Endokrin sistemi
Endokrin sistemi | |
---|---|
Latınca | Systema endocrinum |
MeSH | [https://meshb.nlm.nih.gov/record/ui?ui=D004703 D004703 D004703] |
Vikianbarda əlaqəli mediafayllar |
Endokrin sistemi və ya humoral sistem (lat. humor – maye) — bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin meydana gətirdiyi bioloji orqanlar sistemi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir. Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır.
Hormonlar
[redaktə | mənbəni redaktə et]Sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar (lat. hormao – "oyadıram") deyilir. Hormonlar qanla orqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir. Bəzi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına daha çox təsir edir. Bu cür orqanlara hədəf orqanlar deyilir. Hədəf orqanların hüceyrə membranı həmin hormonlara çox həssas olur. Məsələn, cinsiyyət hormonları çoxalma orqanları sisteminin böyüməsini və inkişafını sürətləndirir.
Vəzilərin hamısının işi bir-birilə sıx əlaqədardır. Hər hansı bir vəzinin çox və ya az hormon buraxması başqa vəzinin funksiyasını gücləndirir və yaxud zəiflədir. İndiyə qədər insanda 50-dən çox hormon müəyyən edilmişdir.
Hormonların təsnifatı
[redaktə | mənbəni redaktə et]Ümumilikdə, hormonlar iki cür təsnif oluna bilər:[1]
- hüceyrədəki fizioloji proseslərə təsirinə görə;
- funksional olaraq.
Hüceyrələrdə davam edən fizioloji proseslərə təsirinə görə hormonlar aşağıdakı qruplara bölünür:
- metabolik — maddələr mübadiləsinə təsir edən;
- morfogenetik — formalaşma, böyümə, inkişafa təsir edən;
- kinetik — icraedici orqanların fəaliyyətinə təsir edən;
- korreksiyaedici — orqan və toxumaların funksiya intensivliyini dəyişdirən.
Funksional olaraq hormonları aşağıdakı qruplara bölürlər:
- effektor — hədəf obyektinə birbaşa təsir edən;
- trop — effektor hormonların sintezini və ifrazını tənzim edən (məsələn, tiroid stimullaşdırıcı hormon);
- liberinlər və statinlər — müvafiq olaraq rilizinq hormonlar və tormozlayıcı hormonlar. Bu qrup hormonlar hipotalamusun sinir hüceyrələri tərəfindən sintez olunur.
Endokrin sistemində nevroloji idarə mərkəzləri
[redaktə | mənbəni redaktə et]Endokrin sistemində 2 əsas idarə orqanı var. Bunlar ara beynin 2 hissəsidir:
Talamus
[redaktə | mənbəni redaktə et]Əsas görmə orqanıdır.
Hipotalamus
[redaktə | mənbəni redaktə et]Bütün onurğalılarda humoral sistemin ən əsas idarə mərkəzi hipotalamusdur. 30-dan çox funksiya yerinə yetirir. Onun funksiyalarına qoxu və görmə istisna olmaqla, bütün hissi orqanların tənzimlənməsi və s. aiddir.
Qanda hər hansı bir maddənin azlığı və ya çoxluğu hipotalamusda olan nüvələrin sinir uclarının oyanmasına səbəb olur. Hipotalamus isə digər daxili sekresiya vəzilərinə sinir impulsları və rilizinq (liberinlər), yaxud tormozlayıcı (statinlər) hormonlarla həmin vəzilərin orqanizmin tələbinə uyğun hormonlar hazırlamasına, ya da hormon sintezinin ləngiməsinə səbəb olur.[1]
Vəzilər
[redaktə | mənbəni redaktə et]Vəzi sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Vəzilərdə sintez olunan sekret orqanizmdə baş verən müxtəlif proseslərdə: həzm prosesində, orqanizmin böyümə və inkişafında, orqanlar arasında qarşılıqlı əlaqənin yaranmasında, ayrı-ayrı orqanların fəaliyyətinin tənzimlənməsində və s. proseslərdə mühüm əhəmiyyət kəsb edir.
Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Bəzi vəzi hüceyrələri orqanların tərkibinə daxildir (məsələn, kiçik ağız suyu vəziləri, böyrək vəziləri, mədə vəziləri və s.), bəziləri isə xüsusi orqanlar vəzilər formalaşdırır (məsələn, böyük ağız suyu vəziləri, böyrəküstü vəzilər, çəngələbənzər vəz və s.). Onlar xüsusi maddələr ifraz edir. Endokrin sistemi daxili sekresiya vəziləri, xarici sekresiya vəziləri, qarışıq sekresiya vəzilərindən meydana gəlmişdir. Sekresiya vəziləri içərisində insanda ən əsas funksiyanı daşıyan vəzilər qalxanabənzər vəzi və böyrəküstü vəzidir.
Daxili sekresiya vəziləri
[redaktə | mənbəni redaktə et]Daxili sekresiya vəziləri və ya endokrin vəzilər bədənin xaricinə axacaqları olmayan vəzilərdir. Bu vəzilər hazırladıqları məhsulları bilavasitə qana, yaxud limfaya ifraz edir. Endokrin vəzilər yalnız sekretor şöbədən təşkil olunmuşdur və çoxlu qan damarı ilə təchiz olunub. Onların ifrazat məhsulları hormonlardır. Daxili sekresiya vəzilərində olan kapillyar damarlar genişlənməsi vəzin məhsulunun qana keçməsiniə daha yaxşı imkan yaradır.
Daxili sekresiya vəziləri aşağıdakılardır:
- epifiz
- hipofiz
- qalxanabənzər vəzi
- qalxanabənzər ətraf vəziləri
- çəngələbənzər vəzi
- böyrəküstü vəzilər
Epifiz vəzi və ya əzgiləbənzər cisim
[redaktə | mənbəni redaktə et]Tək orqandır. Kəllə boşluğunda, ara beynin görməqabarüstü nahiyəsində, orta beyin qapağının yuxarı təpəcikləri arasında yerləşir. Uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4–6 mm, kütləsi orta hesabla 0,2 qrama bərabər vəzidir. Əzgiləbənzər cisim xaricdən birləşdirici toxumadan təşkil olunmuş kapsul ilə örtülmüşdür. Kapsuldan çıxan atmalar vəzin parenximasını paycıqlara bölür. Paycıqların daxilindəki parenxima iki növ hüceyrədən təşkil ounmuşdur:
- İxtisaslaşmış vəzi hüceyrələri — pinealositlər (pineositlər)
- Qliya hüceyrələri — qliositlər.
