Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti | |
---|---|
Kauno technologijos universitetas[1] | |
54°53′56″ şm. e. 23°54′45″ ş. u.HGYO | |
Əsası qoyulub | 1922 |
Tip | dövlət universiteti |
Rektor | Petras Baršauskas |
Tələbə sayı | 10.495 |
Ölkə | |
Ünvan | Litva, Kaunas şəhəri |
Sayt | ktu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır. 1944-cü ildə litvalı professorlar, müəllimlər və gənc mühəndislər, texnologiya fakultəsinin məzunları, universitetin yeni nüvəsini formalaşdırırlar, bununla da ali təhsil ocağının sonrakı spesifikasını müəyyən edirlər. 1950-ci ildə Kaunas Universiteti Kaunas Politexnik İnstitutu və Kaunas Tibb institutu olaraq yenidən təşkil edilir. 1990-cı ilin oktyabrında Litva Ali Soveti tərəfindən Kaunas Politexnik İnstitutunun Kaunas Texnologiya Universiteti adlandırılması qərara alınır.
1992-ci ildə universitetdə Litvanın elm və təhsil tələblərinə uyğun olaraq, tədris proqramları yenidən təşkil edilir. 1993-dən təlimin qərb stili tətbiq edilir. 2000-ci ildə universitet Fasiləsiz Təhsil Universitetləri Avropa Şəbəkəsinin üzvü olur. 2001-ci ildə ali məktəb mühəndislik təhsilinin Avropa cəmiyyətinin üzvlüyünə qəbul edilir.
Hazırda universitet 9 fakültə, kitabxana, gimnaziya, 10 institut, 74 kafedra, 10 təhsil və tədqiqat mərkəzi, 23 elmi-tədqiqat laboratoriyasından ibarətdir. Ali məktəbdə 154 professor və 500 dosent daxil olmaqla təqribən 1000 müəllim dərs deyir, 20000 tələbə və 500 doktorant təhsil alır. Universitetdə bakalavr təhsil pilləsi üzrə 36, magistr dərəcəsi üzrə 65, doktorantura üzrə isə 11 proqram təklif edilir. Elektronika, informasiya texnologiyaları, mexatronika, iqtisadiyyat və sosial elmlər xüsusilə inkişaf edir.
Hazırda Kaunas Texnologiya Universitetində telekommunikasiya və elektronika, elektromühəndislik və avtomatika, dizayn və texnologiya,iqtisadiyyat və idarəetmə,informatika, kimya texnologiyası, fundamental elmlər, humanitar elmlər, mexanika və maşınqayırma sosial elmlər, tikinti və arxitektura fakültələri fəaliyyət göstərir.
Universitetdə informasiya texnologiyalarının inkişafı, ekoloji mühəndislik, arxitektura və tikinti, biotibb mühəndisliyi, energetika texnologiyaları, Avropa, hərbi texnika, ərzaq, materialşünaslıq, metroloji institut, sintetik kimya, texnologiya sistemləri diaqnostikası və K. Barşauskas adına ultrasəs tədqiqatları institutları yaradılıb.
Həmçinin, ali təhsil ocağında beynəlxalq təhsil, texnologiya təlimi, akademik irəliləyiş, bədən tərbiyəsi və idman, maşınqayırma təhsili, kadrların hazırlanması və informasiya, mikrosistemlər və nanotexnologiyalar mərkəzləri açılıb.
Kaunas Texnologiya Universitetində dillərin öyrənilməsinə də böyük önəm verilir. Xarici dillər mərkəzində ingilis, alman, fransız, italyan, ispan, rus və başqa dillər öyrədilir. Alman dilinin informasiya mərkəzi yalnız alman dilinin və mədəniyyətin tədrisini təşkil etmir, həm də alman dilli ölkələr ilə sıx əlaqələr qurur. Universitetdə Britaniya və Fransa mədəniyyət mərkəzləri də açılıb. Xüsusi diqqət "Şərqşünaslıq Mərkəzi" layihəsinə ayrılır. Mərkəzin əsas hədəfi Şərq-Qərb mədəni əlaqələri sahəsində universitetlər arasında dialoqun möhkəmləndirilməsindən ibarətdir.
Avropa İttifaqında partnyorlarla sıx əməkdaşlıq tələbə mübadiləsi üzrə proqramlarda iştirak etməyə imkan yaradır. Xarici ölkələrdən tələbələr öz növbəsində litva dilini öyrənirlər və universitetin müxtəlif proqramlarında istədikləri istiqamətləri seçə bilirlər. Litvanın Avropa İttifaqına daxil olması və 1998-ci ildə universitetin rektoru tərəfindən Bolonya bəyannaməsinin imzalanması təhsil strukturuna, həm də proqramlara təsir göstərdi. Bu gün ali məktəbin təlim istiqaməti Avropa İttifaqı təhsil proqramlarına uyğundur. Bu tip proqramlardan biri — "İxrac mühəndisliyi" Beynəlxalq Studiya Mərkəzində tədris olunur. Mərkəz Kaunas şəhərinin tarixi binasında yerləşir və KTU fakültəsi kimi fəaliyyət göstərir. Burada dörd əsas dildə əcnəbi tələbələrin təlimi təklif edilir: ingilis, fransız, alman və rus.
"İxrac mühəndisliyi" proqramı Avropa bazarının beynəlxalq komandalarında işləmək, keyfiyyətli məhsul hazırlamaq, texnologiyalar və onlardan effektiv istifadə etmək məqsədilə gənc mütəxəssislərin hazırlığı üçün yaradılıb. Sözügedən proqram fundamental və tətbiqi istiqamətlər daxil olmaqla tədqiqatların geniş diapazonunu təqdim edir. İqtisadiyyat və idarəetmə həmçinin bu proqramda mühüm rol oynayır. Dörd illik təlimdən sonra əldə edilmiş müasir bilik və bacarıqlar nəticəsində bakalavr diplomu tələbəyə verilir. Bu gün "İxrac mühəndisliyi" proqramı yalnız ölkə daxilində deyil, eyni zamanda Avropa İttifaqı ölkələrində və ABŞ-da böyük nüfuz qazanıb. Proqram 2006-cı ildə Nyu-Yorkda YUNESKO-nun 5-ci konqresində müsbət qiymətləndirilib.
Avropa Birliyinin vətəndaşı olmayan tələbələr proqram üzrə təlimin 1 semestri üçün 1225 avro ödəyirlər. Bütün əcnəbi tələbələr yataqxanada qala bilərlər. Bir tələbənin qalması üçün aylıq 70 avro tələb olunur.
Qeyd edək ki, Kaunas Texnologiya Universiteti 90 illik fəaliyyətinin hər bir dönəmində keyfiyyətli və müasir standartlara uyğun təhsil prinsiplərinə sadiq qalıb. Bu ali təhsil ocağında tələbələrə ən müasir metodika üzrə biliklərə sahib olmaq və dəyərli təcrübə qazanmaq imkanı verilir.
Litva sənayesinin və iqtisadiyyatının inkişafında universitetin rolu böyükdür. Universitet beynəlxalq layihələrdə müvəffəqiyyətlə iştirak edir, xarici şirkətlərlə əməkdaşlıq edir, müqavilələr bağlayır, həmçinin Litva sənayesi ilə sıx əlaqələrə malikdir. Ölkə sənayesində çalışan mühəndislərin təqribən 80 faizi bu ali təhsil ocağının məzunlarıdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 3 (750), 25 yanvar 2013, səh. 33. (az.)