Məhəmməd Biriya
Məhəmməd Biriya | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | şair, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Biriya və ya Məhəmməd Bağırzadə (1914, Təbriz – 1985, Təbriz) — şair, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökumətinin Mədəniyyət və Maarif naziri, Təbrizdə qurulmuş Azərbaycan Həmkarlar İttifaqının sədri, Azərbaycan Milli Məclisinin üzvü və Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü, repressiya qurbanı.
Təbrizdə nəşr olunan bir çox qəzet və jurnallarda şeir və məqalələri ilə çıxış edib. 1943–1946-cı illərdə Təbrizdə nəşr olunan "Yumruq", "Ədəbiyyat səhifəsi" və "Qələbə" qəzetlərinin baş redaktoru olub. "Çətirbazlar", "Ruznamə idarəsində", "Stalinqrad", "Ərbab və əkinçi", "Mussolini", "Hitler və Mussolini" kimi pyeslərin müəllifidir.
Azərbaycan Milli Hökumətinin mədəniyyət və maarif naziri olduğu dövrdə məktəblərdə dərslərin Azərbaycan türkcəsində keçilməsinə, yeni tədris proqramının yaradımasına və dərsliklərin yazılmasına nail olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycana mühacirət edib. Burada təqib olunub və fəaliyyətinə görə dəfələrlə həbsə və sürgünə məruz qalıb. Ümumilikdə 22 il sovet rejimi tərəfindən sürgündə və həbsdə saxlanılıb. Təbrizə geri qayıtdıqdan sonra orada da həbs olunub. Ömrünün son illərini həbsdə keçirib.
Həyatı
[redaktə | vikimətni redaktə et]İlk illəri
[redaktə | vikimətni redaktə et]Məhəmməd Hacı Qulam oğlu Bağırzadə 1914-cü ildə Təbriz şəhərində anadan olub.[1][2] Atası dülgər olub.[3][4] 1920-ci ildə ailəsi ilə birlikdə əvvəlcə Təbrizdən Bakıya, bir il sonra isə Xorasana köçüblər.[5][6] İlk təhsilini Xorasanda alıb.[7] Anası xəstələndikdən sonra həkimlər Xorasanın havasının ona zərərli olduğunu deyiblər.[2][4] Bundan sonra o, 1923-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.[6][7] 1929-cu ildə Bakıda yerləşən 37 saylı yediillik məktəbi bitirib və Neft Maşınqayırma Texnikumuna daxil olub.[4] Anası və əmisi vəfat etdikdən sonra ailəsi ilə birlikdə 1933-cü ilin yanvar ayında Təbrizə geri qayıdıb.[8] Təbrizə geri qayıtdıqdan sonra bir müddət "Şahin" qəzetinin redaksiyasında korrektor kimi işləyib.[1][9] 1934-cü ildən 1938-cı ilə qədər Təbrizdə Bələdiyyə İdarəsində fəaliyyət göstərib.[4][9]
1938-ci ildə Təbrizdə yerləşən 27-ci alayın 3-cü diviziyasında hərbi xidmətə başlayıb.[9][10] Hərbi xidməti başa vurduqdan sonra əvvəlcə Təbriz şəhər şəhər idarəsinin su şöbəsində katib kimi[7] 1941-ci ildən isə dəmiryolu idarəsində hesablayıcı kimi işləməyə başlayıb.[4][9]
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olub.[11] 1941-ci il oktyabr ayının 11-dən etibarən Təbrizdə Vətən yolunda qəzeti nəşr olunmağa başlayıb.[12] Bu qəzetdə Məhəmməd Biriyanın şeir və məqalələri çap olunur.[13][14] "Rəhbər", "Zəfər", "Mərdom", "Dəmavənd", "Xavəre No" və "Azərbaycan" qəzetələrində də yazı və şeirlərlə çıxış edib.[10]