Melatonin adlanan hormon hazırlayır. Bu hormon cinsi yetişkənlik dövrünə qədər hipofizin və qalxanabənzər vəzin fəaliyyətini ləngidir, vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Epifizin məhsulu hipofizin follitropin, lyutropin, adrenokortikotrop hormonlarının sekresiyanı dayandırmaqla yanaşı, həm də karbohidratların parçalanmasını gücləndirməklə enerji mübadiləsini artırır, maddələr mübadiləsini, o cümlədən, kalium və piqment mübadiləsini tənzimləyir. Bioloji saat rolunu oynayır. Yəni, bu orqanın sayəsində günün saatları və yuxu rejimi tənzimlənir. Lakin Böyük Britaniyada bəzi əsgərlərin gözlərinin retinasına (torlu qişasına) yerləşdirilmiş güzgücüklər sayəsində həmin şəxslər 36 saat oyaq qalmışdılar. İşıqda melatonin sintezi zəifləyir, qaranlıqda isə proses bərpa olur. İşıq, bundan əlavə, epifiz vəzinin orqanizmin xəstəliklərə qarşı müqavimətini (immun rolunu) azaldır. Buna görə də kor insanlarda bu vəzi daha yaxşı fəaliyyət göstərir.
Hipofiz vəzi və ya beyin artımı
[redaktə | mənbəni redaktə et]Tək saydadır. Ara beynin alt artımı olub kəllə boşluğunda, orta kəllə çuxurunda, əsas sümüyünün cisminin üzərindəki türk yəhərinin hipofizə məxsus çuxurunda yerləşən lobya boyda vəzidir.[2] Köndələn ölçüsü 12–15 mm, sagittal (öndən arxaya) ölçüsü 5–11 mm, şaquli ölçüsü 6–7 mm, kütləsi isə 0,35–0,65 qram olur. Qadınlarda kişilərə nisbətən ağırdır və hamilə qadınlarda kütləsi 1–1,2 qrama çatır.
Hipofiz 3 paydan ibarətdir:
- ön pay
- orta pay
- arxa pay.
Ön pay orta payla birlikdə adenohipofiz adlanır və vəzinin ümumi kütləsinin 80%-ni əhatə edir. Ön hipofizdə müxtəlif hormonlar istehsal edən 5 fərqli hüceyrə qrupu vardır. Ön hipofizin hormonları aşağıdakılardır:
- somatotrop hormon və ya somatotropin (boyatma hormonu)
- adrenokortikotrop hormon və ya kortikotropin (AKTH)
- tireotrop hormon və ya tireotropin
- follikultənzimedici hormon və ya follitropin
- lüteinləşdirici hormon və ya lyutropin
- laktogen hormon və ya laktotropin (prolaktin)
- qonadotrop hormon və ya qonadotropin.
Orta pay nazik epitel qatından təşkil olunmuş və arxa paydan nazik kövşək birləşdirici toxuma qatı ilə ayrılmışdır. İki hormon hazırladığı məlumdur:
- melanosititropin
- lipotropin
Hipofizin arxa payı pituisit adlanan çoxlu neyroqliya hüceyrələrindən, hipotalamusun supraoptik və paraventrikulyar neyrosekretor nüvələrinin sinir liflərindən, neyrosekretor cisimciklərindən təşkil olunduğu üçün neyrohipofiz də adlandırılır. Bu payda hormonistehsal olunmur, lakin hipotalamusun nüvələrindəki neyrosekretor hüceyrələrdə əmələ gəlmiş vazopressin və oksitosin hormonları hipofizin arxa payından qana ifraz olunur. Bu hormonlar hipotalamo-hipofizar sistemin sinir lifləri (aksonları) boyunca hipofizin arxa payına doğru hərəkət edir və Xerrinq cisimciklərində, yaxud toplayıcı cisimciklərdə toplanır. Yəni, arxa pay bu hormonlar üçün həm də anbar rolu oynayır.
Hipofizin hormonları | |||
---|---|---|---|
Hipofizin payı | Payın ifraz etdiyi hormon | Hormonun digər adları | Hormonun funksiyası |
Ön pay | somatotropin | somatotrop hormon, boyatma hormonu | Hüceyrələrin bölünməsi və zülalların biosintezini sürətləndirdiyi üçün orqanizmin böyüməsi və boy artımını tənzimləyir. Bundan əlavə, karbohidrat mübadiləsinə təsir edir, fosfataza fermentinin miqdarını artırır. |
kortikotropin | adrenokortikotrop hormon (AKTh) | Böyrəküstü vəzilərin qabıq maddəsinin fəaliyyətinin sürətləndirilməsində iştirak edir. Bu əlaqəyə görə hipofizin çıxarılması böyrəküstü vəzilərin qabıq maddəsinin atrofiyası ilə nəticələnir. | |
tireotropin | tireotrop hormon | Qalxanabənzər vəzinin hormonlarını aktivləşdirir. | |
follitropin | follikultənzimedici hormon | Dişi orqanizmin yumurtalıqlarındakı follikullara, erkək fərdlərdə isə toxumluqlarda gedən spermatogenez prosesə təsir edir. | |
lyutropin | lüteinləşdirici hormon | Dişilərdə ovulyasiya və yumurtalıqlarda sarı cismin əmələ gəlməsi proseslərini sürətləndirir, erkəklərdə isə androgen sintez edən Leydiq hüceyrələrinin işini tənzimləyir. | |
prolaktin | laktogen hormon, laktotropin | Aktiv sarı cismin fəaliyyətini sürətləndirir. Bundan əlavə, süd vəzilərində südün əmələ gəlməsini (laktasiya prosesi) və valideynlik instinktini tənzimləyir. Süd vəzilərinin hamiləlik dövründə süd ilə dolsa da, bunu ifraz etməməsinə səbəb yumurtalıqların ifraz etdiyi estrogen hormonu və prokesteron hormonunun prolaktinə tormozlayıcı təsir göstərməsidir. Doğuş aktı baş verdikdən sonra bu iki hormonun qandakı səviyyəsi kəskin azalır, nəticədə süd vəzilərinin ifrazatı həyata keçir. | |
qonadotropin | qonadotrop hormon | Orqanizmin cinsi yetişkənliyini tənzimləyir. | |
