38°57′21″ şm. e. 45°37′51″ ş. u.HGYO

Culfa (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Culfa şəhəri haqqındadır. Digər mənalar üçün Culfa səhifəsinə baxın.
Şəhər
Culfa
38°57′21″ şm. e. 45°37′51″ ş. u.HGYO
Ölkə
Rayon Culfa rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub b.e. VI əsr
İlk məlumat VI əsr
Sahəsi 60 km²
Mərkəzin hündürlüyü 715 m
Saat qurşağı
Əhalisi
Əhalisi 15,3 min nəfər (2019)
Sıxlığı 255 nəf./km²
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 36 546
Poçt indeksi AZ7200
Nəqliyyat kodu 72
Digər
culfa-ih.nakhchivan.az
Culfa xəritədə
Culfa
Culfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CulfaAzərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir.

Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir.

İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir.

Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir.

Tarix və etimologiyası

[redaktə | vikimətni redaktə et]

Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir.

Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır.

Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur. Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşən Qədim Culfa o dövrdə bölgənin iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırdı. Qədim Culfa indiki Culfa şəhərindən 4 km qərbdə yerləşmişdir. Tədqiqatlar nəticəsində burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, o cümlədən qədim qəbiristanlıq aşkar edilmişdir. 1939-1940-cı illər ərzində Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı isə tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. aşkar edilmişdir.

Tranzit karvan yolu üzərində yerləşən Culfa bölgənin iqtisadi əhəmiyyətinin artmasında daim mühüm rola malik olmuşdur. IX-XII əsrlərdə Culfada sənətkarlıq və ticarət daha da inkişaf etmişdir. Culfa şəhəri XI əsrin ikinci yarısından etibarən beynəlxalq ipək ticarətində mühüm rol oynamağa başlamışdır. Həmin dövrdə Culfada təqribən 3000 ev mövcud idi və 15-20 min nəfər əhali yaşayırdı. Culfa tacirləri İran, Rusiya, Şərq ölkələri, habelə Venesiya, Marsel və s. Avropa şəhərləri ilə ipək ticarəti edirdilər.

Culfa Səfəvilər dövlətinin başlıca şəhərlərindən biri kimi tanınmışdır. XVI əsrin ikinci yarısında Culfa beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi şöhrət qazanmışdır. Şəhər Avropa-Asiya ipək ticarətinin iri birja və anbar yeri olmuşdur. Culfa Böyük ipək yolu üzərində yerləşmiş, beynəlxalq ipək ticarətinin inkişafı ilə əlaqədar XVI əsrdən şəhər kimi daha da təşəkkül tapmışdır. XVI əsrdə, qısa bir dövr ərzində Culfa yüksək səviyyədə inkişaf etmiş, Səfəvilər dövlətinin ölkə əhəmiyyətli Azərbaycan şəhərləri arasında ticarət və sənətkarlığın mühüm mərkəzlərindən hesab edilən Təbriz, Şəki, Şamaxı, Ərdəbil, İsfahan şəhərləri ilə bir sırada dayanmışdır. Buna səbəb olan mühüm amillərdən biri də Səfəvilər dövründə Azərbaycanın qərb bölgələrinin əsas ticarət yollarının Culfa şəhərindən keçməsi idi.[1]

Qeyd etmək lazımdır ki, XVI əsrdə şəhərin iqtisadi imkanlarının artmasında burada yaşayan tacirlərin də mühüm rolu olmuşdur. Müxtəlif şəhərlərlə sıx ticarət əlaqələri aparan Culfa tacirləri xam ipəyi istehsal olunduğu yerlərdən – ŞamaxıŞəkidən alır, sonra isə onu Qərbi Avropa və Şərq ölkələrində satırdılar. Bu səbəbdən, şəhərin iqtisadi əhəmiyyətini nəzərə alan I Şah Təhmasib onu 1545-ci il fərmanı ilə xas torpaq fonduna keçirmişdir. Sözügedən fərmanla Culfa əhalisinə bir çox imtiyazlar da verilmişdir. Bu imtiyazlardan biri olan vergi imtiyazına görə Culfa əhalisi vergiləri Dövlətin divanına deyil, birbaşa olaraq Şahın xəzinəsinə ödəyirdilər. Culfada vergi yığmaq vəzifəsi Şah tərəfindən xüsusi olaraq təyin edilmiş şəxslərə həvalə edilirdi.

Səyyah və tacirlər öz kitablarında Culfanın XVI əsrin 80-90-cı illərində inkişafının yüksək sürətlə davam etdiyini qeyd etmişlər. 1603-cü ildə burada olmuş alman səfiri Tektonder şəhərin möhkəm qala divarları ilə əhatə olunması, hər evdə səhərə kimi şamların yandırılması və s. haqqında məlumat vermişdir. Səfirin qeydlərindən göründüyü kimi, o dövrdə Culfa güclü müdafiə olunan qala olmuş, evlər dəbdəbəli tikilmiş, əhali zəngin həyat tərzi yaşamışdır.[1]

Qeyd etmək lazımdır ki, Səfəvi-Osmanlı müharibələri Culfanın iqtisadiyyatına böyük zərbə vurmuş, onun iqtisadi əhəmiyyətini xeyli azaltmış, həmçinin əhalisinin də əvvəlki dövrlərə nisbətdə xeyli sayda azalmağına səbəb olmuşdu. O cümlədən I Şah Abbasın apardığı köçürmə siyasəti Culfanın ipək ticarətində tutduğu mövqeyinə ağır zərbə vurmuş, əhalisinin İranın mərkəzi bölgələrinə köçürülməsinə səbəb olmuşdu. Alman alimi A.Oleari öz əsərində qeyd edirdi ki, I Şah Abbas Culfa əhalisini köçürməklə kifayətlənməmiş, həmçinin şəhəri dağıtmışdı.[2]

Yevgeni Zevakin "Elçi Voliskinin 1715-1718-ci illərə aid jurnalı"nda göstərir ki, Culfa tacirlərinin çox hissəsi öz əmtəələrinə malik olmaqla yanaşı, HələbSamirə şəhərləri ilə də ticarət edirlər.