1941-ci ildə bir qrup cənubi azərbaycanlı ziyalı ilə birlikdə 15 günlük Bakıya dəvət olunub.[15][16] Burada yazdığı şeirlər "Kommunist" qəzetində çap olunub.[17] Təbrizə geri qayıtdıqdan sonra Azərbaycan Cəmiyyətinin sədri Hacı Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Mir Mehdi Etimad və digərləri ilə birlikdə daha aktiv fəaliyyətə başlayır. Kapitalizmi, imperializmi, müstəmləkəçiliyi tənqid edən şeirlər və məqalələr yazır.[17] Təqib olunduqları üçün 1942-ci ildə Mirzə Əli Şəbüstəri, İsmayıl Şəmsi, Mir Mehdi Etimad və Məhəmməd Biriya Azərbaycan SSR Daxili İşlər Komissarının müavini, general Ağasəlim Atakişiyev tərəfindən Təbrizdən Bakıya gətirilib.[17][18] 1943-cü ilin yanvar ayınadək burada yaşayıb və Azərbaycan Yazıçılar İttifaqında və Azərbaycan Radio Komitəsində fəaliyyət göstərib.[10][19] Təbrizə geri qayıtdıqdan sonra burada "Ədəbiyyat səhifəsi" adlı qəzetin nəşrinə başlayıb.[10] Qəzet 1945-ci ilə qədər fəaliyyət göstərib.[20] 1944-cü ildə Bakıda "Ürək sözü" adlı şeirlər kitabı 5 min tirajla çap olunub.[15][21]
1943-cü ildə Təbrizdə qurulmuş Azərbaycan Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilib.[22][23] Bu vəzifəni icra etdiyi dövrdə fəhlələr və sahibkarlar arasında 41 maddəlik müqavilənin imzalanmasına nail olur.[7][24] Məhəmməd Biriya 1944-cü ilin ortalarında yenidən təşkil olunan Tudə partiyasının Təbriz şəhər komitəsinə seçilən 17 nəfərdən biri olub.[25][26] O, həm də şah zülmünə və müstəmləkəçilərə qarşı baş tutmuş çoxsaylı mitinqlərin də əsas təşkilatçılarından idi. Neftçıxarma sahəsindəki fəhlələrlə bağlı baş tutmuş mitinqlərin birində çıxış edən ona sui-qəsd cəhdi olur. Ona tuşlanmış güllə İsmayıl adlı bir mitinq iştirakçısının ölümünə, üç nəfərin yaralanmasına səbəb olur.[27] 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı Konqresində nümayəndə kimi iştirak edib.[16][28]
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinin sədri seçilib.[29][30]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, mədəniyyət və maarif naziri təyin olunub.[31][32][33] Bundan başqa yeni yaradılmış Milli Məclisin və Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin də üzvü olub.[34] Mədəniyyət və maarif naziri olduğu bir il ərzində məktəblərdə dərslərin Azərbaycan türkcəsində keçilməsinə, yeni tədris proqramının yaradılmasına və dərsliklərin yazılmasına nail olub.[35][36][37] Əhalinin əksəriyyəti savadsız olduğu üçün qısa müddətdə bölgədə 3800 likbez kursları açılıb.[38] Bir il ərzində kəndlərdə 2000, şəhərlərdə isə 500 ibtidai və orta məktəb fəaliyyətə başlayıb.[38] 400 məktəb inşa olunub və ya əsaslı təmir olunub.[39] Müxtəlif sahələrdə olan kadr çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif kurs və texnikumlar yaradılıb.[38] Biriya nazir olmaqla yanaşı 1946-cı ildə yaradılmış "Azərbaycan Universiteti"ndə[40] Ədəbiyyat fənnindən dərs deyib.[41] Təbriz, Zəncan, Urmiya, Əhər, Ərdəbil və digər şəhərlərdə mərkəzləri olan Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti yaradılıb.[42] Dövlət Dram Teatrı, Dövlət Filarmoniyası açılıb və Behzad adına Milli Muzey fəaliyyət göstərməyə başlayıb.[43][44] Azərbaycan rəssamlar və heykəltəraşlar cəmiyyəti yaradılıb.[45] Təbrizdə Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabaninin heykəlləri qoyulub.[43]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı[46] və "Səttarxan" ordeni ilə təltif edilib.[47][48]
