Axınçı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri.[1]
Etimologiyası
[redaktə | vikimətni redaktə et]"Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb[2].
Tarixi
[redaktə | vikimətni redaktə et]Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular[3]. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar. Hər biri ən azı üç xarici dili, ana dili kimi danışan, möhtəşəm cəngavərlərdi axıncılar. Axıncılar, axın etməklə kifayətlənməyib, eyni zamanda düşmənin vəziyyətini, yolları və qüvvələri haqqında məlumat toplamaq kimi kəşfiyyat vəzifəsini də yerinə yetirirdilər. Axıncılıqda xüsusi qaydalar var idi. Axıncılıq atadan oğula keçirdi və yalnız Türklərə məxsus hərbi bir birləşmədir. Bunları indiki hərbi təşkilatdakı desant birliklərinə bənzətmək olar.
Axıncılar, Fateh Sultan Mehmetin bu sözlərini özlərinə şüar tuturdular: "Üstümüzə qılınc çəkilmədikcə, ölkəmizə girilmədikçə, təbəmə cəfa edilmədikcə bizdən kimsəyə zərər gəlməz" - prinsipi ilə hərəkət edirdilər. Axıncılar, əvvəldən nəyi qəbul etdiklərini çox yaxşı bilir, ölümlə qol-qola həyatlarını davam etdirir və bunu məhz Allah rizasını qazanmaq uğrunda edirdilər.
Osmanlı basqınçıları müxtəlif bölgələrdə olub hər bir birliyin başında sərkərdələri vardı. Min nəfərin komandanı minbaşı, yüz nəfərin komandanı yüzbaşı, on nəfərin komandanı onbaşı adlandırılırd. Bu komanda zəncirini bütün qüvvələrin başında olan "Axıncı Bəyi" tamamlayırdı. Rütbələri bəylərbəyi dərəcəsində olan axıncı bəyləri, fövqəladə səlahiytlərə malik olub, birbaşa sultandan əmr alardılar. Bir hərəkatın axın adını ala bilməsi üçün o səfərə axıncı bəynin qatılması lazım idi. Əks təqdirdə bu hərəkat axın adlandırılmırdı. Axıncılar, Avropada qorxu doğuran cəsur savaşçılar kimi tanınırdılar. Albaniya və Dalmaçyada Qazi Evrenos və oğulları, Mora və Yunanıstanda Qazi Turxan Bəy və oğulları, Bolqarıstanda Qazi Mihal Bəy və oğulları, Bosnya və ətrafında Malkoçoğlu ailəsi kimi axıncı ailələri atadan oğula axıncılığı davam etdirmişdilər. Osmanlı Dövlətində ilk axıncı bəyi Evrənos bəydir[4]. Yuxarıda göstərilən axıncı ailələri isə daha sonrakı yürüşlərdə məşhur olmuşdular. Axıncılıq bir sistem halını almış və Osmanlı İmperiyasının Avropa fəthlərində böyük əhəmiyyətə malik olmuşdur.
Axıncılar hərb zamanı kəşf qolu xidmətini yerinə yetirirdilər[5]. Düşmən ərazisini gəzib, orduya yol açırdılar və qurulması mümkün pusquları ani və sürətli hərəkətləri ilə dağıdırdılar. Bundan başqa ordunun yolu üzərindəki taxılı mühafizə edir, yerli xalqdan aldıqları əsirlər vasitəsilə düşmən haqqında məlumat toplamaq və körpü, keçid kimi yerləri təhlükəsizlik altında saxlamaq əsas vəzifələrindən idi. Axıncılar adətən məhz ordudan 4-5 günlük məsafədə qarşıda gedirlər və yuxarıda yazılan vəzifələri yerinə yetirərdilər. Mindikləri atlar da, axıncılar bu sürətli həyatlarına uyğun, dayanıqlı və sürətli olanlardan seçilirdi. Səfərə çıxarkən ehtiyatda 4-5 at aparırlar və yorulan atları keçdikləri yerlərdə buraxırdılar, qayıdanda qoyduqları atlara qənimətlərini yükləyərdilər.
Axıncılara təsis edilən müəyyən bir maaş yox idi. Əldə etdikləri qənimətin 1/5-ni verdikdən sonra, qalan hissəsilə dolanışıqlarını təmin edirdilər. Bəzilərinin isə timarları vardı (timar-xüsusi torpaqları). Səfərə çıxarkən düşmən sərhədinə çatacaq yemək verilir, daha sonrasını qılıncları ilə təmin edirdilər[6].
