Dholavira
Dholavira - Hindistanın qərbində yerləşən Qucarat ştatının Kaç yarımadasında Tunc dövrünə aid (e.ə. III minilliyin sonu-II minilliyin əvvəlləri) aid yaşayış məskəni.
Tədqiqi
[redaktə | mənbəni redaktə et]Dholavira şəhəri 1968-1969-cu illərdə hind arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Dholavirada 1986-1994-cü illərdə R,S,Bişt tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Stratiqrafiya baxımından "Harappayaqədərki" (I, II), "Harappa" (III, IV, V), "Harappadansonrakı" (VI, VII) dövrləri müəyyənləşdirilmişdir.
Dholavira yaşayış məskənində I-V dövrlər Harappa mədəniyyəti variantlarından birini əks etdirir. Artıq "Harappayaqədərki" dövrlərdə Dholavira məskəninin daş qaya parçalarından və Harappa mədəniyyəti üçün səciyyəvi olan 4:2:1 ölçülü çiy kərpiçdən (bu kərpiclərdən evlər də tikilirdi) inşa olunmuş müdafiə divarı var idi. Künclərə yonulmuş daş lövhələrdən üzlük çəkilməsi ilə təkmilləşdirilmiş bu tikinti texnikası "Harappa" dövrlərində də saxlanılmışdı. III-V dövrlərdə kvadrat formalı şəhər (sahəsi 50 ha) Harappa və Mohenco-Daro ilə müqayisədə unikal plana malik idi: şimal hissəsində "aşağı şəhər", qərbdə künclərində kvadratşəkilli bürcləri olan "orta şəhər" yerləşirdi; cənubdan olan orta şəhərə təsərrüfat həyəti və sarayı (hündürlüyü 15-18 m) olan "narınqala" (sahəsi 4 ha) bitişirdi; möhkəmləndirilməmiş "şəhərətrafı" var idi.[1][2] Dholaviranın bütün hissələrində dünyanın dörd tərəfinə istiqamətləndirilmiş, düz küçələrin əmələ gətirdiyi kvadrat planlı məhəllələr, drenaj sistemi və dairəvi su quyuları var idi. Harappa mədəniyyətinə məxsus abidələr içərisində Dholaviradakı sarayın analoqu yoxdur. Narınqalanın şimal terrasında 10 iri Harappa heroqlifi (37 X 27 sm) ilə yazılmış kitabə aşkarlanmışdır. Narınqalanın küncündə Mohenco-Daronun narınqalasındakı böyük hovuza bənzər düzbucaqlı rezervuar var. V dövrdə əhali şəhəri tərk etmişdir.
VI dövrdən başlayaraq Dholavira qismən inşa edilmiş, "ağ-qara" və sair keramika növləri (indiki Sauraştra və Qucarat ərazisində Son Tunc dövrü mədəniyyətləri üçün səciyyəvidir, bəziləri Chukar mədəniyyətinə məxsus qabları xatırladır) meydana gəlmişdir. Burada insanlar təqribən 100 il yaşamış, sonra isə bu yaşayış məskəni yenidən tərk edilmişdir. VII dövrdə kərpicdən tikilmiş dairəvi planlı kiçik evlər meydana gəlmiş, drenaj sistemi itmiş, şəhər tamamilə kəndə çevrilmişdir. VI və VII dövrlərə aid keramikanın oxşarlığı yeni əhalinin eyni xalqa, ehtimal ki, arilərin təzyiqi nəticəsində Dholaviraya köçüb gəlmiş Harappa mədəniyyətinin qonşularına mənsub olmasından xəbər verir.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- Лекция о Дхолавире
- Excavations at Dholavira in Archaeological Survey of India website.
- Computer graphics reconstruction of Dholavira
- The Old World — Dholavira
- Dholavira (Gujarat, India)
- Dholavira excavations throw light on Harappan civilisation Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine, United News of India 1997
- Nisid Hajari, «India’s Salt Lake Cities», in Time Magazine 1 September 1997
- World Heritage Site, All Tentative Sites, Here is an overview of all Tentative list, last updated June, 2006. Arxivləşdirilib 2013-01-14 at the Wayback Machine
- World Heritage, Tentative Lists, State : India.
- Dholavira: a Harappan City, Gujarat, Disstt, Kachchh — UNESCO World
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aqua Dholavira - Archaeology Magazine Archive Arxivləşdirilib 2012-03-29 at the Wayback Machine. Archaeology.org. Retrieved on 2013-07-28.
- ↑ McIntosh, Jane. The Ancient Indus Valley: New Perspectives (ingilis). ABC-CLIO. 177. ISBN 9781576079072. 16 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2016.