SSRİ İran hökumətinin verdiyi vədlərdən sonra bölgəni tərk edir.[36] Tehran hökuməti isə "Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeridir.[36] Bu qoşuna müqavimət göstərib-gəstərməmək məsələsində Azərbaycan Demokrat Firqəsinin rəhbərləri arasında fikir ayrılığı yaranır. Bəziləri Azərbaycan SSR-yə çəkilib oradan mübarizə aparmağı təklif etsələr də Məhəmməd Biriya bölgədə qalıb orduya qarşı döyüşməyi təklif edir.[36][37][49] Azərbaycan Demokrat Firqəsinin Təbrizdə baş tutmuş son iclasında Məhəmməd Biriya Azərbaycan Demokrat Firqəsinin I katibi seçildi.[50][51][52] Partiyanın taktikası və bölgədə nizam-intizamın qorunması haqqında bəyanat hazırlayıb radio ilə oxuyur.[37] 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[53] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[54] Biriya və yoldaşları şəhərə daxil olan İran qoşununa qarşı silahlı müqavimət göstərsələr də az olduqları üçün Təbrizdəki SSRİ xəstəxanasına sığınmağa məcbur olurlar.[55][56] 1947-ci il martın 8-də Təbrizdə SSRİ konsulluğunun əməkdaşlarının köməyi ilə gizli yollarla Bakıya gətirilib.[57][58]
Milli hökumət dağıldıqdan sonra
[redaktə | vikimətni redaktə et]1947-ci ildə Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu.[59] Komitəyə seçilən Məhəmməd Biriya, burada təbliğat şöbəsinə müdir təyin olunur.[60][61] Azərbaycan Kommunist Partiyasının MK-nİn sərəncamı ilə Respublika Partiya Məktəbinə qəbul edilib.[62][63]
1947-ci il dekabrın 27-də İrana getmək məqsədilə Bakıdakı İran konsulu Behnama müraciət edib.[64][65] Evə getdikdən sonra isə onun evinə AzSSR Daxili İşlər naziri general Mir Teymur Yaqubov, Dövlət Təhlükəsizlik nazirinin müavini general Ağasəlim Atakişiyev, polkovnik Məhəmməd Saveçallinski, Mərkəzi Komitənin katibi Həsən Həsənov, AzSSR baş nazirinin müavini, yazıçı Mirzə İbrahimov gəliblər.[64][66] Onlar Biriyadan İran konsulluğuna verdiyi ərizəni geri çəkməsini istəyiblər. O isə bununla razılaşmayıb.[64] Növbəti gün dekabrın 28-də həbs olunub.[66][67]
7 aydan çox davam edən istintaqdan sonra 1948-ci ilin avqust ayında o, Sovet hökuməti və Cənubi Azərbaycandakı demokratik quruluşa düşmənçilik münasibəti bəsləməkdə və Təbrizdə amerikalılarla, Bakıda isə İranın baş konsulu ilə casusluq əlaqəsinin olmasında təqsirləndirilib.[68][69] 1948-ci il noyabrın 27-də çıxan qərarla cəza müddətini 11 avqustdan hesablamaq şərtilə 10 il müddətinə islah əmək düşərgəsinə sürgün edilib.[70] SSRİ DİN-nin 4 nömrəli xüsusi düşərgəsində cəzasını çəkib. 1950-ci il dekabrın 31-də məhbuslar arasında antisovet təbliğat apardığına görə düşərgə məhkəməsi tərəfindən 10 il həbs cəzasına məhkum edilib.[22][63] 1951-ci il avqustun 23-də Luqovsk həbs düşərgəsində olduğu dövrdə ciddi nəzarətdə saxlanması şərtilə bir il həbs cəzasına məhkum edilib.[22][71] 1954-cü il avqustun 13-dən Karaqanda şəhərində yerləşən 415 nömrəli islah əmək düşərgəsində cəzasını çəkib.[70] 1956-cı il avqustun 30-da Məhəmməd Biriyanın cinayət işinə yenidən baxılıb və "əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib".[72]
