Əxlaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır.

Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür). Necə başa düşülməsindən asılı olmayaraq, xeyirə canatma qismində mənəvi canatma insan üçün özdəyərlilik mənası daşıyır, onun şəxsi məhrəm başlanğıcının və daxili ləyaqətinin ifadəsi kimi çıxış edir. Şüurlu iradi səylərin əsas dəyər özəyi kimi xeyirin və şərin əksliyi insanın bilavasitə davranış məhdudluğunu onun ideal vəziyyəti ilə birləşdirir və mövcudluğunu vəzifə, tale, missiya səviyyəsinə qaldırır. Əxlaq insanın öz qərarlarını və hərəkətlərini necə görmək istəməsi, bütünlükdə onun iradəsindən asılı olacağı və ideal təsəvvürlərə uyğun gələ biləcəyi təqdirdə, o hərəkətlərin necə olması nöqteyi-nəzərindən irəli gələn baxışdan ibarətdir.

Əxlaqın fərdi-şəxsiliyi

[redaktə | vikimətni redaktə et]

Əxlaq fərdi və ümuminin vəhdətindən yaranır, həyat fəaliyyətinin məqsədli şəkildə reallaşdırılan fərdi mənasını ifadə edir və bununla yanaşı, ümumi əhəmiyyət daşıyan universal təbiətə malikdir. Müvafiq olaraq, o, fərdi-şəxsi və obyektivləşdirilmiş-şəxssiz formalara ayrılır.

Əxlaqın fərdi-şəxsi formalarını insanın xasiyyəti (xarakteri, daxili nizamı) anlayışında ümumiləşdirmək olar. Onlar aşağıdakılardan ibarətdir:

1) ümumi dəyər mənası (buna görə insanı mehriban, mülayim, təmkinli, ciddi, ədalətli, yaxud zalım, pozğun və s. adlandırırlar);

2) daxili qiymətləndirmə mexanizmləri (vicdan, həya, peşmanlıq, günah, yaxud vicdansızlıq, həyasızlıq, özündənrazılıq və s.);

3) həyat fəaliyyətinin konkret sahələrində ləyaqətli və ləyaqətsiz hərəkətlərin icrasına yönəlmiş və müvafiq olaraq, fərdi Əxlaqın yekun göstəricisi kimi xeyir və şər əməllər adını almış sabit davranış vərdişləri. Bunlar insanın fəaliyyəti prosesində formalaşan qazanılmış insani keyfiyyətlərdir və yalnız fəaliyyətdə olan şəxsiyyətə uyğunluğu ilə (onun bilərəkdən etdiyi seçiminin nəticəsi kimi) səciyyələndirilir. Müsbət keyfiyyətlərin əsrlərlə toplanmış siyahısı çox böyükdür və tam şəkildə ehtiva olunması mümkün deyil, çünki o hər bir kollektiv və fərdi təcrübədə inkişaf edən canlı prosesdir. Platonun təsvir etdiyi dörd əsas antik məziyyətə (mötədillik, cəsarətlilik, müdriklik və ədalətlilik) dünya dinləri ilə birlikdə dünya praktikasına daxil olmuş mərhəmətlilik, Yeni dövrdə isə demokratik həyat quruluşu ilə bağlı olan tolerantlıq əlavə edilmişdir.

Əxlaqın obyektivləşdirilmiş-şəxssiz formaları cəmiyyət əxlaqı anlayışında cəmlənir və aşağıdakılara bölünür:

a) adətlər — bu və ya digər cəmiyyətdə həyata keçirilən sabit kütləvi davranış formaları;

b) ictimai rəylə və hamının qəbul etdiyi davranış nümunələri (təqdir, yaxud məzəmmət olunan) ilə dəstəklənən qiymətləndirmə kanonları;

c) davranış meyarlarını yaradan normalar (universal prinsiplərdən etiket qaydalarına qədər). Çıxış nöqtəsi və bazis əsası kimi əxlaq normaları, aralarındakı istənilən fərqlərdən asılı olmayaraq, bütün insanlar üçün vacib, istisna tanımayan mütləq qanun statusuna iddia Onlar iradənin muxtariyyətinə əsaslanır, buna görə də obyektə və subyektə bölünmür: belə güman edilir ki, insanın danışıqsız tabe olduğu əxlaq normalarını o, öz-özü üçün irəli sürür, çünki özünü öz şüurlu və ictimai varlıq mahiyyətinə adekvat aparır.

