Comon dulusçuluğu
Comon dulusçuluğu (縄文土器, Comon doki?) – Yaponiyada e.ə. 10.000 – e.ə. 300-cü illərdə davam etmiş Comon dövrünün dulusçuluq sənəti.[1] Comon dulusçuluğuna aid nümunələr Kuril adalarından Ryukyu adalarına qədər Yaponiyanın müxtəlif yerlərində tapılmışdır.[1]
Comon dövrünün dulusçuluq məmulatlarının növləri zamandan və yerdən asılı olaraq müxtəlifdir.[1] Qəhvəyi rəng və sap naxışlar bu keramikaların tipik xüsusiyyətləri arasındadır.[1]
Adlandırma
[redaktə | mənbəni redaktə et]Bu dulusçuluq üslubunun adları əvvəlcə "Qabıq kurqanı dulusçuluğu" və ya "Aynu dulusçuluğu" idi.[1] "Comon dulusçuluğu" termini isə ilk dəfə Edvard Morze tərəfindən 1879-cu ildə yazılmış bir bildirişdə işlədilmişdir.[1] Morze Comon dulusçuluğunu kəşf edən arxeoloq olmuşdur və onu yapon dilindən tərcümədə "sap naxışlı" mənasına gələn "Comon" sözü ilə adlandırmışdır.[1] Bu söz daha sonra Comon dövrünü adlandırmaq üçün də istifadə olunmuşdur.[1]
1937-ci ildə Yamanoçi Suqao Kanto və Tohoku regionlarının dulusçuluq tipologiyasını öyrənərək Comon dövrünü və dulusçuluğunu 5 dövrə bölmüşdür: ən erkən, erkən, orta, gec və ən gec.[1] Daha sonra bu bölgüyə başlanğıc dövrü də əlavə olunmuşdur.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]Başlanğıc, ən erkən və erkən
[redaktə | mənbəni redaktə et]Başlanğıc Comon dövrünə aid ən qədim keramikalar Nara prefekturasında yerləşən Fukui mağarasında kəşf edilmişdir.[1] Bu keramikalar xətti relyef dekorasiyasına malikdir.[1] Bu dekorativ texnik yayılaraq Yamaqata prefekturasının ərazisinə qədər çatmışdır.[1] Xətti relyef dekorasiyası ilə yanaşı Fukui mağarasında dırnaq dekorasiyasına malik keramikalar da tapılmışdır.[1]
Erkən və ən erkən Comon dövrünə aid dulusçuluq məmulatları əsasən iki texnika ilə hazırlanırdı: Yaponiyanın cənubunda oyma çubuq ilə bəzəmə, şimalında isə dəniz qabıqları ilə bəzəmə texnikası yayılmışdır.[1] Erkən Comon dövrünün xarakterik xüsusiyyətlərindən biri Kanto, Çubu və Kansay regionlarında yayılmış bambuk çubuğu ilə bəzəmə texnikası idi.[1] Sap naxışlı keramikaların erkən nümunələri e.ə. 7500-cü ilə kimi peyda olmamışdır və sadə bitki lifləri ilə hazırlanırdı.[1] Erkən Comon dövründə bir çox ipi düyümləmək üçün müxtəlif texnikalar olsa da, gec Comon dövrünün ikinci hissəsində bu texnikalar ümumiləşmişdir.[1]
Ən erkən və erkən Comon dövrlərində qablar qidaları bişirmək üçün istifadə olunurdu.[1] Digər istifadə sahələri isə təsadüfi olurdu.[1] Əvvəlcə qablar uclu özülə malik şəkildə hazırlanırdı.[1] Erkən Comon dövründə ev konstruksiyasındakı nəaliyyətlərdən sonra müstəvi özülə malik qablara keçid baş vermişdir.[1]
Orta
[redaktə | mənbəni redaktə et]Orta Comon dövrünə aid dağ abidələrində (Toqarişi abidəsi kimi) aşkar edilmiş dekorasiyalar çox plastikdir.[1] Katsusaka və bənzər növdə olan qablarda ilan motivləri və digər heyvan növlərinin baş təsvirləri aşkarlanmışdır.[1] Orta Comon dövrünün ikinci hissəsində Yaponiyanın şərq regionlarında Kasori E və Dayqi 8 tipli keramika məhsulları yayılmışdır.[1] Bu keramika məhsulları əyri, sıx sap naxışlarına malik idi.[1] Dəfnetmə işləri üçün böyük qablardan istifadə olunurdu.[1]
Orta Comon dövründəki iqtisadi stabillik dulusçuluq sahəsindəki üslubların müxtəlifləşməsinə və dulusçuluq məmulatlarının daha müxtəlif sahələrdə işlədilməsinə gətirib çıxarmışdır.[1] Bu dövrdə Çubu və Kanto regionlarında böyük miqdarda keramika məhsulları hazırlanmışdır.[1] Dibsiz qablar ocaqda yemək hazırlamaq üçün, qaynatma qazanları düyü bişirmək üçün, böyük qablar isə tərəvəzləri saxlamaq üçün hazırlanırdı.[1]
Orta Comon dövründə yemək hazırlamaq üçün istifadə olunan qablar bir gecə içərisində su tərkiblərinin 10%-ni itirirdilər.[1] Məsaməliyi azaltmaq üçün qabları qırmızı oxra ilə bəzədirdilər və ya qabın səthini hamarlayırdılar.[1] Daha qalın divarlar və inkişaf etdirilmiş yandırma texnikalarından da istifadə olunurdu.[1]
Gec və ən gec
[redaktə | mənbəni redaktə et]Erkən Comon dövründə ortaya çıxan bəzi texnikalar gec Comon dövrünün ikinci hissəsində ümumiləşmişdir.[1] Gec Comon dövründə dekorasiyanın oyma hissəsinə sap naxışlarının tətbiq olunması texnikası bütün ölkə boyunca yayılmış yeganə dekorativ texnika hesab olunur.[1] Bu ənənə Kanto və Tohoku regionlarında ən gec Comon dövrünə qədər davam etmişdir.[1]
Ən gec Comon dövrünün ən əlamətdar hadisəsi Kameqaoka dulusçuluğunun ortaya çıxmasıdır.[1] Əsasən Yaponiyanın şimalında yayılan bu dulusçuluq İvate prefekturasının Ofunato körfəzindəki Obora qabıq kurqanları əsasında öyrənilmişdir.[1] Kameqaoka dulusçuluğu həm gündəlik ehtiyaclar üçün, həm də dekorasiya məqsədilə istifadə olunan məmulatlar ilə xarakterizə olunur.[1] Bu dulusçuluq nümunələrinə fincanlar, qablar, boşqablar, vazalar daxildir.[1] Onların çoxu oyma və sap naxışları ilə bəzədilmiş, rənglənmiş və hamarlanmışdır.[1]
E.ə. 300-cü ildə Yaponiyanın qərbində ortaya çıxan Yayoy dulusçuluğu şərqə doğru yayılaraq Comon dulusçuluğunu sıxışdırmağa başlamışdır.[1] Kameqaoka dulusçuluğu isə bir neçə əsr boyunca şimalda istifadə olunmağa davam etmiş, ən sonda Satsumon dulusçuluğuna çevrilmişdir.[1]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Gec Comon dövrünə aid gil heykəl.
-
Orta Comon dövrünə aid qab.
-
Vaza.
-
Hokkaydoda tapılmış, gec Comon dövrünə aid qab.
-
Heyvan başı formasında keramika məhsulu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 75. ISBN 0-87011-624-7. İstifadə tarixi: 29 iyun 2022.