1956-cı ildə Bakıya geri qayıdıb.[73] Ailəsinə qovuşmaq üçün Təbrizə getmək istəyir.[74] Buna görə də viza almaq üçün 1956-cı il noyabrın 12-də Moskvaya gedir.[74] Orada yerləşən İran səfirliyinə daxil olmaq istəyərkən bunun qarşısı alınır və o yenidən Bakıya gətirilir.[74] 1957-ci il yanvarın 18-də Azərbaycan SSR hökumətinin rəhbərlərinə 16 maddəlik bir məktub göndərir.[75] Bu məktubda o, kiril əlifbasından imtina edib ərəb əlifbasına qayıtmağı, marksizm-leninizm məktəblərini bağlamağı, Marksın, Engelsin, Leninin və Stalinin heykəllərini götürməyi, erməniləri Azərbaycandan çıxarmağı, sürgünə göndərilmiş insanların azad edilməsini, ölkədə şəriətin qurulmasını tələb edir.[75] Bu məktubdan sonra 1957-ci ildə hökumət əleyhinə təbliğat aparmaqda ittiham olunaraq yenidən həbs olunur və növbəti 10 il ərzində müxtəlif şəhərlərdə həbsdə saxlanılır.[45][76] Həbs müddəti bitdikdən sonra, 1967-ci ildə yenidən Bakıya qayıdır.[74] Yenidən viza almaq məqsədilə Moskvaya gedir. Burada da sovet milisini təhqir etməkdə ittiham olunaraq həbs olunur və 2 il Tambov vilayətində cəza çəkir.[45][77] Həbs müddəti bitdikdən sonra 1969-cu ildə Bakıya qayıdan Məhəmməd Biriyaya təhlükəsizlik orqanları burada yaşamağa icazə vermirlər.[76] Bundan sonra o, 3 illik Şamaxı şəhərinə sürgün edilir. Şamaxıdan qayıtdıqdan sonra Bakıdakı qəbiristanlıqlarda mollalıq edir.[77][78] Məhəmməd Biriya ümumilikdə 22 il sovet rejimi tərəfindən sürgündə və həbsdə saxlanılıb.[79][80]
1980-ci il sentyabrın 29-da Təbrizə qayıdıb.[73][81] Burada da hökumət əleyhinə təbliğat aparmaqda günahlandırılaraq təqiblərə məruz qalıb və sonda həbs olunub.[82][83] 1985-ci il fevralın 19-da dünyasını dəyişib. Ölümü ilə bağlı fikirlər müxtəlifdir. Bəzi tədqiqatçılara görə həbsdə olarkən dünyasını dəyişib,[77][83][84] bəzilərinə görə isə ömrünün sonlarına yaxın həbsdən azad olunub və dünyasını kimsəsizlər evində dəyişib.[64][71][75][85]
Təbrizdə yerləşən Vadi rəhmət qəbiristanlığında dəfn olunub.[85][86] Sinə daşının üzərində öz yazdığı "Vəsiyyət" şeiri yazılıb.[85][87]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]İlk şeirləri 1924-cü ildə Bakıda çap olunan "Divar" jurnalında çap olunub.[2] 1930-cu illərdə Azərbaycan və fars dillərində lirik qəzəllər yazmağa başlayıb.[88] Özünə "Biriya" ləqəbini götürüb.[89] "Biriya" riyasız, yalansız deməkdir.[89] 1941-ci il oktyabr ayının 11-dən Təbrizdə nəşr olunan Vətən yolunda qəzetində şeirləri və məqalələri nəşr olunub.[13][14] Bundan başqa "Rəhbər", "Zəfər", "Mərdom", "Dəmavənd", "Xavəre No" və "Azərbaycan" qəzetələrində də yazı və şeirlərlə çıxış edib.[10] 1941–1946-cı illər arasında onun şah rejiminə, faşizmə qarşı və eləcə də vətənpərvər ruhda yazdığı şeirlər Cənubi Azərbaycan şəhərlərində əldən ələ gəzirdi.[90] Xüsusilə də, "Bəlkə qayıtdı şahımız", "Ay kişi bayram gəlir", "Binəva kəndlinin şikayəti", "Mən öz qanıma qəltan yaranmışam", "Hər addımda məzarım var" şeirləri vərəqələr şəklində çap olunaraq insanlara paylanırdı.[90] 1941-ci ildə bir qrup cənubi azərbaycanlı ziyalı ilə birlikdə 15 günlük Bakıya dəvət olunub.[9] Burada yazdığı şeirlər "Kommunist" qəzetində çap olunub. 1943-cü ildə Təbrizə "Ədəbiyyat səhifəsi" adlı qəzetin nəşrinə başlayıb.[10][91] Qəzet 1945-ci ilə qədər fəaliyyət göstərib.[20] 1945-ci ildən isə Təbrizdə nəşr olunan "Qələbə" qəzetinin baş redaktoru olub.[92][93]
