İspan–ABŞ müharibəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İspan-ABŞ müharibəsi | |||
---|---|---|---|
İspan-ABŞ münasibətləri | |||
Tarix | 25 aprel 1898 – 12 avqust 1898 | ||
Yeri | Karib dənizi və Atlantik okeanı | ||
Nəticəsi | ABŞ qələbəsi, İspaniya imperiyasının tənəzzülü | ||
Ərazi dəyişikliyi | Kuba, Filippin, Quam və Perto Rikonun ABŞ tərəfindən işğalı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1898-ci il İspan-Amerikan müharibəsi Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi. O,kapitalizmin inkişafının imperialistik mərhələsini açmışdır. Koloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də, məhz bu dövrdən başlanmışdır. XIX əsrin ortalarından başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı.
İspan-Amerikan müharibəsi göstərdi ki, ABŞ özünü Şimali və Cənubi Amerikanın tamhüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək. Faktiki olaraq 1898-ci ildə ABŞ beynəlxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı.
Müharibənin başlama səbəbləri
[redaktə | vikimətni redaktə et]Bütün XIX əsr ərzində ABŞ Kuba ilə bağlı siyasətində 2 istiqamət müəyyənləşdirmişdi: Ya ABŞ Kubanı özünə tabe edəcək, yada ki o, İspan müstəmləkə imperiyasının hissəsi kimi qalacaq. 1808–1809-cu ildən başlayaraq prezident Ceferson, Şimali Amerikalıların Kubada hökmranlığını qurmaq üçün bəyanatlar verməyə başladı. Birləşmiş Ştatlar Kubanın İspaniyanın hakimiyyəti altında qalmasını üstün tutdu və ada üzərində nəzarəti ələ almaq üçün düzgün anı gözlədi. Vəziyyət Texasın və Kaliforniyanın, həmçinin Arizona və Yeni Meksikanın Birləşmiş Ştatlar tərəfindən zəbt edilməsindən sonra dəyişdi. ABŞ öz hakimiyyətini Meksika körfəzi sahilində genişləndirdikdən sonra Kubanı ələ keçirtməyə cəhd göstərdi. Lakin İspan tərəfi bundan imtina etdi. Bundan sonra isə ABŞ-nin Şimalı və Cənubu arasında 1861–1865-ci illərdə vətəndaş müharibəsinin baş verməsi ilə bu danışıqlar təxirə salındı.
Köləliyin ləğvi ilə ABŞ-nin inkişafında yeni xüsusiyyətlər ortaya çıxdı. XIX əsrin sonlarında Birləşmiş Ştatlar inkişafın daha sürətli yolu olan İmperialistik inkişaf yolunu tutmuşdur. XIX əsrin sonunda Kuba yenidən ABŞ-İspaniya müharibəsində əsas yeri tutmağa başladı. Əminliklə demək olar ki, Amerikan imperializminin meydana çıxan ilk böyük bazarı Kuba idi. ABŞ-nin daxili bazarları artıq Amerikan müəssisələrinin istehsal etdiyi məhsulların həcminin öhdəsindən gələ bilmədi və buna görə də xarici bazarlara ehtiyac yarandı. Buna görə də İspan-Amerikan müharibəsinin əsas səbəbi bu idi:
1) Qərb yarımkürəsində ABŞ-nin iqtisadi dominantlığını təmin etmək və Asiya bazarlarını ABŞ üçün açmaq. Amerikan kapitalistlərinin Kuba iqtisadiyyatına qoyduğu kapital 1895-ci ildə 50 milyon dollar təşkil edirdi. Bu dövlətlər arasındakı mal dövriyyəsi isə 100 milyon dollara çatmışdır. ABŞ-nin kommersiya şirkətləri və bankları Kuba iqtisadiyyatının əsas sahələrinə nəzarət edirdilər. Bu sahələr sırasına şəkər xammalı, həmçinin ikinci vacib sahə olan tütün sahəsi