Orta pay | melanosititropin | melanositstimullaşdırıcı hormon | Dəridəki piqment hüceyrələrinə təsir edir. Belə ki, onlarda piqment dənəciklərinin yerdəyişməsini tənzimləyir. Həmçinin melanin piqmentinin əmələ gəlməsinə xidmət edir. |
lipotropin | Lipid mübadiləsini sürətləndirir. | ||
Arxa pay | vazopressin | antiduretik hormon | Bu hormonun ifrazı böyrək borucuqlarının epitel hüceyrələrinə gətirilən fermentlərin miqdarının artmasına səbəb olur. Nəticədə, ilk sidiyin tərkibindən suyun geriyə sorulması (reabsorbsiya) artır, gündəlik sidik ifrazatı (diurez) azalır, qan təzyiqi yüksəlir. |
oksitosin | pitosin | Balalıq və digər saya əzələli orqanların yığılmasını, həmçinin laktasiya prosesi zamanı süd vəzilərinin fəaliyyətini artırır. Hamiləliyin erkən dövrlərində uşaqlığa təsir göstərmir. Lakin sonralar yumurtalığın estrogen hormonunun təsiri nəticəsində uşaqlığın oksitosinə qarşı həssaslığı artır və doğuşun əvvəlində bu həssaslıq maksimal həddə çatır Ki, bu da doğuş aktının baş vermısi ilə nəticələnir. |
Yenidoğulmuşlarda hipofizin ön payı daha yaxşı nəzərə çarpır, arxa pay isə rüşeym halında olur. Hipofizin kütləsi yenidoğulmuş oğlanlarda 0,125 qrama, qızlarda isə 0,250 qrama çatır. Onun kütləsi 10 yaşlı uşaqda 2 dəfə, 15 yaşlıda 3 dəfə artır. Yenidoğulmuşlarda hipofizin şaquli ölçüsü orta hesabla 4 mm, boylama ölçüsü 7,5 mm, köndələn ölçüsü 8,5 mm olur. Hipofizin arxa payı 10 yaşa qədər çox kiçik olur. 20 yaşda vəzi maksimal inkişaf dərəcəsinə çatır. 40–60 yaş həddində kütləsi və ölçüləri tədricən kiçilir.
Qalxanabənzər vəzi
[redaktə | mənbəni redaktə et]Bir ədəddir. Boyunun ön və alt hissəsindədir. Bu, traxeyanın qarşısında yerləşir. Aşağı ayaqları qısa "H" hərfi şəklindədir. Dar bir orta bölmə ilə piramida şəklində iki yan paycıqdan ibarətdir. Vəzinin daxili hissəsi kolloidal cövhər ilə doludur. İçərisindəki kolloid maddə qatı və tünd, bəzən isə rənglidir. Vəzinin ifrazı orqan və yod metabolizmlərini tənzimləyir. Qalxanabənzər vəzinin hormonları oksidləşmə proseslərini tənzim edib, orqanizmin böyümə və inkişafına təsir edir. Tiroksin hormonunu ifraz edir. Qalxanabənzər vəzi P (Fosfor) və Ca (Kalsium) miqdarını da normada saxlayır. Bunun üçün kalsitonin hormonu ifraz edir. Bu hormon sümükdə kalsium və fosfor duzları az olduqda bu duzların qandan sümüyə keçməsini təmin edir.
Qalxanabənzər ətraf vəziləri və ya paratiroid vəzilər
[redaktə | mənbəni redaktə et]Qalxanabənzər ətraf vəziləri insanda 4 ədəddir: bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri. Bu vəzilər qalxanabənzər vəzinin paylarının arxa səthində yerləşir. Qalxanabənzər vəzi ilə əlaqəsi onların qonşu olmalarıdır. Onların işi tamamilə fərqlidir. Onların ifrazatı olduqca vacibdir. Bu vəzilər mərcimək ölçülü və şəkilli olur. Qalxanabənzər ətraf vəziləri kalsium mübadiləsini təmin edir və qanda kalsium və fosforun səviyyəsini sabit saxlayan parathormon hormonunu hazırlayır. Bu hormon qandakı kalsium və onun duzları çatışmadığı zaman sümükdəki duzların qana keçməsini təmin edir.
Çəngələbənzər vəzi və ya timus
[redaktə | mənbəni redaktə et]Döş boşluğunda, traxeyanın qarşısında, iki ağciyər arasında olan daxili bir vəzidir. İki paydan ibarətdir. Bu payların ölçüləri bir-birindən fərqlənir. Bəzən isə bu 2 hissə bir-birinə bitişik ola bilər. İnsanda ölçüsü 3 yaşa qədər artır. Bu yaşdan sonra kiçilməyə başlayır. Üç yaşda çəkisi 10 qrama qədər olur. Beləliklə, 15 yaşınadək uşaqlarda olur. Sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur. Odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərindəndir. Yetkinlik yaşına çatmayan insanlarda bu vəzinin götürülməsi orqanizmin inkişafını gecikdirir. Yetkin insanda isə kiçilməməsi normal deyil. Çəngələbənzər vəzi immun sisteminin formalaşmasında mühüm rol oynayır.
Böyrəküstü vəzilər
[redaktə | mənbəni redaktə et]Böyrəklərin üst hissəsində yerləşdikləri üçün belə adlandırılmışdır. Böyrəküstü vəzilər karbohidrat, yağ, zülal mübadiləsinə nəzarət edir, zülalların karbohidratlara çevrilməsinə kömək edir, duz və su mübadiləsini tənzimləyir. Hormonlarının qana ifrazatı nəticəsində insanda sevinc və kədər hisləri yaradır. Hazırladığı hormonlardan biri adrenalindir. Bu, hormon müsbət emosiyalar yaradır. Adrenalin hormonu eyni zamanda bir çox orqanların funksiyasını dəyişir. Qanda adrenlin artdıqda ürəyin işi güclənir, qan damarları daralır, bədənin temperaturu qalxır və qanda qlükozanın miqdarı artır. Adrenalin hormonunun təsiri insanda 30 saniyə çəkir. Bundan əlavə, noradrenalin adlanan hormon da ifraz edir ki, bu da mənfi emosiyalar yaradır. Sinirlərin arterial əzələlərinə təsir göstərərək, qan təzyiqini tənzimləyir. Bundan əlavə, C vitaminini sabit saxlamaq xüsusiyyəti də var. Bu vəzilər adrenal vəzi də adlanır.