Bir neçə kitabı sağlığında çap olunub.[21] Bakıda çap olunan kitabı "Ürək sözü" adlanır və 5 min tirajla nəşr olunub.[22] 118 səhifəlik kitab 2 hissədən ibarətdir.[94] Birinci hissədə şairin müxtəlif mövzularda yazdığı qırx səkkiz lirik şeiri, ikinci hissədə isə əlli yeddi satirik əsəri verilib.[94] Bu kitabı 1944-cü il iyulun 17-də "Muxammed Biriya. İzbrannıe stixi" adı ilə çap olunub.[95] Kitabın ön sözünü yazan və onu redaktə edən Mikayıl Rəfili olub.[95]
Təbrizdə çap olunmuş ilk kitabı "Vətənim Azərbaycana" adlanır.[94] "Xəlifə gəri" nəşriyyatında çap olunan bu kitabda şairin 34 şeiri yer alıb. "Üsyan" və "Hücum" kitabları isə 1945-ci ildə Təbrizdə "Firdovsi" nəşriyyatında çap olunublar. "Üsyan" kitabında şairin 30 şeiri, "Hücum" kitabında isə 18 şeiri yer alıb.[94]
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra şairlikdə yanaşı pyeslər də yazaraq onları səhnələşdirib.[7] "Çətirbazlar", "Ruznamə idarəsində", "Stalinqrad", "Ərbab və əkinçi", "Mussolini", "Hitler və Mussolini" kimi yazdığı kiçik pyeslər Təbrizdə fəaliyyət göstərən Ərk teatrında və Marağa şəhər teatrında səhnəyə qoyulub.[7][22]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya köçüb. Burada hökumətə qarşı çıxdığı üçün daim təqib olunub. 1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Anatoli Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verərək onların dərhal yığışdırılmasını təklif edib.[96] 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən araslarında Məhəmməd Biriyanın da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılıb.[96]
Xatirəsi
[redaktə | vikimətni redaktə et]1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib.[97] Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır.[97] Məhəmməd Biriyaya filmdə özünün yazdığı "Mən deyirəm" şeirini oxuyur.[98]
Məhəmməd Biriya ilə eyni düşərgədə sürgündə olan moldovalı yazıçı Boris Marian yazdığı "Bir taleyin dönərgələri" kitabında onun haqqında da yazıb.[99]
1997-ci ildə şairin həyat yolu ilə bağlı DTX arxivlərində saxlanan istintaq materialları əsasında "Hər addımda məzarım var" adlı kitab nəşr olunub.[100] Bu kitaba M. Biriyanın istintaq materialları ilə yanaşı, 1944-cü ildə nəşr olunmuş "Ürək sözü" kitabından götürülərək heç bir dəyişiklik edilmədən iyirmi lirik şeiri və iyirmi doqquz satirik əsəri də daxil edilmişdir.[101]
2004-cü ildə Məhəmməd Biriya haqqında tammetrajlı, sənədli televiziya filmi çəkilib.[102] Filmin rejissoru və ssenari müəllifi Ənvər Əblucdur.[102]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Balayev, 2018. səh. 144
- ↑ 1 2 3 Muradi Marağayi, 2006. səh. 4
- ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 416
- ↑ 1 2 3 4 5 "KQB-nin arxivindən 50 ilin toz-torpağı altında gizlədilmiş sənədlər: Seyid Cəfər Pişəvərini kimlər öldürüb?". web.archive.org. Archived from the original on 2013-10-21. İstifadə tarixi: 2024-11-28.