Qeyd-şərtsizlik, universallıq və muxtarlıq Əxlaqın real səciyyələridir, onlar məhz bu şəkildə ictimai şüurda təmsil olunur və öz təsirliliyini üzə çıxarır. Onlar Musanın Dekaloqu (On qüsurlu hərəkət), İsa Məsihin dağdakı vəzi, Quran və Məhəmməd peyğəmbərin hədisləri, yeni Avropa insan hüquqları bəyannamələri kimi hamının qəbul etdiyi toplularda məhz bu cür məcəllələşdirilmişdir; ilk iki halda onlar Allahın əmrləri, üçüncüdə isə aşkar təbii həqiqətlər kimi ifadə olunmuşdur. Əxlaqın bu cür qeyd-şərtsiz və bir qayda olaraq, sakral şəkildə mədəniyyətə daxil edilməsinin özü o deməkdir ki, hansısa məziyyətinə görə mənəviyyat adından danışmaq və onun keşiyində durmaq imtiyazına malik insanlar olmadığı kimi, öz çatışmazlıqları və alçaqlıqları səbəbindən Əxlaqın onlar üzərinə qoyduğu vəzifələrdən kənarlaşdırılmış insanlar da yoxdur. İstisnasız olaraq bütün insanlar onların davranışlarına insani legitimlik verən ali instansiya kimi Əxlaqa eyni dərəcədə müraciət etmək hüququna malikdirlər. Əxlaqın ilkinliyi və mütləqliyi ictimai təcrübədə onun qeyri-məhdud sayda rəngarəng interpretasiyalarını və konkretləşdirmələrini nəzərdə tutur.

İctimai praktikada ayrı-ayrı fərdlərin və institutların öz Əxlaq anlayışlarını yeganə həqiqət kimi qələmə vermələri və bunun əsasında cəmiyyətdə mənəvi məhkəmə keçirmək hüququnu qəsb etmələri ilə əxlaqi qiymətləndirmədən və meyarlardan sui-istifadə hallarına çox rast gəlinmişdir. Öyüd-nəsihət verən fərd (məs., Tartüf) bədii ədəbiyyatın ən sevimli satirik tiplərindəndir.

Əxlaqın fərdi-şəxsi və obyektivləşdirilmişşəxssiz formaları onun iki müxtəlif tarixi konfiqurasiyası — aristokrat və bürger etosları üçün çıxış nöqtəsi olmuşdur.

Burada şəxsi formalar şübhəsiz üstünlüyə malikdir və bu üstünlük yalnız fərdi Əxlaqa deyil, həm də öz fəaliyyətini əsasən şəxsi iştirak zonalarında (gedişinə və nəticəsinə əvvəlcədən nəzarət edilməsi mümkün olmayan, buna görə də prosesə cəlb edilmiş insanların mənəvi keyfiyyətlərindən bilavasitə asılı olan hadisələrdə, insanlardan peşəkar bilik və vərdişlərdən başqa, aydın ifadə olunmuş şəxsi mövqe, qətiyyət, məsuliyyəti öz üzərinə götürə bilmək bacarığı tələb olunan zamanlarda) aşkarlayan ictimai Əxlaqa aiddir.

Müsbət keyfiyyətlər və normalar öz-özlüyündə davranışın əxlaqi keyfiyyətliliyinə zəmanət verə bilməz. Birincisi, insanın hərəkətində mənəvi motivlər bir çox digər motivlərlə qaynayıb-qarışır, əxlaq normaları adətlərlə, hüquqi müddəalarla, peşəkar və digər qaydalarla vəhdətdə üzə çıxır. Mənəvi motivlər predmetə əsaslanan motivlərə münasibətdə muxtar vəziyyətdə olub, yekun sanksiya kimi onları üstələyir, buna görə də elə situasiyalar olur ki, fərd üçün sərfəli olan hərəkət onun özü tərəfindən ləyaqətsiz sayılır. Eyni zamanda mənəvi motivlər müstəqillikdən məhrumdur, onların fəaliyyəti empirik təmayüllü digər motivlərdən asılıdır. İkincisi, əməlləri əxlaqi meyarlarla təsnif etməyə imkan verən mənəvi motivlər bu və ya digər fərdin düşdüyü konkret vəziyyətdə nəyi və necə edəcəyi haqqında heç nə demir. Əxlaq üçün dünyanı qavramanın əsas və spesifik üsulu olan əməldə onun məzmununu və həyata keçirilmə faktının özünü fərqləndirmək mühümdür. Əməlin məzmunu onun əsaslandırılmış və məqsədəuyğun olmasını müəyyənləşdirən biliklər (o cümlədən etik tövsiyələr və xəbərdarlıqlarla), vərdişlər, təcrübə və digər cəhətlərlə müəyyənləşən xüsusi məsuliyyətin predmetidir. Lakin əməlin həyata keçirilmə imkanından, şərtlərindən və üsullarından xəbər verən xüsusi məsuliyyətdən heç də belə nəticəyə gəlmək olmaz ki, həmin fərd o əməli həyata keçirməlidir. Bu, mənəvi məsuliyyətin predmetidir və əməli həyata keçirməyin yeganə əsası konkret şəxsin onu həyata keçirmək qərarıdır. Xüsusi məsuliyyətdən fərqli olaraq, mənəvi məsuliyyətin özünəməxsusluğu da bundadır. Əməli həyata keçirmək qərarı və konkret şəxsin ona görə bütün məsuliyyəti öz üzərinə götürməsi, o əməlin məzmunu ilə bağlı bütün mülahizələrdən muxtar vəziyyətdədir, lakin bu qərar qəbul edildikdən sonra həmin mülahizələr müəyyənləşdirici olur: mənəvi məsuliyyət birbaşa xüsusi məsuliyyətdən irəli gəlməsə də, öz davamını onda tapır (heç bir elm fərdə deyə bilməz ki, o, hansı əməli nə zaman törətməlidir ki, həmin əməl şübhəsiz əxlaqi olsun).

