrantları və sazişlər, 112435000-ni təhsil haqqı və digər yığımlar, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib.
Ali məktəbin xərcləri həmin ildə 697374000 Avstraliya dolları olub. Xərclərin 441428000-ni əməkdaşların əməkhaqqı, 40037000-ni tələbələr üçün xərclənən vəsait, 29696000-ni xammal və müxtəlif materiallar, 36486000-ni amortizasiya və qiymətdən düşmə, 11141000-ni təmir və texniki xidmət, qalanlarını isə digər məsrəflər təşkil edib.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universitetində təhsil haqqı tələbənin oxuduğu fakültədən asılı olaraq dəyişir. Əcnəbi tələbələrin təhsil haqqı bakalavriatura səviyyəsində ildə 24000–27000 (İncəsənət, humanitar və sosial elmlər fakültəsi), 24500–27500 (Biznes Məktəbi), 22350–26000 (Pedaqogika fakültəsi), 27000–29000 (Mühəndislik, hesablama və riyaziyyat fakültəsi), 24500–27000 (Hüquq fakültəsi), 26000–28500 (Həyat və fiziki elmlər fakültəsi), 27500–46000 (Tibb, stomatologiya və səhiyyə fakültəsi), 26400–28500 Avstraliya dolları (Təbiət və kənd təsərrüfatı elmləri fakültəsi), magistratura və doktorantura səviyyələri üzrə 11500–46000 Avstraliya dolları arasında dəyişir.
Qərbi Avstraliya Universitetində oxuyan tələbənin illik xərcləri onun qənaətcil olub-olmamasından asılıdır, lakin istənilən həyat tərzinə üstünlük verən tələbəyə ildə orta hesabla 19200–24000 Avstraliya dolları kifayət edir. Bu məbləğə təhsil haqqı, tibbi sığorta, dərslik və aviabilet xərcləri daxil edilmir. Ailəli tələbələr üçün universitetdə təhsil almaq ildə minimum 34000 Avstraliya dollarına başa gəlir.
Universitetdə oxuyan tələbələrə bir sıra təqaüdlər təklif olunur. Tələbələr üçün universitetdə müxtəlif məbləğli AMEC Minproc Mühəndislik (ildə 3000 Avstraliya dolları), Acergy Avstraliya Mühəndislik (ildə 10000 Avstraliya dolları), Aqed Kare Tibb bacısı (1 semestr ərzində 5000 Avstraliya dolları), Apaçi Enerji Geoelmlər (ildə 5000 Avstraliya dolları), Alkoa Avstraliya Mükafatı (1000 Avstraliya dolları), Olbani Ticarət-Sənaye Palatası (1000 Avstraliya dolları) və s. 203 təqaüd mövcuddur. Eyni zamanda universitetdə maddi durumu çətin olan, əlil, aborigen, region və kəndlərdən olan tələbələrə xüsusi təqaüdlər verilir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]Müxtəlif transmilli proqramların həyata keçirilməsi Qərbi Avstraliya Universitetinin, həqiqətən, beynəlxalq nüfuza malik elmi-tədqiqat müəssisəsi olduğunu sübut edir.
Qərbi Avstraliya Universiteti şəxsiyyətə yönəldilmiş yüksəksəviyyəli universitet təhsili və məhsuldar tədqiqatları ilə beynəlxalq aləmin diqqətini özünə cəlb edə bilən ali təhsil ocağıdır. Universitetin idarəetmə keyfiyyəti və planlı təhsili dünya tərəfindən müsbət dəyərləndirilib. Qərbi Avstraliya Universitetinin beynəlxalq reytinqlərdə yüksək yerləri tutması, mükafat və qrantlara layiq görülməsi bütün bu sadalananların sübutudur. Ali məktəbin verdiyi tədris və təhsil Avstraliya Universitetləri Keyfiyyət Agentliyi tərəfindən yüksək qiymətləndirilib.
2003[4] | 2004[5] | 2005[6] | 2006[7] | 2007[8] | 2008[9] | 2009[10] | 2010[11] | 2011[12] | 2012[13] | 2013[14] | 2014[15] | 2015[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
152–200 | 153–201 | 153–202 | 102–150 | 102–150 | 101–151 | 101–151 | 101–150 | 102–150 | 96 | 91 | 88 | 87 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Qərbi Avstraliya Universiteti dünyaya yüzlərlə alim, iş adamı, Rods və bir neçə Nobel mükafatı laureatı bəxş edib. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Stiven Smit – Avstraliyanın müdafiə naziri;
- Kim Bizli – Avstraliyanın ABŞ-dakı səfiri, Avstraliyanın baş nazirinin sabiq müavini;
- Kolin Barnett – Qərbi Avstraliya ştatının baş naziri;
- Bob Houk – Avstraliyanın sabiq baş naziri;
- Alan Karpenter – Qərbi Avstraliya ştatının sabiq baş naziri;
- Riçard Kort – Qərbi Avstraliya ştatının sabiq baş naziri;
- Ceff Qallop – Qərbi Avstraliya ştatının sabiq baş naziri;
- Peter Durek – Avstraliyanın sabiq general-qubernatoru;
- Yeo Çeo Tonq – Sinqapurun sabiq nəqliyyat naziri;
- Əmir Əli – Avstraliya İslam Şuraları Federasiyasının sabiq rəhbəri;
- Barri Marşall – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Robin Uorren – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Uqo Ritveld – Avstraliyalı fizik, Ritveld metodunun yaradıcısı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Qərbi Avstraliya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Our Members Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine. matarikinetwork.org (ing.)
- ↑ "ARWU - The University of Western Australia". Shanghai Ranking Consultancy. 2015. 2015-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- uwa.edu.au — Rəsmi saytı