Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir.[1] Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir.[2] Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir.
Aliment öhdəliyi
[redaktə | mənbəni redaktə et]Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır:
- Subyektlər arasında ailə münasibətlərinin olması;
- Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi;
- Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı.
Aliment Azərbaycan qanunvericiliyində
[redaktə | mənbəni redaktə et]Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar:
1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.[3]
2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.[4]
3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar.[5]
4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.[6]
5) Zəruri vəsaitə malik baba və nənə saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməyən yardıma ehtiyacı olan nəvələrini saxlamağa borcludurlar.[7]
M.V. Antokolskaya göstərir ki, alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.[8]
M.V.Antokolskaya elə hesab edir ki, alimentin ödənilməsi barədə saziş həm məhkəmə qaydasında aliment almaq hüququ olan şəxslər arasında, həm də hüquqa malik olmayanlar arasında bağlana bilər, ona görə ki, bu halda söhbət könüllü surətdə aliment öhdəliklərinin öz üzərinə götürülməsindən gedir. Belə öhdəliklərə Ailə Məcəlləsinin alimentin ödənilməsi barədə saziş fəslinin normaları qanunun analogiyası üzrə tətbiq edilir. Bizə elə gəlir ki, M.V.Antokolskayanın bu fikri ilə razılaşmaq olmaz, belə ki, aliment ödəməyə boclu olmayan şəxslə məhkəmə qaydasında aliment almaq hüququ olan şəxs arasında bağlanan aliment öhdəlikləri icra vərəqəsi qüvvəsinə malik olmayacaq. Bundan başqa, tərəflər belə sazişi aliment ödənilməsi barədə saziş adlandırdıqda notarius bu sazişi "Notariat haqqında" AR-nın Qanununun 40-cı maddəsinin 5-ci hissəsinə əsasən təsdiq edə bilməz.
Belə düşünülə bilər ki, aliment ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin bir növü olduğu üçün istənilən şəxslər arasında bağlana bilər və tərəflər Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə uyğun olaraq vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edə bilərlər. Amma bu fikir tamamilə səhvdir, yəni Ailə Məcəlləsinə və Mülki Məcəllənin 1161-ci maddəsinə uyğun olaraq aliment ödəmək vəzifəsi daşımayan və aliment almaq hüququ olmayan şəxslər arasında aliment ödənilməsi barədə saziş bağlana bilməz və belə saziş icra vərəqəsi qüvvəsinə malik deyildir.
Alimentin ödənilməsi ilə bağlı saziş yalnız aliment ödəməli şəxslə onu almağa hüququ olan şəxs arasında bağlanmalıdır.
Aliment ödənilməsi valideynlər arasında müqavilə olmadıqda məhkəmə qaydasında həll edilir. Məhkəmə uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə qazancın üçdə bir hissəsi, 3 və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur.
Nümunə olaraq, A ilə B 2019-cu ilin yanvarında boşanıblar, 3 uşaqları var. A alimenti ödəməli olan, B isə aliment alan tərəfdir. A dövlət orqanlarının birində işləyir və aylıq maaşı 400 manatdır. Qeyd etdiyimiz qaydaya əsasən, A-ya 3 uşağa görə aylıq 200 manat məbləğində aliment müəyyən olunmalıdır. Bu məbləğ azaldıla və artırıla bilər. Bəs aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa nə etməlidir? Hər bir halda aliment ödənilməlidir. Bu halda məhkəmə borclu şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin ödənilməsi barədə məhkəmə qərarını icra etməməyə görə borclu şəxsə pul cəzası, ictimai işlərə cəlb etmə, ən ağır halda isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır, bu gün bu məbləğ 160 manatdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1][ölü keçid]
- ↑ Словарь иностранных слов, М, Руский язык, 1984, 624 с
- ↑ Azərbaycan Respublikasının Ailə Məcəlləsi 19 may 2020-ci il tarixli 114-VIQD; Ailə Məcəlləsinin 75, 80, və 83-cü maddələri
- ↑ Azərbaycan Respublikasının Ailə Məcəlləsi 19 may 2020-ci il tarixli 114-VIQD; Ailə Məcəlləsinin 82–83-cü maddələri
- ↑ Azərbaycan Respublikasının Ailə Məcəlləsi 19 may 2020-ci il tarixli 114-VIQD; Ailə Məcəlləsinin 84–85-ci maddəsi
- ↑ Azərbaycan Respublikasının Ailə Məcəlləsi 19 may 2020-ci il tarixli 114-VIQD; Ailə Məcəlləsinin 88-ci maddəsi
- ↑ Azərbaycan Respublikasının Ailə Məcəlləsi 19 may 2020-ci il tarixli 114-VIQD; Ailə Mməcəlləsinin 89-cu maddəsi
- ↑ Комментарий к Семейному к кодексу Российской Федерации. Ответственный И. М. Кузнецова. М. Юрист 2000, 568 с.