Beləliklə, hər zaman insanın və cəmiyyətin mənəvi yetkinliyinin qüsursuz meyarları sayıla biləcək xüsusi əməllər və fəaliyyət növləri mövcud deyil (çünki, hətta mərhəmət və yardım işləri də bəzi hallarda görüntü, riyakarlıq səciyyəsi daşıya bilir). Bu halda Əxlaq təkcə niyyətlər sferasına daxil olmur; xüsusi əxlaqi əməllər sinfinin yoxluğu o deməkdir ki, bütün əməllər şəxsiyyətə öz mənbəyi kimi əsaslanma dərəcəsinə görə mənəvi məsuliyyətlə yaşama sferası daxilindədir.

Fərdi və ictimai həyat təcrübəsi, eləcə də fəlsəfi-etik nəzəriyyə üçün ən çətin sual odur ki, şəxsiyyətin iştirakı ilə baş vermiş, lakin ondan asılı olmayan obyektiv səbəblərlə şərtlənmiş hərəkətlər üçün həmin şəxsiyyətin fərdi mənəvi məsuliyyəti nə qədər əsaslandırılmışdır? Bu məsuliyyətin ölçüsü necə olmalıdır? Fərdin öz şəxsi məsuliyyət daşıdığı və məzəmmət oluna biləcəyi obyektiv şərtlənmiş hərəkətini daxilən azad seçilmiş hərəkət kimi qavraması, belə bir sərt faktla əsaslandırılır ki, o, həmin hərəkəti etməyə də bilərdi. Məhz ləyaqətsiz hesab etdiyi hərəkəti etməmək iradəsi insanın öz hərəkətlərinə şəxsi, mənəvi anlaqlı münasibətinin ölçüsünü müəyyənləşdirir. Bu, Əxlaqın təsirini anlamaq üçün mərkəzi məqamdır.

Əxlaqi tələblər əsasən qadağa formasında olur. Bu, daha çox normalara (səmavi dinlərdə qətl, oğurluq, zina, yalan şahidlik və s. əməllərə qoyulan qadağalar), həm də müsbət keyfiyyətlərə (çılğınlığın, acgözlüyün, şəhvətpərəstliyin qadağası kimi mötədillik; qorxaqlığın qadağası kimi cəsurluq; nadanlıq və mövhumatın qadağası kimi müdriklik; haqsızlığın qadağası kimi ədalət; zorakılığın qadağası kimi mərhəmət; insanlar arasında irqi, dini, siyasi və s. cəhətlərə görə ayrı-seçkiliyə qadağa kimi tolerantlıq) aiddir. Qadağalar bilavasitə insani mövcudiyyət sferası ilə onları əhatələyən vəhşilik sferası arasında sərhədi müəyyənləşdirir (heyvanlarla ümumi olan təbii ehtiyaclarımızı insan kimi ödəmək onları heyvanlar kimi ödəməmək deməkdir). Yalnız qadağalar bəşəriyyət miqyasında universal işlək mexanizm ola bilər, onların hamı üçün əhəmiyyətliliyinin zəmanəti isə insanların onları bu cür qəbul etmək bacarığıdır. Fərdlər öz empirik fərqlilikləri səbəbindən eyni hərəkətləri edə bilməzlər, lakin onlar etməmək haqqında ümumi razılığa gəldikləri eyni hərəkətləri etməyə bilərlər. Qadağalarda insanlar ağıllı varlıqlar kimi çıxış edirlər: şüurlu iradənin mövcudluğu onların fəaliyyət qabiliyyətliliyi üçün kifayətedici əsasdır. Bu mənada geniş tətbiq olunan qida qadağalarını əxlaqi tələblərə nümunə göstərmək mümkündür: Pifaqor ittifaqında paxlalı qidaları yeməmək öhdəliyi vardı; donuz əti qadağası müsəlman və yəhudi icmasının əsas qadağalarından biridir; vegeterianları ətli qidalardan imtina etmək birləşdirir və s.