Xarici sekresiya vəziləri
[redaktə | mənbəni redaktə et]Xarici sekresiya vəziləri və ya ekzokrin vəzilərin axacaqları bədən xaricinə olduğundan belə adlandırılır. Bunlara ağız suyu vəziləri, tər vəzisi, süd vəzisi, mədə vəziləri, qaraciyər vəziləri, göz yaşı vəziləri, piy vəziləri, qulaq kiri vəzisi, selik vəziləri, prostat vəzi daxildir.
Ağız suyu vəziləri
[redaktə | mənbəni redaktə et]Bu vəzilər ağız suyu ifraz edir. Bunun nəticəsində dadalma hissiyyatı yaranır. Gündəlik ifraz olunan tüpürcək miqdarı 0.5–2 litrdir. Həmçinin tüpürcəyin tərkibindəki ptialin fermenti nişastanı maltozaya, maltaza fermenti isə maltozanı qlükozaya qədər parçalayır. Bunlardan başqa ağız suyunun tərkibindəki mutsin maddəsi qidanı yapışqan vəziyyətə gətirir, onu sürüşkən edir. Lizosim maddəsinin isə mikroblara qarşı funksiyası vardır. Ağız suyu vəziləri vəziləri yerləşməsinə görə 2 qrupa bölünür:
- Ağız boşluğunda yerləşənlər
- Ağız boşluğu xaricində yerləşənlər
Ağız boşluğunda yerləşən ağız suyu vəziləri
[redaktə | mənbəni redaktə et]Ağız boşluğunda yerləşən ağız suyu vəziləri, əsasən, ağız boşluğunun divarlarında yerləşir. Sayları 600–1000 qədərdir.
Ağız boşluğu xaricində yerləşən ağız suyu vəziləri
[redaktə | mənbəni redaktə et]Ağız boşluğu xaricində 3 cür ağzı suyu vəzisi yerləşir:
Dilaltı vəzi
[redaktə | mənbəni redaktə et]Dilin alt hissəsində yerləşir. Sayları 1 cütdür. Orqanizmdə ən sürətli sorulma prosesi dilaltı vəzidə gedir. Bu proses 1-1.5 dəq ərzində həyata keçir.
Çənəaltı vəzi
[redaktə | mənbəni redaktə et]Çənənin alt hissəsində yerləşir. Sayları 1 cütdür.
Qulaqaltı vəzi
[redaktə | mənbəni redaktə et]Qulağın ön-aşağı tərəfində yerləşir. Sayları 1 cütdür.
Tər vəzisi
[redaktə | mənbəni redaktə et]Bu vəzi tər ifraz edir ki, bu da bədənin temperaturunun aşağı salınmasında böyük rol oynayır. İnsanın 2 kv.m dəri səthi boyu yayılmışdır və insanda iki milyona (2000000) qədər tər vəzisi vardır. Tər vəziləri dəqiqədə 1 ml tər ifraz edir. Bu ədəd gün ərzində 12 litrdir. Tər vəziləri 2 cür olur:
- Ekrin tər vəziləri
- Apokrin tər vəziləri
Ekrin tər vəziləri
[redaktə | mənbəni redaktə et]Ekrin tər vəzilərinə dəri səthinin bütün nayihələrində rast gəlmək mümkündür. Xüsusilə, ovuc və ayaq altında, qoltuq altında, alın nayihəsində sıx yerləşmişdir. Əl içi və ayaq altında hər santimetr kvadrata təxminən 700 ekrin tər vəzisi düşür. Ekrin tər vəzilərinin əsas funksiyası orqanizmin isti və soyuq balansını tənzimləməkdir.
Apokrin tər vəziləri
[redaktə | mənbəni redaktə et]Apokrin tər vəziləri daha çox qoltuqların altında, sinə və ənsə nayihələrində yayılmışdır. Apokrin vəzilərinin ifraz etdiyi tər dəri səthində olan bakteriyaların təsiri nəticəsində qoxulu hala gəlir.
Piy vəziləri
[redaktə | mənbəni redaktə et]Piy vəziləri: Piy yaranmasında iştirak edir. Piy orqanizmin qida ehtiyatını saxlayır. Lakin bu vəzinin artıq ifrazı piylənməyə səbəb olur. Həmçinin tükləri elastik və parıltılı edir. Axacaqları tüklərin soğanaqlarına açılır.
Süd vəzisi
[redaktə | mənbəni redaktə et]Süd vəzisi: Bu vəzi südün ifraz olunmasında rol oynayır.
Göz yaşı vəziləri
[redaktə | mənbəni redaktə et]Göz yaşı vəziləri: Göz yaşı ifraz edir. Bunun əhəmiyyəti gözə düşən yad cisimləri uzaqlaşdırmaqdır. Həmçinin qırpma vasitəsilə gözün qurumasının da qarşısını alır.
Qarışıq sekresiya vəziləri
[redaktə | mənbəni redaktə et]Qarışıq sekresiya vəziləri həm xarici, həm də daxili sekretor funksiya daşıdığından belə adlanır. Bunlara mədəaltı vəzi, yumurtalıqlar və toxumluqlar aiddir:
Mədəaltı vəzi
[redaktə | mənbəni redaktə et]Qanda qlükozanın miqdarını tənzimləyir. Hazırladığı hormonlar insulin və qlükaqondur. Mədəaltı vəzinin quruluşu baş hissə, cisim, quyruq hissədən ibarətdir.
Yumurtalıqlar
[redaktə | mənbəni redaktə et]Hormonları cinsi yetişkənlik dövründə qana keçərək qızlarda ikincili cinsiyyət əlamətləri yaradır. Hazırladığı hormonlar, əsasən, estrogen, progesterondur.
Toxumluqlar və ya Xayalar
[redaktə | mənbəni redaktə et]Hormonları cinsi yetişkənlik dövründə aşkar olunur və oğlanlarda ikincili cinsiyyət əlamətlərinin yaranmasına səbəb olur. Hazırladığı hormonlar, əsasən, testesteron, androgendir.
