Dil (anatomiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə ağız boşluğundakı orqan haqqındadır. Digər mənalar üçün Dil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Dil
İnsanın dili
İnsanın dili
Latınca Lingua
Yunanca Glossa
İltihabı Glossitis
Qrey subyekt 242 1125
Arteriya Dil arteriyası
Vena Dil venası
Sinir Dil siniri, təbil teli, dil-udlaq siniri, azan sinir
MeSH Tongue
Dorlands/Elsevier Tongue
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir. Sakit vaxtda dil yastı və uzunsov olur; ön ucu nazikləşərək dil zirvəsinə — lat. apex linguae və dal ucu enliləşərək dil kökünə lat. radix linguae keçir. Ən başlıca kütləsini zirvə ilə kök arasındakı cisimi — lat. corpus linguae təşkil edir. Yuxarı səthi — dil arxası — lat. dorsum linguae aşağı səthdən — lat. facies inferior linguae, sağ və sol kənar — lat. margo linguae (margo lateralis linguae — BNA) vasitəsilə ayrılır. Dil arxasının 2/3 hissəsi — ağız hissəsi — lat. pars oralis üfüqi vəziyyətdə ağız boşluğuna baxır, dal 1/3 hissəsi — udlaq hissəsi — lat. pars pharyngea isə şaquli vəziyyətdə olub unlağa tərəf çevrilmişdir.

Dilin əzələləri

[redaktə | mənbəni redaktə et]

Dilin əzələləri iki qrupa bölünür:

  1. Dilin xüsusi və ya daxili əzələləri
  2. Dilin xarici əzələləri

Dil boylama istiqamətdə yerləşmiş lifli arakəsmə -lat. septum linguae, vasitəsilə iki simmetrik hissəyə bölünür. Lifli arakəsmə dilin boylama şırımından başlayaraq şaquli istiqamətdə aşağıya doğru gedir. Dilin əzələləri cüt olub, arakəsmədən sağ və sol tərəflərdə yerləşirlər.

Dilin xüsusi əzələləri

[redaktə | mənbəni redaktə et]
  • Yuxarı boylama əzələ – lat. m.longitudinalis superior, dilaltı sümüyün kiçik buynuzlarından, dilin kökündən və qırtlaq qapağı qığırdağının ön səthindən başlayıb dilin zirvəsində qurtarır. Bu əzələ yığıldıqda dili qısaldır və onun zirvəsini yuxarıya qaldıraraq arxaya qatlayır.
  • Aşağı boylama əzələ – lat. m.longitudinalis inferior, dilin kökündən, dilaltı sümüyün kiçik buynuzlarından başlayıb çənəaltı-dil və dilaltı-dil əzələlərinin arası ilə önə doğru gedərək dilin zirvəsində qurtarır. Bu əzələ təqəllüsə gəldikdə dilin zirvəsini aşağı çəkir və dili qısaldır.
  • Dilin köndələn əzələsi – lat. m.transversus linguae dilin yuxarı və aşağı boylama əzələləri arasında dil arakəsməsindən başlayaraq köndələn istiqamətdə yanlara doğru gedir və dilin yan kənarlarında qurtarır. Dilin köndələn əzələsinin arxa liflərinin davamı yumşaq damağa keçir və damaq-dil əzələsi m. palatoglossus, adlanır. Dilin köndələn əzələsi yığıldıqda dil ensizləşərək uzanır, köndələn ölçüləri kiçilir, bu əzələ həmçinin dilə nov şəkli verir və dil arxasını qaldırır.
  • Dilin şaquli əzələsi – lat. m.verticalis linguae, dilin yanlarında, dil arxasının selikli qişası ilə dilin aşağı səthinin selikli qişası arasında yerləşir və yığıldıqda dili yastılaşdırır.

Dilin xarici əzələləri

[redaktə | mənbəni redaktə et]
  • Biz-dil əzələsi – lat. m.styloglossus, gicgah sümüyünün bizəbənzər çıxıntısından və biz-çənə bağından başlayıb önə, içəri və aşağıya gedərək dilin zirvəsində qurtarır. Bu əzələnin lifləri dilaltı- dil və damaq- dil əzələlərinin lifləri ilə çarpazlaşır. Funksiyası: dili arxaya və yuxarı çəkir.
  • Dilaltı-dil əzələsi – lat. m.hyoglossus, dilaltı sümüyün böyük buynuzundan və cismindən başlayıb önə və yuxarıya gedərək dilin bayır kənarına bağlanır. Burada onun lifləri m.styloglossus və m.transversus linguae lifləri ilə çarpazlaşır. Funksiyası: dili arxaya və aşağı çəkir.
  • Çənəaltı-dil əzələsi – lat. m.genioglossus, dil əzələlərinin ən böyüyüdür. Nitqin yaranması ilə əlaqədar olaraq yalnız insanda yaxşı inkişaf etmişdir. Bu əzələ çənə sümüyünün çənəaltı tinindən başlayıb arxaya və yuxariya gedir. Əzələ lifləri yelpik şəklində yayılaraq hər iki tərəfdən dilin kütləsinə daxil olur. Funksiyası: dili önə və aşağı çəkir.