daxil idi. Amerikanlara şəkər və tütün plantasiyaları və zavodları, dəmir yolları, mədənlər, limanlar, gəmiqayırma və ticarət müəssisələri, maliyyə təşkilatları və s. məxsus idi. Beləliklə, Kubanın maliyyə və iqtisadi həyatı faktiki olaraq ABŞ-nin nəzarəti altında idi. Bütün XIX əsr ərzində Amerikan hokumətləri İngilis və Fransız ordularının Kuba ərazisindən öz bazaları üçün istifadə edərək ABŞ-yə hücum etmək imkanlarının olması barədə fikirlər söyləmişlər. Faktiki olaraq Birləşmiş Ştatlar ehtiyat edirdi ki, bu dövlətlərin hər ikisi, həmçinin Qərb yarımkürəsində dominantliğına səy göstərən dövlətələr Kubanı Amerikan kapitalının yolunda maneəyə çevirə bilər. Buna görə də İspan-Amerikan müharibəsinin ikinci səbəbi bu idi:
2) Avropa dövlətlərinin Qərb yarımkürəsindəki siyasi və iqtisadi təsirini zəiflətmək istəyi.1895-ci ildə Kuba üsyançıları İspaniyadan Kubanın müstəqilliyini tələb edərək qiyam qaldırdılar. İspan ordusu Kubadakı Amerikan vətəndaşlarının və onların mülkiyyətlərinin təhlükəsizliyinə zəmanət verə bilmədi. Beləliklə müharibənin başlanmasının üçüncü səbəbi kimi:
3) Kubada ABŞ vətəndaşlarının və onların mülklərinin üsyançıların hücumlarından qorumaq. Daha bir səbəb isə Kubadakı qiyamı yatırmaq üçün buraya göndərilmiş ispan generalı Veylerin qəddar siyasəti idi. Belə ki, onun qəddar siyasəti nəticəsində müstəmləkə əhalisinin 1/3-i məhv olmuşdur. ABŞ hökuməti hesab edirdi ki, onlar Kuba xalqını İspan hərbi hakimiyyət orqanlarından qorumalı idilər. Müharibənin başlanmasına əsas 2 insident səbəb olmuşdur.
1) Prezident Mak-Kinli haqqında İspan diplomatik nümayəndəsi Kanalehasunun boş fikirlərini ozündə cəmləşdirən məktubun Havanada görüş zamanı ABŞ nümayəndə heyətinə təqdim edilməsi. Lakin İspan hökuməti dərhal səfiri geri çağırdı və elan etdi ki, onun şəxsi fikirlərinə görə məsuliyyət daşımır. ABŞ mətbuatı isə bunu dövlətin təhqiri kimi elan etmişdir.
2)1 fevral 1898-ci ildə Amerikan kreyseri "Meyn" xoşməramlı səfərlə Havana körfəzinə daxil olmuşdur. Həmin vaxtda Amerika sahillərində ispan hərbi gəmiləri yerləşirdi. 15 fevralda "Meyn" partladı və batdı. Onun bütün heyəti (266 nəfər) isə həlak oldu. Kreyserin parçalanmış hissələrini araşdırdıqdan sonra Amerikan komissiyası elan etdi ki, partlayışın səbəbi sualtı mina olmuşdur və bu hadisədə günahı İspan dənizçilərində gördü. Lakin ispan tərəfi isə bildirdi ki, partlayışın səbəbi gəminin daxilindəki baş verən nasazlıqdır və bu partlayışda ispan tərəfinin heç bir günahı yoxdur. Lakin yenə də razılıq əldə olunmadı.
Beləliklə, 1898-ci il fevralın sonunda ABŞ və İspaniya arasındakı gərginlik ən yüksək həddə çatmışdır. "Meyn" in məhv olmaq səbəbi hələ də qeyri-müəyyən qalırdı. Lakin amerikanların gəldiyi nəticəni də həqiqətə uyğun hesab etmək olardı. Ancaq İspaniya ABŞ ilə müharibədə qətiyyən maraqlı deyildi və hər yolla bunun qarşısını almağa cəhd edirdi. Lakin belə bir fikir də var idi ki, partlayışı Amerikan hərbi agentləri törətmiş və müharibənin alovlanmasına səbəb olmuşdur.