Endokrin sistemi xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Endokrin sistemini və onun xəstəliklərini öyrənən elm sahəsi endokrinologiya adlanır. Vəzilər yunanca aden adlandığından, vəzilərin iltihabına adenit deyilir.
Endokrin sistemi xəstəliklərinin tipləri
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi xəstəlikləri, əsasən, 3 tipə bölünür:
- Endokrin vəzinin hiposekresiyası (Vəzliərin hormonları normadan az ifraz etməsi)
- Endokrin vəzinin hipersekresiyası (Vəzilərin normadan artıq hormon ifraz etməsi)
- Endokrin vəzinin xərçəngi (Vəzilərin xoşxassəli və bədxassəli şişləri)
Daxili sekresiya vəzilərinin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Daxili sekresiya vəzisi | Xəstəlik | Xəstəliyin yaranma səbəbi | Xəstəliyin əlamətləri |
---|---|---|---|
Qalxanabənzər vəzi | Miksedema | Böyüklərdə tiroksin hormonunun normadan az ifrazı | Bədənin şişməsi; Gözün, burunun və s. bədənə nisbətən kiçik olması |
Bazedov | Tiroksin hormonunun normadan çox ifrazı | Çox yeyilsə də, arıqlama; Ürək döyüntülərinin artması; Qan təzyiqinin artması | |
Kretinizm | Uşaqlarda tiroksin hormonunun normadan az ifrazı | Cılızlıq; Xarici görünüşün eybəcər hal alması | |
Qalxanabənzər vəzi xərçəngi | |||
Qalxanabənzər ətraf vəziləri | Hiperparatireoz | Parathormon hormonunun normadan çox ifrazı | Sümük ağrıları; Yorğunluq və halsızlıq |
Qalxanabənzər ətraf vəzilərin xərçəngi | Hiperparatireoz | ||
Hipofiz vəzi | Cırtdanboyluluq | Uşaqlarda somatotrop hormonunun normadan az ifrazı | İnsanın boyunun normadan balaca olması |
Nəhəngboyluluq | Hipofiz vəzinin şişi nəticəsində uşaqlarda somatotrop hormonunun normadan çox ifraz olunması | İnsanın boyunun normadan böyük olması | |
Akromeqaliya | Böyüklərdə somatotrop hormonunun normadan çox ifrazı | ||
Böyrəküstü vəzilər | Addison | Adrenalin hormonunun normadan çox ifrazı | Dəridə tunc rəngli ləkələr |
Qalxanabənzər vəzi xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Miksedema
[redaktə | mənbəni redaktə et]Qalxanabənzər vəzinin fəallığının azalması və ya onun kəsilərək atılması maddələr mübadiləsinin ağır dərəcədə pozulmasına – miksedema adlanan xəstəliyə səbəb olur. Miksedema ilə xəstə adamın toxumalarında gedən oksidləşmə prosesləri zəifləyir, bədənin temperaturu düşür, ürək yığılmalarının ritmi yavaşıyır, bədən tosqunlaşır, sinir sisteminin oyanma qabiliyyəti azalır. Xəstələr heyvanların qalxanabənzər vəzilərindən hazırlanan hormon preparatlarını həkimin təyin etdiyi qaydada hər gün təyin etsələr, xəstəlik halları keçib gedir. Bu cür müalicəni arasıkəsilmədən hər gün aparmaq lazımdır.
Kretinizm
[redaktə | mənbəni redaktə et]Qalxanabənzər vəzinin hazırladığı tiroksin hormonunun uşaqlarda az ifrazı kretinizm (uşaq iflici) xəstəliyinə səbəb olur. Bu xəstəlik uşaqların boy atmasının zəifləməsinə və inkişafın zəifləməsinə səbəb olur.
Bazedov
[redaktə | mənbəni redaktə et]Qalxanabənzər fəaliyyəti artdıqda və tiroksin çox ifraz olunduqda mübadilə prosesləri güclənir. Bu vaxt ürək yığılmalarının sayı artır, qan təzyiqi qalxır, sinir sisteminin oyanma qabiliyyəti yüksəlir. Belə adam əsəbi olur və tez yorulur. Bunlar böyüklərdə bazedov xəstəliyinin əlamətləridir. Bazedov xəstəliyi olan adamlar daim aclıq hiss edir və çox yeyirlər. Lakin buna baxmayaraq, çox arıqlayırlar. Belə xəstələrin qalxanabənzər vəzisi böyümüş, gözləri bərəlmişdir. Bazedov xəstəliyinin müalicə etmək üçün hormonların əmələ gəlməsini zəiflədən dərmanlardan istifadə edilir. Bəzən isə qalxanabənzər vəzinin bir hissəsini kəsib atmaq lazım gəlir.
Qalxanabənzər ətraf vəzilərinin xəstəlikləri[3]
[redaktə | mənbəni redaktə et]Hiperparatireoz
[redaktə | mənbəni redaktə et]Hiperparatireoz qalxanabənzər ətraf vəzilərinin ən çox rast gəlinən xəstəliklərindəndir. Bu xəstəliyin yaranma səbəbi paratiroid vəzilərin birinin və ya bir neçəsinin nəzarətsiz şəkildə parathormon hormonunu ifraz etməsinin sümüklərə təsiri nəticəsində qanda kalsiumun miqdarı artır. Hiperparatireoz xəstəliyi bir çox xəstəliyin yaranma səbəbidir: osteoparoz, müxtəlif zehni xəstəliklər, xoralar, pankreatit, böyrək daşları və s. kimi bəzi sağlamlıq problemlərinə səbəb olur.[4][5]
Qalxanabənzər ətraf vəzilərin xərçəngi
[redaktə | mənbəni redaktə et]Ən az rast gəlinən qalxanabənzər ətraf vəzi xəstəliklərindəndir. Hər 1000 nəfər qalxanabənzər ətraf vəzi xəstələsinin sadəcə 1-i bu paratiroid xərçəngindən əziyyət çəkir. Paratiroid xərçəngi xoşxassəli və bədxassəli olmaqla 2 yerə ayrılır. Xəstəlik, əsasən, xoşxassəlidir.[6]
Hipofiz vəzi xəstəlikləri[7]
[redaktə | mənbəni redaktə et]Cırtdanboyluluq
[redaktə | mənbəni redaktə et]Hipofiz vəzinin somatotrop hormonunun uşaqlarda az ifrazı cırtdanboyluluğa səbəb olur.