J.B.Tavernye qeyd edir ki, Culfanın cənubunda yerləşən kiçik bir bölgə dünyada qızılboyanın yetişdirildiyi yeganə yerdir. O, həmçinin Culfanın cənub-şərqində dağ çaylarının suyu vasitəsilə torpaqların məhsuldarlığının artmasını təsvir edir. Bu səbəbdən, Tavernye həmçinin qeyd etmişdir ki, Avropadan fərqli olaraq Azərbaycanda, yəni Culfada çayların suyu mənsəbə çatdıqca artmaq əvəzinə azalır.

Culfa şəhəri, 1906-cı il

İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə Culfa şəhərinin böyük rolu olmuşdur. Belə ki, İran dəhlizi vasitəsilə Böyük BritaniyanınABŞ-nin Lend-liz yardımı məhz Culfa şəhəri vasitəsilə SSRİ-yə çatdırılmışdır.[3]

1926-cı ildən dairə mərkəzi olan Culfaya şəhər statusu 1948-ci ildə verilmişdir. Şəhərin əhalisi 1970-ci ildə 5 min nəfər, 1991-ci ildə isə 9 min nəfər olmuşdur.

Culfa Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə xüsusi rola malik olmuşdur. 1989-cu ilin dekabr ayının 4-dən etibarən Şəhərdə etiraz tonqalları qalanmış, minlərlə insanın iştirakı ilə Sovet hökumətinə qarşı nümayişlər keçirilmiş, nümayişlərdə Azərbaycanın müstəqilliyinin bərpası, Dağlıq Qarabağda erməni separatçılarının özbaşınalıqlarına, həmçinin Ermənistan SSR-dən azərbaycanlıların kütləvi şəkildə deportasiyasına son qoyulması Sovet hökumətindən tələb olunmuşdur. Bu nümayişlər sonradan Dünya Azərbaycanlılarının Həmrəyliyi münasibətilə hər il qeyd edilən əlamətdar Günün formalaşmasına səbəb olan Sərhəd Hərəkatına çevrilmişdir.

Bildirilir ki, Culfa şəhərinin adı orta əsrlərdə "cükki" adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə "Culağ" kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, "Culfa" adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün "toxucu" mənasını verdiyini, müxtəlif mənbələrdə "Cula", "Cülahə", "Culh", "Culha" şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə məruz qalaraq "Culfa" şəklinə düşdüyünü qeyd edirlər. Tarixi mənbələrdə də Culfada toxuculuğun olduqca məşhur olduğu göstərilir. Qeyd olunur ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin əsas keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olmuşdur.[4]

Coğrafi mövqeyi

[redaktə | vikimətni redaktə et]

Şəhər Zəngəzur dağ silsiləsinin Culfa rayonu ərazisindəki qurtaracağında, alçaq dağlıq zonada yerləşir. Şəhərin ətrafı alçaq dağlarla əhatə olunmuşdur.

Araz çayı Culfa yaxınlığında

Şəhər ərazisində kəskin kontinental iqlim hakimdir. Azərbaycanda ən yüksək (+44 °C) və ən aşağı (-33 °C) temperatur Culfa şəhərində qeydə alınmışdır.

İnzibati ərazi bölgüsü

[redaktə | vikimətni redaktə et]
Şəhidlər Xiyabanı
Heydər Əliyev prospekti

Şəhərdə 1 prospekt, 16 küçə vardır. Son illərdə şəhərin inzibati ərazi bölgüsünə 3 məhəllə də əlavə edilmişdir.

Şəhərin əhalisi 15,3 min nəfər, orta sıxlıq isə 1 km²-də 255 nəfərdir.

İl Sayı
1926 625 [5]
1939 2.530 [6]
İl Sayı
1959 4.017 [7]
1970 5.431 [8]
İl Sayı
1979 6.887 [9]
1989 8.840 [10]
İl Sayı
2012 12.500

Şəhər əhalisinin etnik tərkibi azərbaycanlılardan ibarətdir.

Tanınmış şəxsləri

[redaktə | vikimətni redaktə et]

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]
Culfa Rayon İcra Hakimiyyətinin binası
Culfa Dəmir Yolu Vağzalı

Hazırda Culfa şəhərində 5 çörək istehsalı, 1 göbələk emalı müəssisəsi, 2 şadlıq evi, bazar, 2 ticarət mərkəzi və digər istehsal, emal və xidmət müəssisələri fəaliyyət göstərir.

  1. 1 2 "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Arxivlənmiş surət". 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. SSRİ əhalisinin siyahıya alınması (1926).
  6. SSRİ əhalisinin siyahıya alınması (1939).
  7. SSRİ əhalisinin siyahıya alınması (1959).
  8. SSRİ əhalisinin siyahıya alınması (1970).
  9. SSRİ əhalisinin siyahıya alınması (1979).
  10. SSRİ əhalisinin siyahıya alınması (1989).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]