- ↑ İsmayılov, 1997. səh. 198
- ↑ 1 2 Rüstəmli, 1997. səh. 29
- ↑ 1 2 3 4 5 6 Ələkbərli, 2021. səh. 333
- ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 417
- ↑ 1 2 3 4 5 Rüstəmli, 1997. səh. 30
- ↑ 1 2 3 4 5 6 Qəribli, 2014. səh. 183
- ↑ Həsənli, 2006. səh. 18
- ↑ Tahirqızı, Ülviyyə. "Təbrizdə Azərbaycan dilində çıxan ilk qəzet". www.anl.az. 2014-11-25. İstifadə tarixi: 2024-11-28.
- ↑ 1 2 Məmmədli, Pərvanə. "Əsrlərə bərabər fəaliyyət". azerbaycan-ruznamesi.org. 2023-04-18. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
- ↑ 1 2 Həsənli, 1998. səh. 117
- ↑ 1 2 Həsənli, 1998. səh. 163
- ↑ 1 2 Qəribli, 2014. səh. 184
- ↑ 1 2 3 Şamil,Şamil, 2018. səh. 86
- ↑ Muradi Marağayi, 2006. səh. 13
- ↑ Rüstəmli, 1997. səh. 31
- ↑ 1 2 Rüstəmli, 1997. səh. 65
- ↑ 1 2 Qəribli, 2014. səh. 199
- ↑ 1 2 3 4 5 Sarıyeva, İradə. "1945-ci il Cənubi Azərbaycan hökümətinin şair naziri Məhəmməd Biriya..." (PDF). Bakı xəbər qəzeti. 2022-12-3. 12. İstifadə tarixi: 2024-12-02.
- ↑ Rəhimli, Əkrəm. "Azərbaycan Demokrat Firqəsinin yaranması". Xalq Cəbhəsi qəzeti. 2016-12-05. İstifadə tarixi: 2024-12-12.
- ↑ Muradi Marağayi, 2006. səh. 17
- ↑ Həsənli, 2006. səh. 48
- ↑ Çeşmazər, 1986. səh. 114
- ↑ Şamil,Şamil, 2018. səh. 87
- ↑ Muradi Marağayi, 2006. səh. 18
- ↑ Həsənli, 1998. səh. 269
- ↑ Pişəvəri, 2005. səh. 255
- ↑ Mərəndli, 2017. səh. 36
- ↑ Həsənli, 2006. səh. 167
- ↑ Çeşmazər, 1986. səh. 65
- ↑ Çeşmazər, 1986. səh. 115
- ↑ Muradi Marağayi, 2006. səh. 28
- ↑ 1 2 3 4 Ələkbərli, 2021. səh. 334
- ↑ 1 2 3 Şamil,Şamil, 2018. səh. 88
- ↑ 1 2 3 Bayramzadə, 2016. səh. 102
- ↑ Rəhimli, 2003. səh. 94
- ↑ Rəhimli, 2003. səh. 96
- ↑ Muradi Marağayi, 2006. səh. 25
- ↑ Bayramzadə, 2016. səh. 103
- ↑ 1 2 Bayramzadə, 2016. səh. 104
- ↑ Rəhimli, Əkrəm. "Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 15-ci yazı". Xalq Cəbhəsi qəzeti. 2019-09-24. İstifadə tarixi: 2024-12-12.