Hal-hazırda dünyanın yaşayan ən qısaboylu insanı Kolumbiya əsilli Edvard Nino Hernandezdir. Onun boyu 72.1 sm hündürlüyündədir.[8]
Nəhəngboyluluq
[redaktə | mənbəni redaktə et]Xəstəlik uşaqlarda yaranır. Nəhəngboyluluğun başlıca səbəbi hipofiz vəzinin şişidir. Nəticədə onun ölçüləri böyüyür və vəzi somatotrop hormonunu normadan artıq ifraz edir. Bütün bunlar isə fərdin boyunun normadan daha hündür olmasına gətirib çıxarır.[9]
Hal-hazırda dünyanın yaşayan ən hündür insanı Türkiyə əsilli Sultan Kösendir. Onun boyu 2.51 metrdir.[10]
Akromeqaliya
[redaktə | mənbəni redaktə et]Somatotrop hormonunun böyüklərdə çox ifrazı akromeqaliya xəstəliyinə gətirib çıxarır.
Böyrəküstü vəzilərin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Addison xəstəliyi və ya Tunc vəstəliyi
[redaktə | mənbəni redaktə et]Addison xəstəliyinin səbəbi böyrəküstü vəzilərin adrenalin hormonunu çox ifraz etməsi nəticəsində əmələ gəlir. Dəridə tunc rəngli ləkələrin yaranması ilə xarakterikdir. İlk dəfə məşhur həkim Tomas Addison tərəfindən öyrənilmişdir.
Xarici sekresiya vəzilərinin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Xarici sekresiya vəzisi | Xəstəlik | Xəstəliyin yaranma səbəbi | Xəstəliyin əlamətləri |
---|---|---|---|
Ağız suyu vəziləri | Ağız suyu vəzilərinin absesi | Ağızda quruluq; Bədən temperaturunun yüksəlməsi; Zəiflik; Qızartı; Atıcı ağrılar; Ağızda dolğunluq hissi | |
Tər vəziləri | Hiperhidroz | Normadan 30–40 dəfə çox tərləmə |
Ağız suyu vəzilərinin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Ağız suyu vəzilərinin absesi
[redaktə | mənbəni redaktə et]Ağız suyu vəzilərinin absesi tüpürcək vəzilərinin irinli iltihabına deyilir. Patologiya, adətən, sialadenit və ya sialolitiazın ağırlaşmasıdır və bakterial etiologiyaya malikdir. Tüpürcək vəzilərinin absesi ağızda quruluq, bədən temperaturunun yüksəlməsi, zəiflik, ödem, qızartı, atıcı ağrılar və zədə nahiyəsində dolqunluq hissi ilə təzahür edir.
Xəstəliyin diaqnostikası obyektiv müayinə, vəzinin sekresiyasının bakterial və sitoloji müayinəsi, USM, sialoqrafiya və s. əsaslanır.
Tüpürcək vəzinin absesinin müalicəsi irinliyin cərrahi üsulla yarılması, drenajı və antibiotiklərlə terapiyadan ibarətdir.[11]
Tər vəzilərinin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Hiperhidroz
[redaktə | mənbəni redaktə et]Tər vəzilərinin normadan 30–40 dəfə çox tər ifraz etməsidir.
Qarışıq sekresiya vəzilərinin xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Qarışıq sekresiya vəzisi | Xəstəlik | Xəstəliyin yaranma səbəbi | Xəstəliyin əlamətləri |
---|---|---|---|
Mədəaltı vəzi | Şəkərli diabet | İnsulin hormonunun az ifrazı | Artıq çəki; Həddindən artıq maye qəbulu və s. |
Pankreatit | Mədəaltı vəzinin iltihablaşması nəticəsində nəcisdə yağlanma; Həzm yollarında daşların əmələ gəlməsi | ||
Xaya | Varikosel | Müxtəlif səbəblər ola bilər. | Xayalardakı qan damarlarının genişlənməsi |
Orxit | Şiddətli ağrı; Xayaların şişməsi |
Mədəaltı vəzi xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Şəkərli diabet
[redaktə | mənbəni redaktə et]İnsulin hormonunun çatışmaması şəkərli diabet xəstəliyi yaradır. Şəkərli diabetin 2 növü vardır[12]:
I tip şəkərli diabet
[redaktə | mənbəni redaktə et]I tip şəkərli diabet mütləq insulin çatışmazlığı səbəbindən hiperqlikemiya ilə səciyyələnən metabolik pozğunluqdur. Bu patologiya, mədəaltı vəzinin beta hüceyrələrinin əsasən immun sistemin mediasiya olunan mexanizmləri tərəfindən məhv edilməsidir. Bəzi xəstələrdə mədəaltı vəzinin beta hüceyrələrinin avtoimmun məhv olmasının əlamətləri olmaya bilər. Bu, idiopatik I tip şəkərli diabet adlanır.
II tip şəkərli diabet
[redaktə | mənbəni redaktə et]Əsasən, 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və adətən, ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzinin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.
Pankreatit
[redaktə | mənbəni redaktə et]Pankreatit mədəaltı vəzinin iltihabıdır. Pankreatit 2 formada olur:
Kəskin pankreatit
[redaktə | mənbəni redaktə et]Pankreasın (mədəaltı vəzinin) iltihabı sadəcə bir neçə gün davam edərsə, bu kəskin pankreatit adlanır.
Xroniki pankreatit
[redaktə | mənbəni redaktə et]Pankreasın (mədəaltı vəzinin) iltihabı daha uzun müddət davam edərsə, buna xroniki pankreatit deyilir. Zaman keçdikcə iltihab zədələnməyə səbəb ola bilər. Mədəaltı vəzidə kalsium daşları yarana bilər və bunlar bağırsağa həzm fermentlərini daşıyan pankretik kanalı tuta bilər. Nəcisdə yağların miqdarı arta bilər.
Əsas səbəb həddindən artıq alkoqol qəbuludur. Digər səbəblərə isə pankreatik kanalın daralması, pankreatik kanalın daş və ya şişlə tıxanması, bəzi dərman maddələri, pis qidalanma, ağciyərlərdə kistik fibroz, qanda müəyyən yağların səviyyələrinin yüksək olmasıdır. Xəstələrin 30%-də isə səbəb məlum deyildir. Xəstəliyə tutulma riski alkoqol qəbul edənlərdə və xüsusilə kişilərdə daha yüksəkdir.
