Peripatetiklər
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Peripatetiklər (yun. περιπατέω – gəzinti) — Aristotelin öyrənciləri və ardıcılları idilər. Onların fəaliyyəytəri nəticəsində "Peripatetizm" adlı fəlsəfi cərəyan yaranmışdı.
Tarixi
[redaktə | vikimətni redaktə et]Aristotel Afinada Likeion (yun. Λύκειον) adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeonun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” (gəzənlər) adlandırılmışdır.
Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər. Onların ən başlıca vəzifələrindən biri müəllimlərinin fəlsəfi əsərlərini şərh etməkdən ibarət idi. Yüksəliş dövrünü Teofrastusun, Lampsuslu Stratonun, Samoslu Aristarxusun, Dikearxusun, Tarentli Aristoksenusun, Falerli Demetriusun fəaliyyəti ilə yaşamışdır.
Miladdan öncə III yüzilliyin sonlarından sonra peripatetizm eniş dövrünü yaşamışdır. O zamandan başlayaraq peripatetik məktəbin ardıcılları artıq orijinal fikirlər ortaya qoya bilməmişdilər. Onlar ancaq Aristotelin əsərlərinin toplanması, yayılması və onlara şərhlərin yazılması ilə məşğul olmuşdurlar.
O dövrün tanınmış peripatetiki Rodoslu Andronikus olmuşdur. O, peripatetik məktəbə başçılıq etmişdir. Andronikusun ən böyük xidməti ondan ibarət idi ki, o, Aristotelin və Teofrastusun əsərlərini yenidən toplamış, redaktə etmiş və yayımlamışdır. Elə bu şəkildə də onlar bizim zamanımıza çatmışdır[1].
Miladi III yüzillikdə peripatetik məktəbin ən tanınmış nümayəndəsi Afrodisialı Aleksandr olmuşdur. Ondan sonra peripatetizm yeni-platonçuluqla qarışaraq ortadan çıxmışdır.
Peripatetizmin fəlsəfə tarixində əhəmiyyətli yeri vardır. Gələcəkdə xristian və müsəlman filosofları ondan yararlanmış və ilham almışdırlar. Avropada Brabantlı Siger, Tomas Akvinas kimi düşünürlər peripatetik fəlsəfədən geniş istifadə edirdilər.
Müsəlman şərqində də peripatetik ənənə yaranmışdır. Şərq peripatetizminin əsas təmsilçiləri Əl-Fərabi, İbn Sina, İbn Rüşd olmuşdurlar. Onlar Aristotelin əsərlərinə şərhlər yazmış, Afrodisialı Aleksandrın və başqa filosofların əsərlərindən istifadə etmişdirlər.
Əsas təmsilçiləri
[redaktə | vikimətni redaktə et]- Teofrastus
- Evdemus Rodoslu
- Straton (Lampsakuslu)
- Dikearxus
- Aristarxus Samoslu
- Demetrius (Falerli)
- Aristoksenus (Tarentli)
- Aleksandr (Afrodisialı)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Andronicus of Rhodes // Dictionary of Greek and Roman Biography and Mythology. Boston: C.C. Little and J. Brown, 1849.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 145-149. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.