Əxlaqi qadağaların və neqativ hərəkətlərin yayılmasında insanın mənəvi-ruhani başlanğıcı birbaşa onun fəaliyyət varlığı ilə üst-üstə düşür. İnsan günaha batma və nəfsə uyma vəziyyətində, onu qadağan olunmuşu həyata keçirməyə təhrik edən meyillərlə və şəraitlərlə ziddiyyətdə olduqda qadağalara riayət edir və neqativ hərəkətlər formasında özünü fəal təsdiqləməyə çalışır. Neqativ hərəkət ruhi cəhətdən gərgin aktdır. O, mübarizədə yaranır və qadağanın əxlaqi cəhətdən qətiliyini dərk etmək onun yeganə motividir. İnsan öldürmək qadağasını öldürmək tələbatı, istəyi və imkanı olduğu təqdirdə düşməninə yardım əli uzatdığı, yaxud özündə intiqam hissini önlədiyi zamanlarda həyata keçirir. Əxlaq qadağalarda və qadağalar vasitəsilə insan varlığında dərin kök salır. Fərd təbii və sosial instinktlərin dağıdıcı stixiyasını məhdudlaşdırmaq, cismani istəklərini, hakimiyyət hərisliyini, varlanmaq şövqünü azaltmaq və ehtiraslarını şüurun səsinə tabe etməklə özünü bir şəxsiyyət olaraq mükəmməlləşdirir.

Əxlaqi cəhətdən təsdiqlənmiş təcrübə özünün bütün formalarında qadağalarla çərçivələnmişdir (məs., ailə zina ilə, ədalət mühakiməsi yalan şahidliklə, Vətən təəssübü xəyanət qadağası ilə və s.). Bunlarla yanaşı, heç bir məhdudiyyəti olmayan, mütləq kimi düşünülən universal qadağalar da vardır. Belə qadağalardan iki ən mühümü zorakılığa və yalana qoyulan qadağadır. Onlar insana fiziki məcburiyyət (zorakılıq), yaxud aldatma yolu ilə digər insanın iradəsini özünə tabe etməyə qadağa qoymaqla, fərdlərin mənəvi cəhətdən yetkinləşmiş şəxsiyyətlər və fərdi məsuliyyətli davranış subyektləri qismində varlıqlarını hüdudlandırırlar.

İnsanın bədəni həzzə canatması, ağrıya və əzablara nifrət etməsi ilə özündə spesifik həyat memorandumu daşıdığı kimi, onun xeyirə istiqamətlənən və şərə qarşı duran şüurlu iradəsi də Əxlaqı spesifik insanlıq öhdəliyi kimi özündə ehtiva edir; memorandumun ilk iki maddəsi insanların öz aralarındakı bütün problemləri şüurlu şəkildə danışıqlar vasitəsilə həll etmək və bütün aidiyyətli tərəflərin razılığı ilə qərarlar almaq borcundan ibarət köklü qadağalardır.

Əxlaqi zəruriliklər yalnız qadağalarla məhdudlaşmasa da, məhz onlarda özünün qətiliyini və mütləqliyini aşkarlayır. Əxlaqa uyğun gəlməyən əməlləri istisna etməklə, qadağalar bütün digər əməllərə üstüörtülü mənəvi icazə verir. Bu icazə yaxın adamına sevgi, düzgünlük, ədalət, vicdan, mərhəmət və s. kimi pozitiv tələblərdə aşkar üzə çıxır. Sonuncular Əxlaqın müxtəlif aspektlərinin ifadəsidir, mahiyyətcə onunla eyni olub, fəaliyyətin ümumi dəyər əsasları kimi çıxış edir. Əxlaqi təlimatlar prinsipcə abstraktdır və ona görə də nisbidir: onlardan əməllərə birbaşa keçid yoxdur (onların qadağalardan fərqi də bundadır). Eyni təlimat birbirinə əks olan davranış xətləri üçün bəhanə ola bilər (məs., vətən sevgisi hərbçi üçün də, pasifist üçün də arqumentdir; valideynlik borcunu bəziləri uşaqları ciddi himayə etməkdə, digərləri onlara güzəştə getməkdə görürlər). Əxlaqa hərəkətlərin legitimlik mənbəyi kimi müraciət etmək ondan sui-istifadə forması ola, demaqoji məna daşıya bilər. Ümumi əxlaqi təlimatların məzmunca dolğunlaşdırılması haqqında məsələ konkret (bu və ya digər zamana, cəmiyyətə, fəaliyyət sahəsinə, iştirakçı şəxslərə və s. tətbiqdən asılı olaraq) həll edilir, kütləvi etik diskursun predmeti və daimi mənbəyi olur.