Müalicənin ilkin mərhələsi alkoqol qəbulunun dayandırılmasından ibarətdir. Bundan başqa qidadakı yağların miqdarı azaldılmalı, vitaminlərin miqdarı artırılmalıdır. Pankreas xərçənginin əmələ gəlmə riskini artıra bildiyi üçün siqaret çəkməkdən imtina edilməlidir.[13]
Xaya xəstəlikləri
[redaktə | mənbəni redaktə et]Varikosel
[redaktə | mənbəni redaktə et]Varikosel toxum ciyəsi venalarında yaranan varikoz genişlənmədir. Varikosel zamanı xaya venalarında yaranan genişlənmə eynilə aşağı ətraf venalarının genişlənməsini xatırladır. Nəticədə, damarlardakı qan geri axır ki, bu da bir çox problemlərə və sonsuzluğa səbəb ola bilər. Genişlənmə 90-92 % solda, 1-2 % sağ, 5-7 % hallarda isə hər iki xaya venalarında rast gəlinir.
Varikoselə müxtəlif yaş qruplarında rast gəlinməsinə baxmayaraq, 90 %-dən artıq hallarda 15-30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosel ağır fiziki işlə (75 %) və idmanla məşğul olan insanlarda rast gəlinir.[14]
Orxit
[redaktə | mənbəni redaktə et]Orxit toxumluqların iltihabıdır. Xəstəliyin əlamətləri xayalarda şiddətli ağrı və toxumluqların şişməsidir.
Endokrin sistemi xəstəliklərində istifadə olunan vasitələr
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi xəstəliklərində istifadə edilən dərman bitkiləri
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi xəstəliklərində ən çox istifadə olunan dərman bitkiləri bunlardır:
Dərman acıqıjısı
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 1 növü yayılmışdır − dərman acıqıjısı. Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur.
Yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir. Tərkibində 0,09%-ə qədər xardal efir yağı, çoxlu miqdarda askorbin turşusu, karotin və s. vardır. Ən qiymətli tərkib hissəsi yoddur. Qurudulmuş otunda 0,4–0,5 mq/% yod vardır.
Sulu bişirmə, duru və quru ekstrakt formada yod tərkibli preparat kimi qalxanabənzər vəzi xəstəliklərində istifadə olunur. Xalq təbabətində təzə dərilmiş otunun şirəsi şəkər xəstəliyində, avitaminozda, qan azlığında qəbul edilir.
Tikanlı kəvər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda kəvərin yabanı halda ancaq 1 növü yayılmışdır − tikanlı kəvər.
Çiçək qönçələrində 100–150 mq/% askorbin turşusu, 25–30% azotlu maddələr vardır. Kəvərin meyvəsinin analizindən sonra məlum olmuşdur ki, onun meyvələrində yodun çoxlu üzvi birləşmələri mövcuddur. Buna görə ondan şirə hazırlanır və zob xəstəliyində, qaraciyər iltihabında istifadə edilir.
Yarpaq və cavan budaqlarını bir müddət şor suda saxlayır, sonra onu süzür və üzərinə turş alça əzməsi töküb diabetə qarşı qəbul edirlər.
Adi lobya
[redaktə | mənbəni redaktə et]Azərbaycanda bir neçə növü yayılmışdır. Ən çox becəriləni adi lobyadır.
Adi lobyanın toxumları B1 və C vitaminləri, karotin, limon turşusu, zülallar ilə zəngindir. Zülalları heyvani zülallara çox yaxındır.
Meyvələrinin qabıqlarından hazırlanan fazeolin adlı ekstraktdan diabet xəstəliyində, qanda şəkərin miqdarını azladan və xəstələrin müqavimətini artıran dərman kimi işlədilir. Eyni məqsədlə meyvələrin sulu bişirməsindən də istifadə edilir.
Lobya qastritlərdə, ürək ritminin pozğunluğunda da məsləhət görülür. Sidikqovucu maddə kimi də istifadəsi vardır. Paxlasından hazırlanmış bişirmə və dəmləmə böyrək xəstəliklərində, revmatizmdə, duzların mübadiləsi pozulduqda müsbət təsir göstərir.
Aşı sumaq
[redaktə | mənbəni redaktə et]Aşı sumağının yarpaqlarının tərkibində 12–30%-ə qədər aşı maddələri vardır. Yarpaqlarında alma turşusu, C vitamini (112 mq/%) də müəyyən edilmişdir. Həmçinin K vitamini, qətranlı maddələr, üzvi turşularla da zəngindir.
Çəpişotu
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 2 növü yayılmışdır − dərman çəpişotu və Şərq çəpişotu.
Elmi təbabətdə yerüstü hissəsindən və toxumlarından istifadə olunur.
Dərman çəpişotu
[redaktə | mənbəni redaktə et]Yerüstü hissəsində 0,2–0,5% alkaloidlər cəmi müəyyən edilmişdir.
Dərman çəpişotundan hazırlanan tinktura və ekstrakt şəkər xəstəliyinin müalicəsində istifadə edilir.
Şərq çəpişotu
[redaktə | mənbəni redaktə et]Yarpaqlarında alkaloidlər (0,4%), qlikozidlər (0,12%), üzvi turşular (1,23%), C vitamini (111,86 mq/%) müəyyən edilmişdir.
Xalq təbabətində Şərq çəpişotunun yarpaq, kök və toxumlarından çay dəmləyib sidikqovucu, tərlədici vasitə kimi, həmçinin ürək ağrılarını sakitləşdirmək, ana südünü artırmaq, eləcə də, qurd əleyhinə istifadə edilir.
Kahı
[redaktə | mənbəni redaktə et]Kahı bədənə soyuqluq və rütubət verir. Mədənin işini yaxşılaşdırır, öd ifrazını yüngülləşdirir. Xalq təbabətində geniş istifadə olunur. Bişmiş halda olan kahı tez həzm olunur və süd yaradır.
Adi armud
[redaktə | mənbəni redaktə et]Azərbaycanda armudun 16 növü yabanı halda yayılmışdır, 2 növü becərilir – adi armud və Qafqaz armudu.