Müharibənin iştirakçıları
[redaktə | vikimətni redaktə et]1898-ci il İspan-Amerikan müharibəsinin iştirakçıları sırasında ABŞ və İspaniyadan savayı Kuba Azadlıq ordusu və Filippin Milli ordusu da var idi. Bu dövrdə İspaniya mühafizəkarların, liberalların və anarxistlərin hökumətin siyasətinə qarşı təşkil etdikləri etirazlara şahid oldu. Saqasta Liberal hökumətinin xarici siyasəti Kubanın, Puerto Rikonun, Filippinin, Karolin və Marian adalarının, Palay arxipelaqının və Afrikanın bəzi ərazilərinin İspan müstəmləkə imperiyasının tərkibində saxlanılmasına yönəlmişdi. Milli azadlıq hərəkatı ispanların müstəmləkə ağalığının əsaslarını dağıttı.
1892-ci ildə Kubada Kuba inqilabi Partiyası yarandı. Onun məqsədi Kubalıları müstəqillik uğrunda ciddi mübarizəyə hazırlamaq idi. Onun lideri isə məşhur kubalı siyasətçi Xose Marti idi. Partiyanin proqramina aqrar islahat, həmçinin irqi ayrı-seçkilik söz azadlığı, həmçinin azad toplaşmaq və s. demokratik azadlıqlar daxil idi. 24 fevral 1895-ci ildə qiyam başlandı. Bu 1895–1898-ci illəri əhatə edən Milli Azadlıq hərəkatına çevrildi. Lakin 1895-ci il 19 Mayda Xose Marti, Das Rios döyüşündə həlak oldu. Qiyamda idarəedici rolu hərbçilər: Azadlıq ordusunun baş komandanı Maksimo Qomes və onun köməkçisi Antonio Maseo və Kalisto Qarsiya ələ aldılar. Qiyamçıların fəaliyyəti müvəffəqiyyətli idi. Belə ki, 1895-ci ilin qışında artıq Havana mühasirəyə alınmışdı. Həmin dövrdə adanı idarə edən ispan generalı kapitan Martines Kompos Madridə ciddi vəziyyət haqqında məlumat verdi və təcili islahat keçirilməsini tələb etdi. İspan hökuməti bundan imtina etdi və 10 fevral 1896-cı ildə general Valeriano Veyleri onunla əvəzlədi. O, inqilabçılarla hər hansı bir əlaqəsi olan kubalıların həbs düşərgələrinə salınmasına və edamına icazə vermişdi. Ciddi cəzalandırıcı əməliyyatlarına görə Veylerə "qəssab" ləqəbi verilmişdir.
1895-ci ildə Prezident Klivlend ABŞ-nin İspaniya-Kuba müharibəsində neytrallığını elan etmişdir.
1896-cı ilin aprelində general Veyer tərəfindən Kuba üsyançılarına kömək etməkdə şübhəli bilinən ABŞ vətəndaşları həbs olunmağa başlandı. ABŞ Konqresi prezidentdən Kubadakı hadisələrə aktiv müdaxilə etməyi tələb etdi. Bu göstərdi ki, ABŞ Kuba qiyamçılarını müharibə edən tərəf kimi tanımış və qanuni əsaslarla onlara yardım göstərmək üçün Ştatlara imkan vermişdir. Lakin Ağ Evdə Klivlendin etirazı bunu təxirə salmışdı. Hər şey 1897-ci ilin martında baş tutmuş seçkidən sonra dəyişdi. Həmin vaxtda Mak-Kinli prezident seçildi. Baxmayaraq ki, o problemin həllini sülh yolu ilə həll etməyi arzulayırdı lakin yeni prezident dərhal Kubanin müdafiəsi məsələsini qaldırdı. Ancaq İspan hökuməti ABŞ-in sülh niyyətlərindən şübhələnirdi. Xüsusilə də Amerikanların müharibə üçün gizli hazırlıq aparmaları, onları belə düşünməyə vadar etmişdi. Hərbi müdaxilədən boyun qaçırmaq ümidilə 1897-ci ilin sonunda general Veyler Kubadan geri çağrıldı. ABŞ hökuməti ümid edirdi ki, təzyiq və təhdidlərlə çox şeyə nail olmaq olar. ABŞ diplomatik heyəti İspaniyada çox provakativ davrandılar. Onlar ispanlara ultimatium verərək, bu müharibənin 1897-ci il noyabrin 1-dək bitirməsini tələb etdilər.