- ↑ 1 2 3 Çeşmazər, Mirqasım. "Məşəqqətli ömür" (PDF). www.achiq.info. 2024-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-17.
- ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 422
- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 106-107. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-10.
- ↑ Allahverdiyeva, Hökümə. Filologiya məsələləri jurnalı / M. Biriyanın uşaqlıq və gənclik illər. Əmək fəaliyyətinin şerlərdə, qəlblərdə inikası (PDF) (az.). 12. Bakı: Elm və təhsil nəşriyyatı. 2018. 295. ISSN 2224-9257. 2024-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-03.
- ↑ Mərəndli, 2017. səh. 130
- ↑ Muradi Marağayi, 2006. səh. 30
- ↑ Məmmədov, Adıgözəl. Mircəfər Bağırov - Siyasi portret (PDF) (az.). Bakı: Zərdabi Nəşr. 2021. 232.
- ↑ Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-09.
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Ələkbərli, 2021. səh. 335
- ↑ Muradi Marağayi, 2006. səh. 31
- ↑ Rüstəmli, 1997. səh. 63
- ↑ Həsənli, 2006. səh. 483
- ↑ Qəribli, 2014. səh. 185
- ↑ Rüstəmli, 1997. səh. 66
- ↑ Muradi Marağayi, 2006. səh. 33
- ↑ Rzayev, Anar. Güneydən gələn səslər (PDF) (az.). Bakı: Azərbaycan jurnalı. 2020. 100. 2024-05-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-02.
- ↑ 1 2 Balayev, 2018. səh. 145
- ↑ 1 2 3 4 Zeynallı, Cavid. "Təbrizli mürdəşir və ya Məhəmməd Biriya faciəsi". 525-ci qəzet. 2018-08-20. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
- ↑ Rüstəmli, 1997. səh. 36
- ↑ 1 2 Şamil,Şamil, 2018. səh. 90
- ↑ Rüstəmli, 1997. səh. 64
- ↑ Rüstəmli, 1997. səh. 40
- ↑ Muradi Marağayi, 2006. səh. 39
- ↑ 1 2 Rüstəmli, 1997. səh. 60
- ↑ 1 2 Şamil, Əli. "Məhəmməd Bağırzadə Biriya". ali-shamil.tr. 2011-05-30. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Rüstəmli, 1997. səh. 70
- ↑ 1 2 İsmayılov, 1997. səh. 199
- ↑ 1 2 3 4 Balayev, 2018. səh. 146
- ↑ 1 2 3 Şamil,Şamil, 2018. səh. 92
- ↑ 1 2 Balayev, 2018. səh. 147
- ↑ 1 2 3 Qəribli, 2014. səh. 186
- ↑ Cavanşir, Cəlil. "Mürdəşirlik etmiş azərbaycanlı nazir". kulis.az (az.). 2014-12-13. 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- ↑ Məmmədov, Qulamhüseyn. "Seyid Cəfər Pişəvəri hökumətində Azərbaycan dili". Milliyyət Araşdırmalar Mərkəzi (az.). 2018-12-12. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
- ↑ Fərhadoğlu, Tapdıq. "İran Azərbaycanında Azərbaycan Milli Hökumətinin qurulmasının 77-ci ildönümüdür". Amerikanın səsi (az.). 2022-12-12. 2024-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- ↑ Güney Azərbaycan nəsri: başlanğıcdan bu günə qədər: antologiya (az.). Bakı: Nurlar NPM. 9. ISBN 978-9952-507-16-4.
