Askentizm
Askentizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Askentizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Askentizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan askentizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də askentizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.
Askentizmin qədim motivasiyası özünün, yaxud başqasının günahlarına görə əzab çəkməkdən məmnun olmaq ideyasıdır. Ən arxaik mədəniyyətlərdə belə icmaya xeyir-bərəkət gətirməyin, şər qüvvələri zərərsizləşdirməyin və dini-mənəvi qadağaların pozulması nəticəsində dağılmış dünya nizamını bərpa etməyin ən güclü vasitəsi kimi qurbanvermə konsep siyası məlum idi. Mədəni inkişaf prosesində insanı qurbanvermə praktikası tədricən aradan qalxdıqca, onun hansısa ekvivalentinə ehtiyac yaranırdı: məsələn qədim Spartada gənc oğlanlar artıq öldürülmür, əvəzində Artemida Ortinin qurbangahına qanları tökülənədək bədənləri qamçılanırdı; bu mərasimin təyinatında ritual-magik məqam mənəvi məqamdan ayrılmazdır.
Spirituallaşmış anlamda bu motiv mühüm dəyişikliklərə uğramadan xristianlıq tərəfindən qəbul edilə bilərdi; katolik ənənəsi üçün bu cəhət xüsusilə səciyyəvi idi. Misal olaraq 17 əsrin əvvəllərində Limadan olan Santa-Rosa özünün, bütün canlıların və ölənlərin günahlarına görə gündə üç dəfə özünü qamçılayırdı. Sakral funksiyaların yerinə yetirilməsi şərti kimi çox zaman nikahsızlıq praktikasını əsaslandıran ritual təmizliyin qorunması motivi də qədimdən geniş yayılmışdır. Hətta askentizmin səciyyəvi olmadığı dinlərdə belə dini ayini yerinə yetirməzdən əvvəl, ilahi qarşısında durmağa hazırlaşarkən nikah əlaqələrindən qorunmaq tələb edilirdi; buradan asanlıqla belə nəticəyə gəlinirdi ki, bütün həyatlarını müqəddəs varlıqla qırılmaz əlaqədə keçirən insanlar ümumiyyətlə nikaha daxil olmamalıdırlar.
Katolik rahibinə daim müqəddəs ayinləri, ilk növbədə messanı yerinə yetirmək üçün selibat vacibdir. Bu motivlə bir sıra digər motivlər, məs., insanın müqəddəs sayılan hansısa bir iş naminə öz dünyəvi maraqlarından imtina etməsi motivi də əlaqəlidir. Digər motiv mistik həyəcanlanmalara hazırlıq, meditasiya və ekstaz üçün şəraitin yaradılmasıdır. Teist dinlərdə askentizm praktikası insanın allaha olan sevgisini sübut etməyin və cavab sevgisi xahişini ona çatdırmağın ən inandırıcı vasitəsidir. Son orta əsrlər dövrü katolik mistikasında askentizm pafosu öz kralı (İsa Məsih) və qadını naminə bilərəkdən üzərinə çətin şücaətlər öhdəliyi götürən cəngavərin əxlaqi cəhətlərini əxz edir.
Özünün və başqalarının günahlarına görə əzab çəkməkdən məmnun olmaq motivi ilə yanaşı, bu motiv də xristianlıq üçün səciyyəvi olan digər motivlə – İsanın günah bağışlayıcı əzablarına şərik olmaq səyləri ilə bağlıdır. Əhdi-Cədidin mistik təliminə görə, dindar məhrumiyyətləri öz üzərinə könüllü götürməklə və nagahan məşəqqətlərə səbrlə dözməklə öz cismi ilə "İsa əzablarının çatışmayan hissəsini doldurur". Bu təsəvvürü protestantizm dəki İsanın Qolqofada özünü birdəfəlik qurban verməsininin mütləq müstəsnalığı tezisi sıxışdırmışdır.
Azadolma kimi askentizm motivi müxtəlif dini və fəlsəfi-əxlaqi dünyagörüşləri üçün ümumi cəhətdir; bu motiv Budda rahiblərinin və rahibələrinin nəğmələrində (Theraqatha və Theriqatha) hakim mövqe qazanmış, yunan fəlsəfəsinə, xüsusilə Antisfenə və kiniklərə məlum olmuş, xristian ənənəsində xeyli iz buraxmış, Yeni dövrün bəzi ideoloji hərəkatlarında yeni məna kəsb etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 123. ISBN 978-9952-441-02-4.