Rəsmi Madrid güzəştə getməyə məcbur oldu. Veylerin geri çağrılması istisna olmaqla, İspaniya Kuba və Puerto-Rikoya muxtariyyət verməyə və bu adalara konstitusiya tətbiq etməyə söz verdi. ABŞ da öz növbəsində neytrallığını qorumağa söz verdi. 1 yanvar 1898-ci ildə Kuba muxtariyyət aldı. Lakin nə üsyançılar, nə də Birləşmiş Ştatlar bunu tanımadılar. 15 fevral 1898-ci ildə isə (əvvəldə qeyd olunduğu kimi) "Mayn" gəmisi qeyri-müəyyən vəziyyətdə partlamış və bu hadisədə ABŞ İspaniyanı günahlandırmışdır. İspaniya isə ABŞ ilə hər hansı bir konfliktə girməyə qorxurdu. Lakin bu müharibə ABŞ-nin çox nüfuzlu qüvvələri üçün arzuolunan idi. Senator Loc Con Heyn və 1897-ci ildə Dəniz nazirinin müavini vəzifəsində çalışmış Teodor Ruzvelt İspaniya ilə müharibəyə çoxdan hazırlaşmışdılar. Bütün ştatlarda "Meyni yadda saxla" şüarı dolaşırdı. Amerikan hökuməti bu dövrdə "ikili siyasət" yürüdürdü. Bir tərəfdən Kuba inqilabçılarına pul və silahla yardım göstərir, digər tərəfdən isə ispaniyaya qiyamı yatırmaqda dəstək verirdi. ABŞ-nin siyasəti açıq-aşkar fitnəkar siyasət idi və İspaniyayla Kuba arasındakı konflikti süni şəkildə daha da alovlandırmaqla gələcəkdə müharibəni İspaniyanin boynuna qoymağa çalışırdı. "Meyn" gəmisinin partlamasından sonra ABŞ və İspaniya arasindaki münasibətlər hər gün daha da pisləşirdi. 27 martda Vaşinqton Madriddən həbs düşərgələrinin ləğv edilməsini, ehtiyaci olan kubalilari ərzaq məhsulları ilə təchiz etməyi, 1898-ci il oktyabrın 1-dək Azadlıq ordusu ilə barışıq imzalamağı və bu danışıqlarda ABŞ-nin vasitəçi kimi iştirakının tələb etdi. 31 martda Madrid Amerikanın şərtlərini qəbul etdi, həbs düşərgələrini ləğv etməyi və ehtiyac işində olan kubalılar üçün 3 mln peso təyin etməyi vəd verdi. Lakin ABŞ-nin vasitəçiliyini qəbul etmədi. 7 aprel 1898-ci ildə Avropanın aparıcı dövlətləri (Almaniya, Fransa, Rusiya, Avstriya-Macarıstan, İtaliya) İspaniya ilə sülhü qorumaq barədə ABŞ prezidentinə müraciət etdilər. Roma papası XII Lev vasitəçi olmağa razılıq verdi. Böyük Britaniya Almaniya ilə ixtilaflar səbəbindən ABŞ-ni dəstəkləmişdi. Hər halda aprelin 9 da İspaniya Kubadakı hərbi əməliyyatları dayandırmışdır.
İngiltərənin tutduğu mövqe İspaniyani inandirmişdir ki, əgər ABŞ müharibəyə başlayacaqsa İspaniya hərbi əməliyyatlarda təkcə Kubanı itirməyəcək.10 apreldə ABŞ-nin Madriddəki səfiri Vudvord Mak-Kinliyə teleqram vuraraq bildirdi ki, İspaniya hökuməti ABŞ-nin arzu etdiyi kimi, Kubaya muxtariyyət verə və yaxud onu Birləşmiş Ştatlara güzəştə gedə bilər. Lakin 11 apreldə Mak-Kinli teleqramı gizlətmiş və Konqresə bildirmişdir ki, sülhü qorumaq cəhdləri müvəffəqiyyətlə başa çatmamışdır.
19 aprel 1898-ci ildə ABŞ Konqresi Kubanin müstəqilliyini tanımaq, həmçinin Kuba adasinin xalqini İspan müstəmləkəçiliyindən azad etmək məqsədilə ABŞ-yə hərbi müdaxilə hüququ verən "Müştərək qərar" qəbul etdi. Həmçinin ABŞ söz verdi ki, barışıq əldə olunan kimi adaların idarəsi və hakimiyyət adanın əhalisinə veriləcək.
- 20 apreldə Prezident Mak-Kinli Konqresin qərarını təsdiq etdi.