- ↑ Göyüşov, Altay. "Azərbaycan millətçiliyinin yaranmasından günümüzə qədər qısa təsviri". Baku Research Institute (az.). 2021-09-06. 2024-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
- ↑ 1 2 Balayev, 2018. səh. 148
- ↑ Rüstəmli, 1997. səh. 72
- ↑ 1 2 3 Turan, Azər. "Təbrizin qarğınmış şairi – Biriya..." Edebiyyatqazeti.az. 2019-02-25. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- ↑ Muradi Marağayi, 2006. səh. 47
- ↑ Muradi Marağayi, 2006. səh. 49
- ↑ Qəribli, 2014. səh. 207
- ↑ 1 2 Rüstəmli, 1997. səh. 3
- ↑ 1 2 Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 418
- ↑ Məmmədli, 2009. səh. 183
- ↑ Məmmədli, 2009. səh. 184
- ↑ Məmmədli, Pərvanə. "İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib". Amerikanın səsi (az.). 2012-01-16. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-18.
- ↑ 1 2 3 4 Qəribli, 2014. səh. 200
- ↑ 1 2 Qəribli, 2014. səh. 206
- ↑ 1 2 Zülfqarlı, Məhərrəm. Tarixşünaslıq (1920-1991-ci illər) (PDF) (az.). Bakı. 2017. 228.
- ↑ 1 2 Sultanova, Sevda. "Cənubi Azərbaycandan bəhs edən 1947-ci il filmimiz". kulis.az (az.). 2018-01-27. İstifadə tarixi: 2024-12-02.
- ↑ Hüseynov, Rafael. "Pənah gətirənlərin pasibanı". science.gov.az (az.). 2023-05-22. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
- ↑ Marian, Boris. "Məhəmməd Biriya-zülmət səltənətində işaran nur: "Bir taleyin dönərgələri" kitabından". anl.az. 2012-12-14. İstifadə tarixi: 2024-12-02.
- ↑ Turalı, Qan. "NKVD agenti olan məşhur şairimizin fəci həyatının - Gizlinləri". Teleqraf.com (az.). 2018-02-20. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
- ↑ Qəribli, 2014. səh. 203
- ↑ 1 2 "Ənvər Əbluc". audiovisual.az. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 978-9952-37-091-1.
- Bayramzadə, Səməd. Южный Азербайджан: от "21 Азер"а до "белой революции" в Иране (az.). Bakı: Tərəqqi nəşriyyatı. 2016. səh. 334. ISBN 978-9952-8299-7-6.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5 – 91017 – 012 – 0.
- Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324.
- Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
- Məmmədli, Pərvanə. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər (az.). Bakı: Elm nəşriyyatı. 2009. səh. 230.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3.
- Muradi Marağayi, Əli. زندگى و زمانه محمد بىرىا: به انضمام خاطرات سرلشکر درخشانى از فرقه دموکرات آذرباىجان / Məhəmməd Biriyanın həyatı və dövrü (Demokrat Firqəsi haqqında general Derəxşaninin xatirələri ilə birlikdə (fars). Miçiqan: University of Michigan. 2006. səh. 237. ISBN 9789648234374.
- İsmayılov, İsrafil. Dünya Azərbaycanlıları XX əsrdə (az.). Bakı: Azərbaycan DHA. 1997. səh. 270.
- Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207.
- Rüstəmli, Nərgiz. Hər addımda məzarım var (az.). Bakı: "Yazıçı" ədəbi nəşrlər evi. 1997. səh. 120.
- Şamil, Əzizə; Şamil, Əli. Dissident sorağında (1956-1986) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 204. ISBN 978-9952-8305-2-1.
- Tağıyeva, Şövkət; Rəhimli, Əkrəm; Bayramzadə, Səməd. Güney Azərbaycan (az.). Bakı: Orxan NPM. 2000. səh. 517.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 1914-cü ildə doğulanlar
- Təbrizdə doğulanlar
- 1985-ci ildə vəfat edənlər
- Təbrizdə vəfat edənlər
- Azərbaycan Demokrat Firqəsinin üzvləri
- "Səttarxan" ordeni ilə təltif olunanlar
- "21 Azər" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı şairlər
- İran azərbaycanlısı şairlər
- Cənubi Azərbaycan tarixi
- Vadi rəhmət qəbiristanlığında dəfn olunanlar