Osmanlı Dövlətində axıncıların sayı dəqiq olaraq bilinmir. XV əsrin ortalarına qədər saylarının 40.000 olduğunu tarix kitabları yazır. I Kosova müharibəsində axıncı sayının 20.000 olduğu qeyd edilmişdir. 1559-cu ildə bir yoxlamaya görə isə, Turxan axıncılarının sayı 7000 nəfərə yaxındır. Qanuni Sultan Süleymanın Budin və Avstriya yürüşlərində Mihalli axıncılarının sayı dövrün tarix kitablarında 50.000 olaraq göstərilmişdir.
Axıncı qanununa görə, əgər bir axıncı bəyi bir şəhəri fəth etsə buradakı daşınmaz əmlaklar padşaha (dövlətə) aid olur. Axıncı bəylərinə də bu bölgənin kəndləri timar olaraq paylanılırdı. Ümumiyyətlə Axıncı bəyləri də timarlardan əldə etdikləri gəlirləri xeyriyyə müəssisələri yaradaraq, buralara qoyardılar[7].
Axıncıların istifadə etdikləri silahlar da, sürətlə hərəkət etmələrinə mane olmayacaq şəkildə idi. Ən çox istifadə etdikləri silahlar, qılınc, qalxan, qəmə, nizə və bozdoğan deyilən başı yumru qısa saplı bir cins toppuzdu. Axıncılarda zireh istifadə edənlərin sayı olduqca az idi.
Osmanlı ordusunun aparıcı qüvvəsi olan axıncılar, 1595-ci ildəki sədrəzəm Sinan Paşanın Eflak yürüşündəki məğlubiyyətinə qədər güclərini qoruyublar. Bu dəfə qayıdışında axıncılar, Dunay çayı üzərindəki uzun bir körpünü keçərkən, Eflak Voyvodasının intensiv top atəşi açdırması və taxta körpünün dağılması ilə əlaqədar Dunay sularında həlak oldular. Qarşıya keçməyən bir neçə min axıncı isə düşmən qılıncları altında şəhid oldular. Beləliklə, Türk axıncı ocağı bir daha altından qalxa bilməyəcəyi böyük bir zərbə aldı. Belə ki, bu səfərdən sonrakı qeydlərə görə axıncıların sayı 3000 nəfərə enmişdir. Vəziyyətin bu cür olduğu təqdirdə, hökumət yeni tədbirlər almaq məcburiyyətində qalmış və qalalardakı "Sərhəd qulu" təşkilatı möhkəmləndirilərək sərhədlərin qorunması bu təşkilata verilmiş, digər tərəfdən də Krım xanlarının atlılarından istifadə etmək qərara alınmışdır.
Ədəbiyyatda axıncılar
[redaktə | vikimətni redaktə et]Tarixi dövrdə ədəbiyyatda axıncılar, axıncılıqla bağlı müxtəlif mövzularda əsərlər yaranmışdır[8]. Müharibə, axın və qəhrəmanlıqla bağlı axıncı həyat tərzi, xalq arasında geniş yayılaraq əfasanələr yaranmışdır. Osmanlı xalq ədəbiyyatında çox sayda nümunələri vardır. Sərhəd nəğmələri tərzi, Alişimin Qaşları Qara, Estergon Qalası kimi müxtəlif nəğmələr bunlara misaldır. Türk şairi Yəhya Kamal Beyatlının "Axıncı" adlı bir şeiri var.
Xarxici keçidlər
[redaktə | vikimətni redaktə et]- ↑ "Osmanlı devletinde akıncı nedir?.Akıncılar hakında bilgiler". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "TDK-Akmak, Türk Dil Kurumu". 2013-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "OSMANLI AKINCILARI". 2014-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "İlk akıncı beyi Gazi Evrenos Bey'dir. Sonraları Mıhaloğulları, Tunahan Bey ve Malkoç Bey akıncıları vardı. Akıncı beyleri doğrudan doğruya padişahtan emir alırdı". 2015-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Akıncılar harp zamanında keşif kolu hizmetini görürlerdi". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Devlet tarafından akıncıların isimlerini, eşkallerini ve tımara (toprağa) sahip olanların listelerini gösteren bir defter tutulurdu". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Osmanlı Özel Harekatçıları: Akıncılar". 2016-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Yahya Kemal Beyatlı - Akıncılar". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.