- 21 apreldə ABŞ İspaniyaya ultimatium verərək Kubanı tərk etməsini tələb etdiBununla da ABŞ-İspaniya əlaqələri kəsildi
- 22 apreldə Şimali Amerika Atlantik Eskadrası adanı mühasirəyə almaq üçün Kyu-Vestdən Kuba istiqamətində yola çıxdı.
- 23 apreldə İspaniya öz imicini qorumaq üçün ABŞ-yə müharibə elan etdi. İspaniya Avropanın güclü dövlətlərinin dəstəyinə # arxalanırdı. Lakin bu dövlətlər açıq-aşkar əldən verilmiş müharibədə iştirak etmək arzusunda deyildilər.
- 24 apreldə Kubanin Hökumət şurası Birləşmiş Ştatları müttəfiq kimi tanıyır.
- 25 apreldə ABŞ Konqresi rəsmən İspaniyaya müharibə elan etdi. Nümayəndələr Palatasında müharibənin lehinə 311, əlehinə 6. Senatda isə lehinə 42, əlehinə 35 səs olmaqla qəbul edildi. Ehtimal ki, əgər senatda Budvorda gələn teleqram haqqında məlumat olsaydı, Mak-Kinlinin müharibə haqda təklifi qəbul edilməzdi.
Müharibənin gedişi
[redaktə | vikimətni redaktə et]ABŞ-nin dövlət katibi Con Hey ABŞ-İspaniya müharibəsini "Parlaq Kiçik Müharibə" adlandırırdı.
Müharibə elan olundu. Kuba sahillərində Atlantik eskadrası gedib gəlirdi. Lakin adaya orduların enməyi gecikdi. Amerikalılar müharibəni başlamağa bir qədər tələsdilər. Könüllü hissələr hələ də əmələ gətirilməmiş, daimi ordunun və donanmanın hissələri ilə onların hərəkətlərinin koordinasiyasi uyğunlaşdırılmamış, epidemiyalar baş qaldırmışdı.
Müharibədə əsas rolu donanma oynadı. Mak-Kinlinin prezident postuna seçildiyi zamanda ABŞ-nin daimi ordusu 27000 nəfər təşkil edirdi. Müharibənin başlanğıcında ordunun sayı 62000 nəfərə çatdırıldı. Müharibə zamanı isə ordunun heyəti maksimum həddə 280000 nəfərə çatdırıldı.1898-ci ilin apreli və mayında Mak-Kinli orduya 200 000 könüllünün cəlb edilməsini təklif etdi. Baxmayaraq ki buna heç bir ehtiyac yox idi.
İspaniyaya rəğbət bəsləyənlər ümid edirdilər ki, sakitlik həftəsi ərzində İspaniya hökuməti qüvvələr ilə birləşə, özünə müttəfiq tapa və kubalılarla razılığa gələ bilər.lakin bu baş tutmadı. Hərbi əməliyyatlar 2 istiqamətdə-Sakit Okean (Filippin) və Atlantik okean (Kuba və Puerto-Riko) baş verdi. Onlar 2 mərhələyə bölünə bilər.
- 1. Manil dəniz döyüşü
- 2. Santyaqo de Kubada döyüş
Müddət olaraq 3 ay (may-iyun-iyul) götürülmüşdü.
1898-ci il mayın 1 də Sakit okean eskadrası admiral Dyuninin başçılığı altında Filippinin paytaxtı Manila buxtasına soxuldu. Burada İspanlara məxsus Admiral Montexonun başçılığı altında köhnəlmiş donanma dayanmışdı. Döyüş növbətigün baş tutdu.11 ispan gəmisi məhv oldu. Dyuninin eskadrası isə demək olar ki, itkiyə düçar olmamışdı. Yalnız heyətdən 7 nəfər yaralanmışdı. İspanların itkiləri isə 381 nəfər ölü və yaralılar idi. Nəticədə Amerinkanlar Filippin arxipelaqının bütün ərazisində dəniz kommunikasiyaları üzərində nəzarəti ələ almışdılar. Elə bu anda Filippin Milli ordusu Manilanı mühasirəyə aldı. Buradakı ispan qarnizonun vəziyyəti çıxılmaz olmuşdur.