Ağdam rayonunda becərilən adi armudun may-iyun aylarında toplanmış yarpaqlarında alkaloidlər (0,13%), flavonoidlər (3,08%), aşı maddələr (1,04%), üzvi turşular (0,26%), C vitamini (45,5 mq/%) müəyyən edilmişdir. Meyvələrində şəkər (12%), pektin maddələri (4,2%), üzvi turşular (2,5%), aşı maddələri (1,2%), C vitamini (64,5 mq/%), karotin (5–6 mq/%), B1 vitamini tapılmışdır.
Qafqaz armudu da tərkibcə çox yaxındır və mədə-bağırsaq, həmçinin ürək-damar sisteminin xəstəliklərində faydalıdır.[15]
Diabet xəstəliklərində armudun meyvələri çox xeyirlidir, çünki armud qidanın asan mənimsənilməsinə və həzm prosesinin yaxşılaşmasına kömək edir. Malyariya xəstəliyinə tutulanların ürək yanğısını söndürmək üçün də faydalıdır.
Endokrin sistemi xəstəliklərində istifadə olunan qida vasitələri
[redaktə | mənbəni redaktə et]Ət məhsulları
[redaktə | mənbəni redaktə et]Ev heyvanlarının əti
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi xəstəliklərinin müalicəsində ev heyvanlarının əti kimi ən çox bunlardan istifadə olunur:
Qoyun əti
[redaktə | mənbəni redaktə et]Qoyun əti bədənə istilik verir və qan yaradır.
Xalq təbabətində təzə kəsilən kimi qoyun piyini isti-isti yemək astma, öskürək, şəkərli diabet əleyhinə faydalıdır.
Dəvə əti
[redaktə | mənbəni redaktə et]Bədənə istilik və quruluq verir. Dəvə əti cinsi fəaliyyəti və bədən orqanlarını qüvvətləndirir, şəkərli diabetdə müsbət təsir göstərir.
Quş əti
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi üçün faydalı quş ətlərinə aşağıdakılar nümunədir:
Endokrin sistemi ilə bağlı beynəlxalq günlər
[redaktə | mənbəni redaktə et]Endokrin sistemi ilə bağlı qeyd edilən bəzi beynəlxalq günlər aşağıdakılardır:
- Diabetlə Beynəlxalq Mübarizə Günü
- Dünya Qalxanabənzər Vəzi Günü
- Dünya Hipoparatireoz Maraarifləndirmə Günü
Diabetlə Beynəlxalq Mübarizə Günü
[redaktə | mənbəni redaktə et]Hər il 14 noyabr tarixində qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd hal-hazırda dünyada 500 milyondan çox insanın şəkərli diabet xəstəsi olduğuna diqqəti cəlb etmək və xəstəliyin ciddiliyi barədə insanları maarifləndirməkdir.[16]
Dünya Qalxanabənzər Vəzi Günü
[redaktə | mənbəni redaktə et]Hər il 25 mayda keçirilir.[17]
Dünya Hipoparatireoz Maraarifləndirmə Günü
[redaktə | mənbəni redaktə et]Hər il 1 iyunda qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd insanların diqqətini hipoparatireoz xəstəliyinə cəlb etmək və onları bu barədə maarifləndirməkdən ibarətdir.[18][19]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Nüşabə Məmmədova, Brilyant Həsənova, Leyla Fətiyeva. "Biologiya", Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,176 səh.
- "Biologiya" 9-cu sinif, "Maarif" nəşriyyatı, 1996.
- "Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri", Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1988.
- "Xalq təbabətinin izi ilə", Bakı, Azərnəşr, 1986.
- https://bestpractice.bmj.com/topics/az-az/25 Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine
- http://drrashadisayev.az/news/read/19 Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine
- Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, I cild.
- Elnur Məmmədov. "Biologiya", Abiturientlər üçün dərs vəsaiti. "Güvən" nəşriyyatı, 2020.
- "Ümumi histologiya" (Ali məktəblər üçün dərslik). Bakı, 2012. Səhifə 66–91.
- Frank H.Netter, MD. "Atlas of Human Anatomy" (Türkçe çeviri), 5. Baskı. "Elsever" yayınları; "Nobel" tıp kitabevleri.
- V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "İnsan anatomiyası" (3 cilddə, II cild). "Müəllim" Nəşriyyatı, Bakı, 2020.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Məmmədov, A.M.; Baxşıyeva, Z.T.; Həsənova, G.Ə.; Rüstəmova, A.F. XXI Bölmə. Orqanizmin funksiyalarının hormonal tənzimi // Əliyev, S.C. (redaktor). Normal Fiziologiya (dərslik) (ISO 639-1) (1). Bakı: Azərbaycan Tibb Universiteti. 2023. 400–404. ISBN 978995257215.
- ↑ "Atlas of Human Anatomy" (Netter Basic Science) 5th Edition, Frank H.Netter, MD.
- ↑ "Qalxanabənzər ətraf vəzi xəstəlikləri. Dr. Jan Klod Kayuka. www.milliyet.com.tr". 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ "Hiperparatireoz. Endokrinoloq Dr. Samir Şükürov. www.facebook.com". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ "Hiperparatireoz. Endokrinoloq Dr. Sadiq Bəbirov www.facebook.com". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ "Qalxanabənzər ətraf vəzilərin xərçəngi. serkanteksoz.com". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ Hipofiz vəzi xəstəlikləri. experttv.az Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine
- ↑ "Dünyanın ən qısaboylu insanı. www.guinnessworldrecords.com". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ "Nəhəngboyluluq. healthline.com". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ "Dünyanın ən hündürboylu insanı. www.guinnessworldrecords.com". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ "Ağız suyu vəzilərinin absesi. med-portal.az". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ "Şəkərli diabet. diabetikayaq.az". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-26.
- ↑ Xroniki pankreatit. nerminseferova.az Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine
- ↑ "Varikozel. androloq.az". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.
- ↑ "Pyrus caucasica. www.agroatlas.ru". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-04.
- ↑ "Diabetlə Beynəlxalq Mübarizə Günü.". 2005-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ "Dünya Tiroid Günü. www.thyroid.org". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.
- ↑ "Dünya Hipoparatireoz Maarifləndirmə Günü. www.parathyroiduk.org". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ "Dünya Hipoparatireoz Maarifləndirmə Günü. www.hypopara-awarenessday.com". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.