Məhəmməd Əmani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd Əmani
Doğum tarixi 1536
Vəfat tarixi 1610
Fəaliyyəti şair
Vikimənbənin loqosu Məhəmməd Əmani Vikimənbədə

Məhəmməd Əmani (15361610) — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış azərbaycanlı şair.

İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismini bu yürüşlərə həsr etmişdir. Həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır.

Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani Məhəmməd Füzulinin ədəbi məktəbinin davamçılarındandır. Əmani lirikasının bir sıra xüsusiyyətləri Azərbaycan ədəbiyyatı tarixində ona qiymətli mövqe qazandırmışdır. Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını, ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət, dilin sadəliyi, ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmaninin yazıb-yaratdığı dövrdə Azərbaycan ədəbiyyatı əsasən ana dilində inkişaf edirdi. Bu dövrdə yaranan ədəbiyyat bir tərəfdən öz qidasını yazılı klassik ədəbiyyatdan alırdısa, digər tərəfdən şifahi xalq ədəbiyyatından təsirlənməkdə idi. Məhəmməd Əmaninin bir şair kimi inkişaf edib formalaşmasında dövrün, ədəbi mühitin və mədəniyyətin təsirilə yanaşı özündən əvvəlki mədəniyyət və ədəbiyyatın nailiyyətlərinin də böyük və mühüm rolu olmuşdur. Əmani öz şeirlərini yazarkən ondan qabaqkı söz ustalarının mütərəqqi ənənələrindən qidalanmışdır.

M.Əmaninin bir lirik şair olaraq Füzuli ənənələrinə bağlı olmuşdur.[1] Onun lirikası əsasən həyata və insanın məhəbbətinə həsr olunmuşdur. Bu lirikanın əsası şairin mənsub olduğu xalqın həyatının gözəlliyindən, Azərbaycan ədəbiyyatının ənənələrindən və xalq yaradıcılığından alınmışdır. Əmaninin yaradıcılığı istər məzmun, istərsə də forma cəhətdən cox zəngindir. O, divanlarının əsasını təşkil edən qəzəllərində də, rübai, qoşma, bayatı və məsnəvilərində də dövrünün görkəmli bir şairi kimi özünü göstərməkdədir.[2]

Əmaninim lirikasında insan məhəbbəti əsas yer tutur. Bu şeirlərdə onun eşq və məşuq haqqında fikirləri və lirik hissləri verilir. Bu da yüksək fikir, təmiz insani münasibət, daxili paklıq və ülvi mənəviyyatın təbliği üçün o zaman sənətin qarşıya qoyduğu əsas məsələ idi.[3]

  1. Balaş Azəroğlu. Məhəmməd Əmani. Elm nəşriyyatı-1977,s.22
  2. Balaş Azəroğlu. Məhəmməd Əmani. Elm nəşriyyatı-1977,s.35
  3. Balaş Azəroğlu. Məhəmməd Əmani. Elm nəşriyyatı-1977,s.38

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]