ABŞ-nin sakit okeandakı gözlənilməz fəaliyyəti ABŞ-mətbuatı və Ağ Ev tərəfindən Kubanın azad olunması kimi qələmə verilirdi.lakin bəzi böyük dövlətlər, xüsusilə Almaniya ABŞ-nin Filippini tutmaq planını anladı və müharibə edən tərəflər arasında vasitəçilik etmək üçün Manilaya eskadra göndərdi. Lakin Amerikanlar Almaniyanın vasitəçiliyini qəbul etmədilər. Buna görə də Almanlar Filippinin sahilboyu sularını tərk etməli oldular.
19 mayda qəflətən Amerikan qüvvələri Santyaqo-de-Kuba limanını mühasirəyə aldılar. İspan eskadrasına Admiral Server başçılıq edirdi. Faktiki olaraq, bu gəmilər döyüş qabiliyyətinə malik deyildilər. Lakin onlar adanın müdafiəsində və buradaki amerikan desantlarının möhkəmlənməməsinə qulluq edirdilər.
3 iyulda admiral Server eskadrani Santyaqodan Havanaya köçürmək qərarına gəldi. İspan gəmiləri açıq dənizə çıxan kimi ABŞ donanması ilə qarşılaşdlar. ABŞ donanmasına admiral Sempson ve Şley başçılıq edirdi. Bir neçə saat ərzində ispanlar 3 keryser və 2 esmines itirdilər. Çıxılmaz vəziyyətə düşən admiral Server təslim olmaq məcburiyyətində qaldı. Zabitlər və dənizçilərlə birlikdə əsir götürüldülər. Amerikanların itkiləri isə 1 nəfər ölü və 10 nəfər yaralı idi.
Santyaqo-De-Kubadakı məğlubiyyət nəticəsində İspaniya öz donanmasını itirdi və daha öz dəniz mülklərini qoruya bilmədi. Amerikan desantlarının Santyaqo-De-Kubaya çıxarılması hələ 22 iyunda başlanmışdı. Lakin ispan donanmasının məhvindən sonra desant əməliyyatları irimiqyaslı xarakter aldı. İspan desantlarının Amerikan desantlarına qarşı mübarizəsini çətinləşdirən amillərdən biri də, burada sarı sətəlcəm adlanan epidemiyanın yayılması idi. Amerikan quru qoşunları Kuba üsyançıları ilə birləşmiş və şəhəri mühasirəyə almışdılar.22 iyulda İspan qarnizonu təslim oldu. Atlantik döyüş meydaninda müharibə dayandı. 26 iyulda İspaniya məğlubiyyəti qəbul etdi və sülh imzalanmasını istədi. 12 avqustda ABŞ ilə İspaniya arasında hərbi əməliyyatların başa çatdırılması haqqında protokollar imzalandı. 13 avqustda İspan ordusu manilanı təhvil verdi və şəhər Amerikan-Filippin qüvvələrinin nəzarətinə verildi. Sakit okean dğyüş meydaninda da müharibə başa çatdı. Həmin vaxtdan başlayaraq sülh müqaviləsinin işlənib hazırlanmasına başlanıldı.
Müharibənin yekunu və nəticələri
[redaktə | vikimətni redaktə et]1898-ci il dekabrın 10-da Parisdə ABŞ və İspaniya arasında Sülh müqaviləsi imzalandı.[1] Şərtləri:
- İspaniya Kubanın suverenliyinə qarşı bütün iddialardan əl çəkməli
- İspaniya Puerto-Rikonu və digər adaları, İspaniyanın nəzarəti altında olan Vest-Hindi, həmçinin Maryannadaki Guam adasını və Ladronanı ABŞ-yə güzəştə getdi.
- İspaniya Filippin arxipelaqının ABŞ-yə güzəştə gedir. ABŞ isə İspaniyaya 20 mln dollar dəyərində məbləğ ödəməyi öhdəsinə götürür.
Müqavilədə Kubanın müstəqilliyi haqqında və ABŞ ordularının Kubada qalacağı müddət haqqında da məlumat yox idi. Amerikanlar özlərini işğalçı kimi aparırdılar. Kubanın Azadlıq ordusuna İspanların çıxdığı ərazilərə girmək qadağan edildi. Gələcəkdə fors-major vəziyyətin yaranmaması üçün ABŞ hökuməti Kuba silahlı qüvvələrini buraxmaq haqqında qərar qəbul etmişdilər.
