Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur.
Tarixi
[redaktə | vikimətni redaktə et]1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir.[1] Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır.
Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar.[2] Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.[3]
1917-ci ilin iyun-oktyabr aylarında bu zalda Müvəqqəti hökumətin yığıncaqları keçirilmişdir. 7 Noyabr 1917-ci ildə Qış sarayı ələ keçirildiyində Müvəqqəti hökumətin üzvləri məhz bu zalda həbs olunmuşdular.[4]
Müasir dövrdə Ermitaj muzeyinin tərkibində olan zal öz orijinal görünüşünü saxlamışdır.
Memarlıq xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]İmperatriçanın dəbdəbəli qonaq zalının sütunları, pilyasterləri və kamenləri malaxitlə, sonradan “rus mozaikası” adlandırılan mürəkkəb texnika ilə işlənmişdir: nazik daş plitələri əsas lövhələr üzərinə yapışdırır, aralarını malaxit tozu qarışığı ilə doldurur, daha sonra isə əsas üzü cilalayırdılar. Malxitin parlaq qızılı tağlar, qapılar, sütun altlıqları ilə birləşməsi möhtəşəm görüntünün meydana çıxmasına səbəb olmuşdu.
“Bu zənginlik və zövq məbədinə daxil olarkən, karıxırsan ki, nəyə heyrətlənəsən: materialların zənginliyinə, yoxsa sənətkarın fantaziyalarının zənginliyinə.” [5] |
1830-cu ildə Oqüst de Monferranın eskizləri əsasında sənətkar Henrix Hambsom tərəfindən hazırlanmış mebellər yanğından qoruna bilmişdi. Malaxit zalından, Qış sarayının dəyərli interyer boyunbağısını tamamlayan Neva enfiladasına birbaşa qapı açılır.
Malaxit zalı yaşayış otağının interyerinin tamamilə malaxitlə həll edilməsinin yeganə qorunaraq dövrümüzə çatmış nümunəsidir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Cowles, Virginia. The Romanovs. London: William Collins, Sons & Company Ltd. 1971. ISBN 000211724X.
- Massie, Robert K. Nicholas and Alexandra. Atheneum. New York. 1967.
- Maylunas, Andrei, Mironenko, Sergei. 'A Lifelong Passion. London: Weidenfeld and Nicolson. 1996. ISBN 0-297-81520-2.
- The State Hermitage Museum Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine retrieved 23 September 2008. Published by The State Hermitage Museum.