Belə bir qərar Filippinin xalq ordusuna qarşı da qəbul edilmişdi. Lakin komandan Aginaldo silahı yerə qoymadı və Amerikan işğalçılarına qarşı qiyam qaldırdı. Qiyam 1902-ci ildə Filippinin müstəqilliyinin təntənə ilə qeyd olunmasıyla başa çatdı. Amerikan emissarı Parter, Kuba üsyanşılarının başçısı Qomesi əmin etmişdi ki, ABŞ Azadlıq ordusun ləğvindən sonra Kubaya müstəqillik verəcək. Tərəddüdsüz olaraq general Kuba ordusunun buraxılması haqqında qərar qəbul etdi. O zaman ABŞ ordusunun Kubadan təxliyə olunmasına başlanıldı.
Kubanın işğalından sonra ABŞ kapitalının adaya qısa vaxt ərzində daxil olmasına heç bir maneə qalmamışdı. Amerikan hərbçiləri, siyasətçiləri və biznesmenləri Kubada iqtisadi mövqelərini gücləndirmək üçün mümkün olan hər şeyi edirdilər ki, Kubanın bütün iqtisadiyyatını ABŞ bazarları və inhisarçıları ilə əlaqələndirməyə çalışırdılar. Kubalıların böyük bir qismi iqtisadiyyatın dirçəlməsində yeganə ümidi ABŞ la intensiv əməkdaşlıqda görürdü.
ABŞ-nin tərəfində əhalinin varlı təbəqələri dururdu və ABŞ-ni bu inqilabın qarantı hesab edirdilər. 14 fevral 1901-ci ildə Kubanın Müəssislər Məclisi konstitusiya qəbul etdi. 20 may 1902-ci ildə Kuba üzərində milli bayraqlar dalğalanmağa başladı. İlk prezident seçkisində Estrada Palma qələbə qazandı.
Lakin Kubanın müstəqilliyi ABŞ konqresi tərəfindən qəbul edilan və 22 may 1903-cü ildə qüvvəyə minən "Plattın düzəlişi" ilə məhdudlaşdırıldı. Düzəlişin şərtlərinə görə Kubanın xarici siyasəti ABŞ-nin nəzarəti altında olur, həmçinin Kubanın xarici dövlətlərdən borc götürməsi qadağan edilmişdi. Həmçinin Amerikan hökuməti Kubanın daxili siyasətinə nəzarət etmək hüququnu da əldə etdi və adada iğtişaşların baş verəcəyi anda polis funksiyasını yerinə yetirəcək. Kuba ərazisində bir neçə ABŞ hərbi bazası yerləşdirildi. Faktiki olaraq respublika ABŞ-nin protektorati oldu.
ABŞ ilə müharibədəki məğlubiyyət İspaniya üçün faciə kimi qiymətləndirilmişdi. 1898-ci il ispanlarda milli təhqir hiss yaratdi. Hərbi məğlubiyyətin səbəblərini dərhal ölkənin iqtisadi, sosial və siyasi problemləri ilə əlaqələndirdilər. Sagasta Liberal hökuməti 1899-cu ildə istefaya getdi.
Müharibədən sonra ABŞ faktiki olaraq 300 min km² ərazisi və 10 mln əhalisi olan dünyanın böyük müstəmləkə imperiyalarından birinə çevrilmişdi. İspaniya isə ABŞ-in təsir zonası olan Qərb yarımkürəsindən sıxışdırılıb çıxarıldı. Dünyanın yenidən bölüşdürülməsinə davam edərək, ABŞ digər böyük güclərin hələ zəbt etmədiyi okean adalarını tutmaq barədə düşünürdü. Bu adalar ABŞ-yə Asiyada və Çində öz təsirini gücləndirməyə şərait yaradırdı. Bütün əsr ərzində ABŞ-nin xarici siyasəti əvvəlcə Qərb yarımkürəsində, sonra isə Asiyada iqtisadi və siyasi təsirini tətbiq etmak idi.
İspan-Amerikan müharibəsi dünyanın müstəmləkələrini böyük dövlətlərin və xalqların arasında bölüşdürülməsini üzə çıxaran və dünyanın ilk imperialistik hərbi konflikti kimi tanınmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Military Map, Island of Puerto Rico". World Digital Library. 1898. 2013-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.